MÜƏLLİFDƏN
Hələ kiçik yaşlarımdan Qur᾽an oxumağa və onun sirləri ilə tanış olmağa yüksək maraq göstərirdim. Hər bir həqiqi müsəlman, hətta hər bir həqiqətsevər insan Qur᾽anı oxuyub dərk etməyə və onun dərin sirlərindən agah olmağa sə᾽y etməlidir. Çünki, Qur᾽an bəşəriyyəti haqqa hidayət edən və onların xoşbəxt həyatını tə᾽min edən asimani kitabların ən sonuncusu və kamilidir. Qur᾽an hər şeyi açıq-aşkar bəyan edən, hamı üçün xeyirli olan ilahi nur mənbəyidir. Qur᾽an lüğət alimləri üçün ən böyük söz mənbəyi, qrammatika alimləri üçün aşkar izahlar toplusu, fiqh alimləri üçün ən canlı şahid, filosofların axtardığı maarif, xətiblər üçün fəsahətli bəyan tərzləri, əxlaq alimləri üçün isə ən gözəl etik mənbə və dərslikdir.
Bir sözlə Qur᾽an, alimlərin bütün sahələrdə apardıqları təhqiqatların tükənməz elm və bilik xəzinəsidir.
İctimai və siyasi elmlər, həyat və məişət qanunları, bəşəriyyətin ictimai idarəetmə üsulları və s. Qur᾽anda hamının başa düşə biləcəyi bir tərzdə bəyan edilmişdir. Bir çox dini elmlər məhz bu asimani kitabdan bəhrələnmiş və zaman keçdikdcə vahid məktəb kimi formalaşmağa başlamışdır. Qur᾽an, dünyaya hakim olan bir çox qanunları kəşf etmiş və insanlar üçün sirr olaraq qalan bir çox məsələlərin üzərindən zülmət pərdəsini qaldırmışdır.
Bu müqəddəs kitab, mövcud olan həqiqi din üçün əbədi mö᾽cüzə və mükəmməl qanunlar məcmusudur. Bütün bunlar, mənim uşaq ikən Qur᾽ana həvəs göstərməyimdə və onun sirləri ilə tanış olmağımda çox tə᾽sirli olmuşdur. Mən, müntəzəm olaraq Qur᾽anın açılmayan sirlərinə yol tapmağa sə᾽y edir və buna nail olduqda özümdə Qur᾽ana qarşı oyanan yüksək rəğbətin daha da artdığını hiss edirdim.
Beləliklə də, müxtəlif təfsir kitablarını araşdırır və orada, haqqında söhbət açılan mövzulara diqqət yetirirdim. Mütaliə zamanı Qur᾽anın nə qədər fəsahətli və hikmətli olmasının, Allah-taalanın mütləq və tükənməz elminin və insanların onu dərk etməkdə necə də aciz qaldıqlarının şahidi olurdum. Belə bir qənaətə gəlirdim ki, insan özünü Allah-taalanın elm və qüdrəti qarşısında nə qədər kiçik və aciz hesab etsədə də, o, təsəvvür etdiyindən daha aciz və daha gücsüzdür. Qur᾽an təfsirini mütaliə etdikcə onun əzəməti mənim nəzərimdə daha da ucalır, insanın bilik və məharəti isə bir o qədər kiçilir və dəyərsizləşirdi.
Yazılmış təfsir kitablarını mütaliə edərkən belə bir qənaətə gəldim ki, təfsir alimlərinin Qur᾽an ayələrindən əldə etdikləri cüz᾽i mə᾽lumatlar yalnız onun açılmayan sirlərinin bir hissəsini təşkil edir. Onlar əldə etdikləri mə᾽lumatları bir yerə toplayaraq kitab halına salmış və müxtəlif ünvanlar altında ona təfsir adını vermişlər. İlk baxışda bu təfsirlər Qur᾽anın açılmayan sirlərinin hamısını aşkara çıxarmalı və toxunulmayan mövzuları təfsir halında izah etməli idilər. Amma bu qeyri-mümkündür. Çünki, insan kimi əql və şüur baxımından naqis olan bir varlıq, elmi hər şeyi əhatə edən kamil bir varlığı tamamilə dərk etməsi və onun ayələrini ətraflı şəkildə yozması qeyri-mümkündür.
Amma necə olursa-olsun biz, bu yolda böyük zəhmətlər çəkən və ömürlərinin sonunadək Qur᾽an ayələri ətrafında araşdırmalar aparan təfsir alimlərinin gördükləri işləri qiymətləndirməli və onları lazımınca dəyərləndirməliyik.
Çünki onlar, bu müvəfffəqiyyətə, qəlblərinə saçan Qur᾽an nuru ilə nail olmuş və bu yolda əllərindən gələni əsirgəməmişlər. Ümumiyyətlə, adi insanlardan Qur᾽anın mükəmməl və nöqsansız təfsir yazmasını gözləmək düzgün təvəqqö deyildir.
Lakin, onlardan bə᾽zilərinin böyük və bəlkə də bağışlanmaz bir nöqsanı vardır. O da bə᾽zi alimlərin Qur᾽anın əzəmət və böyüklüyündən xəbərsiz olduqları halda, ayələrini öz ixtisaslarına uyğun olaraq tərcümə etmələridir. Məsələn, dilçi alimlər Qur᾽anı yalnız lüğət və qrammatik qanunlar əsasında, filosoflar fəlsəfi qanun və terminlərə uyğun şəkildə və bə᾽ziləri də yeni elmi üsullarla təfsir etməyə çalışmışlar. Onlar belə güman etmişlər ki, Qur᾽an məhz bu nöqteyi-nəzərdən nazil olmuşdur. Bütün bunlarla yanaşı, təfsir kitablarında bə᾽zən başqa bir üslubla da qarşılaşırıq. O da bə᾽zi alimlərin Qur᾽anı öz şəxsi rə᾽yləri və heç bir e᾽tibarı olmayan şəxslərin söylədikləri rəvayətlərə əsaslanaraq təfsir yazmalarıdır.
Qeyd etmək lazımdır ki, mövcud təfsirlərin əksəriyyətində müəyyən nöqsan və çatışmamazlıqlar vardır. Buna görə də hər bir alim təfsirə başlamazdan qabaq öz şəxsi rə᾽y və nəzərlərini kənara qoymalı, Qur᾽anın həqiqi mə᾽nasına yol tapıb, ixtisar və yersiz əlavələrə yol vermədən təfsir etməlidir. Başqa sözlə desək, Qur᾽an müfəssirin şəxsi rə᾽yi ilə deyil, Qur᾽anın öz zahiri ayələri ilə təfsir olunmalıdır.
Sözün əsl mə᾽nasında həqiqi müfəssir o kəsdir ki, fəlsəfə bəhslərindən agah, əxlaqi dəyərlərə yiyələnmiş və fiqhin dərinliklərinə yol tapmış olsun. O, yaşadığı cəmiyyəti yaxşıca tanımalı və orada baş verən prosesləri bir sosioloq kimi araşdırmağa qadir olduqdan sonra Qur᾽anı təfsir etməlidir. Qur᾽anda işarə olunan digər elmlərə gəldikdə də, bu üsuldan istifadə etməli və Qur᾽anı həmin elmin tələbatını ödəyəcəyi qaydada təfsir etməlidir. Bəli, hər bir müfəssir ilk növbədə Qur᾽anın bütün elm və fəsillərindən agah olmalı, bu barədə lazım olan mə᾽lumatları əldə etdikdən sonra Qur᾽anı təfsir etməyə başlamalıdır. Belə olduqda o, neçə cilddən ibarət olan Qur᾽an təfsirinin elmi, əxlaqi, sosioloji, fiqhi və s. ensiklopediyasını tə᾽lif edə bilər.
Bütün bunları nəzərə alaraq belə qərara gəldim ki, Qur᾽anın bütün gözəlliklərini bəyan edə biləcək bir təfsir yazım. Bu müqəddəs işdə Allah-taaladan mərhəmət və kömək etməsini, bütün səhv və batil təfəkkürdən qorumasını diləyirəm.
* *
Bu təfsirdə qrammatik qanunlara və ədəbi mövzulara işarə etməyəcək, əvəzində isə Qur᾽anın müxtəlif mə᾽nalarına toxunan mövzular haqqında söhbət açacağıq. Çünki, Şeyx Tusi «Tibyan»da, Təbərsi «Məcməul-bəyan»da, Zəməxşəri «Kəşşaf»da qrammatik və ədəbi mövzular ətrafında geniş mə᾽lumatlar vermiş və nəzərə çarpan bütün çətinlikləri qismən də olsa, aradan qaldırmışlar və biz yalnız onların toxunmadıqları mövzulara işarə edəcək və müxtəsər şəkildə təfsir edəcəyik. Burada, siz əziz oxucuların diqqətini bir neçə məsələyə cəlb etmək istəyirəm:
a) İstinad etdiyimiz mövzular bunlardan ibarətdir:
1. Qur᾽anın zahiri ayələri;
2. Qur᾽anın hamıya bəlli olan açıq-aşkar ayələri;
3. Sənəd baxımından mö᾽təbər olan mütəvatir hədis və rəvayətlər;
4. Əhli-beyt (ə) tərəfindən nəql olunmuş hədislər;
5. Sağlam fitri əql. Çünki əql xarici və batini dəlil hesab olunur.
Belə ki, Peyğəmbər (s) və onun pak Əhli-beyti bizim üçün zahiri (xarici) dəlil hesab olunur.
b) Adətən təfsir etmək istədiyimiz ayəni digər ayələrin məfhumu ilə izah etməyə çalışacağıq. Bir sözlə, Qur᾽anı dərk etmək üçün ilk növbədə onun özündən istifadə etmişik və eyni zamanda təfsir etdiyimiz ayələrə dəlalət edən hədis və rəvayətlərdən də sübut və dəlil kimi istifadə etmişik.
* * *
Müqəddimədə təfsirin özü ilə bilavasitə bağlı olan mətləblərə işarə edilmişdir. Bu mə᾽lumatlar, təfsir elmində hələ toxunulmayan məsələlərin açılmasında və müfəssirin təfsir sahəsində istifadə etdiyi üsullardan agah olmasında xeyirli ola bilər. Biz bu kimi məsələləri təfsirə başlamazdan əvvəl araşdırır və adını «Qur᾽an təfsirinə giriş» qoyuruq.
Burada Qur᾽anın e᾽cazı, dəyişikliyə yol verilməməzliyi, əbədi olaraq vahid formada qalaraq qorunacağı və bu kimi mətləblər ətraflı izah edilmişdir. Bu kitabı yazıb başa çatdırmaqda Allah-taaladan müvəffəqiyyət arzulayıram və həmçinin Ondan bu kiçik işimizi Qur᾽ana xidmət kimi qəbul etməsini diləyirəm.
Dostları ilə paylaş: |