Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri gözlənilir



Yüklə 83,09 Kb.
tarix22.10.2017
ölçüsü83,09 Kb.
#10707

NAXÇIVAN

İNSAN HÜQUQLARI VƏ KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİ MONITORİGİ (http://nakhchivan.org.az/)


PRESS-RELİZ
03 Dekabr 2010-cu il

Naxçıvan, Azərbaycan


  • RATİ NAXÇIVAN MUXTAR RESPUBLİKAYA DAİR  HESABAT AÇIQLAYIB

  • İNSAN HAQLARI VƏ MƏTBUATIN MONİTORİNQİ” HESABAT

  • NAXÇIVAN DÖVLƏT TELEVİZİYASI (NTV) ÜZRƏ HESABAT


RATİ NAXÇIVAN MUXTAR RESPUBLİKAYA DAİR  HESABAT AÇIQLAYIB

 

Dekabrın 3-də Park İnn otelində Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu  Naxçıvan Muxtar Respublikasında həyata keçirdiyi  “İnsan Haqları və Mətbuatın Monitorinqi” layihəsinin ilk 3 ayına, habelə mediada siyasilərin işıqlandırılmasına  (01 sentyabr- 01 dekabr) dair   hesabatını təqdim edib.



  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri Emin Hüseynov  çıxışında bildirdi ki, hesabatlar RATİ əməkdaşlarının Muxtar Respublikada apardıqları  monitorinq və araşdırmalar  nəticəsində hazırlanılıb.  Emin Hüseynov Naxçıvanda söz və ifadə azadlığının, habelə siyasi azadlıqların daha məhdud olduğunu bildirərək beynəlxalq və yerli hüquq müdafiə təşkilatlarını Muxtar Respublikaya daha çox diqqət ayırmağa çağırdı. Hüseynov onu da qeyd etdi ki,  Naxçıvana getmək istəyən şəxslərin  ezamiyyət  xərcləri RATİ tərəfindən qarşılanacaq. O yaxın gələcəkdə Naxçıvana jurnalistlərin, hüquq müdafiəçiləri və digərlərinin iştirakı ilə  geniş tərkibdə səfərin də planlaşdırıldığını bildirdi.

              “Naxçıvanda son parlament seçkiləri ərəfəsi, ondan əvvəl və sonrakı dövrdə də gərginlik davam edib. İnsanlar qorxu altında yaşayır, onların Muxtar Respublikada heç bir hüquq və azadlıq təmin edilmir”. Bunu isə RATİ- nin Naxçıvandakı bölgə müxbiri Elman Abbasov  çıxışında bildirdi.

            “Naxçıvanda yalnız insanların siyasi hüquqları deyil, mülki hüquqları da kobud şəkildə tapdalanır. Əhaliyə məxsus pay torpaqlar, onların mülkləri zorla əllərindən alınır". Bunu isə RATİ- nin Naxçıvandakı bölgə müxbiri Həkimeldostu Mehdiyev tədbirdəki çıxışında bildirib.

Naxçıvan İnsan Hüquqları və Demokratiya İnkişafı Mərkəzinin rəhbəri, habelə “Turan” İnformasiya Agentliyinin Muxtar Respublikadakı müxbiri Məlahət Nəsibova da bölgədəki ağır vəziyyətdən söz açdı. Nəsibova  Muxtar Respublikaya KİV-lərin, QHT-lərin, habelə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməklə insan haqlarının qorunmasında əhəmiyyətli addımların atılmağını mümkün hesab etdi.

Tədbirə qatılan 2 saylı Şərur Seçki Dairəsindən “AXCP-Müsavat” seçki blokunun namizədi olmuş Səxavət Əliyev isə Muxtar Respublikada noyabrın 7-də keçirilən seçkilərin ifrat saxtakarlıqla müşahidə edildiyini bildirdi. Habelə o, seçki saxtakarlığına etiraz edən qardaşı Sabit Əliyevin məhkəmə hökmü olmadan 7 gün polis şöbəsində saxlanıldığını bildirdi.

Habelə tədbirdə Naxçıvandakı vəziyyətlə bağlı hüquq müdafiəçisi Ələkbər Məmmədov, jurnalistlər - İlqar Nəsibov və İdrak Abbasov çıxış ediblər.

Tədbirin ikinci hissəsində  isə RATİ-nin əməkdaşı Rəsul Cəfərov seçkilər dövründə Muxtar Respublikada parlament seçkiləri dövründə aparılmış media monitorinqinə dair hesabatı təqdim etdi. Cəfərov Muxtar Respublikada yayımlanan “Naxçıvan” TV-də  əsasən prezident və hakim Yeni Azərbaycan Partiyasının sədri olan İlham Əliyevin və Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbovun pozitiv nümayiş etdirildiyini, müxalifətin isə yalnız qeydiyyatdan keçən namizədlərinə 10 dəqiqə canlı olmayan efir vaxtının ayrıldığını bildirib.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun Naxçıvan Muxtar Respublikasında həyata keçirdiyi  “İnsan Hqları və Mətbuatın Monitorinqi” layihəsinin ilk 3 ayına (01 sentyabr-01 dekabr) dair  

HESABATI

            Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ)    Naxçıvan Muxtar Respublikasındakı əməkdaşlarının Muxtar Respublikada insan hüquqlarının, söz və mətbuat azadlığının vəziyyətinə dair 3 ayı(1 sentyabr - 01 noyabr ) əhatə edən hesabatı  Hesabat RATİ əməkdaşlarının  apardığı monitorinq, araşdırmalar və onlara sakinlər tərəfindən  təqdim edilən müraciətlər əsasında hazırlanmışdır.

Layihə çərçivəsində Muxtar Respublikada olan 7 rayonun (Şərur, Sədərək, Kəngərli, Babək, Şahbuz, Culfa , Ordubad) hər birinə səfərlər edildi. Layihənin icrası zamanı yerli mətbuatın vəziyyəti və insan haqları ilə bağlı araşdırmalar aparıldı. Hüquqları pozulan Naxçıvan Muxtar Respublika vətəndaşlarının təşkilatımıza olan müraciətləri araşdırıldı.  Hüququ pozulan insanlar və onların ailə üzvləri ilə  görüşlər keçirildi.

 7 noyabr 2010-cu il parlament və Naxçıvan MR Ali Məclisinə seçkilər dövründə seçki öncəsi, seçkilər günü və seçkilərdən sonra monitorinqlər aparıldı, qeydə alınmış narazılıqlar, qanun pozuntuları araşdırıldı. Baş vermiş hadisələrlə bağlı faktlar toplandı, foto çəkilişlər aparılaraq məlumatlar hazırlandı  Azərbaycan və ingilis  dillərində www.nakhchivan.org.az  saytına yerləşdirildi. Habelə hazırlanmış məlumatlar (Azərbaycan və ingilis  dillərində) və fotolar press-reliz şəkildə e-mail ünvanları vasitəsilə  yayıldı. Hüquqi pozulmuş insanların problemləri ictimaiyyətə, yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarına çatdırıldı. Problemlərlə bağlı müxbirlərimiz digər KİV-lərdə (“Azadlıq” radiosunda, “Azadliq”, “Ayna”, “Yeni-Müsavat” və sair qəzetlər)  çıxışlar etdilər. Həmçinin pozulmuş hüquqlarının bərpası üçün sakinlərə hüquqi məsləhətlər verildi. Muxtar Respublikaya səfər edən Böyük Britaniyanın səfiri, ATƏT-in Azərbaycan Respublikası Parlament Seçkiləri 2010 seçkilərin müşahidə missiyasının başçısı səfir Odri Qloverlə görüşlər keçirildi. Muxtar Respublikadakı İnsan haqlarının vəziyyəti, seçki öncəsi vəziyyət müzakirə olundu.

Mülkiyyət hüququ, əmək hüququ, sahibkarlıq hüququ, seçki hüququ pozulan, polis zorakılığına məruz qalan, məmurlar tərəfindən bürokratik əngəllər törədilən çoxlu sayda  vətəndaşın bizə müraciət etməsi nəticəsində onların qarşısında yaradılan bürokratik əngəllər aradan qaldırıldı və onların hüquqlarının bərpasına kömək edildi.

KİV

Naxçıvan Muxtar Respublikasında 2 yerli televiziya (“Naxçıvan” və “Kanal 35”), 2 radio (“Naxçıvanın səsi”  və Naxçıvan dövlət radiosu) fəaliyyət göstərir. MR-da  9 yerli qəzet: Ali Məclisin orqanı olan “Şərq Qapısı”,  Naxçıvan şəhər İcra Hakimiyyətinin orqanı olan “Nuh yurdu”, Şahbuz rayon İcra Hakimiyyətinin orqanı olan “Oğuz səsi”, Şərur rayon İcra Hakimiyyətinin orqanı olan “Şərurun səsi”, Sədərək rayon İcra Hakimiyyətinin orqanı olan “Oğuz yurdu”, Kəngərli rayon İcra Hakimiyyətinin orqanı olan “Yeni həyat”, Babək rayon İcra Hakimiyyətinin orqanı olan “Şərqin səsi”, Culfa rayon İcra Hakimiyyətinin orqanı olan “Arazın səsi”, Ordubad rayon İcra Hakimiyyətinin orqanı olan “El həyatı” qəzetləri çap olunur.

Fəaliyyət göstərən yerli mətbuat orqanlarında ən çox tirajlısı “Şərq qapısı” qəzetidir. Bu qəzet həftədə 5 dəfə 3700 nüsxə, “Şərurun səsi” həftədə 1 dəfə 800 nüsxə və digər qəzetlər həftədə 1 dəfə 500 nüsxə olmaqla çap olunur. Muxtar Respublika Ali Məclisin orqanı olan “Şərq qapısı” qəzetinin, eləcədə digər qəzetlərin veb səhifələri yoxdur.

“Naxçıvan”(NTV) və “Kanal-35” televiziyları hər gün 12 saat ( saat 00.08-dən 24-ə kimi) efirə çıxır. “Naxçıvan” televiziyası əsasən konsert, elmi-bədii verilişlər, xəbərlər proqramı, bədii filmlər, Naxçıvandakı abadlıq-quruculuq işləri, yeni istifadəyə verilən obyektlərin açılışları və şənbə iməciliklərinə həsr olunmuş verilişlərlə efirə çıxır. Xəbərlər proqramında Azərbaycan Respublikası prezidentinin əmr və sərəncamları, eləcədə Muxtar Respublika Ali Məclisi sədrinin sərəncamlar, şənbə iməcilikləri və abadlıq işləri haqqında məlumatlar verilir. Kanalda daha çox hakim Yeni Azərbaycan Partiyasının sədri olan Prezident İlham Əliyev və Ali Məclisin sədri Vasif Talıbovla bağlı xəbərlər üstünlük təşkil edib. Əhəmiyyətindən asılı olmayaraq informasiya proqramlarında İ.Əliyev və V.Talıbovla bağlı məlumatlar ilk  və əsas məlumatlar kimi təqdim olunur  (məsələn - 04 oktyabr). Oktyabrın 4-də Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri zamanı yeni tikilən sosial obyektlərin açılışından hazırlanmış reportaj bir neçə gün ardıcıl olaraq saatlarla göstərilib. Reportaj ərzində İ.Əliyev və V.Talıbov birbaşa və dolayısı ilə işıqlandırılaraq təriflənib. Bakıda və rayonlarda yeni tikilən obyektlərin açılışından hazırlanmış reportajlar da bu müddət ərzində göstərilib. Reportajlarda İ. Əliyevlə bərabər xanımı  Mehriban Əliyeva da göstərilib. Məsələn, 10 oktyabrda Bakıda yeni yəhudi məktəbinin açılışı və  14 oktyabrda İ.Əliyevin Mingəçevir şəhərinə səfərini misal göstərmək olar. Naxçıvanda yeni tikilən obyektlərin açılışı zamanı və bir sıra tədbirlərdə, ümumiyyətlə V.Talıbovun iştirak etdiyi tədbirlərin hamısında iştirakçıların əllərində İ.Əliyevin böyük portretləri göstərilib( Məsələn 11 oktyabr).

Namizədlərə Naxçıvan televiziyasında (NTV) çıxışlar üçün 10 dəqiqəlik efir vaxtı ayrılıb. Çıxışlar birbaşa  efirə verilməyib. Əvvəlcədən çəkiliş aparılıb bir neçə saatdan sonra isə efirə verilib. Parlament seçkiləri ilə bağlı dəyirmi masa, tok-şou, müzakirə xarakterli verilişlər olmayıb.

             “Kanal 35” televiziyası əsasən konsert, əyləncəli proqramlar , heyvanlar ailəmi və elmi-bədii verilişlərlə efirə çıxır.

Naxçıvan MR-da mövcud olan dövlət qurumlarının İnternet resurs ehtiyatları, başqa sözlə desək, veb-səhifələri yox səviyyəsindədir. Belə ki, 45-dən artıq dövlət qurumunun mövcud olmasına baxmayaraq onlardan cəmi 5-in veb-səhifəsi (MR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, NMR Mərkəzi Seçki komissiyası, MR Xarici İşlər idarəsi, NMR Ali Məhkəməsi, NMR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Xidməti) mövcuddur:

“525-ci qəzet” və ”Ekspres” qəzetlərinin qismən köşklərdə satışı təşkil olunsa da digər müstəqil və müxalifətyönlü qəzetlərin satışına icazə verilmir. “Azadlıq”, “Yeni müsavat”, “Bizim yol”,  “Hürriyyət” qəzetlərinin satışı şəxsi adamların təşəbbüsü ilə qismən səyyar  qəzet satıcıları vasitəsi ilə həyata keçirilir. Səyyar qəzet satıcılarının məlumatına görə, Muxtar Respublikada səyyar satılan müstəqil qəzetlərin sayı ümumilikdə 30 ədədi keçmir.

Muxtar Respublikada “Azadlıq” radiosunun, ”Turan” İnformasiya Agentliyinin, “İnterfaks” İnformasiya Agentliyinin və “APA” (Azəri-press) İnformassiya agentliyinin, “525-ci qəzet”, “ Yeni Müsavat” qəzetlərinin, “İctimai” televiziyanın, , “Lider” TV-nin, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun bölgə müxbirləri vardır.

Rəsmi dövlət tədbirlərinə, açılışlara və digər tədbirlərə müstəqil jurnalistlər dəvət olunmayıb və tədbirlərə buraxılmayıb.

 Jurnalistlərə təzyiqlər və peşə fəaliyyətinə maneçilik

1 sentyabr 2010-cu il tarixdə Naxçıvan  şəhərin mərkəzi küçələrindən birində ictimaiyyət qarşısında Naxçıvan şəhər 5 Saylı Mənzil İstismar İdarəsinin mühasibatlığında  işləyən Ləzifə Kərimova  RATİ-nin Naxçıvandakı müxbiri Elman Abbasova  yaxınlaşaraq ona qarşı təxribat xarakterli, qadına yaraşmayan nalayiq ifadələrlə söyüb və təhqir edib.  Həmin gün RATİ-nin Naxçıvandakı müxbiri Həkimeldostu  Mehdiyevin yaxınlarına təzyiq olunaraq onunla ünsiyyət qurmamaq və evinə gedib gəlməmək tələb olunub. Həmçinin Naxçıvan Demokratiya və QHT-nın İnkişaf Resurs Mərkəzinin əməkdaşı İlqar Nəsibov bir neçə öyrədilmiş şəxs tərəfdən söyülərək təhqir olunub. Həmin şəxslər onu həbs etdirməklə hədələyib.

29 oktyabr 2010-cu il tarixdə seçkilərlə bağlı reportaj hazırlamaq istəyən RATİ-nin Naxçıvandakı müxbiri Həkimeldostu Mehdiyev (Həkimedostu Mehdiyev həm də “Yeni Müsavat” qəzeti ilə əməkdaşlıq edir) və Elman Abbasov 1 saylı Şərur Dairə Seçki Komissiyasının sədri Asəf Məmmədovun göstərişi ilə həmin dairənin 3 saylı seçki məntəqəsinə buraxılmayıblar.

Noyabrın 5-də Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim İsfəndiyar Nağıyevin sədrliyi ilə 13 avqust 2010-cu il tarixdə səhər saat 5 radələrində yaşadığı evdən çağırılaraq bıçaqla qətlə yetirilən, 1980-ci il təvəllüdlü  Bayramov Mamed Rövşən oğlunun qətlində təqsirli bilinərək həbs olunmuş və haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin  120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi qaldırılmış Nadirov Rəsul Samil oğlunun məhkəməsinə hazırlıq prosesi keçirilib. Məhkəmənin hazırlıq iclasının açıq keçirilməsinə baxmayaraq  RATİ-nin Naxçıvandakı bölgə müxbirləri Həkimeldostu Mehdiyev və Elman Abbasov məhkəməyə buraxılmayıblar.

7 noyabr parlament seçkiləri ilə bağlı  reportaj hazırlayan və seçkilərin gedişini müşahidə etmək istəyən RATİ-nin Naxçıvandakı müxbiri, eyni zamanda “Yeni Müsavat” qəzetinin bölgə müxbiri Həkimeldostu Mehdiyev, hüquq müdafiəçisi, habelə  ”Turan” İnformasiya Agentliyinin müxbiri Məlahət Nəsibova və Naxçıvan Demokratiya və QHT-nın İnkişaf Resurs Mərkəzinin əməkdaşı, jurnalist İlqar Nəsibov seçki məntəqələrinə buraxılmayıblar. Məlahət. Nəsibova və İlqar Nəsibov 4 saylı DSK-nın  7 saylı məntəqəsinin sədri Məmmədov Səməd Məmməd oğlu tərəfindən seçki məntəqəsinə buraxılmayıblar və məntəqə sədri onlarla qarşı kobudluq edərək, jurnalistləri itələməklə məntəqədən kənarlaşdırıb.

QHT-lər

5 may 2010-cu ildə təsis edilmiş “İnsan Hüquqları və Mətbuatın Monitorinqi” ictimai birliyini Naxçıvan MR Ədliyyə Nazirliyi qeydiyyata almayıb. 20 may 2010-cu il tarixdə dövlət qeydiyyatına alınması üçün təşkilatın sənədləri MR Ədliyyə Nazirliyinə göndərilsədə, təşkilatın qeydiyyata alınması qəsdən yubadılıb və  qeydiyyata alınıb alınmaması haqda təsisçilərə məlumat verməkdən imtina edilib. Bu səbəbdən  təsisçilər 17 sentyabr 2010-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinə qarşı Naxşivan Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət ediblər. Birliyi  dövlət qeydiyyatına  alınmaması ilə bağlı Naxçıvan Şəhər Məhkəməsində Naxçıvan Muxtar Respublika Ədliyyə Nazirliyinə qarşı qaldırdığı iddia icraata götürülməyib.

 

Polis, məmur özbaşınalığı və rüşvətxorluq

Muxtar Respublika Pasport və Viza Qeydiyyat İdarəsində ümumvətəndaşlıq pasportu alan vətəndaşların  hər birindən 10 manat qanunsuz ödəniş tələb olunur və bu ödənişi etməyənlər  incidilir. Şərur rayon sakini Telman Mehdiyev Muxtar Respublika Pasport və Viza Qeydiyyat İdarəsində ümumvətəndaşlıq pasportu alarkən ondan 10 manat qanunsuz ödəniş tələb olunub və bu ödənişi etməyənə qədər süründürməçiliklə üzləşib. Tələb edilən  məbləği ödəyəndən sonra isə ona  ümumvətəndaşlıq pasport verilib. Amma ona etdiyi əlavə  ödənişin əvəzində qəbz verilməyib.

Bakı-Naxçıvan-Bakı istiqamətində  birtərəfli istiqamətə aviabiletin qiyməti 75 AZN olduğu halda Naxçıvan hava limanında və aviakassada sərnişinlərə aviabiletlər 80 manata satılır.

Yerli sahibkarların paytaxtdan Muxtar Respublikaya gətirmək istədiyi mallardan Muxtar Respublikanın gömrük keçid məntəqələrində qanunla nəzərdə tutulmayan ödənişlər rüsum adı ilə tələb olunur.

12 Noyabr 2010-cu il tarixdə  7 noyabr parlament seçkilərində 2 saylı Şərur Dairə Seçki Komissiyasından (DSK) “AXCP-Müsavat” blokunun vahid namizədi olmuş Səxavət Əliyevin qardaşı Sabit Əliyev Püsyan kənd icra nümayəndəsi Amili Əbilov, Püsyan kənd orta məktəbinin direktor əvəzi Asəmin Mahmudovu, kəndin mollası Yasin Əliyev tərəfindən şərləndiyi üçü Şərur rayon Polis Şöbəsinə çağırılıb və məhkəmənin hökümü olmadan, qanunsuz olaraq 21 noyabr tarixədək polis şöbəsində saxlanılıb. Evə buraxılarkən S. Əliyevdən yaşadığı ərazini tərk etməmək haqda iltizam alınıb. 

13 avqust 2010-cu il tarixdə səhər saat 5 radələrində yaşadığı evdən çağırılaraq bıçaqla qətlə yetirilən, 1980-ci il təvəllüdlü  Bayramov Mamed Rövşən oğlunun ailə üzvləri Naxçıvan şəhər prokurorluğunun işlə bağlı apardığı istintaqın gedişindən narazı olduqlarını bildirdikləri üçün Naxçıvan Şəhər prokurorluğunda təzyiq və hədələrə məruz qalıblar.



Məhkəmə

Noyabrın 5-də Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim İsfəndiyar Nağıyevin sədrliyi ilə 13 avqust 2010-cu il tarixdə səhər saat 5 radələrində yaşadığı evdən çağırılaraq bıçaqla qətlə yetirilən, 1980-ci il təvəllüdlü  Bayramov Mamed Rövşən oğlunun qətlində təqsirli bilinərək həbs olunmuş və haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin  120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi qaldırılmış Nadirov Rəsul Samil oğlunun məhkəməsinə hazırlıq prosesi keçirilib. Məhkəmənin hazırlıq iclasının açıq keçirilməsinə baxmayaraq  RATİ-nin Naxçıvandakı bölgə müxbirləri Həkimeldostu Mehdiyev və Elman Abbasov məhkəməyə buraxılmayıblar.

17 sentyabr 2010-cu il tarixdə “İnsan Hüquqları və Mətbuatın Monitorinqi” ictimai birliyi  dövlət qeydiyyatına  alınmaması ilə bağlı Naxçıvan Muxtar Respublika Ədliyyə Nazirliyinə qarşı qaldırdığı iddia Naxçıvan Şəhər Məhkəməsində icraata götürülməyib.

 

 Sərbəst hərəkət etmə hüququnun məhtudlaşdırılması



Hesabat dövründə  Muxtar Respublikanın bir-çox sakininin  qonşu İran və Türkiyəyə səfər etməsinə  məhdudiyyətlərin qoyulduğu müşahidə edilib. Vətəndaşların adı çəkilən ölkələrə hər gün gedib-gəlməsinə qanun yol  versə də, gömrük keçid məntəqələrində  sakinlərin adı çəkilən dövlətlərə 15 gündən bir getməsinə icazə verilib.

Şərur rayon Muğanlı kənd sakini, Bakı İslam Universitetinin məzunu, İran İslam Respublikasının Qum şəhərində dini təhsil almış, Axund İmanaov Kamil Teymur oğlunun hüquq mühafizə orqanları tərəfindən sərbəst hərəkət etməsinə məhdudiyyət qoyulması davam edir. Onun xarici dövlətlərə çıxışı heç bir əsas olmadan qadağan olunub.  O İranda və Türkiyədə yaşayan qohumlarımın yanına, ziyarətgahlara gedə bilmir. Keçiddə dövlət sərhəd xidmətinin əməkdaşları onu saxlayaraq geri qaytarırlar. Buna səbəb kimi isə pasportumda xaricə ölkələrə çıxmağına qadağa qoyulduğu bildirilsə də, səbəbi açıqlanmayıb.

 İnsan haqları

              Hesabat dövründə hər həftənin şənbə günləri Muxtar Respublika ərazisində bütün idarə və müəssisələrin, məktəblərin, xəstəxanaların işçiləri  məcburi qaydada iməciliklərə çıxarılması davam etdirilib. Bütün idarə və müəssisələrin hər birinə bağ salmaq və təmizlik işləri görmək üçün sahələr ayrılıb. İməciliklərdə iştirak etməkdən imtina edənlər işdən çıxarılmaqla hədələniblər (Məsələn, 2007-ci ildə Ordubad rayon sakini Təvəkgül Süleymanov iməciliyə çıxmaqdan imtina etdiyi üçün işlədiyi məktəbdə müəllimlikdən azad edilib və hələ də işə bərpa olunmayıb).

 Muxtar Respublikaya gətirilən ərzaq və sənaye mallarına məhdudiyyət

            İran və Türkiyədən yumurta, toyuq əti, kartof, bəzi meyvə-tərəvəz məhsulları, şirələr, sənaye malları və sair gətirilməsinə məhdudiyyətlər qoyulub. Sakinlərin İran və Türkiyədən ailə tələbatlarını ödəmək üçün gətirmək istədikləri ərzaq malları əllərindən alınaraq müsadirə edilir və  ya onlar həmin malları gömrükçülərə təhvil verməmək üçün Araz çayına atırlar. Naxçıvan şəhər sakini Sevda Məmmədova İrandan gətirdiyi bir qutu (30 ədəd) yumurtanı gömrükçülərə təhvil verməmək üçün Araz çayına atıb.

Yerli sahibkarların paytaxtdan Muxtar Respublikaya gətirmək istədiyi mallardan gömrük keçid məntəqəsində qanunsuz rüsumlar tələb olunur.  Bakıdan gətirdiyi 50 cüt fəhlə əlcəyi üçün Culfa Keçid Məntəqəsində Namiq Rəhimovdan qanunsuz 15 manat istəyiblər.

Siyasət

Naxçıvan Muxtar Respublikasında  əsasən müxalifət partiyalarından AXCP, Müsavat Partiyası, Ümüd Partiyası, Böyük Quruluş Partiyalarının yerli təşkilatları vardır. Bu partiyalar seçkilərə iştirak etməsinə baxmayaraq partiyaların yerli təşkilatları fəaliyyətsiz olublar. Bu partiyalardan 7 noyabr parlament seçkilərində aktivlik göstərən şəxslər isə təqibə məruz qalıblar.

Məsələn, Müsavat Partiyası Şahbuz rayon təşkilatının sədri, Məmmədqulu Əliyev və onun ailəsinə  qarşı onun oğlu Hafiz Əliyev seçkilərdə müşahidəçi kimi iştirak etməsi və seçki saxtakarlığına etiraz etməsindən sonra təzyiqlər başlanıb. Həm ata, həm də oğul Əliyev işdən çıxarılıblar. Hər iki şəxs Şahbuz rayonun Keçili kənd orta məktəbində müəllim işləyirmişlər. Məmmədqulu Əliyev bu haqsızlığa etiraz əlaməti olaraq noyabrın 22-dən başlayaraq bir həftə ərzində acliq aksiyası da keçirib.

 

Habelə 2 saylı Şərur Dairə Seçki Komissiyasının 6 saylı seçki məntəqəsində öz təşəbbüsü ilə 7 noyabr parlament seçkilərində müşahidəçi olmuş, Şərur rayon Rabitə İdarəsində poçtalyon işləyən, Şərur rayon sakini Zakir Əsgərov da eyni motivlə işdən çıxarılıb



 Seçki azadlığı

           7 noyabr 2010 parlament seçkiləri Naxçıvan Muxtar Respublikasında 7 Dairə Seçki komissiyası üzrə, 316 məntəqə seçki komissiyasında keçirilib. Seçki məntəqələrinin 292-si açıq, 24-ü isə qapalı olub. 7 deputat yerinə qarşı müxtəlif partiya və bloklardan olmaqla 29 nəfərinin namizədliy qeydə alınıb. Seçici siyahısında Muxtar Respublika üzrə 256 min 317 seçici olub.

DSK və MnSK-ların tərkibində  Müxalifətdən olan nümayəndələr təmsil olunmayıb. Parlamentdə təmsil olunan partiyaların və bitərəflərin adından DSK və MnSK-larda İcra Hakimiyyətinin başçılarının təyin etdiyi nümayəndələr təmsil olunub. 1 saylı DSK-da BXCP, 2 saylı DSK-da Sosial Rifah Partiyasının (SRP), 3 saylı  Babək-Kəngərli-Naxçıvan DSK-da Vətəndaş Həmrəylik Partiyası (VHP) və Ədalət (ƏP),  4 saylı Naxçıvan şəhər DSK-da Bətəndaş Birlik Partiyası (VBP), 5 saylı Şahbuz-Babək DSK-da Böyük Quruluş (BQP), 6 saylı Babək –Culfa DSK-da BXCP, 7 saylı DSK-da ƏP və VHP-ni  MnSK-larda təmsil edən nümayəndələr İcra hakimiyyəti başçıları tərəfindən təyin olunmuş hakim YAP üzvləri və ya partiyaya yaxınlığı ilə seçilən şəxslər olub. MnSK-larda sədr və katiblər dövlət müəssisələrində işləyən məmurlardan ibarət olub.

 Seçki öncəsi  durum

            Muxtar Respublika ərazisində seçki öncəsi seçki mühiti, seçki aktivliyi müşahidə olunmayıb. Mitinqlərə yer verilməyib. Təşviqat dövründə müxalifətdən olan namizədlər qapı-qapı kompaniyasına, məhəllələrdə görüşə üstünlük verib. Yerlərdə YAP-dan olan namizədlərin seçicilərlə görüşünü icra nümayəndələri  DSK-lar təşkil edib. Onların görüşünə Universitet tələbələri, məktəb kollektivləri,  idarə və müəssisələrin kollektivləri cəlb olunub.

            1 saylı Sərur–Sədərək seçki dairəsindən “AXCP-Musavat” blokunun vahid namizədi, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbova alternativ Abdullayev İlyas Abbas oğlu Naxçıvanda seçki mühitinin olmamağını, insanların qorxu içində yaşamasını, MnSk-larda AXCP və Müsavat Partiyasının təmsil olunmamağını, MnSK-lara müşahidəçi, səlahiyyətli nümayəndə verməsinin qarşısının alındığını, alternativi Vasif Talıbovun NMR Ali Məclisinin sədri vəzifəsini icra etməsini və bütün inzibati resursların onun əlində olmasını əsas gətirərək seçkilərdə iştirakdan imtina edib.

2 Saylı Şərur DSK-dan YAP namizədi İsa  Həbibbəyli seçicilərlə görüşündə ətrafda yerləşən  MnSK-ların  üzvüləri, məktəb müəllimləri, sosial müdafiə fondunun işçiləri, icra nümayəndələri və digər dövlət müəssisələrinin işçiləri gətirilib. İsa Həbibbəylinin görüşlərini 2 saylı DSK sədri Kamal Abdullayev və Şərur rayon İcra hakimiyyətinin müavini Rövşən İsgəndərov  təşkil edib.

2 saylı Şərur Dairə Seçki Komissiyasından(DSK) AXCP-Müsavat blokunun vahid namizədi Səxavət Əliyevin verdiyi 26 nəfər müşahidəçi DSK tərəfindən qeydiyyata alınmayıb.

Seçkilərə iki gün qalmış namizəd 2 saylı DSK-nın 3 saylı məntəqəsində əvvəlcədən yazılmış seçkilərin nəticəsi ilə bağlı yekun protokolu əldə edib və həmin protokolda yazılanlar seçki günü həmin məntəqənin nəticələri ilə eyni olub.

5 saylı DSK-da YAP-n namizədi Siyavuş Novruzovun da təşviqatına bütün inzibati resurslar istifadə olunub.

4 saylı Naxçıvan şəhər DSK-dan YAP Namizədi Eldar İbrahimovun seçicilərlə görüşlərini Naxçıvan Şəhər İcra Hakimiyyətinin Başçısı V. Səfərov təşkil edib. Namizədin görüşlərinə məcburi qaydada Universitet tələbələri, ərazidə olan bütün məktəblərin, dövlətin idarə, müəssisələrinin kollektivləri cəlb olunub.

6 saylı Culfa-Babək Dairə Seçki Komissiyasından(DSK) “AXCP-Müsavat” seçki blokunun vahid namizədi Yaşar Bağırsoyun seçki məntəqələrinə təqdim etdiyi müşahidəçilərin sənədləri DSK tərəfindən qəbul olunmayıb. Namizədin təşviqat materialları cırılıb. DSK və MSK-ya etdiyi şikayətlərə reaksiya verilməyib.

7 saylı Ordubad-Culfa Dairə Seçki Komissiyasında Azərbaycan Milli Məclisinə qeydə alınmış namizədlərə təşviqat aparmaq üçün fərqli münasibət göstərilib. Digər namizədlərdən fərqli olaraq “İslaht” blokun vahid namizədi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BXCP) sədri Qüdrət Həsənquliyevin təşviqat kompaniyasına dövlət qurumları yardım edib, onun seçicilərlə görüşünə məcburi qaydada bütün məktəblərin, dövlətin idarə, müəssisələrinin kollektivləri cəlb olunub. Dövlət işçilərinin hamısına 7 noyabr seçkilərində BXCP-nin namizədini dəstəkləmək tapşırığı verilib.

 

Bütün namizədlərin təşviqat materialları Ali Məclisin orqanı olan “Şərq qapısı” qəzetində çap olunub və Naxçıvan televiziyasında (NTV) çıxışlar üçün 10 dəqiqəlik efir vaxtı ayrılıb. Çıxışlar birbaşa  efirə verilməyib. Əvvəlcədən çəkilib bir neçə saatdan sonra efirə verilib. Parlament seçkiləri ilə bağlı dəyirmi masa, tok-şou, müzakirə xarakterli verilişlər olmayıb.



Seçki günü

Seçkiləri günü MR-də olan DSK-ların ərazisində yerləşən MnSK-larda total saxtakarlığa yol verildiyi müşahidə olunub. Gün ərzində yerli  icra nümayəndələri seçkili məntəqələrində seçkinin gedişinə açıq şəkildə müdaxilə edib (məsələn 4-35 saylı MnSK). Müstəqil və müxalifətdən olan müşahdəçilər seçki məntəqələrinə buraxılmayıb (4-6 saylı MnSK). “Karusel” əməliyyatı aparılıb. “Karusel”-də məcburi qaydada bütün rayonların məktəb kollektivləri, sosial müdafiə fondunun, məşğulluq, vergi, maliyyə idarələrinin, hakimiyyətə yaxınlığı ilə seçilən özəl şirkətlərin işçiləri yaxından iştirak edib (Veb kamera quraşdırılan 4 saylı Naxçıvan Şəhər DSK-nın 15 saylı və 17 saylı seçki məntəqələrində Culfa və Kəngərli rayonunda pasport qeydiyyatında olan şəxslər səs verib). Məntəqə Seçki komissiyasının üzvləri tərəfindən seçki qutularına topa bülleten atılıb. Bülletenlərin küncləri topa halda kəsilib, seçicilərə seçki bülletenləri iki-iki verilib (4-25 saylı MnSK). Seçicilərin barmaqları ultrabənövşəyi şüa ilə yoxlanmadan seçki məntəqələrinə buraxılıb (4-35 saylı MnSK). Eyni adamlar bir nəfər bir neçə dəfə səs verib. Qutulara topa bülleten atıldıqdan sonra seçici siyahısını seçicilərin əvəzinə komissiya üzvləri tərəfindən  imza atıb (4-25 saylı MnSK).

            Seçki günü bir çox məntəqələrdə Prezident İlham Əliyevin böyük portreti səsvermə kabinələrinin qarşısında divardan asılıb (1 saylı DSK-nın 2 saylı seçki məntəqəsində, 3 saylı DSK-nın 41 saylı seçki məntəqəsində, 4 saylı DSK-nın 15 saylı seçki məntəqəsində).

 

 



Seçki məntəqələri bağlandıqdan sonra seçki bülletenləri sayılmayıb. Seçkinin nəticələri yekun protokolda düzgün əks olunmayıb( 2 saylı DSK 3 saylı MnSK). Yekun  protokolların surəti müşahidəçilərə və səlahiyyətli nümayəndələrə verilməyib.

7 noyabr parlament seçkilərində seçkilərə bağlı reportaj hazırlayan və seçkilərin gedişini müşahidə etmək istəyən RATİ-nin Naxçıvandakı müxbiri, eyni zamanda “Yeni Müsavat” qəzetinin bölgə müxbiri H.Mehdiyev 1 saylı Şərur-Sədərək, 2 saylı Şərur Dairə Seçki Komissiyalarının sədrlərinin göstərişi ilə seçki məntəqələrinə buraxılmayıb.

 Hüquq müdafiəçisi ”Turan” İA-nın müxbiri M.Nəsibova və Naxçıvan Demokratiya və QHT-nın İnkişaf Resurs Mərkəznin əməkdaşı yurnalist İ. Nəsibov 4 saylı DSK-nın 4-7 saylı məntəqəsinin sədri Məmmədov Səməd Məmməd oğlu tərəfindən seçki məntəqəsinə buraxılmayıblar və məntəqə sədri onlarla kobud davranaraq fiziki güc tətbiq edib və onların peşə fəaliyyətlərinə mane olub.

            Seçkidən sonra

12 Noyabrın 2010-cu il tarixdə  7 noyabr parlament seçkilərində 2 saylı Şərur Dairə Seçki Komissiyasından (DSK) “AXCP-Müsavat” seçki blokunun vahid namizədi olmuş Səxavət Əliyevin qardaşı Sabit Əliyev Püsyan kənd icra nümayəndəsi Amili Əbilov, Püsyan kənd orta məktəbinin direktor əvəzi Asəmin Mahmudovu, kəndin mollası Yasin Əliyev tərəfindən şərləndiyi üçü Şərur rayon Polis Şöbəsinə çağırılıb və məhkəmənin hökümü olmadan, qanunsuz olaraq 21 noyabr tarixədək polis şöbəsində saxlanılıb. Evə buraxılarkən S. Əliyevdən yaşadığı ərazini tərk etməmək haqda iltizam alınıb. 

5 saylı Şahbuz-babək dairəsindən 7 noyabr 2010-cu il parlament seçkilərində “Qarabağ” blokunun vahid namizədi Məmmədov Əbdül Cəlal oğlu seçki günü məntəqə seçki komissiyalarında (MnSK) baş verən qanun pozuntuları və saxtakarlıq faktları ilə bağlı Dairə Seçki Komissiyasına (DSK) və Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edərək, seçkinin nəticəsini ləğv etməyi tələb edib.



Naxçıvan MR Ali Məclisinə seçkilər

             Naxçıvan MR Ali Məclisinə seçkilər 7 noyabr parlament  seçkiləri ilə eyni gündə keçirilib. Ali Məclisinə seçkilər 45 dairə üzrə 292-si açıq və  24-ü qapalı olmaqla  316 məntəqədə keçirilib. Seçici siyahısında muxtar respublika üzrə 256 min 317 seçici olub. MR Ali Məclisə seçkiləri keçirmək üçün yaradılmış DSK və MnSk-ların tərkibinin formalaşdırılması  üçün keçirilən püşkatma siyasi partiyaların iştirakı olmadan keçirilib və yerli hakimiyyət özünə yaxın olan insanları DSK və MnSK-lara yerləşdirib. 7 nəfərdən ibarət DSK-lar və 5 nəfərdən ibarət MnSK-ların tərkibi hakim Partiyaya yaxınlığı ilə seçilən şəxslər olub.

Ali Məclisə seçkilər Azərbaycan Respublikasının parlamentinə seçkilərlə eyni vaxtda keçirilməsi, MnSK-ın eyni otaqda yerləşməsi qarışıqlıq yaradıb və bundan istifadə edilərək seçkilər asanlıqla saxtalaşdırılıb.

Naxçıvan Muxtar Respublikası Ali  Məclisinə seçkilərdə namizədliklərini müstəqil şəkildə irəli sürmək istəyənlərə müxtəlif problemlər yaradılır. Dairə Seçki Komissiyalarında (DSK) namizədliklərini fərdi qaydada irəli sürmək istəyənlərə ərizə və digər sənədləri təqdim etməkdən imtina edib. Həmin şəxslərə Naxçıvan MR Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məhərrəm Qasımovun yanına gedərək onunla məsləhətləşmək məsləhət görülüb.  Şərur rayon 5 saylı “Alışar “seçki dairəsindən Namizəd olmaq istəyən  Muğanlı kənd sakini, Axund İmanaov Kamil Teymur oğluna və 18 saylı Nehrəm Seçki Dairəsində MR Ali Məclisinə namizədliyini irəli sürmək istəyən Nehrəm Kənd sakini Sahib Hüseynova namizədliklərini irəli sürmək üçün lazımı sənədləri təqdim etməkdən imtina edilib.

32 saylı Naxçıvan şəhər DSK-sında YAP-n dəstəklədiyi namizəd Babalı Nazim Səfəralı oğlu öz alternativinə də imza toplayıb.

Seçkilərdə 45 deputat yerinə 140 nəfərin namizədliyi qeydə alınıb. NMR MSK-nın açıqlamasına görə namizədlərdən 80 nəfəri Yeni Azərbaycan Partiyasını (YAP), 41 nəfəri bitərəf, 2-si Ümidi, 3-ü Azərbaycan Xalq Cəbhəsi Partiyasını (AXCP), 7-i Bütöv Azərbaycan Xalq Cəbhəsini (BXCP) və 7-si Böyük Quruluş partiyasını ( BQP) təmsil edib. MSK AXCP-dən üç nəfərin namizədliyinin qeydə alındığını bildirsə də, AXCP-nin MR təşkilatından partiyanın Ali Məclisə yalnız bir nəfər namizədi olduğunu, digər 2 nəfərin  isə AXCP-yə aid olmadığı bildirilib.

18 saylı Nehrəm seçki dairəsindən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) namizədi Bağırsoy Yaşar Bağır oğlunun seçki məntəqələrinə verdiyi müşahidəçilərin sənədləri seçki dairəsinin sədri tərəfindən   qəbul olunmayıb, təşviqat lövhələrinə vurduğu təşviqat materialları  cırılaraq məhv edilib.

Seçkilərin rəsmi nəticələrinə görə,  Ali Məclisə 45 deputat yerinin 42-sini YAP, ikisini bitərəflər, birini isə AXCP nümayəndəsi tutub. AXCP adından Naxçıvan MR Ali Məclisinə 43 saylı “Yuxarı Əylis” DSK üzrə seçilən Cəfərli Əhəd Məmməd oğlu əslində AXCP-nin yox, Klassik Xalq Cəbhəsi Partiyasının  üzvüdür.


Naxçıvan Dövlət Televiziyası (NTV) üzrə HESABAT

1 oktyabr - 6 noyabr
Əsas qeydlər:


  • Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevə, və Ali Məclisin sədri, YAP-ın vahid namizədi V. Talıbova geniş efir vaxtı ayırmaqla faktiki olaraq YAP-ın təbliğatı aparılıb;



  • Parlament seçkiləri ilə bağlı dəyirmi masa, tok-şou, müzakirə xarakterli verilişlər olmayıb;




  • seçkilərlə bağlı sosial reklamlar rast gəlinməyib;




  • seçkilərlə bağlı 7 maarifləndirici veriliş təqdim olunub.

Dövlət büdcəsindən maliyyələşən Naxçıvan Dövlət Televiziyası (NTV) seçkilərlə bağlı ümumiləşmiş məlumatlara əsasən 19.00-da “Xəbərlər” və 22.00-da “Yekun” informasiya proqramlarında yer ayırıb. Bu xəbərlərdən bəzilərinin hazırlanması zamanı da (bu telekanal seçki mövzusundan kənar Əliyevin fəaliyyətinə saatlarla efir vaxtı ayırır) NTV YAP-ın sədri, Prezident İ. Əliyevin qatı təbliğatçısı kimi çıxış edən telekanal olduğunu sübut etmişdir. Məsələn, oktyabrın 7-də 3 saylı Babək-Kəngərli-Naxçıvan Dairə Seçki Komissiyasında seçkilərə hazırlıqla bağlı süjetlər təqdim edilərkən İ.Əliyevin masaların üzərində olan şəkilləri reklam olunub. 22 sentyabrda Babək rayonunda yerləşən Naxçıvan Ali Məclisinə seçkilər üçün yaradılmış 22 saylı Dairə Seçki Komissiyasında seçkilərə hazırlıqla bağlı DSK-nın sədrinin müsahibəsi İ.Əliyevin divardan asılmış böyük portiretinin qarşısında götürülüb.


Telekanalda daha çox YAP sədri, Prezident İlham Əliyevlə və Ali Məclisin sədri V.Talıbovla bağlı xəbərlər üstünlük təşkil edib. Əhəmiyyətindən asılı olmayaraq informasiya proqramlarında İ.Əliyev və V.Talıbovla bağlı məlumatlar ilk və əsas məlumatlar kimi təqdim olunur (məsələn 24 oktyabr). Oktyabrın 4-də Prezident İ. Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri zamanı yeni tikilən sosial obyektlərin açılışından hazırlanmış reportaj bir neçə gün ardıcıl olaraq saatlarla göstərilib. Reportaj ərzində İ. Əliyev və V. Talıbov birbaşa və dolayısı ilə işıqlandırılaraq reklam olunub. Bakıda və rayonlarda yeni tikilən obyektlərin açılışından hazırlanmış reportajlar göstərilib. Oktyabrın 10-da Bakıda yəhudi məktəbinin açılışından hazırlanmış süjetdə müxbir İ. Əliyevin gələcəyi görə biləcək tarixi şəxsiyyət olduğunu vurğulayıb. Naxçıvanda yeni tikilən obyektlərin açılışı zamanı və bir sıra tədbirlərdə, ümumiyyətlə V. Talıbovun iştirak etdiyi tədbirlərin hamısında iştirakçıların əllərində İ.Əliyevin böyük portretləri göstərilib (məsələn, 11 oktyabr).
NTV əsasən NMR MSK-nın keçirilən iclaslarını, seminar və treyninqlərini xəbərlər proqramında işıqlandırıb. Xəbərlərdən başqa seçki mövzusunda 30-40 dəqiqəlik “Aktual ekran” adlı maarifləndirici veriliş yayımlanıb (monitorinq müddətində 7 dəfə). Parlament seçkilərində qeydə alınmış namizədlərə 10 dəqiqəlik, Ali Məclisə seçkilərdə qeydə alınmış namizədlərə 5 dəqiqəlik pulsuz efir vaxtı ayırılıb. Ümumilikdə monitorinq dövründə AXCP-Müsavat, “İslahat” blokları 10 dəqiqə, “Qarabağ” bloku, KXCP 5 dəqiqə efir vaxtından istifadə edib.
Xəbərlərdə əsasən YAP işıqlandırılıb. Namizədlərin qeydə alınması dövründə bəzi partiyaların bir neçə saniyəlik adları çəkilib və ya ümumiyyətlə işıqlandırılmayıblar.


MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN
Əlaqə üçün e-mail: nakhchivan.org.az01@gmail.com
Yüklə 83,09 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin