«Təhsilimiz o qədər əzbərçiliyə xidmət edib ki, əlavə biliklər verilmir»
Səlahəddin Xəlilov: «Elmi-fəlsəfi prinsiplər üzərində qurulmayan cəmiyyət kor-koranə, başlı-başına buraxılan cəmiyyətdir»
(əvvəli ötən sayımızda)
Bu günlərdə prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Səlahəddin Xəlilovu “Şöhrət” ordeni ilə təltif edib. Ölkənin ictimai həyatında fəal iştirakına görə yüksək mükafata layiq görülən görkəmli alim “Kaspi”yə müsahibəsində də elmin, təhsilin bugünkü vəziyyətinə toxunmaqla yanaşı, mənəvi prinsiplərin müəyyənləşməsi yollarından da danışıb.
Təhsil haçalanıb
- Siz ölkə daxilində də təhsilin yenidən təşkilatlanması işinə toxundunuz. Bu gün təhsilimizlə bağlı real faktlar çox acınacaqlı görünür. Təhsilin, müəllimlərin ümumi səviyyəsinin aşağı olması, müəllimlərin daha çox repetitorluğa can atması, şagirdlərin dərsə maraqlarının olmaması və s.-lə bağlı kifayət qədər faktlar var. Sizə elə gəlmirmi, bu sahədə çoxlu işlər görülməlidir?
- Bizdə təhsilin səviyyəsi çox yüksək olsaydı, gənclərimizi xaricə göndərməyə heç ehtiyac da yaranmazdı. Yüksək bal toplayan abituriyentlərin xaricə göndərilməsi tələbatı ondan irəli gəlib ki, bizim təhsilimiz dünya standartları baxımından lazımi tələblərə cavab vermir. Çətinliklər çoxdur. İndiki dövrdə biz hələ təhsilin öz daxili strukturunda monolitliyi təmin edə bilməmişik. Vahid təhsil sistemi əvəzinə ikiləşmiş alternativ təhsil yaranıb. Yəni təhsil haçalanıb. Bu, çox ziyanlı hadisədir. 1990-cı illərin əvvəllərindən biz tələbə qəbulu üçün test sisteminə keçdik. O dövrdə təhsilin sağlam mənəvi əsaslarla həyata keçirilməsi mümkün deyildi. Çoxlu rüşvət halları, başqa subyektiv faktorlar önə keçirdi. Belə qərara gəlindi ki, mərkəzləşdirilmiş test sistemi tətbiq olunsun. Ancaq bu, həmişəlik ola bilməzdi. Cəmiyyətimiz inkişaf etdikcə, yeni iqtisadi sistemə keçid qərarlaşdıqdan sonra, biz artıq öz yeni ictimai strukturumuzu və yeni ictimai oriyentirlərimizi dərk etməyə başlamışıqsa, bu yeni şəraitdə yeni mənəvi prinsiplər də formalaşmış olmalıdır. Biz dünyanın qabaqcıl ölkələrində olduğu kimi daha rüşvətxorluqdan qorxub hansısa mexaniki üsullar tətbiq etmək məcburiyyətində olmamalıyıq. Təhsil sistemində də rüşvətə yol verməmək üçün digər metodlar işləyib hazırlamalıyıq. Mən düşünürəm ki, bunun üçün yeni işçi qrupları yaradılmalıdır. Artıq ikiləşmiş təhsilə son qoyulmağın vaxtı gəlib çatıb. Məktəblərin çoxunda yuxarı sinif şagirdlərinin əksəriyyəti alternativ təhsilə gedir, repetitorlarla işləyirlər və onların alternativ dərslikləri var. Konstitusiyamıza görə, bizdə dövlət təhsil sistemi pulsuzdur. Ancaq repetitorlar sistemi pulsuz deyil axı. Deməli, insanlar öz uşaqlarını pulu məktəblərə qoymağa məcbur olurlar. Özü də çox yüksək qiymətlərlə. Əgər pulsuz məktəb uşağın tələbatını ödəsə, kim öz uşağını pullu məktəbə aparıb qoyar və ya onlar üçün müəllim tutar? Az-çox imkanı olan valideynlər yaxşı repetitorlar tuta, uşaqlarını bahalı kurslara düzəldə bilir, imkansızlar yenə də naəlac qalır. Bu, haqsızlığa gətirib çıxarır. Deməli, biz vahid təhsil sisteminə qayıtmalıyıq, bunun yolları axtarılmalıdır. Bir təhsil mütəxəssisi kimi mənim konkret təkliflərim var və lazım gəlsə prosesdə iştirak edə bilərəm. Və mənə elə gəlir ki, ölkəmizdə bu sahədə mütəxəssislər var və onların fikirlərindən istifadə etmək lazımdır.
- 12 illik təhsil sisteminə keçidlə bağlı fikirlərinizi bilmək də maraqlı olardı.
- Burada il əsas deyil. Qarşıda duran aktual məsələ ondan ibarət deyil ki, təhsil 11 və ya 12 il olsun. Bu, sonrakı məsələdir. İndi lazım olan bu ikiləşməni aradan qaldırmaqdır. Ondan sonra və ya paralel surətdə bu barədə düşünmək olar. Faktorlardan biri odur ki, dövlət təhsil müəssisələrində maaşlar artmalıdır ki, müəllim məcbur olub repetitorluğa getməsin. Digər tərəfdən, dövlət təhsil müəssisələrində təhsilin səviyyəsi qalxmalıdır ki, şagird məcbur qalıb repetitorlara müraciət etməsin. Həmçinin, tələbə qəbulu prosesi sadəcə testlərlə yox, yaradıcı təfəkkürü yoxlamaq metodları ilə, xüsusən yazılı imtahanlarla tamamlanmalıdır ki, onda şagirdlər dövlət təhsilindən istifadə etmənin üstünlüklərini dərk etsinlər. Baxmayaraq ki, “Təhsil haqqında” qanun bu yaxınlarda qəbul olunub, ancaq bu qanuna yenidən baxılmasına ehtiyac var. Bu qanun qəbul olunarkən də orada çoxlu mübahisəli məsələlər vardı. Onlar yenidən nəzərdən keçirilməli və təkmilləşdirilməlidir. Hərçənd Milli Məclis nəzərdə tutub ki, “Təhsil haqqında” qanundan başqa, ali və orta təhsil haqqında ayrı-ayrı qanunlar qəbul eləsin, ancaq mənə elə gəlir ki, öncə təhsil haqqında ana qanuna yenidən baxılmalıdır. Onu da deyim ki, təkcə qanunvericiliklə iş düzəlmir. Nazirlik sistemində də yəqin bu barədə düşünürlər.
- Bu yaxınlarda vətəndaş cəmiyyətinin həyata keçirdiyi bir neçə layihənin yekunundan məlum olub ki, orta məktəblərdə şagirdlər nə muzeylərin, nə də teatrların yolunu tanıyırlar. Hətta onlar tərcümeyi-hallarını belə yaza bilməyiblər. Necə düşünürsünüz, vahid təhsil sistemi şagirdlərin mili-mənəvi ruhda böyümələrinə təsir göstərə biləcəkmi, yoxsa bunun üçün ayrı metodlar tətbiq olunmalıdır?
- Təhsilin məzmunu o qədər əzbərçiliyə xidmət edib ki, əlavə biliklər verilmir. Siz teatrı, muzeyi misal gətirirsiniz, ancaq mən deyərdim ki, ən böyük bəla kitab oxumamaqdır. Bədii ədəbiyyat qədər şəxsiyyəti formalaşdıran ikinci bir vasitə yoxdur. Bunların hamısının günahkarı televiziyadır. Televiziya kanallarının proqramlarına nəzarətsizlikdir. Burada təhsil sistemi acizdir. Yəni məktəb neyləsin ki, ondan daha güclü bir vasitə peyda olub? Bu vasitə televiziya və internetdir. Biz televiziya proqramlarının müəyyənləşdirilməsi, nələrin mümkün olması və mümkün olmaması barədə yüksək səviyyəli müzakirələr aparmalıyıq. Senzuranın aradan götürülməsi yalnız siyasi, ideoloji mənada baryerlərin götürülməsi kimi başa düşülməli idi. Ancaq bizim jurnalistika bunu özbaşınalıq kimi başa düşdü. Yəni kim nə istəsə efirə verə bilər, kim nə istəsə yaza bilər. Biz bunun ziyanlarını çəkirik. Özəl televiziya kanalları özünü reklam hesabına dolandırır. Reklam bazarının formalaşdırılması istiqamətində müəyyən işlər görülməyibsə, reklam sifarişçilərinin çoxu xarici şirkətlərdirsə və onlar bizim mili-mənəvi dəyərlərimiz üçün məsuliyyət hissi keçirmirlərsə – belə faktorlar ortaya çıxır. Burada bizneslə məşğul olan, televiziyada çalışan adamların mənəvi, ümumi intellektual səviyyəsi rol oynayır. Bunlar hamısı sonunda bizim təhsil sisteminə bağlanır. Çünki bu adamlar bizim təhsil müəssisələrinin yetirmələridir. Biz əgər onları kifayət qədər mükəmməl insan kimi yetişdirə bilsək, dünyagörüşləri geniş olsa, heç vaxt 5-3 qəpik qazanmaq üçün milli mənəvi dəyərlərimizi satmazlar. Ancaq biz bunu yetişdirə bilmirik. Fəlsəfəni kifayət qədər mənimsədə bilmirik. Fəlsəfə proqramlardan çıxarılıb, ancaq ixtisas bilikləri öyrədilir. İxtisas bilikləri insanı mütəxəssis kimi yetişdirməyə gətirib çıxara bilər. Bəs insanı insan kimi yetişdirmək nəyin sayəsində mümkün olsun? Məktəblərdə fəlsəfə, etika, estetika keçilmir. Bəs zövq, əxlaq necə inkişaf eləsin? Biz bu istiqamətdə də çalışmalıyıq. Qarşımızda vəzifələr durur ki, təhsilin məzmununu inkişaf etdirək – bir tərəfdən əmin olaq ki, gələcəyimiz etibarlı əllərdədir. Digər tərəfdən məcburuq ki, dövlət qurumlarından kömək gözləyək. Görünür, cəmiyyət özünüidarə səviyyəsinə yetərincə yüksələ bilməyib. Görünür, dövlətin inzibati metodları olmadan televiziya proqramlarına nəzarət məsələsi həll oluna bilmir. Mənə elə gəlir ki, Milli Televiziya və Radio Yayımları Şurası öz fəaliyyətini bir az da aktivləşdirməlidir. Həm də onların səlahiyyətləri bir qədər artırılmalıdır ki, nəzarət edə bilsinlər.
İdeal heç nə yoxdur
- Cəmiyyətdə qəribə hadisələr baş verir. Bu yaxınlarda Kürdəmirdə üç qızın evdən qaçaraq Bakıya gəlməsi, dəhşətli cinayət hadisələri, intiharlar...
- Bunlar televiziyanın günahıdır. Qorxulu filmlərin nümayişi, bütün telekanalları tutan məzhəkəçi aktyorların formalaşması. O məzhəkələr o qədər aşağı səviyyədədir ki, gözümüz görə-görə əxlaqi dəyərlərimizi dağıdırlar. Uşaqları televiziyanın qarşısından yığışdırmaq olmur. Çünki onlar maraqlıdırlar. Bəzi telekanallar elmi, maarifçi proqramları «Sizin tamaşaçılar azdır» - deyə qəbul eləmir. Ancaq mən sual edirəm: «Tamaşaçını cəlb etmək üçün komediantlıq, eybəcərlik nə dərəcədə məqbuldur?». Televiziyanın başqa missiyası var. Biz həmçinin ictimai nəzarətin formalarını tapmalıyıq. Dünya praktikasında belədir, cəmiyyətdən kənarda heç nə yoxdur. Mən nə istəyirəmsə, onu tətbiq edə bilmərəm. Demək elə şeylər var ki, onlara qadağa var. Bu sahədə də müəyyən məhdudiyyətlər müəyyənləşməlidir. Bazar münasibətləri iqtisadiyyat üçündür, mənəviyyat üçün deyil. Mənəviyyatı bazara çevirmək olmaz.
- Sizcə, ideal cəmiyyət varmı?
- Heç bir sahədə ideal olan şey yoxdur. İdeal ideya sferasındadır, gerçək həyatda heç nə ideal deyil. İdeal odur ki, biz həmişə ona doğru gedirik, heç vaxt çatmırıq. Əgər çatdınsa, bu, artıq ideal deyil. Bu mənada ideal cəmiyyət də yoxdur. Amma nisbətən daha optimal, daha münasib təşkilatlanmış, inkişafa daha çox şərait yaradan cəmiyyətlər var. Biz təmin edə bilsək ki, idealımız, mənəvi dəyərlərimiz olsun və digər vasitələr ona xidmət eləsin – bu çox gözəl olar. Elmi-fəlsəfi prinsiplər üzərində qurulmayan cəmiyyət kor-koranə, başlı-başına buraxılan cəmiyyətdir. O cəmiyyət nəinki heç vaxt ideala yaxınlaşa bilməz, heç vaxt fərdlərin inkişafına da yol aça bilməz. Ən yaxşı cəmiyyət odur ki, orada fərdlər özlərini azad hiss edə bilsin və öz imkanlarını reallaşdırmaq imkanları olsun.
- Dünyamız çox qarışıb. Ölkələr arasında siyasi gərginlik hökm sürür. Bir tərəfdə qan axıdılır, insanlar qırılır. Digər tərəfdən uzun illərdir “Dünyaya sülh gərəkdir” şüarı səslənir. Nə üçündür bu paradoks?
- «Sülhlə yaşayaq» prinsipindən başqa tutaq ki, insan haqları, vətəndaşların hüquq və vəzifələrinin qorunması, dünya vətəndaşlarının haqlarının qorunması prinsipləri var. Hansısa bir ölkədə bir diktator vətəndaşlarını qırırsa, digər ölkələr ona oturub tamaşa edə bilməzlər. Hazırda aktual olan Suriya məsələləridir. O ölkələr ki, vaxtında öz cəmiyyətlərini optimal təşkilatlanmasını həyata keçirə bilməyiblər, onlar tez-tez belə problemlərlə üzləşə bilərlər. İndi dünyaya qapılar açılıb. Belə bir şəraitdə hər bir ölkə dünyada baş verən prosesləri izləməlidir. Beynəlxalq proseslərin öyrənilməsi, səbəblərinin aydınlaşdırılması və vaxtında qabaqlayıcı profilaktik tədbirlərin görülməsi vacib şərtdir. Bu vəziyyət ölkələrin yeritdiyi siyasətdən, ictimai təşkilatlanma məsələlərindən, iqtisadiyyatın vaxtında proqnozlaşdırılmasından da asılıdır.
İnsan dünyaya hansı missiya ilə gəlibsə
- Fəlsəfi tədqiqatların son məqsədi nədir?
- Fəlsəfədə zaman və məkan o qədər böyükdür ki, min illər boyu insanın ən böyük arzu və məqsədləri, bütöv bir bəşəriyyət miqyasında insan qarşısında duran problemləri araşdırılır. Min illər bundan əvvəl aparılan tədqiqatlar, müdrik fikirlər indi də tətbiq oluna-oluna gedir. Biz ulu babalarımızın bizə miras qoyduğu ideyaların tətbiqi ilə öz həyatımızı qururuq və bizim ideyalarımız da elə olmalıdır ki, nəvə-nəticələrimiz onları tətbiq edə bilsin. Yəni zaman və məkanca çox uzağa hesablanmış nəticə formasıdır.
- Ömrünüzü tədqiqatlara həsr edən bir alim kimi necə fikirləşirsiniz, həyatın mənası nədir?
- Min illərdir filosoflar bu suala cavab axtarırlar və hər biri öz düşüncəsi səviyyəsində bu sualı cavablandırıb. Ancaq siz istəyirsiniz ki, mən iki kəlmə ilə bu suala cavab verim? Bu, çox çətindir. Mənim fikrimcə, ən önəmli olan mənəvi prinsiplərin prioritetliyidir. Həyatın mənası da bundan ibarətdir ki, insan dünyaya hansı missiya ilə gəlibsə, onu da gerçəkləşdirə bilsin. Yəni yaradıcılıq xoşbəxtliyin əsasında durur. O şərait, o mühit bizi xoşbəxt edir ki, öz potensialımızı gerçəkləşdirə bilirik. İnsan öz qabiliyyətinin imkan verdiyi sahədə fəaliyyət göstərirsə, bu sahədəki fəaliyyəti üçün şərait olursa və əməyinin nəticəsinə cəmiyyətdə qiymət verilirsə demək, o xoşbəxtdir.
Təranə Məhərrəmova
Kaspi.-2012.-25-27 fevral.-S.5.
Dostları ilə paylaş: |