TRANSPARENCY INTERNATIONAL
AZERBAIJAN
Əlavə məlumat üçün əlaqə
Kənan Qasımov
Media və İctimiayyətlə Əlaqələr
Tel: (994 12) 5962038
(994 50) 5486848
Email: kanan_q@transparency.az
Korrupsiya Qavrama İndeksi (KQİ) 2012
“Şəffaflıq Azərbaycan” Korrupsiya Qarşı Mübarizə İB-nİn mətbuat üçün məlumatı
Transparency International təşkilatının Azərbaycan milli bölməsi 2012-ci il Korrupsiya Qavrama İndeksini təqdim edir. Bu il indeksdə Azərbaycan 27 balla, 176 ölkə arasında 139-cu sırada yer alıb. Bu ildən etibarən İndeks yeni qaydada hazırlanır. Əgər əvvəlki illərdə xallar 10 bal (çox yaxşı), 0 bal (çox korrupsiyalaşmış) nisbətində müəyyənləşdirilirdisə, bu ildən 100 bal (çox yaxşı), 0 bal (çox korrupsiyalaşmış) nisbətində müəyyən edilir. Ötən il Azərbaycan 2.4 balla, 183 ölkə arasında 143-cü sırada göstərilmişdir. Metodologiyada dəyişikliklər edildiyindən bu il açıqlanan İndeksi, ötən illərin hesabatı ilə müqayisə etmək mümkün deyil.
Əvvəlki illərdə indeks hazırlanarkən ölkənin mövqeyini müəyyənləşdirmək üçün onun bir sıra digər hesabatlarda tutduğu mövqe (sıralama) nəzərə alınırdısa, bu ildən etibarən ölkənin digər hesabatlarda topladığı ballar nəzərə alınır. Bu isə o deməkdir ki, bundan sonra ölkənin digər hesabatlarda aldığı qiymətlər bu indeksdə verilən qiymətə birbaşa təsir göstərəcək və ölkələrin nəticələri digər ölklərin göstəricilərindən asılı olmayacaq.
Digər fərq isə hesabat hazırlanan zaman istinad edilən mənbələr ilə bağlıdır. Belə ki, əgər əvvəlki illərdə ölkə ilə bağlı son iki il ərzində hazırlanan hesabatlar nəzərə alınırdısa, bu ildən etibarən iki ildən gec olmayan müddət ərzində ölkə haqqında dərc olunan ən son hesabatın göstəriciləri əsas götürülür. 2012-ci il KQİ-nin hazırlanmasında ümumilikdə 13 fərqli hesabatın göstəriciləri nəzərə alınıb. Azərbaycanla bağlı isə 6 mənbənin məlumatlarından istifadə olunub1.
KQİ Transparency International təşkilatının 1995-ci ildən etibarən dərc etdiyi ən başlıca hesabatlardan biridir və ötən dövr ərzində qarşıya çıxan bir çox yeniliklər və dəyişikliklər, hesabatın hazırlanmasında yeni metodologiyanın tətbiqini zəruri edir. Nəzərə almaq lazımdır ki, KQİ dövlət sektorunda mövcud olan korrupsiya haqqında təsəvvürlərə əsasən hazırlanır və bu indeks heç bir halda ölkədə korrupsiyanın tam səviyyəsini müəyyən etmir.
Azərbaycanda cari il ərzində korrupsiyaya qarşı mübarizə istiqamətində bir sıra mühüm addımlar atılıb, xüsusən antikorrupsiya qanunvericiliyinin təkmilləşdirilməsi və mövcud beynəlxalq konvensiyaların müddəalarına uyğunlaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Açıq Hökumətin təşviqinə və Korrupsiyaya qarşı mübarizəyə dair 2012–2015–ci illər üçün Milli Fəaliyyət Planı, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təsis edilməsi də müsbət qiymətləndirilməli məqamlar sırasındadır. Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı və Nazirlər Kabinetinin "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" qərarı da mütərəqqi addımlardan biridir. Amma qəbul edilməlidir ki, ötən dövr ərzində elektron xidmətin göstərilməsi ilə bağlı ictimaiyyətin gözləntiləri özünü tam mənada doğrultmayıb.
Korrupsiyaya qarşı mübarizə davamlı olmalı və kampaniya şəklində aparılmamalıdır. Korrupsiyaya qarşı Mübarizə İdarəsinin son vaxtlar korrupsioner məmurlarla bağlı apardığı siyasət, korrupsionerlərin cinayət məsuliyyətinə cəlb olunmaları təqdirəlayiqdir, amma haqqlarında cinayət işi açılan məmurların əksəriyyəti kiçik və orta çinli məmurlardır ki, bu da mübarizənin effektiv nəticələr verməsinə mane olur, prosesin ümumi inkişafına kölgə salır. Lakin korrupsiyaya qarşı mübarizə yalnız onun nəticələrinə qarşı aparılmamalı, korrupsiyanı yaradan şəraiti aradan qaldırmalıdır.
Korrupsiyaya qarşı mübarizə ilə bağlı 2007-2011-ci illər fəaliyyət planının yekunu ilə bağlı aparılmış ümumi qiymətləndirmə üzrə əldə edilən nəticələrlə bağlı ictimaiyyətə ətraflı məlumat çatdırılmayıb. Amma proseslərə nəzər salmaq kifayət edir ki, 2007-2011-ci il fəaliyyət planında göstərilən və həyata keçirilməli olan bir sıra islahatların tam yerinə yetirilmədiyini və onların yenidən 2012-2015-ci illər üzrə fəaliyyət planına daxil edildiyini görəsən.
Korrupsiya hələ də cəmiyyət üçün ciddi problemlərdən biri hesab edilir. Hökumət korrupsiyaya qarşı mübarizə məqsədi ilə qəbul edilmiş qanunların icrasını yaxşılaşdırmaq istiqamətində əməli addımlar atmalı, qanunların işlək vəziyyətdə olmasından əmin olmalıdır. Korrupsiya faktı ilə bağlı şikayətlə müraciət etmək istəyən şəxslərin təhlükəsizliyini təmin etmək üçün addımlar atılmalıdır. Bütün bunlarla yanaşı, büdcə vəsaitlərinin xərclənməsi, dövlət satınalmalarının həyata keçirilməsi zamanı şəffaflığın təmin edilməsi vacibdir.
Bir sıra qanunlar və normativ hüquqi aktlar qəbul olunmalıdır. Bunlara misal kimi, maraqların toqquşması ilə bağlı qanun, korrupsiya şahidlərinin (whistleblower) qorunması ilə bağlı qanun, dövlət qulluğundan kənar digər hüquqi vəzifəyə görə cəzanın tətbiq olunması ilə bağlı qanun, dövlət məmurlarının maliyyə xarakterli məlumatların verilməsi ilə bağlı qanunvericilik aktını göstərmək olar. Müvafiq məcəllələrə bu qaydaların pozulması ilə bağlı cəza mexanizmlərini özündə əks etdirən yeni dəyişikliklər salınmalıdır. Vətəndaş cəmiyyəti tərəfindən yeni qəbul edilmiş qaydaların icrasının monitorinqinin aparılması dəstəklənməlidir.
Son illərdə, əhali arasında korrupsiyaya qarşı mübarizə ilə bağlı məlumatlandırma səviyyəsi müəyyən qədər artıb, bunda Şəffaflıq Azərbaycan və digər Qeyri Hökümət təşkilatlarının bu istiqamətdə həyata keçirdiyi layihələrin və sosial şəbəkələr vasitəsi ilə aparılan təbliğat fəaliyyətinin böyük rolu olmuşdur və insanlar artıq bir çox hallarda öz hüquqlarının təminatı ilə bağlı proseslərdə daha yaxından iştirak edirlər. Amma, bu inkişaf kifayət qədər yüksək deyil və maarifləndirmə tədbirlərinin həm dövlət, həm vətəndaş cəmiyyəti təşkilatları ilə birgə davam etdirilməsinə ciddi ehtiyac var.
Azərbaycan hökuməti tərəfindən korrupsiyaya qarşı mübarizədə ortaya qoyulan siyasi iradə, gələcəklə bağlı optimist düşünməyə imkan verir. Bu olduqca zəruri şərtdir. Korrupsiyaya qarşı mübarizənin digər mühüm elemetlərindən biri bütün tərəflərin bu mübarizəni qarşılıqlı şəkildə birgə aparmasıdır. İnanırıq ki, hökümət, vətəndaş cəmiyyəti, işgüzar icma və vətəndaşlar tərəfindən ortaya qoyulan birgə səylər bu mübarizədə gələcəkdə uğurlu nəticələr əldə etməyə kömək edəcək.
Dostları ilə paylaş: |