Uşağın qəlbi



Yüklə 130,81 Kb.
tarix07.03.2020
ölçüsü130,81 Kb.
#102239
növüYazı

Uşağın qəlbi

Bəzən biz müxtəlif hərəkətlər edirik - gedirik, gəlirik, gah belə edirik, gah elə edirik, hər şey asan və rahat, çətinliyə düşmədən olur və olanlar sanki vacib görünmür. Adama elə gəlir ki, bu başqa cür də ola bilərdi. Bəzənsə başqa cür olması heç mümkün olmur, heç nə asan və rahat başa gəlmir. Və bizim aldığımız hər nəfəsi belə Allah müəyyənləşdirir və bu bir tale yazısıdır.

Həyatımızın bu cür işləri birinci - "asan" məsələlər aiddir. Biz onları xeyirxah işlər adlandırır, onlar haqqında ürək rahatlığı ilə danışıb, tez də unuduruq. Lakin haqqında danışması belə çətin digər məsələləri neyləsək də yadımızdan çıxara bilmirik. Sanki onlar daha çox bizə aiddir və ömrümüz boyunca bir kölgə kimi arxamızca sürünüb bizi qarabaqara izləyirlər.

Bizim işıqlı bir küçədə yerləşən geniş və görkəmli ata evimizə hündür tavanlı bir girişdən daxil olarkən, insanın gözləri qaralır, nəfəsi daralırdı. Hündür və qaranlıq dəhliz qəribə bir sükutla gələnləri qəbul edir, qırmızı qum daşlarla döşənmiş yol alatoranlıqda güclə sezilən pilləkənlərə doğru aparırdı. Bu hündür tavanlı girişdən daxil olaraq, heç nəyə - nə döşəməyə, nə pilləkənlərə fikir vermədən hər gün evə gəlirdim. Və bu, başqa bir dünyaya - "bizim" dünyamıza qayıdış idi. Dəhlizdən daş iyi gəlirdi, ora çox hündür və qaranlıq idi. Dərinlikdəki pilləkənlərsə qaranlıqdan işığa, rahatlığa doğru yüksəlirdi. Amma həmişə öncə dəhliz və alatoran gözə dəyirdi. O alatoran atamı xatırladırdı. Onda ləyaqət və hakimiyyətdən, cəza və təmiz olmayan vicdandan hansısa əlamətlər vardı. Bəlkə min dəfə bu dəhlizdən təbəssümlə ötüb keçmişdim. Amma bəzən bura daxil olan kimi özümü əzgin hiss edirdim. Nədənsə qorxurdum və sanki məni xilas edəcək pilləkənlərə doğru tələsirdim.

On bir yaşım vardı. Bir dəfə məktəbdən evə qayıdırdım. Bu gün sanki taleyin məni döngədə pusaraq, sürprizlə qarşıladığı günlərdən biri idi. Ürəyimi didən qorxu və narahatlıq dünyanı gözümdə zülmətə çevirirdi.

Belə günlərdə qəlbimdəki hər bir narahatlıq, nigaranlıq və uğursuzluq sanki ətrafımda əks olunaraq, hər yanı murdarlaşdırırdı. Narazılıq və qorxu ürəyimi sıxırdı. Və mən buna saxta səbəblər axtarıb tapıb, dünyanın qüsurlardan xali yaradılmamasında şikayətlənir, sanki hər işdə, hər yerdə maneələrə rast gəlirəm. Həmin gün də elə bu cür olmuşdu. Səhər tezdən kim bilir neyçün - ya gecə qarışdırdığım yuxularıma görə, ya da əslində etmədiyim bir günahçün çəkdiyim vicdan əzabından pərişan idim. Atamın çöhrəsi səhərdən iztirablı və məzəmmətli, səhər yeməyinə verilən süd isə ilıq və dadsız idi. Məktəbdə mənə heç bir qadağa qoyulmurdu. Lakin gücsüzlüyüm əlacsızlıq hissi ilə birləşərək gözümdə hər şeyi kədərli, ölü və dilxoredici vəziyyətə salırdı. Zamanın sonsuz olduğunu, illərlə, əsrlərlə balaca uşaq qalacağımı, məktəb qayda-qanunlarını təzyiqi altında, həyatın mənasız olacağını bildirdi.

O zamanlar bir dostum vardı. Həmin gün onu da təngə gətirirdim. Oskar Veberlə təzəcə dostlaşmışdım. Onun atası maşinist idi. Bilmirdim nə, amma nə isə məni ona çəkirdi. Bu yaxınlarda o, qürurla atasının yeddi mark qazandığını söyləyəndə, mən də atamın on dörd mark qazandığını dedim. O, buna inandı və mənə hörmətlə yanaşmağa başladı. Hər şey də elə burdan başladı. Bir neçə gün keçmiş biz Veberlə tapança almaq üçün ümumi bir daxıl tutmaq qərarında gəldik. Ağır və iki polad lüləsi olan tapança dəmir məmulatları dükanında satılırdı. Və Veber hesablamışdı ki, əgər doğurdan da qənaət etsək, tezliklə onu ala bilərik. Axı pul həmişə olurdu. Ona tez-tez cib xərcliyi on pfenniq verirdilər və bəzən elə küçədə də, ya pul, ya nal, ya qurğuşun külçəsi, ya da buna bənzər satılıq nəsə tapmaq olurdu. O, özündəki on pfenniqi dərhal daxıla atdı və bu planın baş tutacağına inandırdı.

Həmin gün zirzəmi kimi soyuq, pis iy gələn dəhliz mənə istəmədiyim, xoşagəlməz hadisələri xatırladırdı. Fikrim Oskar Veberin yanında qalmışdı. Onu sevmədiyimi hiss etsəm də, hansısa bir paltaryuyan qadını xatırladan bənizi mənə xoş gəlirdi. Məni onun şəxsi keyfiyyətləri yox, nəsə başqa bir şey, deyərdim ki, onun mövqeyi – ona, onun kimi oğlanlara xas olan kobud, cəsarətli yaşamağı bacarmağı, təhlükəni, incikli vecə almaması, həyatın xırdalıqları ilə - pul, dükan, emalatxana, mal, mətbəx, çamaşırxana və bunabənzər başqa şeylərlə yaxından tanışlıq maraqlandırırdı. Veber kimi oğlanlar - məktəbdəki davalardan, zərbələrdən ağrı hiss etməyən, qulluqçu, faytonçu və fabrik qızlarıyla qohum və dost olanlar məndən fərqli olaraq, həyatda daha möhkəm, sanki daha yetkin idilər. Və onlar atalarının gündəlik qazancını və mənim bixəbər olduğum bir çox şeyləri bilirdilər. Onlar mən anlamayan ifadələrə və rəftarlara gülürdülər. Və mən onlar kimi gülə bilmirdim. Nə olsun ki, məktəbdə mən onlardan daha ağıllı və daha savadlı idim. Əksinə, bu fərqlilik onları daha ali edirdi. Mənimçün qaranlıq görünən dünyaya onlar sanki heç bir əziyyət çəkmədən, rahatca girə bilirdilər. Bu dünya məndən ötrü tamamilə qapalı idi. Hər hansı bir qapını açmağa nail olmaqdan ötrü mən böyüməli, dərs oxumalı, imtahan verməli və tərbiyə olunmalı idim. Təbii ki bu cür oğlanlar küçədə mal, pul tapır, xidmətlərinə görə qazanc, dükanlarda müxtəlif mənfəət əldə edir və dürlü yollarla inkişaf edirdilər.

Mən hiss edirdim ki, Veberlə dostluğum və bu daxıl məsələsi həmin dünyaya olan marağımdan başqa bir şey deyildi. Veberdə sevgiyə layiq olan heç nə yoxuydu. Bircə onun böyük sirri vardı. Bu sirrin sayəsində o, böyüklərə daha yaxın idi və mənim arzularım, istəklərimdən fərqli, kobud və aydın bir dünyada yaşayırdı. Və mən əvvəlcədən pərişan olacağıma və onun əsas sirrini - həyatın qapılarını necə açmaq sirrini heç vaxt öyrənə bilməyəcəyimə əmin idim.

O, indicə mənimlə sağollaşdı. Rahat, sərbəst addımlarla, tələsmədən, fit çala-çala, əhvalını pozmadan, kədərlənmədən, pis şeylər düşünmədən evə sarı getdiyini bilirəm. Qulluqçular və fabrik işçiləri ilə görüşəndə onların müəmmalı, bəlkə də gözəl, bəlkə də kiriminal həyatı onunçun tapmaca, dəhşətli sirr, təhlükə və maraqlı gəlmir, ördəyə su doğma, təbii olan kimi. Bəli, bütün işlər bu cür idi. Mən, hər zaman tənhalıq və qeyri-müəyyənlik içində, tək-tənha, fərziyyələrlə dolu, özünə inamsız qalacağam.



Ümumiyyətlə, həmin gün də həyat həmişəki kimi maraqsız idi. Şənbə olsa da bazar ertəsinə bənzəyirdi. Bazar ertəsi kimi o biri günlərdən sanki üç dəfə uzun və darıxdırıcı gəlirdi mənə. Bu həyat lənətlənmiş, iyrənc, yalançı və ürəkbulandırıcı idi. Böyüklər dünyanın mükəmməl və kamil olduğunu fərz edirdilər. Guya onlar Allaha bənzəyir, biz oğlanlarsa zir-zibil, tör-töküntüyük. Eh müəllimlər!... Sən özündə şöhrətpərəstlik istəyi hiss edirdin, sən həqiqətən də bütün qəlbinlə xeyirxah olmaq niyyətində olurdun, düzgün olmayan qədim yunan dilini öyrənməklə, valideynlərinin sözünə qulaq asmaqla, əynini təmiz saxlamaqla, istənilən incikliyi və ağrını qəhrəmancasına, susaraq dəf etməyə çalışırdın. Bəli, sən yenidən hərarətlə və dindar kimi özünü, öz həyatını Allaha həsr etmək üçün, xeyir işlərlə məşğul olub, şər qüvvələri yıxıb, başqalarına yardım etmək üçün ideal, təmiz, nəcib bir yolla zirvəyə qalxırdın. Lakin bu yenə də və yenə də sadəcə təşəbbüs, cəhd və "qısa qaçış" olaraq qalırdı. Yenə də və yenə də bir neçə gün, hətta bir neçə saat keçmiş, baş verməsi arzulanmayan - pis, utandırıcı və adamı dilxor edən hadisələr baş verirdi. Və sən yenə də ən nəcib niyyətlərin, arzuların, tövbələrin zirvəsindən günahlara və əclaflığa enirdin. Axı nəyə görə sən, həyatın bu qədər "iylənərək" alçaqlığa və pisliyə getdiyi bir dövrdə, qəlbində xeyirxahlığın gözəlliyi və düzgünlüyünü bu cür yaxşı dərk edir və hiss edirdin? Necə oldu ki, səhər yatağındaykən və ya gecə şölə saçan şamların önündə özünü müqəddəs dua ilə özünü işıqlı və düzgün olanlarla bağladın, Allahı çağırıb bütün peyğəmbərlərə müharibəelan etdin? Sonra da cəmi bir neçə saatdan sonra , şərəfsizcə hansısa bir oğlanın danışdığı mənasız bir lətifəyə gülərəkbütün bunlardan geri çəkilirdin? Niyə axı belə? Görəsən romalı və yunan qəhrəmanlar, cəngavərlər, ilk xristianlar başqa cür insanlar olublar? Onların nəyi məndən artıqdır? Bəlkə onlarda məndə olmayan hansısa orqan olub? O orqan onları yerə enmədən göylərdə - nəhəng zirvələrdə saxlayaraq, yazıq, mənasız bataqlığa enməyə qoymamışdır? Doğrudanmı həmin qəhrəmanlar, müqəddəslər ilk günahdan bixəbər idilər? Doğrudanmı bütün müqəddəslik və nəciblik ancaq az sayda olan seçilmişlərə verilmişdi? Axı niyə mən o seçilmişlərdən olmadım? Mən ki gözəlliyə, nəcibliyə meyilliydim, o təmizliyə, xeyirə, xeyirxahlığa can atırdım. Məyər bu istehza deyil? Doğrudanmı ilahi dünyada insanın özündə eyni zamanda həm bütün ali, həm də pis məqsədləri daşısa da, ona baxan Allahın qabağında əzab çəkərək əlacsız qalması qəbul olunub? Yəni həqiqətən də bu cür olmalıdır? Onda bütün dünya ona tüpürüləsi və müəmalarla dolu dünya deyil? Bəs belə çıxmır ki, Allah qəddar, zalım, pis və hoqqabaz deyil?.. Eh, həmin o fikirlərə uyan zaman, həssas qəlbim, allahsızlığıma görə cəzalandıraraq, titrəyirdi!
Otuz ildən sonra o yan evin divarına açılan, az işıqlı, pəncərələri, ağardılmış taxta pilləkənli, eyvanlı, üstündə parıldayana kimi sürüşməkdən ağarmış sürahisi olan pilləkənli qəfəsi xatırlayıram. Uşaqlığım heç də uzaqlarda deyil, elə bil dünən idi. O mənimçün bütünlükdə nağıl kimi və anlaşılmaz qalsa da, indi də hələ o vaxtlardan xoşbəxtliyimlə yanaşı daxilimdə olan, əzablar, bütün nifaqlar yadımdadır. Bütün bu duyğular artıq o zamanlardan uşağın ürəyində öz mükəmməlliyinə şübhə ilə yanaşmaq, həmin şübhə ilə qorxaqlıq arasında tərəddüd etmək, adi həssaslıqla dünyaya nifrət edən idealizm arasında qalmaq demək qalmışdı. Mən o zamanlar və sonralar da yüz dəfə öz təbiətimin əlamətlərində o biabırçılığı, o şərəfli fərqi görürdüm. Və mən bəzən inanırdım ki, əziyyətli yolla Allah məni xüsusi yalnızlığa və dərinliyə gətirmək istəyir, bəzənsə də bunda bir çox insanların ömür boyu əziyyət çəkdiyi zəifliyin, əsəbiliyin təsdiqindən başqa bir şey görmürdüm.

Əgər mən bütün bu hisslərin qarşıdurmasını hansısa əsas bir hissə bağlasaydım və həmin hissləri bir ad altında cəmləşdirsəydim, bunu "qorxu" adlandırardım. Zəhərə dönmüş uşaqlıq xoşbəxtliyimdə mən həmişə qorxu və inamsızlıq duymuşam - cəzalanmaq qorxusu, öz vicdanım önündə qorxu və o zaman həyata baxışımla bağlı qorxu...

Elə bu danışdığım vaxtda günəş işığı düşmüş pilləkənlərlə qalxıb o şüşəli qapıya yaxınlaşdıqda məni yenidən qorxu hissi bürüdü. Bu qorxu qarnımda sancı ilə başlayıb, boğazıma doğru qalxaraq, əvvəlcə boğulma, sonra isə ürəkbulanma hissinə keçirdi. Həm də belə olanda çox utanırdım. Məni görə biləcək hamıya qarşı inamsızlıq hiss edərək təkliyə çəkilib gizlənmək istəyirdim.

Bu xoşagəlməz və iyrənc bir hisslə mən sanki dəhlizdən qonaq otağına daxil olmuş əsl cinayətkarıydım. Ürəyimə dammışdı ki, bu gün məni xeyir gözləmir. Mütləq nəsə bir pis hadisə baş verəcək. Mən bunu atmosfer təzyiqindəki dəyişikliyi göstərən bir barometr kimi hiss edirdim. Ah, yenə də bu sözlə ifadə olunmayan duyğu məni bürüdü! Sanki şeytan gizlicə evə daxil olub. İlk günah hissi ürəyimi sancırdı. Görünməyən nəhəng divarların arxasında hansısa ruh, hansısa ata və hakim gizlənirdi elə bil.

Mən hələ heç nəyi başa düşmürdüm. Hər şey sadəcə zənnim, düşüncəm və daxili sıxıntılarımın nəticəsi idi. Bu vəziyyətdə ən yaxşısı xəstələnmək, bir az qaytarıb yatmaqdır. Belə olanda hər şey yaxşı keçirdi, ana və ya bacın yanında olub, tez-tez çay verir, sən özünə qarşı qayğı görür və sevgi duyursan. Sən ağlayaraq yatıb səhəri gün tamamilə dəyişilmiş - sanki azad və işıqlı dünyaya göz açmış kimi oyanırsan.

Qonaq otağında anam yoxuydu. Mətbəxdə isə təkcə qulluqçu vardı. Mən atamın dar pilləkənlər aparan kabinetinə getmək istədim. Atamdan çəkinsəm də, onun yanına getmək, ona pənah aparmaq xoşuma gəlirdi. Ona qarşı o qədər təqsirlərim vardı ki... Anamın yanında təsəlli tapmaq asan və rahat olsa da, ata təsəllisi daha dəyərli olur. O, sanki vicdanla mühakimə edilən dünya, barışıq və xeyir qüvvələrlə yeni bir ittifaq idi. Xoşagəlməz söhbətlərdən, istintaqdan, etirafdan və cəzalandırılmadan sonra mən məzəmmət edilmiş, hesabat vermiş olurdum. Və adətən atamın otağından şərlə mübarizə aparmaq üçün güclü bir müttəfiqdən qazanılmış yeni fikirlər və niyyətlərlə dolu çıxırdım. Atamın yanına gedib özümü pis hiss etdiyimi bildirmək qərarına gəldim.

Kabinetə doğru gedən pilləkənlərlə atamın yanına qalxdım. Bu xüsusi divar kağızı iyi gələn və yüngül taxta pillələrdən düzülmüş, taxtaları quru olduğundan səs edən pilləkən sanki dəhliz deyildi, bir sərhəd idi, bir tale qapısı idi. Bu pillələrlə həyatımın ən vacib yollarını keçmişəm. Mən dəfələrlə ordan qalxaraq qorxu və vicdan əzabını, inadakarlıq və acıq hissi duymuşam Qayıdan başı isə qəlbimdə azadlıq və qətiyyət hissi olub. Evin alt hissəsində anamızın və biz (uşaqlar) qalırdıq. Burada rahat nəfəs almaq olurdu. Yuxarıda – atamın otağında isə idrak və hakimiyyət hökm sürürdü. Ora həm məhkəmə, həm məbəd və həm də "ata səltənəti" idi.

Həmişəki kimi cəsarətlə köhnə dəbli dəstəyi aşağı əyərək qapını araladım. Atamın kabineti məni tanış bir qoxu ilə qarşıladı. Bu qoxunu yarı açılmış pəncərədən dolan mavi, təmiz havayla kitabların nəfəsi və mürəkkəb iyi yaradırdı. Otaqda bəyaz və təmiz pərdələr, yazı masasının üstündə bir alma vardı. Odekolonun yüngül ətri duyulurdu.

Mən bir az pərişan, bir az da rahat vəziyyətdə otağa daxil oldum. Səs salmayım deyə barmaqlarımın ucunda keçdim. Adətən atam yatanda və ya başı ağrıyanda burdan belə keçirdik. Bu səssiz addımların mahiyyətini dərk edən kimi mənim ürəyim tez-tez döyünməyə başladı. Mən yenidən qarnım və boğazımda sancı hiss elədim. Xəlvətcə və qorxa-qorxa mən addım-addım gedirdim. Və indi özümü çağırılmamış, özbaşına gəlmiş bir qonaq kimi hiss edirdim. Dəfələrlə mən atam olmayanda gizlicə otağına girmişəm. Dəfələrlə onun sirli səltənətini gözdən keçirir və təftiş etmiş, hələ iki dəfə də oğurluq etmişəm.

Bu haqda xatirələr məni ağuşuna aldı və başa düşdüm ki, mütləq nəsə baş verəcək. Mən xatalı və xoşagəlməz bir şey edəcəyəm. Qaçmaq barəsində heç düşünmürdüm də! Daha doğrusu, mən həyacanla qaçmaq, pilləkənlərlə üzü aşağı, öz balaca otağıma və ya bağçaya qaçmaq haqqında düşünürdüm! Lakin bunu etməyəcəyimi, bacarmayacağımı bilirdim. Mən bütün qəlbimlə istəyirdim ki, qonşu otaqdakı atam oyansın və bura gəlib məni şeytan kimi cəlb edən bu dəhşətli ovsundan xilas etsin. Kaş ki o gələydi! Qoy məni danlasın, amma kaş ki gəlsin! Nə qədər ki gec deyil!

Mən burda olduğumu hiss elətdirmək üçün yüngülcə öskürdüm. Cavab almadığıma görə yavaşca çağırdım: "Ata!" Çox saitlik idi. Divarlar da, kitab rəfləri də susur, pəncərənin bir layı küləkdən yellənirdi. Heç kim mənə yardım etmədi. Və mənim öz daxilimdə şeytanın istədiyini edəcək qədər azadlıq yox idi: günahkar olduğumu düşünəndə qarnım sancdı və barmaqlarımın ucu buza döndü, ürəyimsə sürətlə çırpınmağa başladı. Mən nə edəcəyimi hələ dəqiq bilmirdim. Sadəcə baş verənlərin yaxşı iş omadığını və sonrasında da xeyir görünmədiyini bilirdim.

Yazı masasına yaxınlaşaraq bir kitabı əlimə alıb, başa düşməsəm də ingilis dilindəki başlığı oxudum. Bu dili heç sevmirdim. Atam biz başa düşməyək deyə, ya da aralarında mübahisələr olanda anamla həmişə bu dildə danışırdı. Fincanda cürbəcür xırdavat - diş təmizləyən çöp, polad qələm ucluqları, sancaqlar varıydı. Mən iki ədəd qələm ucluğu götürüb cibimə qoydum. Allah bilir nəyimə gərək idi onlar, axı mənim onlardan nə qədər desən varım idi. Bunu məni boğan bir qüvvənin təsiri altında etdim. Bu qüvvə məni nəsə bir pis şey etməyə, özümə ziyan vurmağa, günah işləməyə sövq edirdi. Mən atamın kağızlarına göz gəzdirdim və yarımçıq qalmış bir məktubda bu sözləri oxudum: "Biz də, uşaqlar da sağ-salamatıq" və onun yazdığı latın hərfləri sanki gözə dönüb mənə baxırdı.

Daha sonra mən sakitcə yataq otağına keçdim. Orada onun dəmir çarpayısı, altında qəhvəyi çəkələk, tumbanın üstündə isə əl yaylığı varıydı. Mən bu işıqlı, sərin otaqda ata havasını nəfəsimə çəkirdim və atamın obrazı gözlərimin önündə idi. Ağırlıq çökmüş ürəyimdə onun ətri və daxilimdə qopan qiyam sanki boğuşurdu. Arada, başı ağrıyan günlərdə onun dəmir çarpayısında alnında nəm dəsmalla uzandığı günlərin xatirələrini özümə də bəlli olmayan bədxahlıqla yadıma salıb, hətta ona nifrət də elədim. Görünür, mən anlayırdım ki, bu məzəmmətli insanın da həyatı ağır keçib. Hamı tərəfindən ehtiram olunan atam da, qorxu və şübhənin nə olduğunu bilirdi. Mənim hisslərim soyumağa başladı. Bu hal yavaş-yavaş mərhəmət və onun halına acımaq duyğusu ilə əvəz olunurdu. Kamodu açdım. Orada onun qatlanmış alt paltarları və sevimli odekolonu varıydı. Mən onu qoxulamaq istədim, lakin çox möhkəm bağlı olduğundan yerinə qoydum. Yanında bir qutu biyanlı konfet tapdım və bir neçəsini ağzıma atdım. Mən bir az pərişan oldum və elə bil ki, ayıldım, bundan başqa heç nə tapmayıb oğurluq etmədiyimə görə xeyli şad oldum.

Sakitləşib və özümü ələ alıb yaramazlığım ucbatından götürdüyüm hər iki qələm ucluğunu yerinə qoymaq məqsədi ilə dolabın daha bir gözünü də açdım. Bəlkə də geri çevrilib, peşman olub, günahımı yuyub rahatlaşmaq da olardı. Bəlkə də Allahın üzərimdəki nəzəri hər bir həvəsdən, tamahdan daha üstün idi.

Birdən mən dolabın azca açıq qalmış yerinə baxdım. Kaş ki orada corab, köynək ya da köhnə qəzetlər olaydı! Yenə də tamah hissi məni bürüdü və təzəcə tərk etmiş qorxu hissi yenidən canıma çökdü, əllərim əsdi, ürəyim tez-tez döyünməyə başladı. Hindistanın və ya hansısa başqa ekzotik ölkənin istehsalı olan qabda bəyaz şəkər kirşanı səpilmiş bir bağlama əncir gördüm. Qabı götürdüm. Xeyli ağır idi. Sonra iki-üç ədəd əncir yedim. Qalanlarını isə cibimə atdım. İndi daha bütün bu qorxu və fırıldaq əbəs yerə olmadı. Burdan qurtuluş və təsəlli almaq olmadısa da, əliboş getmək də fikrində deyildim. Bağlamadan daha üç-dörd dənə də əncir götürdüm. Buna baxmayaraq, bağlama heç də yüngülləşmədi. Meyvələr yarıbayarı azalanda ciblərim dolmuşdu. Mən ip boyunca əncirləri aralayıb onların düzülüşünü tənzimlədim ki, əskik olduğu çox da nəzərə çarpmasın. Daha sonra qəflətən həyəcanlanaraq dolabı bağlayıb qaçdım. Hər iki otaqdan cəld çıxdım, pilləkənlərlə üzü aşağı yüyürdüm. Az qala boğulurdum.

Birazdan nahara çağırdılar. İçimdə qəribə bir nifrət hissiylə meyvələri öz kitab rəfimə yığdım. Kitabların arxasında gizlədərək nahar etməyə qalxdım. Otağın qapısına çatanda əllərimin şirəli olduğunu hiss etdim. Mətbəxə qayıdıb yudum. Hamı masa ətrafında əyləşərək gözləyirdi. Tez salamlaşdım, atam dua oxudu və mən şorbanı yeməyə başladım. Heç iştaham yoxuydu, güclə udqunurdum. Yanımda bacılarım, üzbəüz valideynlərim əyləşmişdi. Hamı şən, pis fikirlərdən uzaq idi. Bircə aralarında ürəyini üzən bədbəxt günahkar mən idim. Ağzımda hələ də əncirin dadı qalmışdı. Hər baxışdan səksənirdim. Fikrimsə yuxarıda qalmışdı: görəsən yataq otağının qapısını bağlamışam? Bəs dolabın necə?

Fəlakət baş verdi. Mən, hətta əlimin kəsilməsinə belə razıydım. Təki götürdüyüm əncirlər yenidən dolaba qoyulaydı. Kaş ki mən onları heç götürməmiş olaydım. Düşündüm ki, ya onları ataram, ya da məktəbdə uşaqlara paylayaram. Bircə onlardan canım qurtulsun, bircə onları bir daha görməyim.

- Sən bu gün gözümə yaxşı dəymirsən, - atam masanın o üzündən dilləndi. Mən onun baxışlarını üzərimdə hiss edərək boşqaba baxırdım. İndicə başa düşəcək. Axı o hər zaman hər şeyi duyurdu. Niyə o məni belə incidir? Hətta məni aparıb hardasa öldürsəydi belə bundan daha yaxşıydı.

- Xəstələnmisən? - yenidən səsini eşitdim. Yalandan başımın ağrıdığını dedim.

- Ye, sonra da bir azca uzan dincəl, - o dedi, - bu gün daha neçə dərsin var?

- Gimnastika.

- Gimnastikanın sənə ziyanı yoxdu. Amma yemək istəməsən də, bir az məbcur da olsa ye. Bir azdan keçəcək ağrın.

Mən ona çəpəki baxdım. Anamın mənə baxdığını bilirdim. Lakin o heç dillənmədi. Şorbanı axıra kimi yedim, ət və tərəvəzlə isə "müharibə apardım". İki dəfə su süzdüm. Başqa heç nə baş vermədi. Məni rahat buraxdılar. Sonra atamın etdiyi şükür duası - "Allahım sənə şükürlər olsun, sənin mərhəmətin sonsuzdur", məni yara yanğısı kimi bir hisslə bu işıqlı, müqəddəs insanlardan ayırdı. Hətta dua etmək üçün açdığım əllər belə riyakarlıq edirdi.

Mən ayağa qalxanda anam başıma sığal çəkib, hərarətimi yoxlamaq üçün əlini alnıma qoydu. Bu mənə çox ağır gəldi.

Öz darısqal otağımda kitab rəfinin önündə ayaq saxladım. Səhərki duyğularım məni aldatmadı, bütün əlamətlər öz təsdiqini tapdı. Gün çox uğursuz keçdi, hələ bundan pis günüm olmamışdı. Daha betərinə heç kim dözə bilməzdi. Bunun sonu intihar - ya zəhər içmək, ya da özünü asmaqla nəticələnməlidi. İndiki halda ölmək yaşamaqdan daha yaxşı olardı. Axı hər şey çox yanlış və biabırçı bir şəkil almışdı.

Birdən gözümə bizim daxılımız dəydi. Kitabların alt rəfində idi. Onu siqar qutusundan hazırlamışdım. Qəpik atmaq üçün yuxarısını mismarlayıb, qapağını bıçaq ilə balaca deşmişdim. Dəliyi səliqəsiz açdığımdan qıraqları tilişkəli idi. Hətta bunu da yaxşı bacarmamışdım. Mənim elə yoldaşlarım vardı ki, bu cür işləri ürəklə, tələsmədən, qüsursu edirdilər ki, heç xarratların əl işlərindən dala qalmırdı. Mənim gördüyüm iş isə həmişə kobud, səliqəsiz və alayarımçıq olurdu. Hər işdə - taxtadan düzəltdiklərim də, çəkdiyim rəsmlərdə də, xəttim də, kəpənək kolleksiyam da bu cür idi. Mən heç nə bacaramırdım. Və mən bunlar azmış kimi, oğurluq da etdim. Qələmlər də cibimdə qalmışdı. Nəyə görə? Onlar mənim nəyimə gərək idi axı? Niyə götürdüm onları? İstəmədiyim şeyləri etmək nəyə lazımdı?

Qutuda Oskar Veberin atdığı yeganə on pfenniq cingildəyirdi. O vaxtdan pul artırmamışdıq. Bu daxıl məsələsi də mənim fikrim idi. Heç nə alınmırdı, yoluna düşmürdü. Əlimi atdığım hər bir iş əvvəlindən düz gətirmirdi. Lənətə gəlmiş bu daxıl! Daha onu da görmək istəmirəm!

Bu cür günlərdə, naharla məktəb saatı arasındakı vaxt uzun və üzücü olurdu. Kefimiz yerində olanda isə həminki vaxt çox gözəl və maraqlı keçirdi. Mən həmin zaman ərzində öz otağımda ya hindular haqda kitab oxuyurdum, ya da yeməkdən dərhal sonra məktəb meydançasına qayıdırdım. Orada mən zəng vurulana kimi sinif yoldaşlarımla oynayır, oxuyur, qışqırır, qaçır, tullanırdım. Belə günlərdə isə... Kimlə oynayasan? İçindəki şeytanları necə sakitləşdirəsən? Artıq mən hiss edirdim ki, iş o yerə gəlib çıxacaq ki, taleyim ani bir partlayışla paramparça olacaq. Axı cəmi bir damcı, bircə damcı qorxu, əzab bəs edəcək ki, kasa dolsun və bu müsibət bitsin. Nə vaxtsa belə günlərin birində dəhşətli, qətiyyətli, həyatımı dəyişəcək, əzablara və qorxulara son qoya biləcək bir şey edəcəyəm. Bunun nəylə nəticələnəcəyi hələ məlum olmasa da, fantastik və zəhlə tökən nümunələr artıq mənim başımı gicəlləndirirdi. Mən dünyadan qisas alacağam və eyni zamanda da, özümü məhv edəcəyəm. Hərdən mənə elə gəlirdi ki, evimizi yandırıram. Nəhəng alovun qanadları gecəni öz ağuşuna alır. Od evləri, küçələri bürüyür, bütün şəhər qaralmış səmanın altında boğulurdu. Təxəyyülümdəki digər cinayətlərdə mən atamdan intiqam alırdım, vəhşicəsinə, amansızcasına onu öldürürdüm! Və mən bir dəfə şəhərin mərkəzi küçəsindən aparılan cinayətkar olacaqdım. O, həbs olunmuş oğru idi. Biri arxasında, biri önündə olmaqla, iki jandarm qolu qandallı onu məhkəməyə aparırdı. Bu hər şeylə maraqlanan izdihamın, minlərlə lənətlərin, istehzaların, acıqlı qışqırıqların arasından şəhər boyu qovulan adam, heç də polislərin küçədə dilənçilik etdiyinə görə qandalladıqları usta köməkçilərinə bənzəmirdi. Bəli, o, utancaq bir usta köməkçisi deyildi, sadəlövhlüyü, qorxaqlığı yox idi, ağlamırdı, o, mənasız gülüş arxasında gizlənmirdi. Bu cür gülüşləri görmək mənə də qismət olmuşdu. O, əsl cinayətkar idi. Məğrur saxladığı başında yüngülvari əzilmiş şlyapa vardı. Rəngi solğun olsa da, istehzayla gülümsəyirdi. Ona nifrətlə baxan şəhər sakinləriylə birgə mən də qışqırırdım: "Axır ki ələ keçdin! Onu asmaq lazımdır!" Sonra isə mən onun qandallı əllərini önə tutaraq məğrur və dik addımladığını gördüm. O elə rəşadətlə gedirdi ki, elə bil başında ecazkar tac var. Gülümsəyirdi. Və mən susdum! Mən də o cinayətkarsayağı gülümsəyirdim, məhkəməyə aparsalar başımı onun kimi dik tutardım, ətrafımda çoxlu adamlar toplaşıb məni ələ salsaydılar da, susardım və insanlara nifrət edərdim.

Edam olunub öləndən sonra əbədi hakimin önündə belə baş əyməyəcəyəm, təslim olmayacağam. O, səma qoşununun əhatəsində olsa belə, öz müqəddəsliyi və nəhəngliyi ilə göz qamaşdırsa belə, qoy məni lənətləsin, qoy mənim qaynar qatrana atılmağıma əmr versin. Mən onsuz da üzr istəməyəcəyəm, alçalmayacağam, əfv diləməyəcəyəm və heç nəyə görə peşman olmayacağam! Əgər məndən soruşsa ki, "sən onu, bunu etmisən?" - mən cavab verəcəyəm: "Hə etmişəm! Əlimin içindən gəlib, lap yaxşı etmişəm. Əgər şərait yaranarsa yenə də edəcəyəm! Mən adam öldürürdüm, evləri yandırırdım ki, zövq alım, səni lağa qoyum və qəzəbləndirim. Bəli, səndən zəhləm gedir! Ayaqlarının altına tüpürürəm, Allah! Sən mənə əzab vermisən, sən heç kimin əməl edə bilməyəcəyi qanunlar qoymusan, sən böyükləri həyatımızı zəhərləməyə təhrik etmisən!".

Özümdə bu cür qətiyyəti təsəvvür etmək xoşbəxtliyi mənə nəsib olanda, üzümdə məyusluqla qəribə bir təbəssüm oyandı. Amma dərhal yenə də, şübhələr oyanır. Görəsən mən zəif olmaram ki? Məni qorxutmaqlarına imkan vermərəm ki? Axır nöqtədə geriyə çəkilmərəm ki? Ya da tutalım ki, mən hər şeyi istədiyim kimi etsəm, Allah özüyçün hansısa bir çıxış yolu, üstünlük və ya bir hiylə tapmaz ki? Axı valideynlər həmişə axırda əllərindəki əsas dəlili işə salıb, xeyirxahlıq maskası altında bizi alçalmağa, hesablaşmağa məcbur edirlər. Əlbəttə ki, bu elə belə də nəticələnəcəkdi.

Təxəyyülüm müxtəlif məsələlərə yönəlmişdi. Gah məni qəhrəman edirdi, gah da Allahı! Gah məni yenilməz günahkar yüksəkliyinə qaldırırdı, gah da aciz bir uşaq edirdi.

Mən pəncərələrin önündə dayanaraq, qonşu evin arxa bağçasına tərəf baxırdım. Divara şalbanlar söykənmiş, balaca bostanda isə bir neçə lək göyərirdi. Qəflətən mən günortanın sakitliyində saatın zəngini eşitdim. İki möhkəm və aydın eşidilən zərb səsi mənim xəyallarımdan ayırdı. Saat iki idi. Və mən həyacan içində öz dəhşətli təsəvvürlərimdən, qaçılmaz həqiqətlərə qayıtdım. İndi bu anda bizdə gimnastika dərsi idi. Əgər gimnastika zalına lap sehrli qanadlarla uçsaydım belə mütləq gecikəcəkdim. Yenə də uğursuzluq! Birisi gün məni çağırıb danlayacaq və cəzalandıracaqdılar. Yaxşısı budur məktəbə heç getməyim. Çünki artıq heç nəyi qaydasına sala bilmirəm. Kaş ki yaxşı, incə və həqiqətə uyğun bir bəhanəm olaydı. Heyf ki indi ağlıma heç nə gəlmir. Yalan danışmağı müəllimlərimiz bizə necə mükəmməl öyrətsələr də, mən indi yalan danışa biləcək, nəsə fikirləşib tapacaq halda deyildim. Dərsi buraxmaq ən yaxşı çıxış yoludur. Böyük bədbəxtliyə kiçik bədbəxtlik də əlavə olunsa heç nə olmazdı!

+++
Saat zənginin zərbi məni ayıltdı, xəyallarımı iflic etdi. Birdən mən haldan düşdüm. Otağım, rəsmlər, çarpayı, kitablar - hamısı sərt reallıqla mənə baxırdı sanki. Hər şey yaşamağa məcbur olduğum, təhlükəli və ədalətli bir dünyadan çağırış idi. Əlbəttə! Bəyəm mən gimnaskita dərsini buraxmadım? Bəyəm oğurluq etmədim? Bəyəm heç yeməyə belə vaxt tapmadığım lənətə gəlmiş əncirlər mənim rəfimdə deyildi? İndi o cinayətkar, Allah və onun dəhşətli məhkəməsini düşünmək nəyimə gərək idi!? Ona çox zaman var hələ. İndi, bu dəqiqə bütün bunlar mənə yalnız səfehlik kimi görünürdü. Mən oğurluq etmişəm və bunun üstü istənilən an açıla bilərdi. Bəlkə də artıq açılıb, bəlkə də atam həmin dolaba baxıb, etdiyim axmaqlıqdan artıq xəbər tutub. Əsəbi və təhqir olunmuş halda mənlə necə haqq-hesab çəkəcəyini, məni necə cəzalandıracağını düşünür. Bəli, bəlkə də o, indi bura - yanıma gəlir və əgər mən aradan çıxmasam bir dəqiqədən sonra onun ciddi və zabitəli simasını görəcəyəm. Axı o, dərhal oğrunun mən olduğumu biləcək. Bu evdə məndən başqa cinayətkar yox idi. Bacılarım heç vaxt belə şeylər etməzdi. Bəs əncirləri dolabda gizlətmək atamın nəyinə gərək idi?

Artıq mən otağımı tərk edib evin arxa qapısından həyətə tərəf çıxdım. Həyət və çəmənlik günəşin al şəfəqləri ilə örtülmüş, yolun üstündə sarı kəpənəklər uçuşurdu. Hər şey indi səhərkindən daha pis, daha iyrənc görünürdü. Bu hiss artıq mənə tanış olsa da, heç vaxt bunu belə əzabla qarşılamamışdım. Şəhər və zəng qülləsi, çəmən və yol, otların arasındakı çiçək və kəpənəklər - hamısı təbii, gözəl və şən idi, sanki onlar təmiz vicdanla nəfəs alırdı. İnsana fərəh bəxş edən bütün bu şeylər indi mənə tamamilə yad görünürdü. Bu cür doğma yerlərdə günah hissiylə addımlamaq artıq mənə tanış idi. Ən nadir bir kəpənək belə çəmənlikdə uçub yanıma gəlsəydi, bu heç nəyi dəyişə bilməzdi, məni sevindirməz, həyacanlandırmaz, təsəlli verməzdi. Əgər albalı ağacının ən gözəl budağını mənə uzatsan belə, bunun da heç bir dəyəri olmazdı. Xoşbəxtlik bunda deyildi. İndi yalnız bir əlac vardı - qaçmaq, atamdan qaçmaq, cəzadan qaçmaq, zümdən qaçmaq, vicdanımdan qaçmaq, geriyə baxmadan qaçmaq. Amma nə qədər qaçırsan qaç, olacaq onsuz daolacaqdı.

Mən nəfəs dərmədən dağdakı meşəliyə, palıdlıqdan üzü aşağı - knyaz dəyirmanına, oradan da körpüdən keçib yenidən dağdakı meşəliyə qaçırdım. Bizim burda hindu düşərgəmiz varıydı. Ötən il atam səfərdə olanda, anam pasxa bayramını burada bizimlə birgə keçirdi. Bizimçün yumurtaları gizlədirdi. Bir dəfə tətildə əmim oğlanları ilə burda qala tikdim, onun yarı hissəsi hələ də dağılmamışdı. Hər yerdə ötən günlərin xatirəsi vardı, hər yerdə güzgülər vardı. Güzgülərdən mənə baxan o həminki adam deyildim! Doğrudan da bu mən idim? Mən axı şükrlü, ünsiyyətcil, anasıyla xoş rəftar edən, qorxulardan azad, xoşbəxt bir uşaq idim. Necə oldu ki, mən bu cür dəyişildim, tamamilə başqa insan oldum. Bu cür acıqlı, qorxaq və bədbəxt oldum? Hər şey - meşə, çay, çobanyastıqları, qala və qarışqa yuvası adi, həmişəki tək olsa da, gözümə zəhərlənmiş qaralmış kimi dəyirdi. Məgər geriyə - saflığa, günahsızlığa və xoşbəxtliyə daha yol yox idi? Daha heç nə əvvəlki kimi ola bilməzdi? Görəsən mənə yenidən əvvəlki kimi gülmək, bacılarımla oynamaq, pasxa üçün boyanmış yumurtaları axtarmaq nəsib olacaq?

Mən durmadan qaçırdım. Alnım tərləmişdi. Qaçdıqca günahım, atamın qorxunc və böyük kölgəsi də arxamca gəlirdi.

Xiyabanların yanından ötürdüm. Yol kənarında olan təpəciklərdən birində ayaq saxladım, özümü çəmənliyə atdım. Yuxarı dırmandığıma görə möhkəm tənginəfəs olmuşdum. Düşünürdüm ki, bir azdan keçər. Bu yüksəklikdən şəhər və çay görünürdü. Gimnastika zalı da gözümə dəydi. Dərs qurtarmış, uşaqlar qaçışırdılar. Ata evimizin uzunsov damını da görürdüm. Orada atamın yataq otağı, dolabı vardı. O dolabdan mən əncir oğurlamışdım. Mənim otağım da orada idi. Ora qayıdanda məni cəza və tənbeh gözləyirdi. Bəlkə heç qayıtmayım?

Bilirdim ki, qayıdacam. Hər dəfə belə olanda qayıdıram. Həmişə belə olur. Getmək, Afrikaya və ya Berlinə qaçmaq olmur! Əgər sən balacasansa, pulun yoxdursa, heç kim sənə kömək etməyəcək. Kaş ki bütün uşaqlar birləşərək bir-birlərinə kömək edəydilər. Dünyada uşaqlar valideynlərdən çoxdurlar. Lakin heç də bütün uşaqlar oğru və cinayətkar deyil. Bəlkə də mən nəslimizdə belə hadisələr yaşayan yeganə adamam. Amma yox. Bilirdim ki, başıma gələnlər həyatda tez-tez olur. Əmilərimdən biri uşaq vaxtı nəsə oğurlamışdı, pis iş gömüşdü. Mən bunu valideynlərimin söhbətini gizlicə dinləyəndə bilmişdim. Bütün maraqlı hadisələri yalnız bu yolla öyrənmək olurdu. Eh! Bunların heç biri mənə kömək edə bilməz! Hətta həmin əmim indi burada olsaydı belə, mənə dayaq durmazdı! Artıq o da uşaq deyil, böyüyüb, kilsədə keşişdir. O da valideynlərimizin tərəfində olacaq. Onlar hamısı belədir! Bizim - uşaqların önündə özlərini olduqları kimi yox, başqa cür göstərirlər. Rola girib səmimilikdən uzaq olur, yalan danışırlar. Anamsa bəlkə də elə deyil və ya o birilərindən nisbətən az yalan deyir.

Bəs birdən mən evə dönməsəydim? Axı mənim başıma nəsə bir pis iş gələ bilərdi, boynum qırıla, suda boğula və ya qatarın altına düşə bilərdim. Onda hər şey başqa cür olardı. Məni evə çatdırardılar, hamı qorxu içində susardı, ağlayıb mənə yazıqları gələrdi. Və heç kimi yadına o əncirlər düşməzdi. Bu söhbət açılmazdı.

Mən çox gözəl bilirdim ki, intihar da edə bilərəm. İrəlidə həyatım daha da pisləşsə, mən elə bu cür də edəcəyimi düşünürdüm.

Yaxşı olardı ki, zökəmə, öskürəyə yox, nəsə ölümcül bir xəstəliyə - əvvəllər tutulduğum kimi skarlatinaya tutlardım.

Bu vaxt ərzində gimnastika dərsinin də artıq vaxtı keçmiş və deməli, evdə qəhvə içməyə məni gözlədikləri vaxt da bitmişdi. Bəlkə də onlar indi məni otağımda, bağçada, həyətdə, çardaqda axtarırdılar. Lakin əgər atam etdiyim oğurluqdan xəbər tutubsa, məni çox güman ki, axtarmazdılar. Atam işin nə yerdə olduğunu bilirdi.

Uzanıb qalmağa daha səbrim yox idi. Fələk heç məni unutmurdu, sanki qarabaqara izləyirdi. Mən yenə də qaçmağa başladım. Parkda xatirələrlə dolu skamyanın yanından ötdüm. Atam mənə cib bıçağı hədiyyə etmişdi. Biz bir yerdə parkda gəzirdik. Atam həmin bu skamyada əyləşmişdi. Mənsə fındıqlığa keçib özüm üçün çubuq kəsirdim. Və bu xoşbəxt olduğum anda bıçağımı sındırdım. Dəhşət içində geri qayıtdım. Bunu atamdan gizlətmək istəyirdim. Lakin atam məni görən kimi verdiyi hədiyyənin salamat olub olmadığını xəbər aldı. Qanım çox qaraldı. Atamsa gülümsəyərək əlini çiynimə qoydu. "Yazıq, heyf!" O zamanlar mən onu necə də çox sevirdim, fikrimdə ondan dəfələrlə üzr istəmişdim! Atamın həminki siması, səsi, mənə təskinliyi yadıma düşdü... Mən dəfələrlə bu cür atanın qanını qaraltmışam. İndisə üstəlik hələ bir oğurluq edə biləcək qədər əclafam da!

Mən yenidən şəhərə qayıdanda, yuxarı körpü tərəfdə evimizin yaxınlığında olanda artıq qaş qaralırdı. Şüşə qapılı işıqlı dükandan bir oğlan çıxıb qaça-qaça məni səslədi. Bu Oskar Veber idi. Bircə elə o çatmırdı. Amma ondan gimnastika müəllimimizin mənim dərsdə olmadığımın sezmədiyini öyrəndim. Bəs mən harda idim?

- Əşi, heç yerdə! Sadəcə özümü yaxşı hiss etmirdim, deyə düşündüm. Mən bu müddət ərzində tamam susqun idim. Və Veber ayağıma cidar olduğunu anlayaraq qəzəbləndi.

- Məni rahat burax, tək də gedə bilərəm.

- Belə oldu? Mən səndən də yaxşı gedib çıxaram. Səninçün sandıqtulası deyiləm, bunu bil! Amma əvvəlcə daxılımız haqqında məni məlumatlandır. Mən on pfenniq atmışdım, bəs sən nə qədər atmısan?

- Sən əgər onlara görə narahatsansa, elə bu gün pulunu geri götürə bilərsən. Bircə gözlərimin önündə bitmə! Çox lazımdı mənə elə sənin sədəqən?!

- Məmnuniyyətlə qəbul edərəm, - lağla söylədi. Amma barışıq üçün yenə də əl yeri qoydu.

Mən isə çox hirsləndim. Veber mənə yol göstərə bilməzdi! Onun qarşısında vicdanım təmiz idi! Mənəsə qarşısında başımı dik tuta biləcəyim biri lazım idi. İçimdə qaynayan mundarlıqlar bir nəfəsə fışqırdı. "Bəy balası" simasını aldım. Amma adətən elə şeylərdən həmişə uzaq olardım. Göstərdim ki, bir küçə uşağıyla dostluğu pozmaq mənimçün çox da böyük itki deyil. Ona dedim ki, bir də bizim bağçadan meyvə yeməsin, oyuncaqlarımla oynamasın. Mən özündən çıxdığımı və artıq coşduğumu hiss etdim. Artıq rəqibim var, kimsə günahkardır, kiminsə qolundan yapışmaq olar. Bütün hirsim bu xilasedici, arzu olunan qəzəbə töküldü. İçimdə deyil, qarşımda duran bir düşmən olduğuna əvvəlcə mənə qorxu ilə, sonra isə əsəbi gözlərlə baxan, səsini eşitdiyim, tənəsinə tüpürə biləcəyim, müdafiəsinə daha qətiyyətlə müdafiə ilə cavab verə biləcəyim düşmənimin olduğuna görə xoşbəxt idim.

Biz söylənə-söylənə qaranlıq küçə ilə üzü aşağı düşürdük. Bəzən evlərin girişlərindən adamlar arxamızca boylanırdılar. Və mənim özümə qarşı olan bütün qəzəbim, hiddətim yazıq Vebere yönəlmişdi. O, gimnastika müəlliminə məni satacağını deyib hədələyəndə zövq aldım. Səhv etdi. Özünü əclaf kimi aparmağa başladı və bu məni güclü etdi.

Myasnikov küçəsinin yaxınlığında biz əlbəyaxa olduq. Yanımızdan ötənlər bizə baxmağa başladılar. Çəkmələrimizi bir-birinə dirəyib zərbələr endirirdik. Bir anlıq hər şey unuduldu, mən haqlı idim, günahkar deyildim. Müqavimət göstərirdim. Veber daha güclü olsa da, mən ondan ağıllı və ürəkli idim. Biz dalaşırdıq. O əlacsızlıqdan köynəyimin yaxasını cıranda qaynar bədənimdən keçən soyuq hava axınını hiss etdim.

Və davamızı, boğuşmağımızı dayandırmadan təhqirə keçir, get-gedə daha axmaq və pis, qəribə, qeyr-adi sözlərlə bir-birimizi söyüb-yamanlayırdıq. Söyüş söyməkdə də mən onu üstələyirdim. Mən daha qəzəbli və daha fərasətli idim. Əgər o "it" söyləsə, mən "qancıq" deyirdim, əgər o "alçaq" deyirdisə, mən "iblis" deyirdim. Hiss etməsək də bizdən qan axırdı. Bir-birimizi lənətləyir, edam edilməyi arzulayırdıq, əlimizdə bıçaq olmadığına heyifslənirdik. Yoxsa qabırğalarımızı deşik-deşik edərdik.
++++++
Birinci dəfə idi ki, mən bütün qəddarlıqla, söyüşlə bu cür dalaşırdım. Adətən böyük zövq və qorxu içində bu kobud lənətləmələri, söyüşləri tamaşaçı qismində eşidirdim. Bu gün isə mən özüm o cür sözləri boğazımı gərə-gərə deyirdim. Sanki uşaq yaşlarımdan buna adət etmiş və öyrəncəli olmuş kimi görünürdüm. Gözlərimdən yaş, dodaqlarımdansa qan damcılamasına rəğmən, həyat əla, mənalı, yaşamaq və dalaşmaq, özünün və başqasının qanını axıtmaq gözəl idi.

Dəfələrlə bu davanın sonunu xatırlamaq istəsəm də, cəhdlərim boşa çıxırdı. O, nə vaxtsa bitmiş, mən evləri, küçələrin döngələrini tanımış, evimizin yaxınlığında olanda isə özümə gəlmiş və nə vaxtsa sakit otaqda tək qalmışdım. Kefim yavaş-yavaş durulurdu. Qanadlarımın fiti və gurultu sakitləşirdi. Və həqiqəti dərk etməyə, görməyə başlayırdım. Bu quyudur. Bu da körpü. Əllərim qanlı, paltarım cırıq, corablarım süzülmüş, dizlərim və gözlərimdə ağrı vardı. Papağımsa itmişdi. Yavaş-yavaş hər şey həqiqətə çevrilir və mənə doğru gəlirdi. Birdən özümdə dözülməz bir yorğunluq hiss etdim. Əllərim, dizlərim əsirdi. Söykənməyə divar axtarırdım ki, yıxılmayım.

Və birdən evimizi gördüm. Şükür Allaha! Ora sülh dolu, işıqlı və təhlükəsiz bir sığınacaq idi. Böyük bir yüngüllüklə nəfəs dərib hündür qapını itələdim.

Burada məni daş qoxusu və rütubətli və sərin xatirələr bürüdü. Aman Allah! Burda ciddilik, qanun, məsuliyyət, ata və Allah qorxusu vardı. Mən oğurluq etmişdim. Döyüş qəhrəmanı, anasının dizlərində təsəlli və rahatlıq tapacaq yazıq bir uşaq deyildim. Mən oğru idim, cinayətkar idim. Orada - yuxarıda məni sığınacaq, isti yataq, şirin yuxu, yemək, nəvaziş, təsəlli, əfv gözləmirdi. Məni günahımın nəticəsi və çəkəcəyim cəza gözləyirdi.

Həmin an o qaralıq dəhlizdə və çətinliklə qalxdığım üçün pilləkənlərdə mənə ilk dəfə təkliyin, taleyin soyuq qoxusu gəldi. Mənim heç bir çıxış yolum, planım, qorxum yox idi. Sadəcə bir hissim var idi: "Belə olmalıdır!" Sürahidən yapışaraq yuxarı qalxdım. Şüşəli qapının önündə ayaq saxlayıb nəfəs dərdim ki, bir az sakitləşim. Lakin bunun mənası yox idi. Heç nə eləmədim. İçəri girmək lazım idi. Daxil olanda fikirləşdim ki, görəsən saat neçədir?

Qonaq otağına keçdim. Onlar masanın ətrafında əyləşmişdilər. Yeməklərini təzəcə yeyib bitirmiş, alma yedikləri boşqabları isə hələ heç yığışdırmamışdılar. Təxminən saat səkkiz idi. Mən heç vaxt icazəsiz evə belə gec gəlməmişdim, həmişə şam yeməyində masa arxasında olmuşdum.

- Şükür Allaha! - anam dilləndi. Onun məndən ötrü nigaran qaldığını başa düşdüm. Yanıma qaçaraq gəlib üzümü, çirkli, cırılmış paltarlarımı görüb donub qaldı. Mən heç nə demədim, heç kimə də baxmadım. Lakin atamla anamın baxışdığını hiss etdim. Atam özünü toplayaraq necə əsəbi olduğunu biruzə vermədi. Anam mənlə məşğul oldu, əl-üzümü yudu, yeməyimi verdi. Mən sevgi və qayğı ilə əhatə olunmuşdum. Susub qəlbimin ən dərininə qədər utancaqlıq və vicdan əzabı hissiylə bu mehrdən zövq alırdım. Sonra məni yatmağa yolladılar. Üzünə baxmadan əlimi atama uzatdım.

Mən artıq çarpayımda olanda anam yanıma gəldi. Stula yığılmış paltarlarımı yeniləri ilə əvəz etdi. Axı sabah bazar günü idi. Sonra məni sakitcə sorğu-suala tutdu və mən dalaşdığımı ona danışmalı oldum. Bunları rəzalət kimi qəbul etsə də, qorxu içində olduğumdan təəccübləndi. Sonra o getdi.

İndi hər şeyin öz qaydasında olduğundan əmin idim. Hər halda bu cür düşünürdüm. Mən mübahisəni yumruqla həll etmiş və qanım çıxana kimi döyülmüş olsam da, bütün bunlar sabah unudulacaqdı. Əsas işdən onlar bixəbər idilər. Onun qanı qaralsa da mənimlə mehriban davranırdı. Həmçinin də atam. Deməli hələ heç nədən xəbərləri yox idi.

Və indi məni dəhşətli bir peşmançılıq hissi bürüdü. Evə girdiyim andan ürəyimdə bir şeyi arzulayırdım. İstəyirdim ki, məhkəməm tez baş tutsun, olacaqlar olsun artıq və onun qarşısında keçirdiyim bu qorxu hissi bitsin. Mən hər şeyə hazır idim. Qoy məni ən ağır tərzdə cəzalandırsın, həbs etdirsin! Qoy məni aclıqla hədələsin! Qoy lənətləsin, evdən qovsun! Təki bu qorxu, təki bu gözləmə müddəti bitsin ta!

Bunun əvəzində indi məni əzizləyib, qayğı göstərirdilər. Sanki əfv olunmuş kimi yatağımda uzanmışdım. Və mən yenə də gözləməli oldum. Onlar hətta paltarlarımın cırıldığını da bağışladılar, evdə olmamağımı da, şam yeməyinə gəlməməyimi də, hamısını bağışladılar. Yorğun olduğuma, yaralarımdan qan axdığına, mənə yazıqları gəldiyinə görə bağışladılar. Axı onlar ancaq bu əməllərimi bilirdilər, cinayətlərimisə yox. Bunun üstü açılanda cəzam iki qat olacaq! Bəlkə də məni islah koloniyasına göndərərlər. Bir dəfə məni bununla hədələmişdilər. Orada uşaqları boyat çörəklə qidalandırır, bütün boş vaxtları isə odun yardırıb, ayaqqabı təmizlədirdilər. Deyilənə görə orada ümumi böyük yataq otaqları var. Nəzarətçilərsə uşaqları çubuqla döyür, hər səhər saat dörddə soyuq su ilə yuxudan oyadırlar. Nə bilmək olar? Bəlkə də məni polisə verəcəklər.

Hər necə olacaqsa olsun indi ancaq gözləməliyəm. Mən bundan sonra da qorxu içində öz sirrimlə baş-başa, evdəki hər baxışdan, hər addımdan xoflanaraq heç kimin üzünə baxa bilmədən yaşamalıyam.

Bəlkə də mənim bu oğurluğum heç gözə çarpmadı. Onda hər şey olduğu kimi qalacaq? Çəkdiyim bu həyacan və əzab əbəs yerədir? Kaş ki belə olardı, kaş ki möcüzə baş verərdi, mən tamamilə yeni bir həyata başlardım. Allaha şükür edərdim, göstərərdim ki, mən də səhvsiz, ləkəsiz yaşaya bilirəm. Buna əvvəllər cəhd etsəm də alımırdı. Lakin indi çəkdiyim bu qədər əzabdan, yaşadığım bu cür cəhənnəmdən sonra mənim buna mütləq gücüm və iradəm çatardı. Fikrim bu arzumda qalmışdı. Təsəlli səmadan yağış kimi yağdı. Gələcək göz önümdə mavi şəfəq kimi açıldı. Bu cür fikirlə mən bütün gecəni şirin-şirin yatdım.

Səhəri gün bazar idi. Hələ yatağımdaca bazar gününün gözəlliyini hiss edirdim. Məktəbli olandan bəri onun ayrıca ləzzəti vardı. Bazar səhəri - əla olur! Doyunca yatmaq olar, məktəb yoxdur, mütləq yaxşı nahar edəcəyik, müəllimlərdən və mürəkkəblərin iyindən uzaqda, bol asudə vaxtın var! Əsas budur! Digər zəif notlar da səslənirdi, daha yad və daha darıxdırıcı notlar - kilsə, bazar günü məşğələsi, ailəvi gəzinti və s. Bu cür şeylərə görə bu gözəl günün bir balaca dadı itirdi. Bu, sanki iki yeməyin bir yerdə verilməsinə, məsələn pudinq və pudinqə əlavə kimi bir-birinə uyğunsuz olurdu, ya da hədiyyə olunmuş konfet və peçenyelərin çiy olmasına bənzəyirdi. Sanki onları yeyirsən, amma dadında tamlığı hiss etmirsən, elə bil nəsə çatmır. Lakin bununla barışmalı olurduq. Bazar günlərimiz təxminən bu cür keçirdi, ən çox kilsəyə və ya məktəbdən bazar günü məşğələlərinə gedirdik. Yaxşı ki buna da hər vaxt tələb qoyulmurdu. Asudə gündəki gəzintilərimiz də necə əla keçsə belə, mütləq nəsə olurdu. Ya bacılarımla dalaşırdım, ya çox tez, ya da çox ləng addımlayırdım. Bəzən də paltarlarımı bulaşdırırdım.

Olsun.... Mən indi özümü çox yaxşı hiss edirdim. Dünəndən xeyli vaxt keçmişdi. Etdiyim axmaqlığı unutmamışdım, səhər tezdən xatirimdə idi. Amma elə bil ki o elə çoxdan olmuşdu, qorxular qəlbimdən uzaqlaşmışdı. Dünən mən çəkdiyim vicdan əzabıyla ağır və dəhşətli bir gün keçirməklə birazca günahımı yumuşdum. İndi mən yenidən gümrahlaşmışdım və özümə çox da əziyyət vermirdim. Düzü tam rahat və qayğısız deyildim, hələ də içimdə bazar gününün kefini qaraldan təhlükə hissi vardı.

Səhər yeməyi zamanı hamımız şən idik. Mənə kilsə və məktəbdəki bazar günü məşğələsi arasında seçim qoymuşdular. Hər zamanki kimi kilsəni seçdim. Heç olmasa orada adamı arada öz düşüncələri ilə rahat buraxırlar. Rəngbərəng şüşələri olan iri pəncərəli divarlar hündür və dəbdəbəli idi. Orqanın boruları uzaqdan uzun qalalı parlaq bir şəhərciyə bənzəyirdi. Həmdə ki kilsə adam çox olmayanda mən heç olmasa bir saat maraqlı bir hekayə oxuyurdum.

Bu gün özümlə oxumaq üçün kitab götürməmişdim, oradan qaçmaq fikrim də yox idi. Amma arada bir bu cür edirdim. Dünənki gün gözümdə o qədər canlıydı ki, mən ən xeyirxah niyyətlərdə idim. Və Allahla tam sülh şəraitində, dost olmaq istəyirdim. Veberə olan acığım da artıq keçmişdi. Əgər o indi gəlsəydi, mən onu gülərüzlə qarşılayardım.

İbadət başlandı, mən də xorla birlikdə dua oxuyurdum. Bu məktəbdə əzbər öyrəndiyimiz "Yorulmaz çoban" mahnısı idi. Oxuyan zaman mahnının əzbər söylədiyimiz şeir formasından fərqləndiyini hiss etdim. Şeir kimi dedikdə beytlərdəki sətirlər tam bir mənanı ifadə edirdi. Mahnı kimi oxuyanda isə sanki təkcə sözlərdən ibarət olurdu, cümlə, fikir əmələ gəlmirdi. Heç bir anlamı olmasa da, nəqarətdə uzada-uzada oxuduğumuz sözlər nəsə bir güclü, müstəqil bir həyata çevrilir, ayrı-ayrılıqda heç bir məna kəsb etməyən sətrlərsə özlüyündə müstəqillik və tam bir fikir yaradırdı. Məsələn, kilsədə oxunan "Yorulmaz çoban, gözlərini qırpmayan yuxusuz gözətçidir" bəndində heç bir məna yox idi və sən nə çoban, nə qoyunlar - heç nə barəsində düşünmürdün. Deyim ki, bu heç də darıxdırıcı deyildi. Ayrı-ayrı sözlər, xüsusilə də "yuxusuz" sözü sanki laylay kimiydi, "göz" sözü isə mənə sirli gəlirdi. Hələ orqanı demirəm!

Daha sonra növbə şəhər keşişinə və onun uzun sürən xütbəsinə çatdı. Mən bəzən onu zəngə bənzər danışıq səsi kimi, bəzən də ayrı-ayrı sözləri, mənaları ilə əsas məğzi itirmədən dinləyirdim. Kaş ki xorda kişilərin arasında oturmaq əvəzinə mehrabda oturaydım. Mehrabda oturmaq mənə bir neçə dəfə kilsə konsertlərində nəsib olmuşdu. Orada ağır, ayrıca, sanki bir kiçik qalaya bənzər oturacaqlarda əyləşirdilər. Başının üstündə qeyri adi gözəlliyə malik tinli, çıxıntılı, torşəkilli qübbə, yuxarı divarda isə yumşaq tonlarda dağ xütbəsi təsviri və daxilini incə bir sevinclə dolduran mavi fonda, qırmızı və göy geyimli İsanın görüntüsü vardı.

++++++++++++++++++++++++


Nifrət etdiyim kilsə skamyaları ara-sıra səs edirdi. Onlar darıxdırıcı görünən sarı rənglə boyanmışdı və həmişə bir azca da paltarlarıma yapışırdı. Bəzən də milçəklər qırmızı güllər, yaşıl ulduzlar çəkilmiş pəncərədə vızıldayırdı. Və birdən xütbə bitir. Mən keşişin dar pilləkənlərlə gedib gözdən itməyini görmək üçün önə əyildim. Hamı yüksək səslə oxuyurdu və sonra ayağa qalxıb çıxışa doğru yönəldilər, sədəqə qabına beş qəpikliklər ataraq çölə çıxırdılar. Dəmir cingiltisi buradakı təntənəni pozurdu. Mən də qaba qəpik atıb insan axınına qoşuldum.

İndi bazar gününün ən əla vaxtı idi - kilsə ilə nahar arasındakı ən sevimli iki saat. Mən öz borcumu yerinə yetirdim. Uzun zaman oturaqlı qaldığımdan indi hərəkət etmək, oynamaq, gəzmək, kitab oxumaq istəyirdim. Və mən nahara qədər tamamilə azadam. Nahara isə mütləq dadlı bir yemək olacaqdı. Çox şən əhval-ruhiyyədə evə yollandım. Dünyada hər şey öz qaydasındaydı, yaşamaq gözəl idi. Mən sakitcə dəhlizdən keçərək pilləkənlərlə yuxarıya doğru qalxdım.

Otağıma günəş şəfəq saçdı. Mən qutudakı tırtıllarımı yoxladım. Bir neçə pup tapdım. Dünən onlarla maraqlanası halda deyildim. Gülləri də suladım.

Qapı açıldı.

Mən bunu on an hiss etmədim. Bir az keçmiş bu sakitlik mənə qəribə gəldi. Qarşımda atam dayanmışdı. Onun bənizi solğun, yorğun və kefsiz görünürdü. Salamlaşmamız boğazımı qurutdu. Mən gördüm. O, bilir! O, gəlib! Məhkəmə başladı! Vəziyyət yaxşı deyildi, heç nəyin cəzası çəkilməmiş, heç nə unudulmamışdı! Günəş tutuldu və bazar səhərinin gözəl əhvalı pozuldu!

Təəccüblü nəzərlərləə atama baxırdım. Mən ona nifrət edirdim. Niyə axı o, dünən gəlmədi? İndi mən heç nəyə hazır deyildim, hətta necə peşman olduğumu bildirməyə, günahımı etiraf etməyə də hazır deyildim. Və həm də ki, öz otağında əncir saxlamaq axı onun nəyinə gərək idi?

O, mənim kitab dolabıma yaxınlaşaraq əlini kitabların arxasına uzadıb, bir neçə əncir götürdü. Onsuz da ondan çox deyildi. O, mənə lal və əzabverici, sual dolu gözlərlə baxdı. Ağrı və tərslik məni boğurdu.

- Nə olub? - soruşdum.

- Bu əncirlər səndə hardandır? - sakitcə sual verdi. Onun bu cür sakit danışığını heç sevmirdim.

Mən danışmağa, yalan söyləməyə başladım. Ağlıma gəldi ki, atam pulu soruşacaq. Tez dedim ki, pulu dostumla bir yerdə tutduğumuz daxıldan götürmüşəm. Hər ikimiz əlimizdə qalan xırda pulları ora atırdıq. Yeri gəlmişkən, daxılımız da bax budur. Başında deşik açdığım qutunu atama göstərdim. Daxılda cəmi on pfenniq vardı, ona görə ki, biz dünən əncir almışıdıq.

Atam soyuqqanlıqla məni dinləyirdi.

- Əncir neçəyədir? - o sakitcə soruşdu.

- 1,60 mark.

- Hardan almısan?

- Şirniyyatçıdan.

- Hansı şirniyyatçıdan?

- Xaagerdən.

Söhbətə fasilə verdik. Mən hələ də daxılımı əlimdə möhkəm sıxıb saxlamışdım. Mənim bütün bədənim soyumuş və sanki donmuşdu.

Və bu an o şiddətli bir səslə məndən soruşdu:

- Düzünü deyirsən? Yalan danışmırsan ki?

Mən tez cavab verdim. Hə, əlbəttə ki düz danışıram. Hətta dostum Veber də orada idi. Pulların çoxu onun, mənim payıma düşən hissə isə lap az idi.

Atam dedi:

- Papağını başına qoy gedək şirniyyatçı Xaagerin yanına. O bilir sənin yalan və ya doğru danışdığını.

Mən gülümsəmək istədim. İndi mənim qəlbim də tam donmuşdu. Mən öndə gedərək dəhlizdə göy papağımı başıma qoydum. Atam da papağını götürüb şüşəli qapını açdı.

- Bir dəqiqə! Mən indi gəlirəm. Ayaqyoluna girib qapını kilidlədim. Sanki burada təhlükədən uzaq idim. Kaş ki indicə öləydim!

Mən bir-iki dəqiqə gözlədim. Xeyri yox idi. Ölüm gəlmək bilmirdi. Möhkəm olmaq lazım idi. Qapını açıb çölə çıxdım. Biz pilləkənlərlə aşağı doğru düşdük.

Çölə çıxarkən ağlıma yaxşı bir fikir gəldi. Və mən tez-tələsik dedim.

- Axı bazar günüdür, Xaagerin dükanı bağlıdır.

Qəlbimdə iki saniyəlik ümid yaranmışdı ki, atam söylədi:

- Onda biz evinə gedərik. Getdik.

Biz yola düşdük. Papağımı düzəltdim. Bir əlimi cibimə qoyub atamın yanınca, sanki heç nə olmamış kimi addımlamağa başladım. Yol boyu gülümsəməyə çalışırdım ki, heç kim "həbsdə" olduğumu anlamasın. Ürəyim sıxılsa da rahat nəfəs almağa çalışırdım. Özümü günahsız kimi aparırdım. Süni və axmaq görünsəm də, üzümdən təbəssümü əskik etmirdim. Boğazımda, içimdə sanki şeytan vardı və məni boğurdu. Biz mehmanxananın, nal vuranın, arabaçının evinin, dəmiryol körpüsünün yanından keçdik. Bu körpünün o biri üzündə mən dünən Veberlə dalaşırdım. Gözümün yanındakı sıyrıntının yeri hələ də sızıldayırdı! Aman Allah! Aman Allah!

Qamətimi dik tutaraq önə addımlayırdım. Adlerin anbarının yanından, vağzal olan küçədən keçdik. Hələ dünən bu küçə necə də xoş və gözəl görünürdü. Heç nə düşünmək lazım deyil. Addımlayaq!

Demək olar ki, Xaagerin evinə yaxınlaşmışdıq. Bu vaxt ərzində mən orada başıma gələcəkləri artıq bir neçə dəfə təsəvvürümə gətirmişdim. Hər şey indi bax belə olacaq. Buna tab gətirə bilmədim. Dayandım.

- Nə oldu? Niyə dayandın? - atam soruşdu.

- Mən ora getməyəcəm, - sakitcə dedim.

O, mənə yuxarıdan aşağı baxdı. Axı o hər şeyi lap əvvəldən də bilirdi. Niyə mən onun qarşısında tamaşa qurmalı idim? Axı bunun heç bir mənası yox idi.

- Məgər sən ənciri Xaagerdən almamışdın? - o soruşdu. Mən başımı yellədim.

- Hə, belə de! Bu halda evə qayıda bilərik, sakitcə atam söylədi.

O, özünü çox nəzakətli aparırdı. Küçədə camaat içində mənə rəhmi gəlirdi. Küçəmizdə isə adam çox idi. Demək olar ki, hamısı da atamla salamlaşırdı. Nə mənasız komediyadır. Bu cür əzab çəkməyim çox yersizdir. Göstərdiyi qayğıya görə mən ona heç də minnətdar deyildim.

Axı o, hər şeydən xəbərdar idi! O, məni tutulmuş siçanı öldürməzdən əvvəl oynan pişik kimi oynatdı. Atam mənim nəfəsimi aramla, yavş-yavaş kəsməkdənsə, haqlı olduğunu sakitcə gözümə soxmaqdansa, kaş heç bir sorğu-sualsız başıma bir çubuq vuraydı. Məncə bu cür ədalətli və alicənab atadansa, kobud ata daha yaxşıdır. Jurnalla əks olunmuş öz uşaqlarını döyən hirsli və ya sərxoş atalara bəraət qazandırmaq olmazdı. Lakin döyülmək əzabına dözüb, heç olmasa o cür ataya nifrət etmək olurdu. Mənim atamlasa bu cür mümkün deyildi. O, çox alicənab, eyibsiz, nöqsansız bir adam idi. Həmişə haqlı olurdu. Onun yanında mən sanki kiçik və yazıq görünürdüm.

Dişlərimi bir-birinə sıxıb ondan öndə addımlayıb, evə keçib otağıma girdim. O, hələ də çox sakit idi. Daha doğrusu özünü bu cür göstərirdi. Əslində necə hirsli olduğunu yaxşı bilirdim. Axır ki o dilləndi:

- Mən sadəcə bilmək istəyirəm ki, bu komediya nəyə lazım idi? Bunu mənə izah edə bilərsən? Axı sənin o gözəl nağılının yalan olduğunu anlamışdım. Niyə bu cür dərrakəsizsən? Sən məni bunlara inanacaq qədər axmaq olduğumu düşünürdün?

Mən udqundum. Kaş ki daha kəsəydi! Bu nağılı niyə danışdığımı heç özüm də bilmirdim! Heç niyə günahımı boynuma alıb, üzr istəmədiyimi də, heç ənciri niyə oğurladığımı da bilmirdim. Bəyəm mən bunu düşünüb-daşınıb, bilə-bilə, hansısa bir səbəbdən etmişdim? Bəyəm buna görə peşman olmamışdım? Ondan çox əzab çəkmirdim?

O, özünü ələ alsa da, çox gərgin bir vəziyyətdə gözləyirdi. Bir anlıq hər şey mənə aydın oldu. Lakin mən o zaman fikrimi indiki kimi rahat ifadə edə bilməzdim. Mən ona görə oğurluq etdim ki, atamın otağına təsəlliyçün gəlmişdim. Lakin o yox idi. Mən sadəcə atamın yoxluğundan istifadə edib, sanki bir cəsus kimi onun əşyalarına baxmaq, sirlərini öyrənmək niyyətində idim. Hər şey bax bu cür idi. Sonra əncirləri gördüm və oğurladım. O dəqiqə də peşman oldum. Və dünən bütün günü buna görə əzab çəkib ölmək istəmişəm, özümü mühakimə etmişəm. Bu günsə hər şey başqa cür idi. Keçirdiyim peşmançılığı axıra qədər hiss edirdim. Mən indi daha ayıq idim. Və özümdə atama qarşı izaholunmaz və böyük bir müqavimət duyurdum. Atam da elə bunu istəyirdi.

Mən bunları ona izah edə bilsəydim, o, məni başa düşərdi. Lakin uşaqlar böyüklərdən nə qədər ağıllı olsalar da, taleyin qarşısında acizdirlər.

Ağrıdan və inadkarlıqdan donaraq susurdum, onun nitqini yarımçıq kəsmirdim. Mən hər şeyin tərsinə getdiyinə, onun necə əzab çəkdiyinə, necə pərişan olduğuna, necə əbəs yerə məndə olan ən yaxşı cəhətləri dilə gətirməsinə, vicdan əzabı çəkə-çəkə, lakin qəribə bir bədxahlıqla baxırdım.

O, əncirin mənim oğurladığımı soruşanda, mən təkcə başımı yellədərək razılığımı bildirdim. Bir də peşman olub olmadığımı öyrənmək istəyəndə də razılıq əlaməti olaraq ehmalca başıma tərpətdim. Bu cür böyük və ağıllı adam, necə də axmaq suallar verirdi. Necə mən peşman olmaya bilərdim axı?! Məgər mənə bütün bunların necə əzab verdiyini, necə ürəyimin parçalandığını görmürdü? Bəyəm bu əməlimə görə - o əncirlərə görə sevinə bilərdim?

Yəqin ki uşaqlıq həyatım boyunca ilk dəfə idi ki, mən bir-birinə rəğbət bəsləyən, sevən iki insanın necə bir-birini anlamadığını, incitdiyini, bütün söhbətlərin, gətirilən dəlillərin, sübutların necə yeni əzablara, yeni xəyallara, yanlışlara gətirdiyini hiss etmiş, açıq-aydın görmüşdüm. Axı bu necə ola bilərdi! Hər necəsə, axırı olmuşdu! Bütün bu hadisə ümumilikdə ağılsızcasına, boş və mənasız idi. İstər ağla, istərsə gül! Amma hər şey məhz bu cür olmuşdu.

Bəsdir ta bu əhvalat haqqında danışdım! Bu hadisə günün qalan ikinci yarısı boyunca mənim çardaqdakı otaqda kilidli qapı arxasında keçirməyimlə sona yetdi. Qaranlıq və bomboş çardaqda toz basmış, içi kitablarla dolu qutu vardı. O kitabların əksəri heç də uşaqlar üçün nəzərdə tutulmamışdı. Damdakı kirəmitlərdən birini kənara çəkərək ordan çardağa düşən günəş işığında kitab oxuyurdum.

Kədərli bazar günü axşamında yatmazdan əvvəl atamla qısa söhbətimiz oldu. Bu söhbət bizi barışdırdı. Mən yatağıma uzananda, əfv olunduğuma tam əmin idim. O, məni mən onu bağışladığımdan daha da çox bağışlamışdı.


1918-ci il. Bern.
Yüklə 130,81 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin