Vətəndaş iştirakçılığı və ictimai hesabatlılıq
1. Vətəndaş iştirakçılığı və ictimai hesabatlılığa dair Avropa Şurasının sənədləri
Yerli özünüidarənin həyata keçirilməsində ictimai iştirakçılığın əhəmiyyəti və əvəzolunmazlığı ilk növbədə Yerli Özünüidarə Haqqında Avropa Xartiyasında təsbit olunub. Sənədin “Preambula” hissəsində qeyd olunub ki, bu xartiyanı imzalayan dövlətlər “dövlət işlərinin idarə edilməsində vətəndaşların iştirakı hüququnun Avropa Şurasının üzvü olan bütün dövlətlər üçün ümumi sayılan demokratik prinsiplərə aid olduğunu əsas götürərək” razılığa gəldilər.
Yerli əhəmiyyətli məsələlər barədə qərar qəbuluna əhalinin cəlbi, ictimai iştirakçılığın təşviqi barədə Avropa Şurasının 4 əsas sənədində danışılır. Bunlar:
-
“Gənclərin bələdiyyələrin işində və regional həyatda iştirakı haqqında Avropa Xartiyası”. Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi tərəfindən 1992-ci ildə 237 saylı qətnamə ilə qəbul olunmuşdur;
-
“Yerli demokratiya haqqında: Vətəndaş layihəsi”. Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 1995-ci il tarixli, 15 saylı qətnaməsi;
-
“İctimaiyyətin yerli əhəmiyyətli işlərdə və seçkilərdə iştirakı haqqında” Avropa Şurası Nazirlər Komitəsinin 2005-ci il tarixli, 182 saylı Tövsiyəsi;
-
“Yerli ictimai həyatda vətəndaş iştirakçılığı haqqında” Avropa Şurası Nazirlər Komitəsinin 6 dekabr 2001-ci ildə qəbul etdiyi 19 saylı Tövsiyəsi və ona Əlavələr.
İlk 2 sənəd barədə qısaca onu demək olar ki, “Gənclərin bələdiyyələrin işində və regional həyatda iştirakı haqqında Avropa Xartiyası”nda cənclərin yerli əhəmiyyətli qərarların qəbulunda rolunun artırılması, “Yerli demokratiya haqqında: Vətəndaş layihəsi” qətnaməsində bələdiyyələrin işində ictimai iştirakçılıq prosesində rasizmə, antisemitizmə, dini dözümsüzlüyə və ksenofobiyaya yol verilməməsinin vacibliyi vurğulanır.
“İctimaiyyətin yerli əhəmiyyətli işlərdə və seçkilərdə iştirakı haqqında” 182 saylı (2005) Tövsiyədə Konqres:
-
Seçkili demokratiya ictimai iştirakçılığın ən elitar formasıdır ki, vətəndaşların qərarların qəbulu prosesinə birbaşa təsir imkanlarını artırır;
-
Vətəndaşların seçkidə və yerli idarəetmədə iştirakı qərarların səmərəli qəbuluna və effektiv idarəetməyə böyük töhfə verir;
-
Vətəndaşların seçkidən kənar ictimai fəallığının yüksək olması yerli özünüidarəetmədə müxtəlif iştirak formalarının tətbiqini stimullaşdırır;
-
İctimai içtirakçılığın səviyyəsinin artması vətəndaşların təhsil səviyyəsinin və sosial-iqtisadi statusunun yüksəlməsi ilə birbaşa bağlıdır.
kimi prinsipləri nəzərə alaraq Konqres Avropa Şurasının Nazirlər Komitəsinə üzv dövlətlərə aşağıdakıları təklif etməyi məsləhət görür:
-
Yerli özünüidarə hakimiyyətini ictimai iştirakçılığın müxtəlif formalarını tətbiq etməyə həvəsləndirilməsi;
-
Bələdiyyələri qərarların qəbulunda kənar təsirlərdən qorumaq üçün ictimai iştirakçılığın dəqiq sərhədlərini və konkret formalarını (məhəllə komitələri, məsləhət şuraları, vətəndaş forumları, ictimai sorğular və sair.) nəzərdə tutan intitusional əsasların yaradılması;
-
Vətəndaş iştirakçılığının qeyri-fəal qruplarının (qadınlar, gənclər, təhsil səviyyəsi aşağı olanlar, kasıblar və sair) həvəsləndirilməsi;
-
Yaxşı təcrübəni bölüşmək və kollektiv yeni qərarlar qəbul etmək üçün toplaşmağın təmini;
-
Yerli əhəmiyyətli prioritet məsələlərin Yerli rəy sorğusu vasitəsilə qəbulununin vacibliyinin başa düçülməsi.
Konqresin əsas götürdüyü prinsiplərdən və verdoiyi tövsiyələrdən məlum olur ki, Avropa Şurası yerli özünüidarəetmədə ictimai iştirakçılığı prioritet hesab edir.
“Yerli ictimai həyatda vətəndaş iştirakçılığı haqqında” Avropa Şurası Nazirlər Komitəsinin 19 saylı (2001) Tövsiyəsində və sənədə Əlavələrdə
-
Vətəndaşların yerli özünüidarə ilə bağlı müxtəlif məsələrlə bağlı informasiya əldə etmək hüququnun təmin olunması;
-
Vətəndaşların təmsil etdikləri icmanın işinə töhfə vermək üçün təşviq edilməsi;
-
Yerli demokratiyanın inkişafı üçün ictimai iştirakçılıq məsələsinə kompleks yanaşmanın tətbiqi;
-
Yerli səviyyədə qərarların qəbulu və əhalinin idarəetmədə birbaşa iştirakının təmin edilməsi;
-
Yerli iştirakçılığın qiymətləndirilməsi üçün müvafiq kriteriyaların müəyyən olunması, müsbət və mənfi tərəflərinin aşkar edilməsi üçün monitorinqlərin aparılması;
-
Vətəndaş iştirakçılığı sahəsində qabaqcıl təcrübənin tətbiqi üçün ölkələrarası və ölkə daxili informasiya mübadiləsinin aparılması;
-
Aktiv iştirak imkanları məhdud olan, yerli ictimai həyatdan təcrid olunmuş əhali kateqoriyasına xüsusi diqqətin ayrılması;
-
Qadınların yerli siyasətin müəyyənləşdirilməsində rollarının artırılması, uşaqların və gənclərin yerli cəmiyyətlərin dayanıqlı inkişafındakı əvəzolunmaz rolu nəzərə alınaraq onların ictimai iştirakçılıqda yerlərinin müəyyən olunmasının
vacibliyi vurğulanaraq aşağıdakı üz dövlətlərə aşağıdakı konkret addımların atılması tövsiyə olunub:
-
Yerli özünüidarə orqanlarına və onların nümayəndələrinə vətəndaş iştirakşılığını stimullaşdırmaq və onların motivə olunması üçün imkanlar yaratmaq. Bu kontekstdə funksional əksmərkəzləşmə üçün əlindən gələni etmək. Məsələn, məktəblərə, uşaq bağçalarına, qocalar evinə, xəstəxanalara, idman və əyləncə mərkəzlərinə böyük səlahiyyət və müstəqillik vermək;
-
Vətəndaşların təhsil səviyyəsini yüksəltmək, dərs kitablarına və tədris planlarına demokratik cəmiyyətdə, o cümlədən yerli icmalarda vətəndaşın vəzifə və öhdəlikləri barədə maarifləndirici məlumatlar salmaq;
-
Yerli özünüidarə orqanlarını mümkün vasitələrlə ictimai iştirakçılığa həvəsləndirmək, o cümlədən, bələdiyyələr üçün davranış kodeksi hazırlamaq və ona əməl olunmasına nəzarət etmək;
-
Yerli qərarların qəbulunun ictimai xarakter almasını təmin etmək;
-
Vətəndaşların yerli əhəmiyyətli məsələlər barəsində informasiyalara əlçatanlığını təmin etmək;
2. Azərbaycanda hazırkı vəziyyət
Göründüyü kimi üzv olduğumuz Avropa Xartiyası və digər beynəlxalq sənədlər seçkili qurum olan bələdiyyələrin demokratik idarəetmə prinsiplərinə əsaslanmalı olduğunu, vətəndaşların qərar qəbulunda aktivliyini tələb edir. Bu prinspləri nəzərə alaraq Azərbaycan qanunvericiliyində bələdiyyələrin üzərinə fəaliyyətləri haqqında vətəndaşlara məlumat vermək və vətəndaşları yerli özünüidarədə iştiraka cəlb etməklə bağlı müəyyən öhdəliklər qoyulub. Belə ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunda bələdiyyələrin öz fəaliyyətlərini açıqlıq prinsipi əsasında həyata keçirməsini nəzərdə tutan maddələr var. Qanunun 15-ci maddəsinə əsasən bələdiyyə üzvləri 6 ayda bir dəfədən az olmayaraq seçicilərinə hesabat verməlidirlər. Burada hesabatın sayının məhdudlaşdırılmaması yaxşı əlamət olsa da, lakin qanunvericilik hesabatın hansı qaydada və formada verilməsini müəyyənləşdirmir. Bu səbəbdən də bələdiyyə üzvlərinin hesabatlılığına nəzarət etmək və onu qiymətləndirmək çətindir. Fikirimizcə, ayrı-ayrı bələdiyyə üzvlərinin deyil, bütövlükdə bələdiyyənin seçkili orqanının hesabatlılığı məsələsi qanunvericilikdə öz əksini tapmalıdır. Bunlardan əlavə, elə həmin Qanunda qeyd edilir ki, bələdiyyələr informasiyanı açıqlamaq, onu sərbəst və maneəsiz və hamı üçün bərabər qaydada əldə olunmasına təminat yaratmalıdır. Qanunun 30-cu maddəsində göstərilir ki, bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri vətəndaşların müraciətlərinə mahiyyəti üzrə bir ay ərzində cavab verməlidirlər. Azərbaycan qanunvericiliyində vətəndaşların məlumatlı olmasını təmin etməyin zərurətini təsbit edən əsas qanunlardan biri də 2005-ci ildə qəbul olunmuş “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunudur. Bu Qanuna əsasən, bələdiyyələr “informasiya sahibləri”dirlər və informasiyanı toplamaq və qoruyub saxlamaq, məlumatın asanlıqla əldə oluna bilməsini təmin etmək, eyni zamanda məlumatı ictimayyətə çatdırmaq vəzifəsi daşıyırlar. Qeyd olunan Qanunun 29-cu maddəsində büdcə məlumatları, bələdiyyələrin fəaliyyətləri ilə bağlı hazırlanmış təlimatlar, hesabatlar, ştat cədvəlləri, həmin idarədə çalışan vəzifəli çəxslər haqqında dolğun məlumatlar (adı, soyadı, telefonu, ünvanı, təhsili, ixtisası və s.), dövlət və bələdiyyə satınalmalarının şərtləri, nəticəsi, eləcə də dövlət və bələdiyyə əmlakının satılması, onun üzərində əmlak hüquqlarının dəyişməsi barədə məlumatlar, bələdiyyə orqanları rəhbərlərinin qəbul saatları barədə məlumatlar, bir sözlə qanunvericiliklə qadağan olunmayan bütün məlumatlar yayımlanmalıdır. Qanunun 30.1-ci bəndində məlumatların yayılması üsullarına toxunularaq bildirilir ki, ictimai məlumatlar internet informasiya ehtiyatlarında açıqlanmalıdır. Lakin eyni zamanda 30-cu maddənin sonrakı bəndlərində ictimai informasiyaların kütləvi informasiya vasitələrində, rəsmi nəşrlərdə, kitabxanalarda, kütləvi istifadəsi mümkün olan digər yerlərdə və qanunvericiliklə nəzərdə tutulan başaqa üsulla açıqlana bilər.
Yuxarıda qeyd olunanlara əsasən ilk baxışdan bələdiyyələrin məlumatı yaymaqla bağlı qanunvericilikdə problemlərinin olmadığı təsəvvürü yaranır. Lakin məlumatı yayımlamaqla onu əldə etmək arasında cüzi, ancaq vacib bir fərq var. Məlumatın verilməsi passiv prosesdir. Belə olduqda ən yaxşı halda ictimayyətə rəsmi sənədlərlə tanış olmaq imkanı verilir. Məlumatın yayımlanması isə fəal prosesdir. Bu proses zamanı vəzifəli şəxslər ictimai vəzifələrin yerinə yetirilməsi zamanı yaradılmış və ya əldə olunmuş informasiyaları nəşrlər, elanlar, mətbuatla əlaqə yaradaraq və s. bu kimi texnologiyalardan istifadə edərək verməli olduqları məlumatları ictimayyətə çatdırırlar. Burada məlumatın çatdırılması üzrə əsas texnologiya - bələdiyyələrin veb səhifələrlə bağlı vəziyyətinə nəzər yetirdikdə aydın olur ki, bu orqanların böyük əksəriyyətinin internet resursları yoxdur. Bu, bir tərəfdən bələdiyyələrin maliyyə imkanlarının zəif olması ilə şərtlənsə də, əksər hallarda bələdiyyələrin özlərinin informasiya açıqlığına meylli olmamasından irəli gəlir. Hazırda ölkə bələdiyyələrinin təxminən 2%-ə yaxınının internet səhifəsi var ki, bunun da böyük əksəriyyətini ölkədə fəaliyyət göstərən QHT-lər müxtəlif layihələr çərçivəsində reallaşdıra biliblər.
Bələdiyyənin maliyyə imkanlarını müxtəlif layihə və fəaliyyətlər arasında bölüşdürməklə büdcə həm də bələdiyyənin piroritetləri və məqsədlərini müəyyənləşdirən bələdçi kimi funksiyaya malikdir. Bələdiyyənin maliyyəsi haqqında ictimayyətin məlumatlandırılması ilə bağlı ölkə qanunvericiliyində bəzi tələblər var. “Bələdiyyələrin maliyəsinin əsasları haqqında” Qanunun 10-cu maddəsinə görə, növbəti il üzrə büdcə layihəsi bələdiyyə iclasına təqdim edildiyi tarixdən 10 gün ərzində yerli əhalinin onunla tanış olması məqsədi ilə dərc edilməlidir. Qanunun 11-ci maddəsində isə yerli büdcənin icrası haqqında illik hesabatların əhaliyə çatdırılmasına toxunulur. Digər bir qanunda –“Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunun 12-ci maddəsində göstərilir ki, yerli vergilər və ödənişlərin yığılmasına, yerli büdcələrə köçürülməsinə və istifadə olunmasına nəzarət bələdiyyələrin müvafiq komissiyalarının, habelə seçkili orqanlarda, bələdiyyə qulluğunda işləməyən, yerli məhəllə komitələrinin və vətəndaşların yığıncaqlarında təklif olunan, bələdiyyə iclasında təsdiq olunan nəzarət komissiyaları tərəfindən həyata keçirilir. Göründüyü kimi qanunvericilik tələb edir ki, bələdiyyələr yerli vergi və ödənişlərin yığılması və istifadə edilməsini tam aşkarlıq şəkilində reallaşdırmalıdırlar. Bunun üçün bələdiyyələr və onların nəzdində fəaliyyət göstərən komissiyalar daimi olaraq öz vətəndaşlarına hesabatlar verməli, məlumatları sakinlərin daha rahat və tez əldə etməsinə şərait yaratmalıdır. Bütün bunlara yanaşı, “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” Qanuna görə, bələdiyyələr ildə ən azı bir dəfə torpaqların dövriyyəsi ilə bağlı vətəndaşlara məlumat verməlidirlər. Vətəndaş iştirakçılığını özündə təcəssüm etdirən daha bir qanun “Yerli rəy sorğusu haqqında” Azərbaycan Respublikası Qanunudur. Bu qanunda göstərilir ki, yerli rəy sorğusunu keçirmək təşəbbüsünü reallaşdırmaq üçün bələdiyyə ərazisində yaşayan azı 15 nəfərdən ibarət təşəbbüs qrupu yaradıla bilər, təşəbbüs qrupu yaradan vətəndaşalr yığıncaq keçib, yerli rəy sorğusunda qaldırılacaq məsələni irəli sürüb, səlahiyyətli nümayəndə təyin edib, təşəbbüs qrupunun qeydiyyata alınması barədə ərazi rəy sorğu komissiyasına müraciət edə bilər.
Göründüyü kimi Azərbaycan Qanunvericiliyində bələdiyyələırin şəffaflıq prinsipləri əsasında işləməsi, eyni zamanda, vətəndaşların yerli özünüidarəetmə orqanlarının fəaliyyəti ilə yaxından tanış olması üçün xeyli məsələlər öz əksini tapıb. Ancaq təssüf ki, ötən dövrlərə nəzər yetirdikdə bələdiyyələrin fəaliyyətinə ictimai nəzarət üçün nəzərdə tutulmuş yuxarıda qeyd edilən qanunvericilik tələblərinə riyayət edilmədiyinin şahidi oluruq. Bunun bir sıra səbəbləri var. Əvvəla, hazırkı durumda bələdiyyələrin maliyyə və səlahiyyət imkanları onların vətəndaşlar qarşısında reputasiyalı bir qurum kimi tanınmasına imkan vermir. Bələdiyyələr hətta qanunvericiliyin onlara şamil etdiyi vergi və ödənişləri yığsalar belə (hərçənd ki, bu istiqamətdə də ciddi problemlər var), yenə də vəsaitin azlığından normal bir layihə icra edə bilmirlər. Belə olduqda, vətəndaşlarla bələdiyyələr arasında inam səviyyəsi getdikcə azalmağa başlayır. Nəticədə bələdiyyələr öz vətəndaşlarından vergi və ödənişlərini toplaya bilmir, vətəndaşlar isə maliyyənin, eyni zamanda, real işin yoxluğunu görüb bələdiyyə idarəçiliyində iştirak etmək marağında olmurlar. İkinci səbəb, ölkədə keçirilən bələdiyyə seçkiləri ilə əlaqədardır ki, seçkilərin azad və ədalətli keçirilmədiyi təqdirdə bələdiyyəyə seçilən nümayəndələr də özlərini vətəndaşlar qarşısında deyil, onlara dəstək durub “seçdirən” icra hakimiyyəti orqanları qarşısında hesabatlı sayırlar. Belə olduqda, bələdiyyələr avtomatik olaraq icra hakimiyyəti orqanlarının alt qurumu kimi fəaliyyət göstərən təşkilata çevrilir. Digər tərəfdən qanunvericilikdə ictimai hesabatlılıqla bağlı konkretliliyin olmaması və hesabatlılıqla bağlı tələbləri pozduğuna görə bələdiyyələrin hansı məsuliyyəti daşıdığının dəqiq sərhədlərinin müəyyənləşdirilməməsi də bələdiyyələrin vətəndaşlar qarşısında hesabatlı olmasına ciddi zərbə vurur.
Tövsiyələr
Yuxarida qeyd edilənləri nəzərə alaraq Azərbaycanda bələdiyyələrin vətəndaşlar qarşısında hesabatlılığı, həmçinin vətəndaşların bələdiyyə idarəçiliyində iştirakçılığının yüksəldilməsi məqsədi ilə aşağıdakı tövsiyələri irəli sürürük:
-
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununa bələdiyyələrin hesabatliliğini və ictimai iştiraki özündə təcəssüm etdirən ayrica maddə əlavə edilsin. Bu maddədə ictimai iştirakın və hesabatlılığın forması, vaxtı barədə konkret bəndlər olsun;
-
Ayrı-ayrı qanunvericilik aktlarında nəzərə alınmış ictimai iştirakçılıq və hesabatlılıqla bağlı maddələrdə, bəndlərdə ictimai iştirakçılığın forması, vaxtı dəqiq göstəricilərlə verilsin;
-
Hesabatlılıqla bağlı tələblərin pozulmasının məsuliyyətinin konkret sərhədləri müəyyənləşdirilsin;
-
Bələdiyyələrin veb səhifələrinin olması vacib şərt kimi qanunvericilikdə əks etdirilsin. İctimai iştirakçılıq və hesabatlılıqla bağlı qanunvericilikdə əksini tapmış məlumatların bələdiyyələrin veb səhfəsində olmadığı təqdirdə buna məsul olan şəxsin inzibati qaydada cəzalandırması qanunvericiliyə salınsın;
-
Bələdiyyələrdə ictimaiyyətlə əlaqələr sektorunun yaradılması və bu sektorun işlək mexanizm kimi fəaliyyət göstərməsi üçün konkret vəzifələr qanunvericilik aktlarında öz əksini tapsın;
-
Yerli özünü idarəetmədə ictimai iştirakçılıq və hesabatlılıqla bağlı həm bələdiyyələrin, həm də vətəndaşların maarifləndirilməsi istiqamətində davamlı tədbirlər planı hazırlansın. Bu planda KİV-lə, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq edilsin. Mətbuatda xarici təcrübənin öyrənilməsi, ölkəmizdə yaxşı və işlək nümunələrin tətbiqi istiqamətində fəaliyyətlər barədə materiallar yerləşdirilsin.
Dostları ilə paylaş: |