Təşkiletmə, həmçinin bir prosesdir. Bu prosesi 3 mərhələyə bölmək olar.
1. Müəssisənin təşkil edilməsi.
2. İstehsalın təşkil edilməsi.
3. İdarəetmənin təşkili.
Təşkiletmənin birinci mərhələsi müəssisənin hüquqi cəhətdən təsis edilməsi və müvafiq dövlət orqanlarında qeydiyyatdan keçirilməsi ilə əlaqədardır. Bu mərhələ müəssisənin hüquqi cəhətdən təşkil olunması mərhələsi kimi başa düşülür. Çünki istehsal fəaliyyəti ilə məşğul olaraq pul qazanmaq istəyən sahibkar həmin istəyinə çatmaq və ideyalarını reallaşdırmaq üçün birinci növbədə müəssisəni təsis etməli, başqa sözlə desək, hüquqi şəxs yaratmalıdır.
İkinci mərhələ isə istehsalın təşkili mərhələsidir. Bu mərhələ istehsal üçün lazım olan ünsürlərin təşkili ilə əlaqədardır. İstehsalın baş verməsi üçün üç ünsürün olması vacibdir. 1) əmək alətləri (əsas vəsaitlər); 2) əmək cisimləri (dövriyyə vəsaitləri); 3) işçi qüvvəsi. İşçi qüvvəsi əmək alətləri vasitəsi ilə əmək cisimlərinə təsir etməklə məhsul istehsal edir.
Üçüncü mərhələ idarəetmənin təşkili ilə əlaqədardır. Yəni istehsal üçün bütün ünsürlər vardır. Sadəcə olaraq, bu ünsürləri hərəkətə gətirməklə məhsulun istehsalı prosesini həyata keçirmək lazımdır. İstehsal prosesi isə olduqca çətin və mürəkkəb prosesdir. Bu prosesi idarə etmək üçün müəssisənin idarəetmə aparatını, təşkilati strukturunu yaratmaq lazımdır. Çünki istehsala xidmət edən sahələri (təchizat, marketinq, maliyyə, satış və s.) idarə etmək bir nəfərin işi deyildir. Buna görə də müəssisədə təşkilati strukturu yaratmaq, idarə heyətini təşkil etmək, əmək bölgüsünü həyata keçirmək, onun əlaqəli fəaliyyətini qurmaq, yəni idarə etmə mexanizmini təşkil etmək lazımdır. Bu zaman təşkiletmə prosesi daha da mürəkkəbləşir və elmiləşir.
Təşkiletmə, müəssisənin bütün sferalarını əhatə edir və özündən sonrakı proseslərin həyata keçirilməsində mühüm rol oynayır. Təşkiletmə elə bir strukrurun yaradılmasıdır ki, təşkilat öz planlarını və məqsədlərini yerinə yetirə bilsin.
Müəssisə rəhbərləri planlaşdırma zamanı hər bir məsələnin həlli üçün bölmələr üzrə hər bir icraçının hüqüq və səlahiyyətlərini müəyyənləşdirməyi bacarmalıdır. Məhz təşkilatın icra müvəffəqiyyəti bütün bölmələrin birgə fəaliyyətindən asılıdır. İdarəetmənin icra funksiyasının mahiyyəti sübutlar, dəlillər, əlaqələr və menecerin liderlik keyfiyyətlərilə ölçülür.
Liderlik icra funksiyasının əsas müvəffəqiyyəti hesab olunur.
Rəhbərlər və ya menecerlər çox gözəl başa düşür ki, əgər təşkilatlarda faktiki işlər yerinə yetirilməzsə hətta ən real planların və təşkilatı strukturların heç bir faydası yoxdur.
Menecerin başlıca vəzifəsi bu zaman ondan ibarətdir ki, icraçılar qarşılarına qoyulmuş vəzifəni tam peşəkarlıqla və arzuolunan səviyyələrdə yerinə yetirilməyi bacarsınlar.
Dostları ilə paylaş: |