2. İnnovasiya menecmentinin təşkilinin əsas prinsipləri
Tikintidə innovasiyalar dedikdə, tikinti istehsalının səmərəliliyinin yüksəldilməsi, tikinti məhsulunun keyfiyyətinin yaxşılaşdırılması, onun rəqabətqabiliyyətliliyinin artırılmasını təmin edən tikintinin təşkili və idarə olunmasının mütərəqqi metodları, elmi-texniki tərəqqinin nəticələrinin istehsalata tətbiqi başa düşülür.
Bu proseslərlə idarəetmə sistemi innovasiya menecmenti adlanır. İnnovasiya menecmenti firmaların təsərrüfat fəaliyyətinin strateji idarə olunmasına aiddir. Bu, ilk növbədə elmi-texniki siyasət dairəsini əhatə edir.
İnnovasiya menecmenti üzrə tədbirlərin işlənməsi və reallaşdırılması aşağıdakıları nəzərdə tutur:
1) İnnovasiya fəaliyyəti üzrə plan və proqramların işlənib hazırlanması.
2) Yeni layihələrin həyata keçirilməsi haqqında qərarların qəbul olunması və onların yerinə yetirilməsinə nəzarət.
3) Bütün istehsalat bölmələrində vahid innovasiya siyasətinin aparılması və koordinasiya olunması.
4) İnnovasiya fəaliyyəti proqramlarının maliyyə və material-texniki resurslarla təminatı.
5) İnnovasiya fəaliyyətinin ixtisaslı kadrlarla təminatı.
6) İdeya mərhələsindən istehsala kimi innovasiya problemlərinin kompleks həlli üçün məqsədli qrupların yaradılması.
İri firmalarda innovasiya fəaliyyətinin inkişafının müasir mərhələsi tədqiqat prosesini birləşdirən vahid elmi-istehsalat təşkilati strukturunun yaradılması ilə xarakterizə olunur.
İnnovasiya menecmenti həm tikinti təşkilatları, layihə-axtarış və ya elmi-tədqiqat firmalarının özləri, həm də onların əhatəsində baş verən fasiləsiz dəyişikliklərə reaksiya göstərilməsi ilə həyata keçirilir. Bazar iqtisadiyyatı şəraitində idarəetmə obyekti kimi innovasiya menecmenti haqqında təsəvvürə malik olmaq üçün sahibkarlıq fəaliyyətinin üç əsas aspektini nəzərdən keçirmək lazımdır:
1) İxtiralara aparan bir proses kimi rəqabət.
2) İnnovasiya menecmenti sisteminin mürəkkəbliyi.
3) Yeniliklərin menecer etikası.
Cəmiyyət rəqiblərin fəaliyyətini təyin eden faktların məlum olmadğı bütün hallarda rəqabətə müraciət edir, lakin bu prosesin bəzən stimullara ehtiyacı vardır. Bu cür stimul kimi, adətən, maksimum mənfəətın və ya şəxsi qazancın əldə olunmasına səy etmək ola bilər. Təcrübə göstərir ki, qazanc əldə etmək imkanı olan hər bir subyekt rəqabətə qoşulmağa hazırdır. Bu zaman, qayda üzrə bir sıra rəqiblərlə mübarizə aparmaq tələb olunur. Ona görə ki, fayda götürməyin konkret üsulu olmadığı üçün müvəffəqiyyət qazanmağın yolu daha sürətli axtarışlarından keçə bilər. Bu məsələnin həllinə istehsal proseslərinin idarə olunması və istehsalın planlaşdırılmasının yaxşılaşdırılması hesabına tikintinin təşkilində istifadə olunan metodların optimallaşdırılması, habelə əvvəllər məlum olmayan yeni materiallardan istifadə etməklə yeni konstruksiyaların işlənməsi və yeni tikinti maşın və mexanizmlərindən istifadə etmək yolu ilə nail olmaq olar.
Nəzərə almaq lazımdır ki, rəqabət mübarizəsinə təkcə rəqabət aparan layihələrin qiyməti və ya innovasiya keyfiyyəti deyil, habelə dövlətin apardığı tədbirlər və sahibkarların rəqabəti məhdudlaşdıran cəhdləri də təsir edir.
Böyük tikinti layihələrinin reallaşdırılması regionların iqtisadiyyatına və ekologiyasına böyük təsir edir. Ona görə də innovasiya menecmenti cəmiyyətin iqtisadi, hüquqi, siyasi, mədəni və b. elementlərilə əlaqədardır. Ona görə də uzunmüddətli dövr üçün yeniliklərin planlaşdırılması onların reallaşdırılması nöqteyi-nəzərindən əhəmiyyətli dərəcədə qeyri-müəyyənliklə əlaqədardır.
Təcrübədə innovasiya menecmentinin strategiyasının formalaşdırılması prosesi çox vaxt proqmatik təsvir olunur. Lakin əksər hallarda innovasiya proseslərinin idarə olunması planlaşdırma metodları ilə həyata keçirilir.
İnnovasiya menecmentinin təşkilinin vacib məqamlarından biri menecment etikasıdır. Bazar iqtisadiyyatı şəraitində sahibkarlıq fəaliyyəti əsasən təsərrüfat subyektlərinin mənfəətlə işləməsinin təmin olunmasına yönəldilmişdir. Menecerdən cəmiyyətə münasibətdə müəyyən məsuliyyətlər tələb olunur. Məsələn, regionda yeni müəssisələrin layihələndirilməsi və tikintisi bu regionun əhalisi və müdiriyyəti ilə müəyyən işlərin aparılmasını və bu tikintinin yerinə yetirilməsi üçün onlarda maraqların yaradılmasını tələb edir. Qeyd etmək lazımdır ki, iri müəssisələr, qaydaya görə, həmişə cəmiyyətin diqqət mərkəzindədir, onların fəaliyyətinin etik prinsiplərə uyğunsuzluğu bazar mexanizmi vasitəsilə iqtisadi sanksiyalarla nəticələnə bilər. Əlbəttə, səmərəli və hər şeyi əhatə edə bilən nəzarətdən söhbət gedə bilməz. Bununla bərabər innovasiyaların reallaşdırılmasının etik prinsiplərə uyğun olması həllərini axtarmaq lazımdır.
Dostları ilə paylaş: |