Birinci mərhələ – həyata keçiriləcək fəaliyyətin, yaxud işin, habelə onun koordinasiyası və qarşılıqlı əlaqə üsullarının təhlili.
İkinci mərhələ – qəbul edilən qərarın və onun yerinə yetirilməsində işçinin (menecerin) iştirak dərəcəsinin təhlili.
Üçüncü mərhələ – menecerin qarşılıqlı fəaliyyətdə olduğu şəxsin ümumi işdə töhfəsinin müəyyən edilməsi.
İdarəetmə aparatı istehsalın cari və perspektiv məsələlərinin həlli üçün təşkilati strukturun özünün inkişafına fəal təsir göstərir. Buna görə də idarəetmənin təşkilati strukturunun əsas vəzifəsi bir tərəfdən mövcud məhsulun istehsalı və təchizatı üçün əlverişli şərait yaratmaqdır, digər tərəfdən isə yeni növ məhsulun işlənməsi, mənimsənilməsi və istehsalını təşkil etmək, yaxud onların bazarda modifikasiyasını təmin etməkdir. Bu vəzifələr idarəetmənin hər bir səviyyəsində qarşılıqlı əlaqəlidir. Məsələn, köhnə modifikasiyalı məhsulun keyfiyyətini və ona olan tələbatı bilmədən, məsələn, yeni modifikasiyalı məhsulun satışını təşkil etmək olmaz.
Funksional bölmələrin vəzifəsi müəssisənin baş məqsədinə əsasən heyətin sayı və peşəsi isə yerinə yetirilən işlərin əməktutumuna və mürəkkəblik dərəcəsinə uyğun olaraq müəyyən edilir. İdarəetmənin təşkilati strukturunun qurulması təcrübəsində bu və ya digər əlamətlərdən istifadə olunur, bütün səviyyələrdə təşkilati strukturun formalaşması prosesi funksional-müvəqqəti əlamətlər üzrə baş verir.
Funksional-müvəqqəti struktur əmək bölgüsü, səlahiyyətlərin müəyyən edilməsi vəzifə və məsuliyyət mənasından əlverişlidir. Bütün bunlar menecerlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə səbəb olur. Lakin funksional strukturun piramida şəklində qurulması istehsalın inkişafı zamanı adi idarəetmə halqasının artıq yüklənməsinə, idarəetmə qərarlarının qəbul edilməsi vaxtının artırılmasına, əlaqələrin korlanmasına gətirib çıxarır.
Məhz buna görə də istehsalın təşkili və inkişafı təcrübəsində daha çevik idarəetmə strukturlarından – matris strukturundan geniş istifadə olunur, hansı ki, cari xarakterli məsələləri həll etməyə, həmçinin müəssisənin maddi-texniki bazasından və kadrların peşə tərkibindən istifadə edərək investisiya layihələrini həyata keçirməyə imkan verir.
Matris strukturunun xüsusiyyəti ondan ibarətdir ki, layihəni reallaşdırmaq üçün müəssisənin mütəxəssislərindən ibarət müvəqqəti qrup təşkil olunur, hansı ki, qrupun üzvləri həm layihənin rəhbərinə və həm də işlədiyi funksional şöbənin rəhbərinə tabedir. Bu idarəetmə strukturu mürəkkəbdir, lakin bununla belə bəzi sənaye sahələrində, xüsusilə kimya, elektron hesablama texnikası istehsalında istifadə olunur. Bütün zəruri resurslar layihə rəhbərinin əlində cəmlənir. Təşkilati strukturun üstün cəhəti həm də ondan ibarətdir ki, o çevikdir, bazara uyğunlaşa bilir, elmi-texniki tərəqqi nailiyyətlərinə daha tez reaksiya verir.
2. Sənaye məhsullarının istehsalı və realizasiyasının bazar şəraiti müəssisənin istehsal strukturunun təkmilləşdirilməsi yollarının seçilməsinə xüsusi yanaşma tələb edir. Müəssisənin istehsal strukturunun təkmilləşdirilməsi məsələlərini iki qrupa ayırmaq olar. Birinci qrupa nisbətən stabil şəraitdə istehsalın səmərəliliyinin yüksəldilməsini nəzərə almaqla müəssisənin strukturunun təkmilləşdirilməsi məsələləri, ikinci qrupa isə bazar mühitinin dəyişilməsinə uyğun olaraq müəssisə istehsal strukturunun təkmilləşdirilməsi məsələləri daxildir.
Bazar münasibətləri şəraitində hər bir müəssisə müasir idarəetmə metodlarının tətbiqi və yeni texnoloji mühitin mənimsənilməsi məsələlərinə ciddi səy göstərir. İdarəedici heyət çox vaxt bazar iqtisadiyyatı şəraitində idarəetmə sahəsində kifayət qədər biliklərə və təcrübəyə malik olmur.
Mütəxəssislər tərəfindən təşkilati strukturun təkmilləşdirilməsi metodikası işlənib hazırlanmışdır. Bu metodika altı qarşılıqlı əlaqəli modeldən ibarətdir.