Böyük Britaniya 1819-cu ildə Sinqapuru, 1839-cü ildə isə Ərəbistan yarımadasının cənub tayfalarını özünə tabe etmək üçün əsas məntəqə olan Ədəni ələ keçirdi. Böyük Britaniya bu dövrdə böyük Çin bazarını ələ keçirmək üçün qəti addımlar atdı. 1842-ci il Nankin müqaviləsinə görə Honkonq yarımadası Böyük Britaniyanın “əbədi mülkiyyəti” elan edildi. 1852-1853-cü illərdə Cənubi Birma Hindistana birləşdirilərək tamamən işğal edildi. 1813-cü ildən sonra çin çayı ticarətində monopoliyaya malik Ost-Hind şirkətinin əldə etdiyi gəlirlər onun əsas gəlirlərini təşkil edirdi. Böyük Britaniya imperiyasının Çinə qarşı müharibəyə başlamasının səbəbi Çində Böyük Britaniya ticarət maraqlarının, ilk növbədə tiryəkin satılmasının genişlənməsi oldu. Böyük Britaniya I Tiryək müharibəsi (1838-1842) çinlilərin öz istəklərinin əleyhinə olaraq hind tiryəkini almaqdan imtina etməsi bəhanəsi ilə başlasa da, əslində daha böyük məqsəd- naminə ingilis mallarının Çinə sərbəst ixracına olan maneələri aradan qaldırmaq üçün aparıldı. Müharibədən sonra Honkonq ilhaq edildi və Britaniya ticarət gəmiləri üçün müqavilə ilə razılaşdırılmış 5 liman açıldı. (Müharibədən öncə yalnız 1 limana icazə verilirdi). Baxmayaraq ki, Çin müharibə xərci ödəyirdi, o həmçinin güzəştli gömrük tariflərini də həyata keçirməli oldu. 1843-cü ildə Böyük Britaniya Çində bir sıra üstünlüklər əldə etdi (konsessiya hüququ və s.). II Tiryək müharibəsi (1856-1860) Böyük Britaniya və Fransanın Çinə qarşı təcavüzü ilə başladı. Çində öz mövqelərini möhkəmləndirməyə can atan ingilis və fransız burjuaziyası Çinin mərkəzi əyalətləri ilə yanaşı, periferiyalarda da öz ticarəti üçün imkanlar yaradaraq xarici ticarət üçün çaylarda liman ticarətini yaratmağa, Pekində İngiltərə və Fransanın diplomatik nümayəndələrinin yaradılmasına, sərbəst missionerlik fəaliyyətini genişləndirməyə nail oldular.I Tiryək müharibəsi (1838-1842) və II Tiryək müharibəsinin (1856-1860) nəticələriBöyük Britaniya-Fransa-Çin müharibəsi Çinin yarımmüstəmləkə ölkəyə çevrilməsində əsas mərhələ oldu. Bu müharibədən sonra Tsin hökuməti qərb ölkələrinin təsiri altına düşdü.Narkotrafiki məhz “demokratik” Böyük Britaniya yaratdı. İngilislər Çinə böyük həcmdə tiryək gətirərək Çində narkomanların sayının təhlükəli həddə çatmasına səbəb oldular. Belə vəziyyətdə Çin hakimiyyəti ingilis tacirlərinə məxsus tiryək ehtiyatlarını yandırdı və onun gətirilməsinə qadağa qoydu. Buna cavab olaraq Böyük Britaniya müharibəyə başlayıb, tiryəkin sərbəst gətirilməsinə və satışına icazəyə nail oldu. Nəticə etibarı ilə, ingilislər Britaniya ərazilərində hazırlanan narkotiki almağa və istifadə etməyə çinliləri silah gücünə məcbur etdilər.XIX əsrin əvvəllərindən fransız ekspansiyasının obyektlərindən biri Uzaq Şərq və Cənub-Şərqi Asiya oldu. 1842-ci ildə Fransa Sakit okeanda Markiz adalarını işğal etdi və burada öz protektoratlığını bərqərar etdi. 1844-cü ildə Fransa Çinlə qeyri-bərabər müqavilə bağladı. 1853-cü ildə Yeni Kaledoniya adalarını ələ keçirdi. 1855-ci ildə Müstəmləkə idarəçiliyi rejiminin qurulması ilə fransız Polineziyasındakı adalar Okeaniyadakı fransız ərazilərinə birləşdirildi.Fransa Cənub-Şərqi Asiyada geniş ərazilər ələ keçirməyə səy göstərirdi. Fransanın 50-ci illərin sonunda Hind-Çində başlatdığı müstəmləkə müharibələri 1867-ci ildə Cənubi Vyetnam (Koxinxin) ərazilərinin işğalı, 1863-cü ildə Kamboca ərazisində protektoratlığının qurulması, 1863-cü ildə Mərkəzi Vyetnam (Annam) fransız protektorluğunun bərqərar olması ilə başa çatdı.1858-ci ildə III Napoleon hökuməti katolik missionerlərinin müdafiəsi bəhanəsi ilə Çindən vassal asılılığında olan Vyetnamda müharibəyə başladı. Bu müharibə, eləcə də 1867-ci ildə yenidən təcavüz nəticəsində Fransa Vyetnamın bütün cənub hissəsini, Pulo-Kondor adasını işğal edərək öz müstəmləkəsinə çevirdi və böyük həcmdə müharibə xərci aldı. Vyetnamdakı işğallarına arxalanaraq Kambocanı onun protektoratlığını tanımağa məcbur etdi.1801-1804-cü illərdə Gürcüstanın böyük hissəsi Rusiyaya birləşdi. Rusiyanın Qafqazda, eləcə də Cənubi Qafqazda təsirinin artması ingilis hökumətini narahat etməyə bilməzdi. İngilis hökuməti Rusiyanın bu bölgəyə irəliləməsinin qarşısını almaq məqsədilə onu (Rusiyanı) İranla toqquşdurmağa çalışırdı. İran şahı Rusiyaya qoşunlarını Cənubi Qafqazdan çıxarmaq haqqında ultimatum verdi. Rus hökuməti Gürcüstanı dəstəkləyərək şahın ultimatumatunu rədd etdi. 1804-cü ildə rus-iran müharibəsi belə başlanmışdı. Məlumdur ki, 1807-ci ildə Fransa İranla müqavilə imzalamış və Rusiyaya qarşı mübarizədə ona silah-sursat sarıdan yardım göstərəcəyini öhdəsinə götürmüşdü. Bu dövrdə İngiltərə də İran şahına yardım göstərirdi.1801-ci ildə İran İngiltərə ilə siyasi və ticarət müqaviləsi imzaladı. Bu müqavilənin şərtlərinə müvafiq olaraq İngiltərə Rus-İran müharibəsi illərində Ost-Hind şirkəti vasitəsilə İrana siyasi dəstək verməklə yanaşı, iran ordusunu hərbi ləvazimatlarla təchiz edirdi.