Əsas və aralıq taktların çoxluğu və ya məcmusu nizamlama fazası adlanır. Yol ayrıclarında adətən 2, 3 və 4 fazalı nizamlama tətbiq edilir. Qeyd edək ki, mövcud svetofor obyektlərinin 70% -də iki fazalı, 30% -də üç fazalı tsikl tətbiq edilir. Dörd və çox fazalı nizamlama isə nadir hallarda tətbiq edilir. Nizamlama fazalarının sayı yol ayrıclarındakı mübahisəli nöqtələrin xarakteri və istiqamətlər üzrə hərəkət intensivliyinin qiymətlərindən asılıdır. Fazaların sayının seçilməsi zidiyyətli məsələdir. Belə ki, hərəkətin təhlükəsizliyi cəhətdən fazaların sayı maksimum, nəqliyyat ləngimələri və yol ayrıclarının buraxma qabiliyyəti cəhətdən isə minimum olmalıdır.
Ümumiyyətlə, mövcud küçə-yol şəbəkəsi düyünlərində nizamlama fazalarının sayı aşağıdakı amillərdən asılıdır:
mübahisəli nöqtələrin sayı və xarakteri;
sola dönmələrin sayı və intensivliyi;
piyada keçidlərinin sayı və piyadaların ümumi hərəkət intensivliyi;
sağa dönmələrin sayı və intensivliyi;
kəsişən küçələrin eni və ayırıcı zolağın olması.
Sola dönmələrin təhlükəsizliyinin yüksəldilməsi üsullarından biri də əlavə seksiyalar tətbiq etməklə, III fazanın yaradılmasıdır. Bu üsul o vaxt tətbiq oluna bilər ki, yol ayrıcı girişlərində sola dönmələrin sərbəst dayanması üçün əlavə hərəkət zolağı olsun. Real şəraitlərdə belə zolaqlar olmadıqda yol ayrıcı girişləri genişləndirilməlidir. III fazanın yaradılmasına o vaxt ehtiyac yaranır ki, sola dönmələrin intensivliyi 120 avt/saat -dan yüksək olsun.
Bəzən sağa dönmə istiqamətində də əlavə seksiyaların yaradılmasına ehtiyac duyulur. Bu o halda olur ki, sağa dönmələrin intensivliyi 120 avt/saat -dan çox olsun. Belə intensivliklərdə sağa dönmələrlə piyada axınları arasında mübahisəli vəziyyətlərin qalması yolverilməzdir.
Əgər yol ayrıclarında əlavə seksiyalar tətbiq etməklə III fazanı yaratmaq mümkün deyildirsə (ehtiyat hərəkət zolağı olmadıqda) onda, sola dönmələr yol ayrıclarından kənarda təşkil edilir. Məsələn, sola dönmə ensiz küçədən geniş küçəyədirsə, həmin avtomobillər sağa döndərilərək geriyə qaytarılır və düz istiqamətdə hərəkət etdirilir. Əksinə, sola dönmələr geniş küçədən dar küçəyədirsə, onda onlar düzünə göndərilərək geriyə qaytarılır və sağa döndərilir.
III fazanın tətbiqi ilə yol ayrıclarında hərəkətin təşkili sxemi variantlarının sayı da artmış olur. Variantlar seçildikdə mübahisəli istiqamətlərdəki hərəkət intensivlikləri və yol ayrıcı girişlərindəki hərəkət zolaqlarının sayı da nəzərə alınmalıdır.
Piyadaların təhlükəsizliyini yüksəltmək üçün sağa dönmələr dayandırılır və III fazada buraxılır. Bu məqsədlə bəzən sırf piyada fazasından da istifadə oluna bilər.