2011-ci il dövlət büdcəsinə dair dədqiqat” Qubad İbadoğlu Kənan Aslanlı Bakı – 2010



Yüklə 195,16 Kb.
səhifə2/3
tarix22.10.2017
ölçüsü195,16 Kb.
#11321
1   2   3

Statistik mənbə: http://www.oilfund.az
Əgər hökumət fiskal dayanıqlığı təmin etmək istəyirsə, neft qiymətlərinin uzun müddət aşağı olduğu şəraitdə orta müddətli xərclər planının yenidən nəzərdən keçirilməsinə ehtiyac yaranacaq. Azərbaycan neft gəlirlərinin məhdud olduğu dövrə hazırlıq məqsədilə uzun müddət baxımından dövlət büdcəsinin xərcləri ÜDM-in 40 faizinə qədər həddə saxlamalıdır. Azərbaycan davamlı olaraq ildə 5.9 milyard ABŞ dolları (2007-ci ilin qiymətləri ilə) həcmində fiskal neft gəlirlərini (neft şirkətlərinin vergi ödənişləri daxil olmaqla) gözləyə bilər. Bu əsasda, Neft Fondu 2030-cu il üçün 78 milyard ABŞ dolları vəsait toplamalıdır. Orta müddətli dövrdə bir sıra digər iqtisadi parametrlərin də, o cümlədən orta aylıq əmək haqqının neft və qeyri neft sektorları üzrə bölgüsündəki ciddi fərqlərdə qalmaqda davam edə biləcək.

Diaqram 1.



Statistik mənbə: 2011-ci ilin dövlət büdcəsi zərfi (2-ci cild), Bakı 2010
Dünya Bankının Azərbaycan üçün hesabladığı bu davamlı gəlir konsepsiyası (permanent income hypothesis) bankın araşdırmasına əsasən “ilk növbədə neft gəlirlərinin qısa müddətdə dəyişmələrinə davamlıdır: neft qiymətlərinin qısa müddət perspektivində proqnozlaşdırılması çox çətindir və bununla xüsusilə növbəti iki il üçün illik xərcləmə planlarının neft qiymətlərinin illik proqnozu ilə uyğunlaşdırılması da çətin olur. Ən yaxşı siyasət uzunmüddətli siyasətdir ki, bu qısamüddətli qiymət dəyişkənliyini rəvanlaşdırır. İkincisi, bu yanaşma qiymət və təklifin uzun müddət baxımından dəyişkənliyini tənzimləyir: istənilən ildə hasilatda və yaxud neft qiymətlərində bir dəyişiklik baş verərsə, bu, bugünkü tövsiyə olunan xərclər səviyyəsinin əhəmiyyətli dərəcədə artırılması ilə nəticələnməyəcək. Azərbaycanın daimi gəlir yanaşması üçün Dünya Bankı tərəfindən keçirilmiş stimulyasiya göstərir ki, neft qiymətləri və ya hasilatda baş verən şoka cavab olaraq, fiskal dayanıqlığın təmin olunması üçün zəruri olan dövlət xərclərinin tam azaldılması tələb olunmur. Lakin, şokdan sonra bu kimi hallar müəyyən dövr ərzində müntəzəm olaraq təkrar olarsa, hökumət xərclərin kiçik bir korreksiyası ilə bu fiskal şoka cavab verə bilər. Bununla, daimi gəlir yanaşması böhran davam etdikdə xərclərin sabitliyini təmin edir. Orta müddətli xərclər planı uzun intervallarla yenidən dəqiqləşdirilsə də, daimi gəlir ekvivalenti hökumət tərəfindən daimi olaraq hesablanmalıdır”3.

Diaqram 2.



Statistik mənbə: 2011-ci ilin dövlət büdcəsi zərfi (2-ci cild), Bakı 2010
Əslində Azərbaycanda neft gəlirlərinin uzunmüddətli istifadə strategiyasında da bu yanaşmanın əsas tutulmasının gərəkliliyi qeyd olunsa da (“uzunmüddətli dövr üçün neft və qaz gəlirləri hesabına xərclərin proqnozlaşdırılması zamanı dəyişməz real xərclər prinsipi əsas götürülür və bu strategiyanın əhatə etdiyi dövr ərzində nəzərdə tutulan xərclər üçün illik limit müəyyən edilir”), hökümət öz büdcə siyasətində fiskal dayanıqlılığı təmin etmək üçün bu alətdən istifadə etmir. Nəticədə dövlət büdcəsinin kənar iqtisadi dəyişikliklərə və şoklara qarşı dayanıqlılığı zəifləyir və həssaslıq dərəcəsi artır.
Əhəmiyyətli vergi növləri üzrə mədaxildə azalma gözlənilir
2011-ci ilin dövlət büdcəsinin gəlirləri 2010-cu ilin proqnozu ilə müqayisədə 556 milyon manat və ya cəmi 4.8% çoxdur. Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4.42 milyard manat vəsaitin daxilolması proqnozlaşdırılır və bu 2010-cu il üçün təsdiq olunmuş məcmu vergi mədaxilindən 50 milyon manat və ya 1.1% azdır. Vergilər Nazirliyi üzrə proqnozlaşdırılan daxilolmaların 40%-ə yaxını neft sektorunun payına düşür. Ümumiyyətlə, əgər 2008-ci ildə büdcə gəlirlərinin 52.9%-ni Vergilər Nazirliyi vermişdirsə 2011-cilin proqnozunda bu göstərici 36.6%-ə enmişdir. Dövlət Neft Fondunun büdcə gəlirlərindəki payı isə 2008-ci ildəki 35.3%-dən 2011-ci ildə müvafiq olaraq 53.7%-ə qədər artması proqnozlaşdırılır4.

Diaqram 3.



Statistik mənbə: 2011-ci ilin dövlət büdcəsi zərfi (1-ci və 2-ci cild), Bakı 2010
Neft sektoru üzrə vergi daxilolmalarının xüsusi çəkisinin aşağı düşməsinin əsas səbəbi hökümətin fikrincə “Təbii qaz və neft məhsullarının topdansatış qaydasında alınması üzrə əsas enerji istehlakçılarının kreditor borclarının tənzimlənməsi barədə” hökümətin müvafiq qərarına əsasən “Azərbaycan Hava Yolları” QSC-nin və “Azərenerji” ASC-nin Dövlət Neft Şirkətinə olan 1.65 milyard manat debitor borclarının silinməsi nəticəsində 2011-ci ildə mənfəət vergisinin dövlət büdcəsinə az hesablanmasının nəzərə alınmasıdır. İri vergi ödəyicilərinin qarşıqlıqlı borcları ilə yanaşı onların birbaşa dövlət büdcəsindən aldıqları vəsaitlər də dövlət maliyyəsi sistemində gərginliyə səbəb olurdu. Bu situasiyanı nisbətən yumşaltmaq üçün Nazirlər Kabineti dövlət müəssisələrinə dövlət büdcəsi və büdcədənkənar fondlardan ayrılan əsaslı vəsait qoyuluşlarının birbaşa olaraq onların nizamnamə kapitallarının artırılması kimi göstərilməsinə və bunun 2007-2009-cu illərə də aid edilməsinə qərar vermişdir.

2011-ci ilin büdcə layihəsində hüquqi şəxslərin mənfəət vergisi üzrə daxilolmalar dövlət büdcəsi gəlirlərinin 10%-ni təşkil etməklə 1.2 milyard manat proqnozlaşdırılır ki, bu da 2010-cu ilin proqnozu ilə müqayisədə 206 milyon manat və 14.5% azdır5. Bu azalmanın əsas səbəbləri kimi hökümət ABƏŞ-in “AÇG” sazişi üzrə investisiya qoyuluşlarını gələn il artırmaq niyyəti, mənfəət vergisi dərəcəsinin bu ildən 22%-dən 20%-ə endirilməsi və ARDNŞ-in gələn il üçün mənfəət vergisinin azalmasını qeyd edir. Sadəcə olaraq mənfəət vergisinin dərəcəsindəki dəyişmənin bu vergi mədaxili üzrə proqnozları konkret neçə faiz azaltdığı barədə rəqəmlərin açıqlanmaması və mənfəət vergisi üzrə daxilolmaların 50%-nin yalnız bir neft sazişindən daxil olması (“AÇG” PSA) əslində bu vergi növü üzrə azalmanın daha çox neft sektorunda baş verənlərlə bağlı olduğunu söyləməyə əsas verir. Yəni, gələn ildə də qeyri-neft özəl sektorun mənfəət vergisi üzrə daxilolmalara ciddi töhfəsi olmayacaq. Əvvəlki iki ildə və cari ildə də mənfəət vergisinin orta hesabla yarısı məhz “AÇG” sazişi üzrə podratçı tərəflərin mənfəət vergisi ödənişindən ibarət olmuşdur.

2011-ci il dövlət büdcəsi gəlirlərinin 4.1%-ni təşkil edən aksiz vergisi üzrə 495 milyon manat daxilolma proqnozlaşdırılır ki, bu da 2010-cu ilin proqnozu ilə müqayisədə 57 milyon manat və ya 10.3% azdır. Vergi orqanları tərəfindən toplanan aksiz vergisindəki azalmanı (11.5%) hökümət ARDNŞ tərəfindən emal olunan neft məhsullarının çeşidinin və həcminin azalması ilə izah edir. O cümlədən, gömrük orqanları tərəfindən toplanan aksiz vergisinin 2010-cu ilin proqnozu ilə müqayisədə azalmasının (3.7%) əsas səbəbi kimi gələn il ölkəyə idxal olunacaq aksizli malların həcminin aşağı düşməsi göstərilir.

Növbəti il üçün mədən vergisi üzrə 129 milyon manat daxilolma nəzərdə tutulmuşdur ki, bu da 2010-cu ilin proqnozu ilə müqayisədə 1 milyon manat və ya 0.8% azdır. Bu vergi növü üzrə büdcə proqnozundakı azalmanın rəsmi səbəbi kimi ARDNŞ tərəfindən çıxarılacaq xam neftin həcminin azalması təqdim olunur.

Vergilər Nazirliyinin xətti ilə toplanan sair daxilolmalardan növbəti ildə 326 milyon manat vəsait gözlənilir ki, bunun da 90%-ə yaxını (290 milyon manat) neft sektorunun payına düşür. Neft sektoru çıxılmaqla sair daxilolmalar 2010-cu ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə eyni səviyyədədir. 2011-ci ilin dövlət büdcəsində fiziki şəxslərin gəlir vergisindən mədaxil (690 milyon manat) üzrə cari illə müqayisədə 1.5%, vergi orqanları tərəfindən toplanan əlavə dəyər vergisi (1.304 milyon manat) üzrə 15.6%, gömrük orqanlarının xətti ilə toplanan əlavə dəyər vergisi (818 milyon manat) üzrə 2.5%, əmlak vergisi (102 milyon manat) üzrə 1%, sadələşdirilmiş vergi (95 milyon manat) üzrə 5.6%, dövlət rüsumu (85 milyon manat) üzrə 16.4%, gömrük rüsumları (215 milyon manat) üzrə isə cəmi 0.7% artım nəzərdə tutulur. Bu artımların müşahidə olunduğu vergilərin mühüm hissəsi dövriyyədən vergilərdir və onların artı-mı bir çox hallarda inflyasiya hesabına da ola bilər.

Həmçinin, unutmaq lazım deyil ki, yüksək inflyasiya həm də büdcə mədaxilini azaltmaq potensialına malikdir. Belə ki, vergi subyektləri üzrə vergi hesablandığı və proqnozlaşdırıldığı dövr ilə onların faktiki ödənildiyi dövr arasında istehlak qiymətləri indeksinin yüksək tempi həmin ödənişləri də dəyərdən salır (“Tanzi-Oliveri effekti”). Bu baxımdan hökümət inflyasiya templərinin nisbətən azaldığı bu illərdə qeyri-neft vergi daxilolmalarını artırmaq üçün əlahiddə imkanlar əldə etmişdi. Ancaq 2011-ci ildən bu imkan tədricən ortadan qalxa bilər.



Ümumiyyətlə, mədaxilində azalma gözlənilən vergi növlərindən də göründüyü kimi, neft sektorunun büdcəyə təsiri yalnız ARDNF-in transfertləri ilə məhdudlaşmır. Xüsusən azalmaların proqnozlaşdırıldığı vergi növləri üzrə neft və yanacaq sektorundan ciddi asılılıq var. Neft sektorunda baş verən hər bir dəyişiklik büdcə mədaxilini eyni vaxtda bir neçə vergi növü üzrə ciddi şəkildə azaldır ki, bu da sonda fiskal dayanıqlılığın bərqərar olmasına maneə törədir.
Cədvəl 2. 2011-ci il dövlət büdcəsinin əvvəlki illərlə müqayisədə daha ciddi dəyişikliyi gözlənilən bəzi gəlir mənbələri


Büdcə gəlirinin adı və kodu

2011-ci ildə proqnoz mədaxil, AZN-lə

2010-cu ilin gözlənilən icrası ilə müqayisə (%-lə)

2009-cu ilin faktiki icrası ilə müqayisə (%-lə)

Hüquqi şəxslərin mənfəət vergisi (111200)

1.21 mlrd

- 14.5

- 9

Rezident avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yol vergisi (114710)

28 mln

- 17.6

+ 70.1

Ölkədə istehsal olunan məhsullar üzrə aksizlər (114510)

416 mln

- 11.5

- 0.3

Dividendlər

(141200)

1.38 mln

+ 7.8

- 96.5

Dövlət maliyyə təşkilatlarından depozitlər üzrə alınan faizlər (141111)

16.6 mln

+ 833

0

Mal və xidmətlərin satışından daxilolmalar (142000)

88.5 mln

+16.9

- 55.2

Statistik mənbə: 2011-ci ilin dövlət büdcəsi zərfi (1-ci cild), Bakı 2010
Hökümətin rəsmi bəyanatına əsasən 2011-ci ildə vergi siyasətində əsas yeri vergi və qeyri-vergi gəlirlərinin yığım əmsalını artırmaq, vergi inzibatçılığını təkmilləşdirmək, vergi borclarının azaldılması tədbirləri tutacaq.
Dövlət büdcəsiylə büdcədənkənar və büdcədaxili fondların münasibəti qeyri-müəyyəndir
Dövlət büdcəsi ilə büdcədənkənar fondların əlaqəsindən danışarkən qeydə etməliyik ki, dövlət büdcəsinin ARDNF-dən asılılığının artdığı kimi, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) da dövlət büdcəsindən asılılığı durmadan artır. Dövlət büdcəsindən DSMF-yə transfertlərin məbləği 691 milyon manat nəzərdə tutulur ki, bu da 2010-cu ilin proqnoz göstəricisindən 29% çoxdur6. Bu istiqamət üzrə gəlirlərin xüsusi çəkisi 2011-ci ildə 35.1% təşkil edəcəkdir ki, bu da cari ilin müvafiq göstəricisindən 4.7% bəndi miqdarında çoxdur.

2011-ci ildə ARDNF büdcəsinin 95%-i, yəni 6.480 milyard manatı yuxarıda da qeyd olunduğu kimi dövlət büdcəsinə birbaşa transfer olunacaq. Neft Fondundan dövlət büdcəsinə transferlər Fondun aktivlərinə görə limitləşdirilmə ilə yanaşı, Fondun öz xərclərində transfertlərin payına görə də limitləşdirilməlidir. Gələn il ARDNF-nin büdcə gəlirləri 9.133 milyard manat, büdcə xərcləri isə 6.829 milyard manat təşkil edəcəkdir. Bununla yanaşı, əvvəlki illərdə ARDNF büdcə-sindən külli miqdarda vəsait ayrılmış infrastruktur layihələrinə 2011-ci ilin büdcəsindən yenə iri maliyyə axınları nəzərdə tutulur ki, bu da həmin layihələrin texniki-iqtisadi əsaslandırma sənədlərinin və ayrılan vəsaitin nə dərəcədə effektiv xərclənməsinin ictimaiyyətə bəlli olmadığı bir mühitdə baş verir. Habelə, dövlət büdcəsi haqqında qanun layihəsi və digər əlaqədar sənədlər parlamentdə müzakirəyə çıxarılarkən ARDNF-nin də büdcəsi tam hazır olmasına baxmayaraq onun bir qədər sonra müzakirəyə çıxarılmasını MBQ büdcə qanunvericiliyinə zidd bir siyasət kimi qiymətləndirir.

Dövlət büdcəsinin daxili fondlar ilə münasibətlərinin hüquqi tənzimlənməsinin daha da təkmilləşdirilməsinə ehtiyac duyulur. 2011-ci ildə 170 milyon manat məbləğində müəyyən edilən “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu yol vergisi, mülkiyyətində və ya istifadəsin-də olan avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi, idxal olunan minik avtomobillərinə tətbiq edilən aksizlər, idxal olunan avtonəqliyyat vasitələrinə tətbiq edilən gömrük rüsumu, ölkə ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün tutulan dövlət rüsumu və nəqliyyat vasitələrinin illik texniki baxışdan keçirilməsi üçün tutulan dövlət rüsumu hesabına formalaşır.

2011-ci ildə 100 milyon manat səviyyəsində müəyyən edilən “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu” isə aşağıdakı mənbələr hesabına formalaşır:



  • Dövlət zəmanəti ilə kredit təşkilatlarından alınmış kreditlər üzrə daxilolmalar (2.8%);

  • Təminat Fonduna bərpa edilən vəsaitlər üzrə daxilolmalar (3.9%);

  • Dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərindən ayrılan vəsait (93.3%);

Yuxarıdakı rəqəmlərdən də, göründüyü kimi “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu”nun 93%-i birbaşa dövlət büdcəsindən formalaşır ki, bu da dövlət büdcəsi içərisində yenə həmin gəlir mənbələri hesabına formalaşan və müvafiq xərc maddəsində “digər xərclər” və “sair müxtəlif xərclər” kimi təsnifat ifadələri ilə təyinatı gizlədilən növbəti “qara qutu” deməkdir. MBQ höküməti dövlət büdcəsi daxilində məqsədli fondlar yaradılarkən onların təyinatını büdcə sənədlərində dəqiq ifadə etməyə və onların büdcə daxilində əlavə yükə çevril-məməsi üçün tədbirlər görməyə çağırır. Habelə, “Məqsədli büdcə fondaları” haqqında əlavə tənzimləyici qanun layihəsi və təlimatların işlənib hazırlanması zərurəti vardır.
Büdcə təsnifatı üzrə məzmunu tam açılmayan istiqamətlərə yönəlmiş və təyinatsız qalan xərclərin payı artır
Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin xərcləri 12 748  milyard manat məbləğində təsdiq edilib. 2011-ci ilin investisiya büdcəsinin trend təhlili göstərir ki, növbəti ildən başlayaraq investisiya xərclərinin azalmasına start verilsə də “Sənaye, tikinti və faydalı qazıntılar” bölməsi üzrə xərcləmələr yenə də büdcənin xərc prioritetinə çevriləcək. Belə ki, bu məqsədlə 2011-ci ilin büdcə layihəsində nəzərdə tutulan əsaslı xərclərin 3396,5 milyon manatı büdcə xərclərinin funksional təsnifatının “Sənaye, tikinti və faydalı qazınılar” bölməsində, 1962,8 milyon manatı isə funksional təsnifatın digər bölmələrində nəzərdə tutulub. Bütün bu xərcləmələrin də sırf investisiya xarakteri daşıdığını nəzərə alaraq onlar da “dövlət əsaslı vəsait qoyuluşu” bölməsinə aid edilməlidir. Hesablamalar göstərir ki, yalnız “Sənaye, tikinti və faydalı qazınılar” bölməsi üzrə xərclərin ÜDM-də xüsusi çəkisi 8,4 faiz, dövlət büdcə xərclərində payı 26,5 təşkil edir. Müqayisə üçün qeyd edək ki, 2009-cu ildə bu göstəricilər müvafiq olaraq 10,3 və 33,8 faiz olmuş, 2010-cu ildə 11 faiz və 33,9 faiz proqnozlaşdırılmışdır. Bu isə investisiya büdcəsinin yalnız nisbi mənada deyil, həmçinin mütləq ifadədə də azalmasını xarakterizə edir. Bu azalma büdcədən digər istiqamətlərə qoyuluş imkanlarını artırsa da, 2011-ci ildə “əsas bölmələrə aid edilməyən xidmətlər” bölməsi üzrə 1909,7 milyon manat məbləğində vəsait nəzərdə tutulması digər sahələrə əhəmiyyətli qoyuluş imkanlarını məhdudlaşdırır. Təyinatı və təsnifatı verilməyən bu bölmənin ümumi büdcə xərclərində xüsusi çəkisi 15 faiz, ÜDM-də payı isə 4,8 faiz təşkil edir. Bu bölmə üzrə 2011-ci ildə ayrılan vəsait 2010-cu ilə nisbətən 78,6 faiz çoxdur.

2011-ci ilin investisiya büdcəsinin trend təhlili göstərir ki, 2011-ci ildə dövlət əsaslı vəsait qoyuluşlarından infrastruktur təyinatlı layihələrə 1909,2 milyon manat, sosial təyinatlı layihələrə 683,9 milyon manat, institutsional layihələrə 1,3 milyon manat, müdafiə və hüquq-mühafizə orqanlarının maddi- texniki bazasinin gücləndirilməsinə 297,4 milyon manat, digər layihələrə 104,9 milyon manat vəsaitin yönəldilməsi proqnozlaşdırılmış və 384,7 milyon manat ehtiyat (bölüşdürülməmiş) üçün nəzərdə tutulmuşdur. Bölüşdürülməmiş 384,7 milyon manat (investisiya xərclərinin 11,4 faizi) ötən illə müqayisədə əhəmiyyətli dərəcədə artmışdır. Belə ki, 2010-cu ilə nisbətən 2011-ci ildə ehtiyat fondu 184,7 milyon manat artmışdır. Vəsaitin tam bölüşdürülməməsini bəzi layihələr üzrə texniki-iqtisadi əsaslandırmaların, layihə-smeta sənədlərinin və müqavilə qiymətlərinin hesabatlarının vaxtında aparılmaması kimi qiymətləndirilə bilər ki, bu da “Azərbaycan Respublikasında dövlət investisiya proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndiirlməsi Qaydaları” nın tələblərinin pozulması və korrupsiya üçün münbit şəraitin yaradılması deməkdir.

2011-ci ilin investisiya büdcəsinin sahələr üzrə təhlili göstərir ki, 2011-ci ildə dövlət investisiya xərclərinin 56,5 faizinin infrastruktur layihələrinin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulub ki, onun da 1102 milyon manatı nəqliyyat sektoruna, 266,6 milyon manatı kommunal infrastruktura, 283,3 milyon manatı su ehtiyatları və irriqasiya sektoruna, 169,3 milyon manatı energetika və sənaye sektoruna, 72,2 milyon manatı ekologiya sektoruna və 15,2 milyon manatı kənd təsərrüfatına xərclənməsi nəzərdə tutulmuşdur. Hesablamalar göstərir ki, son 3 ildə nəqliyyat sektoruna dövlət büdcəsinin investisiya xərcləri bölməsindən 3959,6 milyon manat ayrılıb.

Kür çayının və digər dağ çaylarının daşması nəticəsində yaranan təbii fəaləkətin və onun nəticələrinin aradan qaldırılması istiqamətində 2011-ci ilin dövlət büdcə layihəsindən meliorasiya sahəsində infrastruktur obyektlərinin maddi texniki təminatının möhkəmləndiril- məsi ilə bağlı xərclərə, o cümlədən əsaslı və cari təmir işlərinə, habelə maşın və mexanizmlərin alınması üçün 50 milyon manat vəsait nəzərdə tutulub.

2011-ci ildə dövlət büdcəsi xərclərinin strukturunun, tərtibi və icrası prosesinin təkmilləşdirilməsi, şəffaflığının, səmərəliliynin və ünvanlılığının təmin edilməsi məqsədilə bir sıra bölmələr üzrə xərclərin strukturuna yenidən baxilmışdır. Bu zaman xərclərin sahə struktruna görə deyil, funksional istiqamətinə görə proqnozlaşdırılması üstünlük verilmişdir. Belə ki, hüquq-mühafizə orqanları üzrə xərclərin strukturunda dəyişikliklər edilərək, bu orqanlara xidmət edən təhsil, səhiyyə, mədəniyyət və idman xərcləri aidiyyatı xərc bölmələrinə daxil edilmişdir. Nəticədə 30 milyon 509 min manat vəsait hüquq-mühafzə orqanları üzrə xərclərin tərkibindən çıxarılaraq müvafiq surətdə səhiyyə, mədəniyyət və idman xərcləri arasında paylanmışdır.

2011-ci ildə ümumi dövlət xidməti xərcləri 14 nazirlik, 10 komitə, 7 agentlik, 8 xidmət, 4 komissiya 3 idarə, 3 şura və 7 digər oqranlar, cəmi 56 büdcə təşkilatı tərəfindıan həyata keçiriləcəkdir.

2011-ci ilin büdcəsində xərclərin proqram təsnifatı əsasən təhsil və səhiyyə bölmələrində bir sıra istiqamətlər üzrə aparılmışdır. Belə ki, təhsil bölməsində 14 dövlət proqramı və tədbirləri üzrə 47518 min manat və ya təhsil xərclərinin 3,6 faizi həcmində vəsait nəzərdə tutulmuşdur ki, bu da 2010-cu ilin müvafiq göstrərcisi ilə müqayisədə 0,5 faiz çoxdur. Proqramların səhiyyə bölməsi üzrə xərclərdəki xüsusi çəkisi 2010-cu illə müqayisədə 0,5 faiz bəndi az, yəni 14,2 faiz təşkil edir. Belə ki, səhiyyə sahəsində dövlət proqramlarının icrası üçün 2011-ci ilin büdcəsindən 77 milyon 462,6 milyon manat vəsait ayrılmışdır ki, bu da ötən illə müqayisədə 6,6 faiz çoxdur.

Təhsildə proqram təsnifatı üzrə ən çox vəsait “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramının maliyyə təminatı üçün ayrılmışdır ki, bu da təhsildə proqramlar üzrə nəzərdə tutulan xərclərin 34,5 faizini təşkil edir. Səhiyyədə proqram təsnifatı üzrə ən çox ayırmalar “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı”nın icrasına yönəldilir ki, bu da səhiyyə bölməsində proqram təsnifatı üzrə ayrılmış vəsaitin 25,3 faizini təşkil edir. 2011-ci il layihəsində ilk dəfə olaraq “Vərəmlə mübarizə üzrə Tədbirlər proqramı”nın maliyyə təminatı ilə bağlı xərclər nəzərdə tutulmuşdur.


Cədvəl 3. 2011-ci ilin dövlət büdcəsinin xərc bölgüsü


Xərclərin adı

Ümumi büdcə xərclərində payı, %-lə

ÜDM-də xüsusi çəkisi, %-lə

Sənaye, tikinti və faydalı qazıntılar

26,5

8,4

Əsas bölmələrə aid edilməyən xərclər

15,0

4,8

Təhsil

10,5

3,5

Müdafiə

10,4

3,3

Sosial Müdafiə və təminat

10,2

3,2

Ümumi dövlət xidməti

8,7

2,8

Məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq

5,6

1,8

Səhiyyə

4,3

1,4

Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi

3,5

1,1

Mənzil və kommunal təsərrüfatı

1,8

0,6

Mədəniyyət, incəsənət, KİV və bədən tərbiyəsi

1,6

0,5

Nəqliyyat və rabitə

0,5

0,2

İqtisadi fəaliyyət

0,9

0,3

Statistik mənbə: 2011-ci ilin dövlət büdcəsi zərfi (1-ci cild), Bakı 2010
2011-ci il dövlət büdcəsində xərclərin struktur təhlili göstərir ki, «ümumi dövlət xidmətləri» bölməsində və sosial yönümlü sahələrdə proqnozlaşdırılmış xərclərin iqtisadi, funksional və inzibati təsnifatı ənənəvi qaydada davam etdirilmiş, müdafiə xərcləri, dövlət investisiya xərcləri bölmələrində isə ayrılan vəsaitin strukturu yalnız ümumi istiqamətlər üzrə göstərilmişdir. 2011-ci ildə dövlət əsaslı vəsait qoyuluş xərcləri, infrastruktur layihələri, sosial layihələr, müdafiə və hüquq mühafizə orqanları, digər layihələr və ehtiyat alt istiqamətləri üzrə qruplaşdırılmışdır. Büdcənin investisiya qoyuluşlarının layihələr üzrə bölgüsünə nə büdcə paketində, nə də ki ona əlavə olunan sənədlərdə və bildirilən rəylərdə rast gəlmək mümkün deyil. Növbəti ilin büdcəsinin xərclər hissəsində diqqəti cəlb edən məqamlardan biri də əsas bölmələrə aid edilməyən xərclərin 2010-cu il üzrə dürüstləşdirilmiş büdcə ilə müqayisədə 78 faiz artmasıdır. Odur ki, nəticədə bu bölmə üzrə xərclərin dövlət büdcəsində xüsusi çəkisi 2011-ci ildə 15%-ə qədər artırılaraq 2-ci böyük xərc maddəsinə çevrilmişdir. Təəssüflə qeyd etmək lazımdır ki, həmin bölmə üzrə də xərclərin nə iqtisadi, nə də ki, funksional təsnifatı verilməmişdir. Bu isə onu deməyə əsas verir ki, 2011-ci ilin büdcə layihəsində təsnifatlar vasitəsi ilə açılmayan xərclərin payı əvvəlki illərə nisbətdə artmaqda və detallı büdcə informasiyalarına çıxış məhdurlaşmaqdadır.
Yüklə 195,16 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin