2011-ci il dövlət büdcəsinə dair dədqiqat” Qubad İbadoğlu Kənan Aslanlı Bakı – 2010


Bəzi dövlət proqramlarının icrası ilə dövlət büdcəsi arasında qarşılıqlı əlaqə zəifdir



Yüklə 195,16 Kb.
səhifə3/3
tarix22.10.2017
ölçüsü195,16 Kb.
#11321
1   2   3

Bəzi dövlət proqramlarının icrası ilə dövlət büdcəsi arasında qarşılıqlı əlaqə zəifdir
Azərbaycan Respublikasında həyata keçirilən bir sıra dövlət əhəmiyyətli proqramların maliyyələşmə mənbələrindən biri də dövlət büdcəsidir. Bu proqramların icrasına büdcədən ayırmalar birbaşa və dolayı yolla həyata keçirilir. 2011-ci ilin büdcə layihəsində “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası məqsədilə 111570 min manat (ötən ilə nisbətən 70 min manat çox) vəsaitin ayrılması nəzərdə tutulub. Eyni zamanda “Azərbaycan Respublikasının regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədilə regionlar arasında investiyaların bölüşdürülməsinin optimallaşdırılması da qərara alınıb. Bu “2011-2014-cü illər üçün dövlət investisiyas siyasətinin əsas istiqamətləri”ndən biri kimi qeyd olunur.

“Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə tədbirlər planı”nda nəzərdə tutulan əsas magistral və küçələrin yenidən qurulması, yeni avtomobil yollarının tikintisi, müxtəlif səviyyəli yol qovşaqlarının, piyada keçidlərinin inşasının davam etdirilməsi məqsədilə 2011-ci ilin büdcə layihəsindən əhəmiyyətli ayırmalar nəzərdə tutulur. “Azərbaycan Respublikasında dövlət investisiya proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndiirlməsi Qaydaları” nda dövlət investisiya proqramına yalnız texniki iqtisadi əsaslandırma və texniki iqtisadi hesablamaları aparılmış layihələrin daxil edilməsi, həmin layihələrin səmərəliliyinin qiymətləndirilməsi və ekspertizanın aparılması göstərilsə də bir şox hallarda xüsusilə də yuxarıda adı çəkilən Planın icrasında bu tələblər pozulur. Odur ki, Qaydalarla yanaşı investisiya proqramına daxil edilən layihələr üzrə qiymətləndirmə və ekspertizanın aparılmasına dair normativ sənədin hazırlanmasına da ehtiyac yaranmışdır.

2011-ci il üçün dövlət büdcəsində “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta və pensiya sisteminin inkişafına dair Dövlət proqramı”nın icrası olaraq əlillərin, işaxtaranların və işsizlərin sosial müdafiəsi ilə bağlı tədbirlərin və bu təşkilatların aparatının saxlanılması xərclərinin Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsindən çıxarılaraq dövlət büdcəsinə keçirilmişdir. Buna baxmayaraq, 2011-ci ildə ümumilikdə DSMF xərclərinin təqribən 60%-i dövlət büdcəsindən birbaşa transfer və büdcə təşkilatlarından sosial ayırmalar hesabına örtüləcəkdir. ÜDM-in 80%-dən çoxunu istehsal edən özəl sektorun sosial sığorta sistemindəki zəif iştirakı son illər məşqulluqun təminatı sahəsində dövlət siyasətinin vasitəsilə yeni iş yerlərinin 1 milyon nəfərə çatdırılması ilə bağlı siyası bəyanatların mövcudluğu şəraitində iqtisadi paradoksdur.

2011-ci ildə dövlət büdcəsinin “sosial müdafi və sosial təminat xərclərinin 52,2 faizi Dövlət Sosial Müdafiə Fonduna transferlərdən ibarətdir. Bu göstərici 2010-cu illə müqayisədə 157 milyon 295 min 200 manat və ya 30 faiz çoxdur. Beləliklə də, DSMF büdcəsinin getdikcə daha böyük miqyasda dövlət büdcəsindən asılı hala düşməsi bir tərəfdən sığorta və pensiya sisteminin inkişafına dair Dövlət proqramının konsepsiyası ilə ziddiyyət təşkil edir və digər tərəfdən də ümumilikdə özəl sektorun gerçək vəziyyətinin ağır olduğunu göstərir. MBQ bu neqativ tendensiyanın önümüzdəki illərdə də artım dinamikası ilə davam edə biləcəyini xüsusi narahatlıqla vurğulayır.

Azərbaycan Respublikası prezidentinin 10 fevral 2010-cu il tarixli 220 saylı fərmanı ilə ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqinə başlanılması nəticəsində 2010/2011-ci tədris ilindən başlayaraq dövlət sifaişi əsasında fəaliyyət göstərən ali təhsil müəssisələrində büdcə əsaslı maliyyələşmənin həcmində azalma müşahidə olunur. Belə ki, 2011-cu ildə ali təhsilə ayrılan vəsaitlər 2010-cu illə müqayisədə 9.1% az olacaq, bu əsasən dövlət ali təhsil müəssisələrinə ayrılan birbaşa xərclərin ixtisarı hesabına baş verəcək.

Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi ilə 2011-ci il büdcə layihəsinin təhsil bölməsi arasında əks əlaqə olsa da bəzən ayr-ayrı ail məktəblərə münasibətdə bu ziddiyyətli xarakter daşıyır. Büdcə layihəsində kimi bir sıra ali təhsil müəssisələrinə (ADNA, ADİU, BDU və s. ) ayrılan vəsaitlərin 3-5% azaldılması nəzərdə tutulmuşdur. “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli qərarında təsbit edilmiş dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyəsində hər bir təhsil alana düşən təhsil xərclərinin miqdarı əsasında aparılan hesablamalar göstərir ki, ali təhsil müəssisələrinə ayrılacaq vəsaitlərlə və yeni maliyyələşmə mexanizmi arasında bir sıra uyğunsuzluqlar vardır. Belə ki, 2011- ci ildə Azərbaycan Dövlət Tibb Universitetinə ayrılacaq vəsaitlərin 0.12% artılaraq 12.8 milyon manat həcmində müəyyən olunması nəzərdə tutulmuşdur. Halbuki, TQDK-ın 2010/11-ci tədris ili üçün ali təhsil müəssisələrinin dövlət sifarişi ilə tələbə qəbulunun proqnozunu və cari tədris ilində qəbul olunan tələbələrin ümumi tələbələrin təqribən 15-17%-i təşkil etməsini nəzərə alsaq, bu təqribən 5.5-6.3 milyon manat təşkil edir. Eyni qayda ilə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı üçün yeni maliyyələşmə mexanizminə əsasən təqribən 2 milyon manat tələb olunduğu halda, bu təhsil müəssisəsinə dövlət büdcəsindən ayrılan vəsaitin 23.9% artırılaraq 4.3 milyon manata çatdırılması nəzərdə tutulur. TQDK-ın 2010/2011-ci tədris ili üçün ali təhsil müəssisələrinin dövlət sifarişi ilə tələbə qəbulunun proqnozunda ödənişli əsaslarla təhsil təklif edən Azərbaycan Diplomatik Akademiyası yer almadığı halda, layihədə bu tədris müəssisəsinə ayrılan vəsait 41.77% artırılaraq 4.4 milyon manat təşkil etmişdir. Bu isə ali təhsilin maliyyələşdirilməsi sahəsində start götürən islahatların büdcə ilə səmərəli əlaqələndirilməsində və bu istiqamətə yönələn xərclərin optimallaşdıərılmasında problemlərin mövcudluğundan xəbər verir. Azərbaycan Respublikası prezidentinin 10 fevral 2010-cu il tarixli 220 saylı fərmanı ilə ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqinə başlanılması nəticəsində 2010/2011-ci tədris ilindən başlayaraq dövlət sifaişi əsasında fəaliyyət göstərən ali təhsil müəssisələrində maliyyələşmənin iqtisadi təsniftın xərc maddələri üzrə deyil, vahid xərc maddəsi üzrə açılması nəzərdə tutulmuşdur. Yeni maliyyələşmə mexanizminin tətbiqi ilə əlaqədar olaraq vəsaitin bir paraqrafda proqnozlaşdırılmasını nəzərə alaraq vəsaitlərin bölüşdürülmə mexanizminin müəyyənləşdirilməsinə zərurət yaranmışdır.




Regionlar büdcə gəlirlərinin yalnız 2.7%-ni verə bilirlər.
Mərkəzləşdirilmiş və yerli büdcə gəlir və xərclərinin strukturunun regionların inkişafı ilə bağlı olan və digər dövlət proqramlarının icrası aspektindən təhlili göstərir ki, ölkədə regionalr arasında olan iqtisadi inkişaf və böyümə fərqi (disbalans) qalmaqda davam edir. Buna əyani sübut kimi qeyd etmək lazımdır ki, əvvəlki illərdə olduğu kimi 2011-ci ildə də dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərinə Bakı şəhəri üzrə gəlirlərdən 97% tutulma ediləcək. Bu təqribən 4 milyard manata yaxın vəsait olmaqla dövlət büdcəsinin gəlirlərinin 33%-ni təşkil edəcək. Bakı şəhəri üzrə gəlirlərin yalnız 3%-i şəhər büdcəsinin xərcləmələrinə yönəlir ki, bu da 121 milyon manat civarındadır. Yerdə qalan bütün şəhər və rayonların yerli gəlirləri cəmi 326 milyon manat səviyyəsindədir. Bu isə 2011-ci ilin dövlət büdcəsi gəlirlərinin cəmi 2.7%-idir7.

Yerli gəlir və xərcləri tənzimləmək məqsədilə gələn ilin dövlət büdcəsindən 858.4 milyon manat və ya 1 milyard dollardan artıq vəsait ayrılacaq. Dövlət büdcəsindən regionların inkişafı üzrə dövlət proqramı və digər kanallarla regionlara ayrılan milyardlarla vəsait qarşılığında, əgər bu gün Azərbaycanın regionları dövlət büdcəsinin hər 100 manatından yalnız 2-3 manatını təmin edirsə, bu regionlarda xərclənən vəsaitin effektivliyini və ünvanlılığını yenidən qiymətləndirmək zərurətini ortaya çıxarır və hökümət üçün ciddi siqnal olmalıdır. Konkret olaraq 14 aprel 2009-cu il tarixli Prezident fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın yalnız birinci ilində rəsmi statistikaya əsasən 74 min yeni iş yeri açılmışdır ki, bunun da 70%-dən çoxu ölkə regionlarının payına düşür. Belə bir pozitiv iqtisadi fonun dövlət büdcəsində regionalrın iştirakında da öz əksini tapması məntiqə uyğun olardı.

Şəhər və rayonların yerli gəlirləri hesablanarkən mərkəzləşdirilmiş gəlirlərə ayrılan 97% çıxıldıqdan sonra, Bakı şəhərinin qalan 3%-lik payının tədricən artırılmasına ehtiyac var. 2011-ci ilin dövlət büdcəsi haqqında qanunun 11-ci maddəsi isə ehtiyac duyularsa bu normanın yalnız 2% bəndi dəyişdirilməsini təsbit edir. Bu limitin zamanla tədricən artım istiqamətində dəyişdirilməsi, regionalrın payının artırılması üzrə hökümətə əlavə bir motivasiya ola bilər. Mühüm sənaye, aqrar və xidmət sahələri üzrə potensialı olan bəzi regionların yerli büdcələrinin mərkəzləşdirilmiş xərclərdən asılılığını azaltmaq olduqca vacibdir.

Torpaq fondu az olan və ya heç olmayan rayonlar (işğal altında olan rayonlardan söhbət gedir) üzrə isə maliyyə intizamını ciddi şəkildə artırmağa ehtiyac duyulur. 2011-ci ildə bir sıra rayonlar üzrə isə ümumiyyətlə yerli gəlirlərlə bağlı 2010-cu illə müqayisədə azalma gözlənilir.



Diaqram 4.


Statistik mənbə: 2011-ci ilin dövlət büdcəsi zərfi (1-ci cild), Bakı 2010
Dövlət büdcəsinin kəsirinin örtülməsi mənbələri ənənəvidir
Dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 2009-cu ildə 0.5% olmuş, 2010-cu ildə 2.4%, 2011-ci ildə isə 1.7% (687 milyon manatla) proqnozlaşdırılmışdır. 2011-ci il üçün nəzərdə tutulmuş dövlət büdcəsi kəsirinin yuxarı həddi, 2010-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş kəsirdən (770.3 milyon manat) 10.8% azdır, ancaq 2009-cu il dövlət büdcəsi kəsirinin faktiki olan məbləğindən isə 3.9 dəfə çoxdur8. Dövlət büdcəsi kəsirinin örtülməsinin ən mühüm istiqamətlərindən olan dövlət əmlakının özəlləşdirilməsindən daxilolmalar gələn ilin dövlət büdcəsində 35 milyon manat səviyyəsində nəzərdə tutulub ki, bu da 2010-cu ilin proqnoz göstəricisindən 36.4%, 2009-cu ilin icrasından isə 40.3% azdır. Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan, 2011-ci il icmal büdcəsinin kəsiri 8.7 milyard manat məbləğində müəyyən edilmişdir.

Azərbaycanda özəlləşdirilmiş obyektlər və torpaq sahələri üzrə dövlət büdcəsinə daxil olmalı olan vəsaitlərin ləngidilməsi, ildən ilə bu sahədə özəlləşdirmədən daxilolma üzrə qalıqların çoxalması korrupsiya riskini artıran və özəl mülkiyyətin effektiv fəaliyyətini əngəlləyən amil kimi qiymətləndirilməlidir. Habelə, büdcə sənədlərində büdcə kəsirinin maliyyələşmə mənbəyi kimi göstərilən dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmaların icrasında da ciddi problemlər qalmaqdadır. Ödənişli xidmətlərdən daxilolmaların məbləği 2011-ci il üçün 152 milyon manat nəzərdə tutulmuşdur ki, həmin vəsait 2010-cu ildə 145 milyon manat proqnozlaşdırılmış, 2009-cu ildə isə dövlət büdcəsi gəlirlərinin tərkibində 137 milyon manata qarşı 96 milyon manat icra olunmuşdur.

1 yanvar 2011-ci il tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı da büdcə kəsirinin maliyyələşmə mənbəyi kimi qeyd edilsə də, bu mənbənin xüsusi çəkisini qabaqcadan söyləmək mümkün deyil. Daxili və xarici borclanmanın yuxarı hədd limiti ilə real borclanma səviyyəsi arasındakı uyğunsuzluq, eyni zamanda xaricdə qiymətli kağızların yerləşdirilməsindən mədaxilin 2010-cu ilə nisbətən 12.3% azalması da diqqəti cəlb edən məqamlardandır. Xaricdə qiymətli kağızların yerləşdirilməsindən daxilolmalar 2011-ci ilin dövlət büdcəsində 500 milyon manat nəzərdə tutulmuşdur ki, bu 2009-cu il üçün dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi üzrə analoji mənbə olan dövlət istiqrazlarının satışından daxilolmalrın təsdiq olunmuş məbləğin-dən (98 milyon manat) 5.1 dəfə çoxdur, 2010-cu ilin müvafiq proqnoz göstəricisindən isə 70 milyon manat azdır. 2011-ci ilin dövlət büdcəsi sənədlərində dövlət büdcəsi kəsirinin maliyyə-ləşdirilməsinin bu mənbəyi üzrə nəzərdə tutulmuş məbləğin xarici və ya daxili borclanma üzrə bölgüsü barədə məlumatın təqdim edilməməsi, hətta Hesablama Palatasının rəyində də xüsusi qeyd olunmuşdur.

Hökümət borclanma siyasəti ilə ümumi fiskal siyasəti mütləq uzlaşdırmalıdır. Dövlət büdcəsinin bütün fiskal parametrləri kimi büdcə kəsirinin də proqnozlaşdırılmasında problem var. Bu həm büdcənin icrasındakı qüsurlar, həm də hökümətin iqtisadi blokundakı ümumi proqnozlaşdırma bazasının zəif olması ilə əlaqədardır. Eyni zamanda, hökümətin büdcə kəsirini orta müddətli dövrdə necə idarə etmək, onu illik və ya iqtisadi tsikllərə uyğun balanslaşdırmaq siyasəti demək olar ki, yoxdur.


Açıq Büdcə İndeksi 2010” ölkəmizdə büdcə şəffaflığının problemli olduğunu göstərdi
Açıq Büdcə İndeksi (Open Budget Index - OBI) xüsusi sorğu vasitəsilə ölkələrin büdcə prosesinin şəffaflığını ümumi şəkildə ölçməyə və digərləri ilə müqayisə etməyə imkan verən indeksdir. Bu indeks Beynəlxalq Büdcə Tərəfdaşlığı (International Budget Partnership) təşkilatı (ABŞ) tərəfindən hazırlanır. İndeks 8 vacib büdcə sənədi üzrə şəffaflığı qiymətləndirir. Azərbaycan 100 mümkün baldan 43 bal toplayıb OBI 2010 üzrə 94 ölkə arasında 52-ci yeri tutumuşdur (OBI 2008 – 85 ölkə arasında 50-ci yer, OBI 2006 – 59 ölkə arasında 45-ci yer)9.

Bu OBI 2010 üzrə orta səviyyədən (42 bal) 1 bal çoxdur, neft və qaz gəlirlərindən asılı 24 ölkənin orta səviyyəsindən isə (26 bal) 17 bal çoxdur. Bunun əsas səbəblərindən biri bundan ibarətdir ki, Hesablama Palatasının veb səhifəsində dövlət büdcəsi və DSMF-nin büdcəsi üzrə qanun layihələrinə rəylər intensiv şəkildə yerləşdirilmişdir. Büdcə zərfində dövlət büdcəsinin izahatı hissəsi isə bir qədər detallaşdırılıb, vergi daxilolmalarında neft və qeyri-neft sektoru bölgüsü aparılıb. Maliyyə Nazirliyi 2008 və 2009-cu illərdə bir neçə dəfə dövlət büdcəsinin icrası ilə bağlı aralıq hesabat açıqlamışdır.


Azərbaycan və qonşuları büdcə şəffaflığı güzgüsündə


Mənbə: http://www.openbudgetindex.org

Azərbaycan üçün OBI 2010-dan çıxan əsas tövsiyyələr bunlardır: “Vətəndaş büdcəsi” (citizens budget) və “Büdcə öncəsi bəyanat” (pre-budget statement) hazırlanmalı və yayılmalıdır; dövlət büdcəsi üzrə qanun layihələrinin, aralıq büdcə hesabatlarının və icra olunmuş büdcə üzrə hesabatların məzmunu və əhatəliliyi daha da zənginləşdirilməlidir; Parlamentdə ictimaiyyət nümayəndələrinin iştirakı ilə geniş tərkibdə açıq büdcə dinləmələri keçirilməlidir; Parlament yalnız büdcə layihəsi müzakirə olunanda və təsdiqlənəndə deyil, büdcə icra olunanda da onun üzərində nəzarət imkanları əldə etməlidir; Hesablama Palatasının (HP) rəyləri və audit hesabatları bütün büdcədənkənar fondları əhatə etməlidir. İndiki halda HP-nin Dövlət Neft Fondunun büdcəsi üzrə rəyləri açıqlanmır və orada hər hansı auditin aparılması haqda ictimaiyyətə heç bir məlumat verilmir. Eyni zamanda, bir sıra ölkələrdə ali audit institutu “qaynar xətt” təşkil etməklə vətəndaşlardan maliyyə intizamının pozulması faktları ilə bağlı müraciətləri qəbul edir. Bununla da paralel maliyyə yoxlamaları və audit aparılması imkanları daha da artır və vətəndaşların iştirakçılığı qismən təmin edilmiş olur.



Hökümət rəsmən bəyan etmişdir ki, 2011-2014-cü illərdə büdcə siyasətinin əsas məqsədlərindən biri məhz maliyyə intizamının gücləndirilməsi və şəffaflığın daha da artırılması olacaqdır. Büdcə siyasətinin təhlili və büdcə şəffaflığının artırılması mexanizmlərinin işlənməsi üzrə ixtisaslaşmış MBQ bu məqsədlərə çatmaq üçün hökümətlə əməkdaşlığa hazırdır.
Hesablama Palatasının rəyləri büdcə layihəsinin qiymətləndirilməsi üçün yetərli sayıla bilməz.
MBQ bu sənəddə ölkədə büdcənin təhlili və büdcə üzərində nəzarətdə müstəsna rol oynamalı olan Hesablama Palatasının (HP) rəylərinə də münasibətini açıqlayır. Beləliklə, HP-nin 2011-ci ilin dövlət büdcəsi layihəsinə və DSMF-nin büdcəsi haqqında layihəyə rəyinin mühüm hissəsi sadəcə büdcə rəqəmlərinin təqdim edilməsindən ibarətdir. Halbuki öz rəyində ali maliyyə nəzarəti qurumu və müvafiq sahənin ekspertlərinin birliyi olaraq HP büdcədəki rəqəmlərin ”quru” təhlilinə yox, büdcə siyasətinin büdcə qanunvericiliyinə uyğunluğunun araşdırılmasına, büdcə sənədlərinin məzmun baxımından təkmilləşdirilməsi üzrə təkliflərə, büdcə gəlirlərinin və xərclərinin təsnifatının təkmilləşdirilməsinə yönəlik təkliflərə, büdcə trendlərinin dəyişilməsini əsaslandıran və aydınlaşdıran peşəkar ekspertizaya geniş yer verməlidir. HP isə öz rəyində həm rəqəmlər, həm də əsaslandırma üzrə yalnız büdcə zərfinə, xüsusən büdcə zərfindəki 2011-ci ilin dövlət büdcəsi layihəsinin izahatı hissəsinə olduğu kimi istinad etməklə özünə məxsus olan yanaşmanı, təhlilləri və təklifləri ortaya qoymaqda çətinlik çəkir. Bu isə büdcənin icrası üzərində real nəzarətə imkan vermir.
Büdcə müzakirəsi zamanı prosedur tələblər yenə də pozulur
2011-ci ilin dövlət büdcəsi layihəsinin parlament müzakirəsinə gəlincə, onun ömrü son 5 illik müzakirə ilə müqayisədə ən qısa oldu. Belə ki, parlamentdə 3 gün fasiləsiz olaraq müzakirəsi planlaşdırılan ölkənin baş maliyyə sənədinə millət vəkilləri yalnız 2 gün münasibət bildirmək imkanlarına malik oldular. Bu azmış kimi 2011-ci il büdcə sənədinin ikinci dəfə təqdimatı da müazakirəsiz aparılaraq parlament təfəfindən qəbul edildi. Bu isə “Dövlət büdcə sistemi” haqqında Azərbaycan Respublikası qanununun, həmçinin parlamentdə büdcə prosesinin reqalementləşdirilməsi baxımından təkmilləşdirilməsinə ehtiyacın mövcudluğuna şübhə yaratmır. Çünki, ekspertizasını apardığım bir çox ölkələrun qanunvericiliyində dövlət büdcə layihəsinin parlament müzakirəsi üşün ayrılan vaxtının çox olması ilə yanaşı, onun müzakirəsi üzrə keçirilən oxunuşlar da reqlamentləşdirilmişdir.
Nəticə və təkliflər


  • 2011-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinə əsasən gələn ilin dövlət büdcəsinin gəlirlərinin artım tempinin əsasən ARDNF-nin transferləri hesabına təminatı fiskal dayanıqlılığı riskini çoxaldır. Odur ki, MBQ “fond-büdcə” münasibətləri üçün ciddi əsaslara söykənən maliyyə siyasəti direktivinin (fiscal policy guideline) qəbul edilməsini və transferlərin ARDNF aktivlərinin 30%-i həcmində limitləşdirilməsini məqsədəuyğun hesab edir. MBQ təklif edir ki, uzunmüddətli dövr üçün neft və qaz gəlirləri hesabına xərclərin proqnozlaşdırılması zamanı dəyişməz real xərclər prinsipi əsas götürülsün və bu strategiyanın əhatə etdiyi dövr ərzində nəzərdə tutulan xərclər üçün illik limit müəyyənləşdirilsin.

  • 2011-ci ilin büdcə layihəsində hüquqi şəxslərin mənfəət vergisi üzrə daxilolmaların dövlət büdcəsinin vergi gəlirlərinin formalaşmasında əhəmiyyətli mövqeyini itirməsi, xüsusilə də iri vergi ödəyicilərinin üzərinə kreditor və debitor borclarının tənzimlənməsi və onun ödənilməsi sahəsində mövcud olan problemlərin nəticəsi kimi qiymətləndirilir. Odur ki, MBQ büdcə gəlirlərinin təminatında birbaşa vergi gəlirlərinin yığım əmsalını artırmaq, vergi inzibatçılığını təkmilləşdirmək, vergi borclarının yaranma mənbələrini araşdırmağı tövsiyə edir.

  • Tədqiqatlar göstərir ki, dövlət büdcəsinin ARDNF-dən asılılığının artdığı kimi, Dövlət Sosial Müdafiə Fondunun da dövlət büdcəsindən asılılığı tendensiya halına çevrilir. MBQ bu narahatçılığı bölüşərək təklif edir ki, ARDNF-dən dövlət büdcəsinə transfer limiti tətbiq olunmaqla yanaşı, sığorta-pensiya sisteminin tətbiqi ilə əlaqədar olaraq dövlət proqramının icrasında nəzərdə tutulan islahat xarakterli tədbirlər (qeyri-dövlət pensiya fondunun yaradılması və s.) sürətləndirilməlidir.

  • MBQ höküməti dövlət büdcəsi daxilində məqsədli fondlar yaradılarkən onların təyinatını büdcə sənədlərində dəqiq ifadə etməyə və onların büdcə daxilində əlavə yükə çevrilməməsi üçün tədbirlər görməyə çağırır. Habelə hesab edir ki, “Məqsdəli büdcə fondları” haqqında əlavə tənzimləyici qanun layihəsi və təlimatların işlənib hazırlanması zərurəti vardır.

  • Tədqiqatlar göstərir ki, 2011-ci ilin büdcə layihəsində təsnifatlar vasitəsi ilə açılmayan xərclərin payı əvvəlki illərə nisbətdə artmaqda və detallı büdcə informasiyalarına çıxış məhdurlaşmaqdadır. Odur ki, MBQ məqsədli büdcə proqramları vasitəsilə təhsil və səhiyyə sahəsində xərclərin bölüşdürülməsi istiqamətində təşəbbüsləri alqışlayır və eyni zamanda mövcud proqram təsnifatının daha detallı tədimatnı və onun digər xərc maddələri üzrə də tətbqini məqsəduyğun hesab edir.

  • MBQ 2011-ci ilin büdcə zərfində təsnifatı və təyinatı bilinməyən “əsas bölmələrə aid edilməyən xərclər”in 2010-cu il üzrə dürüstləşdirilmiş büdcə ilə müqayisədə 78 faiz artırılmasından və bu bölmə üzrə xərclərin növbəti ilin dövlət büdcəsində xüsusi çəkisinin 15%-ə qədər artırılaraq ikinci böyük xərc maddəsinə çevrilməsi praktikasının, büdcə vəsaitlərinin gizlədilərək, mənimsənilməsinə yol açacağından narahatlığını bildirir və bu bölmə üzrə xərcləmərin istiqamətlərinin Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyənləşdirilməsini təklif edir.

  • MBQ Azərbaycan Respublikasında həyata keçirilən dövlət proqramları icrası ilə dövlət büdcəsi arasında qarşılıqlı əlaqənin zəifliyini qeyd edərək, onların icrası vəziyyətinin dövlət büdcəsi ilə optimal əlaqələndirilməsinin və büdcə siyasətinə mümkün təsirlərinin araşdırılmasını tövsiyə edir.

  • Mərkəzləşdirilmiş və yerli büdcə gəlir və xərclərinin strukturunun regionların inkişafı ilə bağlı olan və digər dövlət proqramlarının icrası aspektindən təhlili göstərir ki, ölkədə regionalr arasında olan iqtisadi inkişaf və böyümə fərqi (disbalans) qalmaqda davam edir. Hesablamalr göstərdi ki, regionlar büdcə gəlirlərinin yalnız 2.7%-ni verirlər. Odur ki, MBQ fiskal və inzibati idarəetmə sahəsində mərkəzsizləşdirmə siyasətinin genişləndirilməsini tövsiyə edir.

  • Araşdırmalar göstərdi ki, dövlət büdcəsinin bütün fiskal parametrləri kimi büdcə kəsirinin də proqnozlaşdırılmasında problem var. Bu həm büdcənin icrasındakı qüsurlar, həm də hökümətin iqtisadi blokundakı ümumi proqnozlaşdırma bazasının zəif olması ilə əlaqədardır. Eyni zamanda, hökümətin büdcə kəsirini orta müddətli dövrdə necə idarə etmək, onu illik və ya iqtisadi tsikllərə uyğun balanslaşdırmaq siyasəti demək olar ki, yoxdur. MBQ hesab edir ki, hökümət borclanma siyasəti ilə ümumi fiskal siyasəti mütləq uzlaşdırmalıdır.

  • MBQ parlamentdə büdcə prosesinin reqalementləşdirilməsi baxımından təkmilləşdirilməyə ehtiyacın artdığını qeyd edir və yaranmış hüquqi boşluğu doldurmağa və bu prosesi daha dəqiq tənzimləmək üçün Milli Məclisi “Büdcə Məcəlləsi”nin qəbuluna və bu sahədə MBQ ekspertləri ilə əməkdaşlığa dəvət edir.

  • MBQ hesab edir ki, Hesablama Palatasının rəyləri və audit hesabatları bütün büdcədənkənar fondları əhatə etməli, Hesablama Palatası Dövlət Neft Fondunun büdcəsinə dair rəylər hazırlamalı və açıqlamalıdır.

  • MBQ hesab edir ki, büdcə prosesində ictimai iştirakçılığı genişləndirmək məqsədilə hər il “Vətəndaş büdcəsi” (citizens budget) və “Büdcə öncəsi bəyanat” (pre-budget statement) hazırlanmalı və yayılmalıdır. Dövlət büdcəsi üzrə qanun layihələrinin, aralıq büdcə hesabatlarının və icra olunmuş büdcə üzrə hesabatların məzmunu və əhatəliliyi daha da zənginləşdirilməlidir.




12011-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinə əsasən gələn ilin dövlət büdcəsinin gəlirləri 12.061 milyard manat nəzərdə tutulur ki, bu da həmin ilin ÜDM-nin 30%-ni təşkil edəcək. Dövlət büdcəsinin mədaxil hissəsində vergi gəlirlərinin 2010-cu ilin proqnoz göstəriciləri ilə müqayisədə 2011-ci ildə 2.5 faiz bəndi azalmasına parallel olaraq ARDNF-dən dövlət büdcəsinə transfertlər 9.6% artaraq 6.480 milyard manatla büdcənin əsas gəlir mənbəyinə çevrilmişdir (ümumi mədaxilin 53.7%-i). Hesablamalar göstərir ki, dövlət büdcəsinin qeyri-neft gəlirlərinin qeyri-neft ÜDM-lə müqayisədə xüsusi çəkisində də azalma meyli vardır. 2011-ci il üçün büdcə hesablamaları zamanı neft gəlirləri 1 barel üçün 60 ABŞ dolları ilə, manatın
məzənnəsi isə 0.8 manat olmaqla aparılmışdır.

2 “Qlobal iqtisadi böhran və dövlət büdcəsi: Azərbaycan nümunəsi”. Milli Büdcə Qrupu, Bakı 2010.

3 Dünya Bankının “Azərbaycan Üzrə Ölkə Memorandumu”. Bakı. Dekabr 2009.

4 2011-ci ilin dövlət büdcəsi zərfi (1-ci cild), Bakı 2010

5 2011-ci ilin dövlət büdcəsi zərfi (1-ci cild), Bakı 2010

6 2011-ci ilin dövlət büdcəsi zərfi (6-cı cild), Bakı 2010

7 “2011-ci ilin dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun Layihəsi (01.10.2010)

8 2011-ci ilin dövlət büdcəsi zərfi (1-ci və 3-cü cildlər), Bakı 2010

9 http://www.openbudgetindex.org




Yüklə 195,16 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin