SUALLAR
1.İlahi iradə hansı mə’nada zati sifətlərdən və hansı mə’nada fe’li sifətlərdən sayılır?
2.İradə məfhumunu fe’li sifət adı ilə müəyyən etmək üçün məxluqlar ilə Allah arasında hansı növ rabitə nəzərdə tutulur?
3.Allahın iradəsi hüdus və kəsrətlə necə vəsf olunur?
4.İlahi hikməti bəyan edin.
5.Məsləhətin məfhumu necə əldə edilir?
6.Hansı mə’naya əsasən məxluqatın məsləhət, xeyir və kamalını yaradılışın hədəfi hesab etmək olar?
7.İlahi kəlamı şərh edin.
8.Mütəal Allahın sadiq olmasına əqli dəlil bəyan edin.
ON İKİNCİ DƏRS DÜZ YOLDAN ÇIXMAĞIN SƏBƏBİ
–Müqəddimə
–Yoldan azmağın səbəbləri
–Psixoloji səbəblər
–İctimai səbəblər
–İdeoloji səbəblər
–İnhiraf amilləri ilə mübarizə
MÜQƏDDİMƏ
Birinci dərsdə qeyd olundu ki, dünyagörüşü iki ümumi qismə – ilahi və materialist dünyagörüşünə bölmək olar. Onların arasında ən mühüm ixtilaf elmli və qüdrətli yaradanın olub-olmaması. İlahi dünyagörüş onu əsaslı bir prinsip kimi qəbul edir, materialist dünyagörüş isə inkar edir.
Əvvəlki dərslərdə Allahın varlığının isbat olunması, ən mühüm səlbi, sübuti, zati və fe’li sifətləri bu kitabın həcminə uyğun olan bir səviyyədə araşdırdıq. İndi bu əsas prinsipə e’tiqadın möhkəmlənməsi üçün maddi dünyagörüşü qısa şəkildə araşdırıb tənqid edirik ki, ilahi dünyagörüşün mövqeyini möhkəmlətməkdən əlavə materialist dünyagörüşün süst və əsassız olması da birbaşa aydın olsun.
Bu məqsədlə əvvəlcə ilahi dünyagörüşdən azıb inhirafa yuvarlanmanın, dinsizliyə yönəlmənin amil və səbəblərinə qısa işarələr edib daha sonra materialist dünyagörüşün zəif nöqtələrinin ən mühümünü izah edəcəyik.
DÜZ YOLDAN AZMANIN SƏBƏBLƏRİ
Bəşər tarixində dinsizlik və materializmin qədim keçmişi vardır. Arxeoloji qazıntılar və tarixi şahidlərin göstərdiyinə əsasən, bəşər tarixində yaradana olan e’tiqad həmişə mövcud olmuşdur. Qədim zamanlardan e’tibarən dinsiz və Allahı inkar edən (mülhid) şəxslər olmuşlar. Lakin dinsizlik 18-ci miladi əsrindən e’tibarən əvvəlcə Avropa ölkələrində güclənib, daha sonra isə yavaş-yavaş dünyanın digər məntəqələrinə yayılmağa başladı.
Bu hadisənin kilsə üsul-idarəsinin diktatorçuluq prinsiplərinə qarşı və məsihiyyətin ziddinə olan bir əksül-əməl kimi yaranmasına baxmayaraq, onun dalğaları başqa dinləri və məzhəbləri də bürüdü. Qərb ölkələrində dinsizliyə olan meyl onların sənətkarlıq və texnologiyası ilə yanaşı, dünyanın başqa ölkələrinə də nəql olunmuşdur. Son əsrdə marksizmin ictimai-iqtisadi təfəkkürü ölkələrin çoxunda yayılmış və insaniyyət üçün böyük bir bəlaya çevrilmişdir.
Bu inhirafçı nəzəriyyənin yaranıb inkişaf etmə və yayılma səbəbləri çoxdur və onların hamısının araşdırılması üçün ayrıca bir kitab yazılmalıdır.1 Lakin ümumi halda onu üç əsas amildə xülasələndirmək olar:
1.Psixoloji amillər. Yə’ni dinsizliyə meyl etmək üçün şəxslərdə yarana biləcək məqsədlər; hətta şəxsin özü bunun tə’sirindən agah olmaya da bilər. Onların ən mühümü rahattələblik, açıq-saçıqlığa meyl etmək və məs’uliyyət hissi keçirməməkdir. Belə ki, bir tərəfdən xüsusilə maddi və hiss olunan ləzzətlərlə uyğun gəlməyən tədqiqatın zəhmətləri tənbəl, rahatlıq axtaran və himməti olmayan şəxslərin tədqiqat aparmasına mane olur, digər tərəfdən heyvanlara məxsus olan qeydsiz-şərtsiz azadlıq, açıq-saçıqlıq, məs’uliyyət hissi keçirməmək və məhdudiyyətə razı olmamaq onların ilahi dünyagörüşə meyl etməsinin qarşısını alır. Çünki ilahi dünyagörüşü qəbul edib hikmətli yaradana e’tiqad bəsləmək bir sıra digər e’tiqadların da əsasını təşkil edir ki, onlar insanın bütün ixtiyari davranış və rəftarlarında məs’uliyyət hissi keçirməsini tələb edir. Bu da çox hallarda öz istəklərindən keçməsini və müəyyən məhdudiyyətləri qəbul etməsini istəyir. Bu məhdudiyyətlərin qəbul edilməsi şəxsin açıq-saçıqlıq meylləri ilə uyğun gəlmədiyindən bu heyvani hiss, hətta özünün agahlığı olmayan bir şəkildə olsa belə, insanın bu məs’uliyyətlərdən boyun qaçırmasına və nəticə e’tibarı ilə Allahın varlığını inkar etməsinə səbəb olur.
Digər psixoloji amillər də dinsizliyə meyl etməkdə tə’sirlidir və başqa amillərin ardınca yaranır.
2.İctimai səbəblər. Yə’ni bə’zi cəmiyyətlərdə yaranan xoşagəlməz mühitlər və ictimai şəraitlər, eləcə də dini işləri öhdəsinə alan şəxslər dinsizliyin yaranmasında, yaxud yayılmasında müəyyən rol oynayır. Belə bir şəraitdə əqli təfəkkür və idrak baxımından zəif olan, mövcud məsələləri düzgün şəkildə təhlil edib araşdıra bilməyən, hadisələrin həqiqi səbəblərini dərk edə bilməyən insanlardan çoxu bu kimi uyğunsuzluq və xoşagəlməz halların baş verməsində dindarların rol oynadığını bəhanə edərək bu məsələləri ideologiya və dinin hesabına yazır və belə təsəvvür edirlər ki, bu kimi xoşagəlməz şəraitin yaranmasına məhz dini e’tiqad səbəb olmuşdur. Buna görə də dindən uzaqlaşırlar.
Bu kimi amillərin nümunəsini Avropanın renesans dövründəki ictimai şəraitində mülahizə etmək olar: kilsə mə’murlarının siyasi, hüquqi və dini sahələrdəki yaramaz işləri camaatın məsihiyyətdən və ümumiyyətlə, din və dindarlıqdan uzaqlaşmasının mühüm amili olmuşdur.
Bu kimi amillərin tə’sirinə diqqət yetirməklə bütün din işçilərinə öz məs’uliyyətlərinin əhəmiyyətini və həssas mövqeyini dərk etmələri zəruridir. Onlar bilməlidirlər ki, onlardan baş verən yaramaz hərəkətlər cəmiyyətin yoldan azıb bədbəxtliyə düçar olmasına səbəb ola bilər.
3.İdeoloji səbəblər. Yə’ni şəxslərin zehninə gələn, yaxud başqalarından eşitdikləri şübhələr. Belə ki, çoxları onları dəf etməyə qadir deyil və onlardan müəyyən qədər tə’sirlənirlər. Heç olmazsa onların fikirlərinin təşvişə düşüb iztirablı olmasına səbəb olur. Nəticədə bu şübhələr yəqin və xatircəmliyin hasil olmasına mane olur.
Bu amillər də öz növbəsinə kiçik dəstələrə bölünə bilər, o cümlədən, hissə (təcrübəyə) meyldən yaranan şübhələr, yanlış əqidələrdən törənən şübhələr, düzgün olmayan bəyanlardan və zəif sübutlardan meydana gələn şübhələr, ilahi ədalət və hikmətin əksinə olduğu təsəvvür olunan xoşagəlməz hadisələrlə əlaqədar yaranan şübhələr, dini əqidələrin ziddinə qələmə verilən elmi fərziyyələrdən törənən şübhələr, bir sıra dini qanunlar və hökmlər, o cümlədən, hüquqi və siyasi məsələlər barəsindəki hökmlərlə bağlı yaranan şübhələr.
Bə’zən iki, yaxud daha artıq amil şəkk və tərəddüdə, inkar və dinsizliyə səbəb olur. Bə’zən də müxtəlif psixoloji çatışmazlıqlar şübhələrə şərait yaradır və öz ardınca fikirdə vəsvəsə kimi ruhi xəstəlik əmələ gətirir və bu xəstəliyə tutulan şəxs heç bir dəlillə, bürhanla qane olmur. Necə ki, əməldə vasvasılığa düçar olan şəxs yerinə yetirdiyi işin düzgün olmasına heç vaxt xatircəm olmur. Misal üçün əlini on dəfələrlə suya batırır, yenə də onun paklanmasına əmin olmur, halbuki elə əvvəldən pak imiş və paklamağa da ehtiyac yoxmuş!
İNHİRAFA SƏBƏB OLAN AMİLLƏRLƏ MÜBARİZƏ
İnhiraf amillərinin müxtəlif olduğuna diqqət yetirməklə aydın olur ki, onlardan hər biri ilə mübarizə aparmaq üçün xüsusi üslub, yer və şərait lazımdır. Məsələn, əxlaqi və psixoloji amilləri düzgün tərbiyə etmək və onların ardınca gələn zərərləri başa salmaqla aradan qaldırmaq olar. İkinci və üçüncü dərsdə din barəsində tədqiqat aparmağın zərurəti və ona qarşı laqeyd yanaşmağın zərərlərini bəyan etdik.
Eləcə də ictimai amillərin mənfi tə’sirlərinin qarşısını almaq üçün bu cür amillərin özünü büruzə verməsinin qarşısını almaqdan əlavə, gərək “dindarların əməlinin düzgün olmaması” ilə “dinin düzgün olmaması” arasında olan fərq aydınlaşdırılsın. Lakin ümumiyyətlə, ictimai və psixoloji amillərin tə’sirinə diqqət yetirməyin ən az faydası budur ki, şəxs özü bilmədən onların tə’siri altına düşməyi çox az hallarda baş verir.
İdeoloji amillərin mənfi tə’sirlərinin qarşısını almaq üçün də münasib üslublar seçmək lazımdır. O cümlədən, azdırıcı, inhirafçı əqidələri düzgün əqidələrdən ayırmaq, dini əqidəni isbat etmək üçün zəif və məntiqsiz dəlillərdən uzaq olmaq lazımdır. Həmçinin bunu aşkar etmək lazımdır ki, dəlilin zəif olması müddəanın düzgün olmamasına bir əsas deyildir.
Bütün inhirafçı və azdırıcı amillərin araşdırılması, onların hər biri ilə mübarizə yolunun müəyyən olunması kimi məsələlərin hamısının bəyan edilməsi bu kitaba sığmadığından, dinsizliyə meyletmənin amillərindən bir neçəsini və onlarla əlaqədar şübhələrin cavabını verməklə kifayətlənəcəyik.
Dostları ilə paylaş: |