QURANIN MÖCÜZƏVİ CƏHƏTLƏRİ
Quranın Allah kəlamı və möcüzəli bir kəlam olduğunu qısa şəkildə başa düşdükdən sonra onun bəzi möcüzəvi cəhətlərini araşdırırıq:
a) Quranın fəsahət və bəlağəti:
Qurani-kərimin möcüzə olmasının ilkin cəhəti onun fəsahəti (şirin söz üslubu) və bəlağətidir (söz ustalığıdır). Yəni Mütəal Allah Öz məqsədlərini bəyan etmək üçün hər bir məqamda sözlərin ən gözəlindən və ən dolğunundan, ən çox ölçülüb-biçilmişindən və gözəl ahəngindən müəyyən cümlə və ifadələr düzəltmişdir ki, bu da nəzərdə tutulan mənaları dinləyicilərə çox gözəl və dolğun şəkildə anladır. Yüksək mənalarla uyğun və münasib olan cümlə, ifadə və sözlərin, dəqiq mənaların seçilməsi o şəxsə müyəssər ola bilər ki, mənaların dəqiq incəliklərinə, sözlərin bütün xüsusiyyətlərinə, onların qarşılıqlı əlaqələrindən tam məlumatlı olsun, nəzərdə tutulan mənaların bütün yönlərini nəzərə almaqla, hal və məqamın tələbinə riayət etməklə ən gözəl sözləri və ifadələri seçə bilsin. Belə bir elmi əhatə də vəhy və ilahi ilham olmadan heç kəs üçün müyəssər ola bilməz.
Quranın cazibədar və mələkuti ahənginin gözəlliyi, gözəl söz üslubunda olması hamı üçün, məxsusən də ərəb dilinin qayda-qanunlarını, fəsahət və bəlağət fənlərini bilən şəxslər üçün məlumdur. Amma onun fəsahət və bəlağətinin möcüzə olmasının ayırd edilməsi o kəslərə müyəssər ola bilər ki, müxtəlif xitabət fənlərində məharət və ixtisasa malik olsun, onu başqa fəsahətli və bəlağətli sözlərlə müqayisə etsin və onun qarşısında öz qüdrətini yoxlaya bilsin. Bu iş də mahir ərəb şairlərinin öhdəsindən gəlirdi. Çünki Quranın nazil olduğu dövrdə ərəblərin ən böyük hünəri söz ustalığının ən yüksək zirvəsinə çatan xətiblik və söz ustası olmaq idi. Onlar gözəl şer nümunələrini ədəbi cəhətdən tənqid edib araşdırdıqdan sonra onların içərisindən ən gözəl incəsənət nümunəsi olan əsəri seçərək hamıya təqdim edirdilər.
Ümumiyyətlə, Allahın hikmət və inayəti hər bir peyğəmbərin möcüzəsini o dövrdə mövcud olan elm və hünərlə münasib olmasını tələb edirdi ki, onun bəşər əsərlərinə olan möcüzəli üstünlük və imtiyazını gözəl şəkildə dərk etsinlər. İmam Hadi (ə) İbni Səkkitin “Nə üçün Mütəal Allah həzrət Musanın (ə) möcüzəsini işıqlı əl və əsanı əjdaha etmək, həzrət İsanın (ə) möcüzəsini xəstələrə şəfa vermək və İslam Peyğəmbərinin (s) möcüzəsini Qurani-kərim qərar verdi?” deyə soruşduqda cavabında buyurmuşdu: “Həzrət Musanın (ə) dövründə camaat arasında yayılan hünər sehr və cadu olduğuna görə Mütəal Allah o Həzrətin (ə) möcüzəsini onların işinə oxşar qərar verdi ki, onun kimi işlər gətirməkdə özlərinin acizliklərini başa düşsünlər. Həzrət İsanın (ə) dövründə yayılan hünər təbabət olduğuna görə Mütəal Allah o Həzrətin (ə) möcüzəsini sağalmaz xəstələrə şəfa vermək qərar verdi ki, onun möcüzə olmasının gözəl şəkildə dərk etsinlər. Amma İslam Peyğəmbərinin (s) dövründə yayılan hünər gözəl söz ustalığı olduğuna görə Mütəal Allah Qurani-kərimi ən gözəl üslubda nazil etdi ki, onun möcüzəli üstünlüyünü başa düşsünlər.”1
Bəli, o əsrin ən böyük söz ustaları Vəlid ibni Muğeyrə Məxzumi, Ütbət ibni Rəbiə, Tüfeyl ibni Əmr Quranın son dərəcə fəsahət və bəlağətli olmasına, bəşər sözlərinin içərisində müqayisəolunmaz dərəcədə gözəlliyinə şəhadət verirdilər.2 Təqribən bir əsrdən sonra İbni Əbil Övca, İbni Müqəffə, Əbu Şakir Deysani, Əbdül Məlik Bəsri kimi şəxslər Quranla mübarizə aparmaq üçün öz qüdrətlərini yoxlamaq qərarına gəldilər və bir il müddətində vaxtlarını buna sərf etdilər. Lakin azacıq da olsa belə bir iş görə bilmədilər və nəhayət, hamılıqla bu ilahi kitabın əzəməti müqabilində aciz qalıb diz çökdülər. Məscidül-Həramda bir illik işlərini araşdırmaq üçün yığıncaq təşkil etdikləri zaman imam Sadiq (ə) onların yanından keçərək bu ayəni tilavət etdi:
“De: Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər.»3
Dostları ilə paylaş: |