b) Qurani-kərimi gətirən şəxsin ümmi olması.
Quran həcminin nisbətən kiçik olması ilə belə müxtəlif maarif, elm, əhkam, fərdi və ictimai qanunları özündə cəm edir. Bunların hər birinin də tam və dəqiq şəkildə araşdırılması uzun illər vaxt tələb edir. Bunlar barəsində tədqiqat aparmaq üçün mütəxəssis qrupları tələb olunur ki, tədricən bu hökmlərdə olan sirləri kəşf edərək daha artıq həqiqətlərə nail olsunlar. Bunu da qeyd edək ki, bütün həqiqətlər və onların sirlərinin kəşf olunması ilahi elmə malik olan, Allah tərəfindən dəstəklənən şəxslərdən başqalarına müyəssər ola bilməz.
Ən dolğun və gözəl maariflərə, ən yüksək əxlaqi göstərişlərə və dəyərli əxlaq normalarına, ən ədalətli və möhkəm hüquq sistemi və cəza qanunlarına, ən hikmətli ibadət əməllərinə, ictimai və fərdi hökmlərə, ən faydalı moizələrə və öyüd-nəsihətlərə, ən ibrətamiz tarixi hadisələrə, ən gözəl təlim-tərbiyə üslubuna malik olan, bir sözlə, bəşərin dünya və axirətdə ehtiyac duyduğu bütün prinsipləri əhatə edən, misli görünməmiş yeni üslubla yanaşı olan bu qanunlar elə bir səviyyədədir ki, cəmiyyətin bütün təbəqələri öz istedadlarının tutumu qədərincə ondan bəhrələnə bilərlər.
Bu qədər həqiqət və maarifin hamısının belə bir məcmuədə toplanması adi insanların qüdrət dairəsindən çox-çox yüksəkdədir. Amma onun qəribəliyini və möcüzəliyini artıran şey oudur ki, bu əzəmətli kitabı təlim görməmiş, dərs oxumamış, eləcə də yüksək mədəniyyətdən uzaqda olan bir mühitdə böyüyən şəxs təqdim etmişdir. Daha qəribəsi budur ki, besətdən əvvəlki qırx il müddətində bu kimi sözlərin nümunəsi və oxşarı ondan eşidilməmişdir. Risaləti dövründə də “ilahi vəhy” ünvanı ilə təqdim etdiyi şeylər xüsusi üsluba, vəznə, həmahəngliyə və tam uyğunluğa malik idi. Bu da onu onun (s) başqa sözlərindən tamamilə ayırd edirdi. Bu ilahi kitabın sözləri ilə o Həzrətin (s) digər sözləri arasındakı aşkar fərqlər dəqiq şəkildə müşahidə olunurdu.
Qurani-kərim bu məsələyə işarə edərək buyurur:
“Sən bundan əvvəl nə bir kitab oxumusan, nə də bir şey yazmısan. Əgər belə olsaydı, onda batilə uyanlar şəkk-şübhəyə düşərdilər.»1
Başqa bir ayədə buyurulur:
“De: Əgər Allah istəsəydi, mən onu sizə oxumazdım və Allah da onu sizə bildirməzdi. Mən ondan qabaq sizin aranızda ömür sürmüşəm. Məgər dərk etmirsinizmi?»2
Güclü ehtimala əsasən, “Bəqərə” surəsinin 23-cü ayəsi də (“Onun kimi şəxsdən bir surə gətirin”) möcüzənin məhz həmin cəhətinə işarədir. Yəni böyük ehtimala görə «mislihi» kəlməsindəki «hu» əvəzliyi «əbdina» kəlməsinə qayıdır.
Bir sözlə, əgər qeyri-mümkün fərziyyəyə əsasən yüzlərlə alim və mütəxəssis qrupu həmkarlıq nəticəsində bir kitab hazırlaya bilsəydi, məlumdur ki, dərs oxumamış, təhsil görməmiş bir şəxs bunun öhdəsindən əsla gələ bilməzdi.
Deməli, belə xüsusiyyətlərə malik olan kitabın təhsil almamış şəxs tərəfindən gətirilməsi onun digər möcüzəvi cəhətini göstərir.
Dostları ilə paylaş: |