ZATİ VƏ FELİ SİFƏTLƏR
Mütəal Allaha aid edilən sifətlər ya Allahın zatına aid olunan və Onun kamalına dəlalət edən həyat, elm, qüdrət kimi məfhumlardır. (Allahın) yaxud da xaliqiyyət və raziqiyyət kimi Mütəal Allahla Onun məxluqları arasında olan rabitədən irəli gələn məfhumlardır. Birinci qismə aid olan sifətlərə zati sifətlər, sonunculara isə feli sifətlər deyilir.
Bu iki qism sifətlər arasında əsaslı fərq bundan ibarətdir ki, birinci dəstədə Allahın müqəddəs Zatı ona aid olunan sifətlərlələ eynilik təşkil edir. Lakin ikinci dəstə sifətlər Mütəal Allah ilə məxluqat arasında əlaqədən irəli gəlir. Allahın zatı ilə məxluqatın zatı bu əlaqənin qarşılıqlı tərəfləri kimi nəzərə alınır. Məsələn, “xaliqiyyət” sifəti varlıq aləminin Allahın zatından olan asılılıqdan irəli gəlir və Allah və Onun məxluqatı bunun iki tərəfini təşkil edir. Allahın müqəddəs zatı və məxluqların zatı xaricində isə ayrılıqda yaratmaq adlı həqiqi bir şey mövcud deyildir. Əlbəttə, Mütəal Allah Öz zatında yaratmağa qüdrətlidir, lakin qüdrət Onun zat sifətidir, yaratmaq məfhumu isə əlavə bir məfhum olub fel məqamından irəli gəlir. Buna görə də “yaratmaq” feli-sifətlərdən sayılır. Amma yaratmağa qadir olmaq məsələsinə gəldikdə isə bu, qüdrət sifətinə qayıdır.
Allahın zati sifətlərinin ən mühümü həyat, elm və qüdrətdir. Eşitmək və görməyə gəldikdə isə əgər eşidilənlərə və görülənlərə alim olmaq, yaxud eşitmək və görməyə qadir olmaq nəzərə alınsa, bu halda eşitmək və görmək “əlim” və “qədir” sifətlərinə qayıdır. Əgər onlardan məqsəd fel olaraq eşitmək və görmək olsa, bu halda o, eşidən və görən Zatın eşidilməyə və görülməyə qabiliyyəti olan əşyalar arasındakı əlaqəsindən əldə olunur. Bu da feli-sifətlərdən sayılmalıdır. Belə ki, bəzən elm də həmin mənada işlədilir və “feli elm” adı ilə tanınır.
Bəzi mütəkəllimlər kəlam və iradəni də zati sifətlərdən hesab etmişlər ki, bu barədə sonralar söhbət olunacaq.
Dostları ilə paylaş: |