Hüzuri-elm birbaşa həqiqətlərin, gerçəkliklərin özünə nüfuz edir və buna görə də onda xətaya yer yoxdur, amma hüsuli-elm idrakı surət vasitəsilə baş verdiyindən zatən onda şəkk və tərəddüdə ehtimal verilir.1
Yəni insanın məlumat və elmləri içərisində ən çox yəqinliyə malik olanı hüzuri elm və şühudi məlumatlardır ki, bu da insanın öz nəfsinə, hisslərinə, atifələrinə və s. ruhi halətləri barəsində olan elmdən ibarətdir. Deməli, dərk edən, düşünən, qərara gələn «mən»in varlığında qətiyyən şəkk oluna bilməz. Eləcə də qorxu, mehr-məhəbbət, qəzəb, həyəcan, düşüncə və iradə barəsində də şəkkə yol yoxdur.
İndi belə bir sual yaranır ki, bu «mən» maddi və hiss olunandırmı və bu kimi ruhi halətlər də bədənin zahiri xüsusiyyətlərindən sayılır, yoxsa, onların varlıqları bədənin varlığından tamamilə başqadır? «Mən»in bədənlə çox sıx və qırılmaz rabitəyə malik olmasına və öz işlərindən çoxunu bədənin vasitəsilə yerinə yetirməsinə baxmayaraq, həm ona təsir qoyub, həm də ondan təsirlənirmi?
Yuxarıdakı müqəddiməyə diqqət yetirməklə bu sualın cavabı asanlıqla məlum olur. Çünki:
Əvvəla, «mən»i hüzuri elm ilə başa düşürük. Lakin bədəni hiss orqanları vasitəsilə dərk etməliyik. Deməli, «mən» (nəfs və ruh) bədəndən tamamilə fərqlənir.
İkincisi, «mən» elə bir varlıqdır ki, uzun illər boyu vəhdət halında və şəxsiyyətin həqiqətilə qalır və biz bunu xətaya yol verilməyən hüzuri elm ilə dərk edirik. Halbuki, bədən üzvləri dəfələrlə dəyişikliyə məruz qalır, əvvəlki və sonradan gələn üzvlər həqiqi bir vəhdət təşkil etmir.
Üçüncüsü, «mən» bəsit və hissələrə ayrılmayan bir varlıqdır. Misal üçün, onu «mənim yarım» olaraq iki yerə bölmək olmaz. Halbuki, bədənin üzvləri çoxdur və bölünməyə qabildir.
Dördüncüsü, hiss, iradə və sair kimi ruhi halətlərdən heç biri maddiyyatın əsl xasiyyətlərinə, yəni dartılma, bölünmə və s. malik deyildir. Belə qeyri-maddi işləri maddənin (bədənin) xüsusiyyətlərindən hesab etmək olmaz. Deməli, bu xüsusiyyətin əsası qeyri-maddi (mücərrəd) mahiyyətə malikdir.1
Ruhun varlığına, bədən öldükdən sonra onun müstəqil şəkildə qalmağına dair ən çox ürəyəyatan və xatircəmlik gətirən dəlillərdən biri doğru yuxulardır. Belə ki, bəzi şəxslər öldükdən sonra düzgün məlumatları yuxugörənin ixtiyarına verirlər. Eləcə də ilahi övliyaların kəramətləri və hətta yoqların işlərindən bəziləri də ruhun varlığı və onun mücərrəd olmasını isbat etmək üçün faydalıdır. Bu məsələ ilə əlaqədar geniş bəhs bu barədə olan müfəssəl kitablarda gətirilmişdir.
Dostları ilə paylaş: |