İXTİYAR BARƏDƏ İZAH
Qərar qəbuletmə və seçim qüdrəti insanın tanınmasından ötrü ən dəqiq yoldur. Çünki hər kəs daxilində xətaya yol verməyən hüzuri elmi vasitəsilə özünün ixtira sahibi olduğunu hiss edir. Ümumiyyətlə, insan məhz bu elm vasitəsilə özünün digər ruhi halətlərindən agah olur. Hətta, bir şey haqqında şəkdə olsa belə, şəkkin özünü heç bir tərəddüd etmədən hüzuri elmlə dərk edir.
Hər kəs batini aləmə azacıq diqqət yetirməklə anlayır ki, hər hansı bir sözü deyib-deməməkdə, yaxud əlini hərəkət etdirib-etdirməməkdə, yemək yeyib-yeməməkdə ixtiyar sahibidir.
İstənilən işi görməyə dair qərar qəbul etmək bəzən heyvani və qərizəvi meyllərin təmin olunması istiqamətində olur, məsələn, ac yemək istəyir, susuz şəxs su içmək istəyir. Bəzən də ürəyindən əqli istəklərini təmin etmək, yüksək insani məramları həyata keçirmək keçir. Məsələn, xəstə sağalmaq naminə acı dərmanı içir, amma ləzzətli xörəkdən çəkinir, yaxud elm əldə etmək və həqiqətləri kəşf etmək yolunda çalışan bir mühəqqiq maddi ləzzətlərdən keçir, əziyyətlərə sinə gərib qatlaşır, yaxud fədakar bir əsgər yüksək məramlara çatmaq yolunda həyatını belə qurban verir.
Həqiqətdə insanın dəyəri yalnız o zaman zahir olur ki, onun müxtəlif istəkləri arasında qarşıdurma yaransın və şəxs əxlaqi fəzilətlərə, əbədi ruhi kamallara və Allahın razılığına – qürb məqamına çatmaq üçün özünün alçaq və heyvani istəklərindən keçsin. Hər hansı iş daha artıq ixtiyar və daha çox agahlıq üzündən olan seçki ilə baş verərsə, ruhi və mənəvi təkamüldə, yaxud tənəzzüldə daha çox təsir qoyacaq, mükafat və cəza üçün daha artıq ləyaqət hasil edəcəkdir.
Əlbəttə, nəfsani istəklər müqabilində müqavimət qüdrəti bütün şəxslərdə və bütün şeylərə qarşı eyni səviyyədə deyildir, lakin hər insan bu ilahi nemətdən (azad iradədən) müəyyən qədər bəhrələnir. Nə qədər çox məşq edərsə, onu bir o qədər gücləndirə bilər.
Buna əsasən iradə və ixtiyarın varlığında heç şübhə yoxdur və insan müxtəlif şübhələrin zehnə düşməsi vasitəsilə təşviş keçirib bu cür açıq-aşkar şeyin varlığı barəsində özündə şəkk yaratmamalıdır. Qeyd etdiyimiz kimi, ixtiyarın varlığı ən aşkar prinsip və müddəa ünvanı ilə bütün tərbiyəvi və əxlaqi sistemlərdə, asimani din və şəriətlərdə qəbul olunmuşdur və onsuz vəzifə, təklif, məzəmmət, tərif, cəza və mükafat öz mənasını itirər.
Bu açıq-aşkar həqiqətdən azaraq cəbrə meyl etmənin səbəbi araşdırılıb cavab verilməlidir ki, vəsvəsə və şəkk-şübhəyə yer qalmasın. Buna görə də o şübhələrin ən mühümlərini qısa şəkildə araşdırırıq.
Dostları ilə paylaş: |