SUALLAR
1.Cəbrə meyletmə və onun yayılmasının səbəbini şərh edin.
2.Bu meylin pis təsirlərini bəyan edin.
3.İnsanın azad iradə və ixtiyarını izah edin.
4.Batini meyllərin təsiri və onları təhrik edən amillər insanın ixtiyarı ilə ziddirmi? Niyə?
5.Son dərəcə həyəcanlara və ağır şəraitlərin təsirinə məruz qalan şəxslərlə başqaları arasında fərq nədir?
6.İrsiyyətin, ətraf mühitin və ictimai şəraitin təsirləri cəbri gərəkli edirmi? Niyə?
7.Allahın əzəli elmi insanın ixtiyarını əlindən alırmı? Nəyə görə?
DİN NƏDİR?
–Qəza və qədərin məfhumu
–Elmi qəza və qədər və eyni qəza və qədər
–Qəza və qədərin insanın ixtiyarı ilə olan əlaqəsi
–Çoxlu səbəblərin təsir növləri
–Qəza və qədərə etiqadın əsərləri
QƏZA VƏ QƏDƏRİN MƏFHUMU
“Qədər” kəlməsi ölçü və əndazə, təqdir isə ölçmək, ölçü tutmaq və hər hansı bir şeyi müəyyən əndazədə düzəltmək deməkdir. “Qəza” işi birdəfəlik qurtarmaq, sona çatdırmaq, yekun mühakimə yürütmək mənalarında istifadə olunur (bu da bir növ etibari və şərti sona çatdırmaqdır). Bəzən bu iki kəlmə sinonim kimi “tale” mənasına işlədilir.
“İlahi təqdir” dedikdə məqsəd budur ki, Mütəal Allah hər bir varlıq üçün kəmiyyət, keyfiyyət, zaman və məkan baxımından xüsusi əndazə qərar vermişdir ki, bu da tədrici amil və səbəblərin təsiri altında gerçəkləşir. “İlahi qəza” dedikdə məqsəd budur ki, hər hansı bir hadisə və varlığın müqəddimati işləri, səbəb və şəraitləri mövcud olduqda onu son və labüd olan mərhələyə çatdırır.
Bu izaha əsasən təqdir mərhələsi qəza mərhələsindən qabaq olub, tədrici mərtəbələrə malikdir, yaxın, orta və uzaq müqəddimələrə də şamildir. O bəzi səbəb və şəraitlərə uyğun dəyişilir. Məsələn, rüşeymin nütfədən ələqə və müzğə mərhələlərini keçib kamil bir insan formasına düşdüyü tədrici yol onun təqdirinin müxtəlif mərhələləridir ki, zaman və məkan parametrlərinə də şamildir. Onun hər hansı mərhələlərin birində düşməsi onun təqdirindəki dəyişiklik hesab olunur. Lakin qəza mərhələsi tədrici deyil, birbaşa olub bütün səbəb və şərtlərin yaranması ilə əlaqədardır və bu, labüd, dəyişikliyə qabil olmayan bir işdir.
“Allah bir şeyi hökm edəndə ona “ol!” deyir, o da dərhal vücuda gəlir.”1
Qeyd olunduğu kimi, qəza və qədər sinonim şəklində də işlənir, buna görə də labüd və qeyri-labüd olaraq iki yerə bölünür. Bu mənada ki, rəvayətlərdə və dualarda “qəzanın dəyişdirilməsi” adı ilə qeyd olunur. Məsələn, sədəqə vermək, valideynə ehsan və yaxşılıq etmək, qohum-əqrəba ilə əlaqələri bərqərar etmək, dua oxumaq qəzanın dəyişdirilməsi amilləri kimi təqdim olunmuşdur.
Dostları ilə paylaş: |