1.3 Fiqh və Üsulları İslam hüququnu öyrənən xüsusi elm fiqh adlanır. Bəli, fiqh İslam hüquq sistemini öyrənən üsullar haqqında elmdir və hərfi mənası etibarilə idrak etmə, anlama mənalarını verir. Fiqh elmində müxtəlif üsullar (üsul – al – fiqh ) vardır ki, bu üsulların da qısaca nəzərdən keçirilməsi faydalıdır. Alimlər müəyyən hallarda məhz bu üsullara söykənərək hökm verirlər. Həm də bu üsullar ayrı – ayrı hallarda hökm mənbəyi kimi də çıxış edir.
İstislah – şəriətə zidd olmayan məsələlərdə, müxtəlif alternativlər arasından cəmiyyət üçün ən məsləhətli olanını seçməkdir. Daha da sadə tərzdə ifadə etsək, istislahda əsas kriteriya məsləhətin ciddi şəkildə araşdırılması və bu məsləhət üzrə hökmün verilməsidir. Lakin, əvvəldə də qeyd edildiyi kimi, istislah şəriətə açıq – aşkar zidd olmamalı və harama (şəriətlə ciddi qadağan olunan əməllər) yol açmamalıdır.
İstihsan – hərfi mənası etibarilə daha üstün olan bir şeyi etmək, təqdir etmək anlamına gəlir. Hüquqi konsepsiya kimi isə hökm zamanı ümumi üsul və qaydalardan yayınaraq qüvvətləndirici dəlil səbəbiylə cari vəziyyətlə əlaqəli, xüsusi qiyas vasitəsilə fərqli bir hökmün verilməsini nəzərdə tutur. Bu zaman mümkün variantlardan biri də, hökm verən alimin məsləhəti nəzərə alaraq istihsan üsuluna əl atmasıdır.