3.8 İslam Bankçılığı və İslam Maliyyəsi xidmətləri Azərbaycana nə verə bilər? Məlumdur ki, Azərbaycan müstəqillikdən sonra iqtisadi inkişafda çox önəmli uğurlar əldə edib. Bu iqtisadi inkişafın əsas təkanverici qüvvəsi neft və qaz sənayesi olub. İndi isə hədəfdə duran və qarşıya qoyulan əsas məqsədlərdən biri də qeyri – neft sektorunun inkişafıdır. Bu mənada Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin 2012 – ci il 29 Dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə Baxış İnkişaf Konsepsiyası”nın xüsusi əhəmiyyəti var. İslam Bankçılıq modeli və spesifikliyi ilə fərqlənən İslam Maliyyəsi alətləri bu hədəflərə çatmaqda alternativ effektli vasitələrdən biri kimi nəzərdən keçirilməlidir. Zənnimcə İslam Bankçılıq modeli və İslam Maliyyəsi xidmətləri Azərbaycanda geniş şəkildə tətbiq edilərsə və dövlət tərəfindən hərtərəfli tam hüquqi dəstək alarsa, konkret olaraq kiçik və orta sahibkarlığın, kəndli və fermer təsərrufatının inkişafında, ölkəyə əlavə investisiyaların cəlb edilməsində və ümumilikdə maliyyə sektorunun diversifikasiyasında, eləcə də müəyyən sosial problemlərin həllində rol oynaya bilər. Bu müddəaları aşağıdakı kimi detallaşdırmaq olar:
1Muşarakah və Mudarabah alətləri (mənfəət və zərərin bölüşdürülməsi mexanizmi) kiçik və orta sahibkarlığın davamlı inkişafına səbəb ola bilər.
1.1 Mudarabah və Muşarakah alətləri sahibkarlar üçün ənənəvi kredit mexanizmlərindən fərqli olaraq risklərin azaldılması imkanlarını təmin edəcək.
1.2 Mudarabah xüsusilə yaxşı biznes ideyaları olan və ilkin investisiyası olmayan kreativ sahibkarlar üçün çox cəlbedicidir. Üstəgəl bu alət zərərin tamamilə bankın (İslam Bankının) hesabına ödənilməsini nəzərdə tutur.