AKİF ƏLİ:
«DİFFAMASİYA HAQQINDA» QANUN LAYİHƏSİ HAZIRLAMAQANSA TƏHQİRƏ, BÖHTANA YOL VERİLMƏMƏSİ HAQQINDA QANUN QƏBUL EDİLSİN»
2007-09-20 - 14:56:00
«Media forum» saytının suallarını Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli cavablandırır.
|
|
Akif Əli 1952-ci il fevralın 22-də Şuşada doğulub. Orta məktəbi Bakıda bitirib. M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun məzunudur.
1974-1978-ci illərdə bir neçə bədii filmdə əsas rollara çəkilib: «Uzun müharibədə qısa görüşlər»də («Tacikfilm») Rüstəm, «Tütək səsi»ndə Tapdıq, «Arxadan vurulan zərbə»də Fazil müəllim, «Əgər biz bir yerdəyiksə...» bədii televiziya filmində Məmməd obrazlarını yaradıb.
1978-1987-ci illərdə Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müxtəlif vəzifələrdə çalışıb. Radionun «Satira və yumor» şöbəsində kiçik redaktor, redaktor və şöbə müdiri vəzifələrində işləyərkən bir neçə populyar Radio verilişinin («Sabahınız xeyir», «Molla Nəsrəddin», «Gülüş axşamı»), Televiziyanın Gənclər üçün proqramlar baş redaksiyasının Baş redaktoru vəzifəsində çalışarkən isə Televiziya proqramlarının («Zəriflik», «Aygün», «7 sual, 7 cavab» televiktorinası, «İdrak», «Tələbə dünyası», «Teleteatrda gənclər gecəsi», «Çay, çay, çay!», «Mənəvi dünyamız») yaradıcısı, müəllifi, yaxud redaktoru olub.
1989-cu ildə Bakı Ali Partiya Məktəbini bitirib.
1990-cı ildə «Vətən səsi» qəzetinin yaradılmasında iştirak edib və 1991-93 -cü illərdə həmin qəzetin baş redaktoru vəzifəsində çalışıb.
Eyni zamanda elmi-pedaqoji fəaliyyətlə məşğul olaraq Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda (indiki Dövlət İdarəçilik Akademiyası) baş müəllim, dosent və Mədəniyyətşünaslıq kafedrasının müdiri (1992-94) işləyib.
1994-cü ildən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışır.
Filologiya elmləri namizədidir. Ailəlidir, iki övladı var.
- Akif müəllim, sizə özünüzü təqdim etmək təklif olunsa, nə deyərdiniz? Kimdir Akif Əli? Yazıçı, jurnalist, ya dövlət məmuru? Hələ siz filmlərə də çəkilmisiniz, yəni aktyorluq da eləmisiniz. Hansı iş daha çox ürəyinizcə olub?
Akif Əli: - İlk növbədə böyük millətpərvər, böyük vətənpərvər, böyük insanpərvər və böyük hüquqşünas Əli Məhərrəmovun oğludur. Elə ona görə də mən atama layiq övlad olmaq üçün rəsmi şəkildə familiyamı dəyişdirib onun adını soyadı kimi götürmüşəm. Hər zaman həyatda çalışmışam ki, ona layiq olum. O, erkən vəfat edib, artıq mən onun vəfat etdiyi yaş həddini də keçmişəm.
İxtisasca filoloqam, elmlər namizədiyəm. Hesab edirəm ki, həyatda özümü ifadə etməyimin ən məqbul forması elmi, ədəbi-bədii yaradıcılıqdır. Yazıçı peşəsini şərəfli hesab edirəm, yazı yazan adamın ömrü mürəkkəb və çətin keçər. Eyni zamanda bu mürəkkəb, çətin həyat yolundan məmnunam. Bu sahədə uzun illərdir çalışıram, radioda, televiziyada, qəzetdə işləmişəm, bir çox bədii yazılarım olub, onların arasında çox maraqlı, - oxucunun və ya tamaşaçının rəyinə görə deyirəm, - satirik nümunələr, miniatürlər, felyotonlar, ssenarilər də var.
Siz də qeyd etdiyiniz kimi, ilk gənclik illərində kinoda da işləmişəm. Hesab edirəm ki, filmlərdə yaratdığım bir neçə obraz yaradıcılıq ömrümün qızıl səhifələridir. Ancaq yenə də özümü elmi-ədəbi yaradıcılıq fəaliyyətində daha rahat hiss edirəm.
- Necə oldu ki, humanitar sferanın adamı olan Akif Əli Nazirlər Kabinetinin mətbuat xidmətinə rəhbər təyin olundu? Nazirlər Kabineti hər halda humanitar sferadan uzaq bir sahə təsiri bağışlayır...
- Prinsipcə, mənim həyatımda paralelliklər olub. Bir yandan mətbuat işilə məşğul olmuşam, digər yandan pedaqoji fəaliyyətlə. Ali məktəbdə kafedra müdiri işləmişəm, mühazirələr oxumuşam, başqa bir yandan dövlət idarəçiliyində çalışmışam, Bakı Ali Partiya Məktəbini ideoloji iş ixtisası üzrə bitirmişəm, belə deyək ki, dövlət idarəçiliyinin sirlərinə yaxından bələd olmuşam.
Mən 1989-93-cü illərdə SSRİ rəhbərliyinin müdafiə etdiyi erməni təcavüzünü gördükdən sonra rəsmi siyasi xəttə müxalif mövqedə durmuşam. Bunu publisistik yazılarımda da tam çılpaqlığı, kəskinliyi ilə bildirmişəm. Müasir Azərbaycan mətbuatında ilk müstəqil qəzetlərdən olan «Vətən səsi»nin yaradılmasında bilavasitə yaxından iştirak etmişəm, 1991-93-cü illərdə onun baş redaktoru olmuşam. Qəzetin əsas qayəsi erməni təcavüzünə məruz qalmış qaçqın soydaşlarımız haqqında həqiqətləri dünyaya yaymaq, onların ağrı-acısını mümkün qədər ovutmaq, eyni zamanda Azərbaycanda gedən siyasi proseslərə qiymət vermək və Azərbaycanın düşdüyu girdabdan çıxmağın yolunu göstərmək idi.
Bizim əsas ideya xəttimizə görə, Azərbaycanı düşdüyü bəlalardan xilas edəcək alternativsiz şəxsiyyət yalnız Heydər Əliyev idi. O zaman o, Naxçıvanda idi, Bakıda ona qarşı münasibət tamamilə başqa cür idi. Bunlara baxmayaraq əlaqələrimiz var idi, münasibətlərimiz davam edirdi. Onun haqqında materialları çap edib yayırdıq. Ulu öndər 1993-cü ildə həqiqətən də yenidən hakimiyyətə gəldi və Azərbaycanı, xalqı, dövləti uçurumdan xilas etdi.
Beləliklə, 1994-cü ildə mən böyük öndərimizin xeyir-duası ilə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olundum. Bu o vaxtlar idi ki, oktyabr hadisələri - dövlət çevrilişi cəhdləri baş verirdi, mürəkkəb bir dövr idi. Daha sonra 1995-ci ilin mart çevriliş cəhdləri oldu, yəni Azərbaycanın müstəqilliyinin sınağa çəkildiyi zamanlar idi. Mən çox məmnunam, şadam ki, o ağır illərdə böyük şəxsiyyətin Azərbaycanın dövlət müstəqilliyini necə qoruduğunu yaxından müşahidə etmək imkanım olub. İndiki gördüyümüz tam müstəqil, heç bir təhlükə gözlənilməyən, daxili sabitliyi, beynəlxalq nüfuzu olan Azərbaycan dövləti həmin ağrılı-acılı illərin nəticəsidir ki, bu tarixi işi yalnız Heydər Əliyev kimi qüdrətli bir şəxsiyyət bacara bilərdi, bacardı da.
Həmin illərdən Nazirlər Kabinetində çalışıram. Əsas vəzifəm ictimaiyyətlə, KİV-lə hökumət aparatı arasında əlaqə qurmaq, körpü yaratmaqdır. Mətbuatda qazandığım təcrübə işimdə köməyimə gəlir.
- Mətbuat xidmətinin rəhbəri kimi gününüz necə başlayır?
- Günüm səhər saat 6-da başlayır. Saat 8-də evdən çıxıram ki, saat 9-adək mütləq iş başında olum. Çünki günün birinci yarısında iş daha gərgin keçir. İlk növdəbə xidmətimizə gələn bütün qəzetlərlə tanış olmalı, rəhbərliyə məlumat verməliyəm. Bundan başqa poçta baxmaq, rəhbərliyin müxtəlif tapşırıqlırını icra etmək, daxili iclaslar, yazı-pozu, təşkilati işlər və sair olur.
Bütün bu işlərin arasında isə gün ərzində çoxsaylı müxbirlərdən, televiziya, radio, qəzet, agentliklərdən, ayrı-ayrı təşkilatlardan, vətəndaşlardan telefon zəngləri olur. Onların hamısının suallarına cavab verə bilməsəm də, çalışıram ki, imkanım, səlahiyyətim, gücüm daxilində istədikləri məlumatları tapım, deyim, çatdırım.
- Ümumiyyətlə, mətbuat xidmətinin rəhbəri Nazirlər Kabinetində kimə tabedir? Birbaşa Baş nazirlə işləyirsiniz, yoxsa başqa bir şəxsin kurasiyasındasınız?
- Hər bir idarənin işlərinə məsul təbii ki o idarənin birinci şəxsidir. Bütün xətt-hərəkəti o müəyyən edirsə, ən mürəkkəb sahələrdən biri olan informasiya siyasəti də birinci şəxslə əlaqələndirilməlidir. Bütün dövlət strukturlarında mətbuat xidmətləri birbaşa idarə rəhbərinə tabe olur. Eyni zamanda biz də bilavasitə Baş nazirin tabeçiliyində çalışırıq.
- Siz Azərbaycanda mətbuat xidməti institutunun vəziyyəti haqda nə deyə bilərsiniz? İndi irili-xırdalı bütün dövlət qurumlarının, şirkətlərin, idman federasiyalarının mətbuat xidməti strukturları yaradılıb. Azərbaycanda bu institut özünü tam təsdiq edə bilibmi? Yəni bizim mətbuat xidmətləri jurnalistlərlə dövlət qurumları arasında etibarlı vasitəçi ola bilirmi?
- Azərbaycanda bu institut yeni yaranıb və onu 100-200 illik tarixi təcrübəsi olan digər demokratik quruluşlu ölkələrin anaoloji xidmətləri ilə müqayisə etmək düzgün olmazdı. Biz tam formalaşmış, dünya standartları səviyyəsinə çatmasaq da, yarandığımız ibtidai mərhələdən xeyli irəli getmişik, bu illər ərzində respublikamızda bu institut çox təkmilləşib.
O ki qaldı, xırda qurumlara... Bir vaxt vardı, hamı «budka» açırdı, sonra hamı qəzet açmağa başladı, sonra şadlıq evləri tikdirməyə başladılar. Yəni bizdə bir dəbə uymaq adəti var... Bizdə bir də görürüsən ki, az tanınan ara müğənnisidir, onun da «mətbuat xidməti», cangüdəni var... Bu artıq yumoristik situasiyadır...
- Bəs son 10 ildə mətbuat nə qədər inkişaf edib?
- Mən deyərdim ki, artıq peşəkarlıq dərəcəsi kifayət qədər yüksəlib. Xüsusən informasiyanın ötürülməsi sahəsində müxbirlər daha peşəkarlaşıblar. İndi elə gənc müxbirlər meydana çıxıb ki, böyük bir tədbirdə iştirak edir, dərhal onun əsas məğzini anlayır və qısa, konkret halda yayır. Amma 10 il əvvəl jurnalistlərdə daha çox yersiz və gərəksiz şərhçiliyə meyl var idi.
- Qəzetçilər, başqa KİV-lərin təmsilçiləri hərdən mətbuat xidmətlərindən gileylənirlər. Sizin qəzetlərdən, TV və radiolardan hansı gileyiniz var?
- Bir çox hallarda müşahidə etmişəm ki, agentliklərin, qəzetlərin narazı qalmalarına əsas səbəb mətbuat xidmətinin fınksiyasını özləri üçün tam dəqiq müəyyənləşdirə bilməmələridir. Onlar elə düşünür ki, mətbuat xidməti mətbuata xidmət etmək üçün yaranıb. Halbuki dövlət idarəsinin mətbuat xidməti məntiqə görə dövlət maraqlarından çıxış etməlidir. Jurnalistin istəyib-istəməməsindən asılı olmayaraq ona verdiyimiz informasiyalar elə verə bildiyimiz qədərdir.
O başqa məsələ ki, hansısa informasiya kütləviləşmək üçün nəzərdə tutulub, ancaq biz onu qəsdən saxlayırıq... yox, bizdə belə praktika yoxdur. Axı hansısa bir qərar əhali üçün nəzərdə tutulubsa, onu mütləq yayırıq, hansısa məlumat ictimaiyyətə çatdırılmalıdırsa, biz onu dərhal çatdırırıq. Ola bilər ki, hansısa informasiya jurnalist üçün xəbərdir, amma bizim üçün hələ informasiya deyil. Məsələn, jurnalist soruşur ki, filan sənədin üzərində gedən iş barədə mənə məlumat ver. Amma yaddan çıxarmaq olmaz ki, bizim üçün tamamlanmamış sənəd rəsmi informasiya mənbəyi deyil. Bir çox nüanslar ola bilər, dəyişikliklər, yeniləşmələr baş verə bilər. Yalnız bütün işlər tamamlandıqdan sonra hər hansı bir sənəd haqda rəsmi informasiya verilə bilər. Qeyri-rəsmi informasiyalar isə bizim fəaliyyət dairəmizə daxil deyil. Çünki biz yaydığımız hər informasiyaya cavabdehik. O xəbərə ki təkzib veriləcək, o, informasiya deyil, şaiyədir...
Kimdənsə ən böyük narazılığım, gileyim etika çərçivəsi ilə bağlı ola bilər. Bu problemlə ilgili mətbuatda da çıxış etmişəm. Etik məsələləri jurnalistika üçün vacib hesab edirəm və günü-gündən mətbuatda etika pozuntusu hallarının azaldığı müşahidə olunur. Belə bir problemin tədricən tamamilə aradan çıxacağına da inanıram.
- Biz bu sualı müsahibimiz olmuş başqa KİV rəhbərlərinə də vermişik. Azərbaycanda söz və mətbuat azadlığının durumunu 5 ballıq şkala ilə qiymətləndirsəniz, ona neçə verərdiniz?
- Azərbaycanda söz və mətbuat azadlığı kifayət qədirdir. Rəqəmlə ifadə etməyə çətinlik çəkirəm. Çünki söz və mətbuat azadlığı konkret, bitkin, sonu olan bir anlayış olmadığına görə onu konkret şkala ilə qiymətləndirə bilmərəm. Bəlkə 10 ballıq, bəlkə 100 ballıq şkala lazımdır?... Ancaq bu bəllidir ki, bizdə söz və mətbuat azadlığı üçün kifayət qədər baza yaradılıb...
- Bu gün ölkədə xeyli jurnalist həbsdədir. Onların bir qismi Cinayət Məcəlləsinin böhtan və təhqir maddələriylə təqsirli biliniblər. İndi cəmiyyətdə belə bir çağırış var ki, böhtana və təhqirə görə cinayət təqibi götürülməlidir. Sizin fikriniz necədir?
- Bu gün Azərbaycanda jurnalist fəaliyyətinə görə həbsdə olan adam yoxdur. Əgər həbsdə jurnalistika sahəsində çalışan kimlərsə varsa, onlar Cinayət Məcəlləsinin konkret maddəsilə təqsirləndirilən, qanun pozuntuları törətmiş şəxslərdir. Biz mövzunun sərhədlərini gəl belə çızaq: hər hansı bir qanun pozuntusu varsa, çərçivədən çıxma varsa, cəmiyyət daxilində onun özünə uyğun cəzası da var və olmalıdır. Cinayət və cəza əbədi problemdir. Bəşəriyyətdə o həmişə olub və olacaq. İnsan varsa, cinayət də olacaq və hüquqşünaslar da belə əməl sahibini məsuliyyətə cəlb edəcəklər.
Ancaq Azərbaycanda kiminsə jurnalist işinə görə həbsi halı yoxdur. Siz yəqin ki, «Diffamasiya haqqında» qanunun qəbul edilməsi ətrafındakı məsələləri nəzərdə tutursunuz. Mən hesab edirəm ki, böhtan və təhqir konkret cinayət əməlidir, əgər cinayət əməlidirsə, onda məsuliyyəti də olmalıdır. Dünyanın hər yerində bir sözə görə adam öldürüblər, söz üstündə sərkərdələr döyüşüb, uzun sürən müharibələr başlayıb. Xoşagəlməz replikaya görə iri-iri dövlətlər münaqişəyə qalxıb.
Bunu belə qələmə vermək ki, təhqir və böhtana görə məsuliyyət olmasın, - mən bununla razı deyiləm. Nəinki bizim cəmiyyət, heç insanlıq hələ buna hazır deyil. İnsan varsa, şəxsiyyət varsa, o, Yer yzərində daim xeyir və şər arasında vurnuxursa, mütləq orada şərə doğru addımın cəzası olmalıdır. Mən təklif edərdim ki, «Diffamasiya haqqında» qanun layihəsi hazırlamaqansa «Təhqirə, böhtana yol verilməməsi haqqında» qanun qəbul edilsin. Bütün cəmiyyət buna getsin, hamıya anladılsın, alışdırılsın ki, heç kəsin şəxsiyyətini təhqir etmək olmaz, heç kəsin ailə işinə qarışmaq olmaz, heç kəsə şər, böhtan atmaq olmaz...
- Lap əvvəlki suala qayıdırıq. Siz yaradıcı adamsınız, işdən vaxt qalırmı yazı-pozuya...
- Kompüterim hər vaxt açıq olur. Həm işdə, həm də evdə. Bir qədər əvvəl məzuniyyətdə idim. Bu müddət ərzində çox səmərəli işləmişəm. Yeni tərcümə işləri, vaxtilə yazdığım yazıların yeni redaktələri var. Son olaraq ilk dəfə sizə deyim ki, Qarabağ haqqında bir kinossenari yazırdım, nəhayət, onu da bu günlərdə başa çatdırmışam. İnşallah, nəticəsini gözləyək.
- Yaradıcı adamlar üçün bütün yaratdığı əsərlər əziz olur. Amma yenə də içərisində hansısa seçilir, elədirmi?
- Belə məqalələrim, satiralarım, elmi işlərim, ssenarilərim, kitablarım var. «Öncə vətəndir» adlı kitabım mənə çox əzizdir. Oradakı bədii-publisistik yazıları dəyərli yazılar hesab edirəm.
2004-cü ildə «Böyük ömrün anları» adlı kitabım nəşr olundu. İctimaiyyət də onu uğurlu kitab hesab etdi. Bu kitab türk dünyasının iki böyük şəxsiyyəti haqqında - Heydər Əliyev və Atatürkün həyat yolundan bəhs edir. Kitabda bu böyük şəxsiyyətlərin həyat yolları özlərinin aforistik ifadələri və foto-görüntüləri ilə paralel olaraq izlənir. Bu paralellikləri mən elə qurmuşam ki, istər məişətdə, istər dövlət xidmətində, istər ailə daxilində, istər istirahətdə bu şəxslərin fikirləri, sözləri, fotolardakı duruşları, baxışları, davranış tərzləri demək olar eynidir, oxşardır, hətta identikdir.
Ən sonuncu kitabım bu ilin əvvəlində çap olunan «İdrak»dır. O mənim sevimli kitablarımdan biridir, ona görə ki, burada ilk gənclik illərimdə, böyük əsərlər yaratmaq arzusu ilə yaşayan vaxtlarda yazdığım bir çox qeydlər - deyimlər, ifadələr, süjetlər, ideyalar toplanıb... Ancaq təəssüf ki, həyat arzuladığımız kimi getmir... Bu kitabı öz ad günümdə özümə hədiyyə etdim. Kitab mənim gənclik illərimin xatirəsidir. Bəlkə elə buna görə də mənə bu qədər əzizdir.
«Media forum»
Dostları ilə paylaş: |