Sual: Mütəşabeh ayələrin hansı nümunələri var?
Cavab: Quranda oxuyuruq: “Qiyamətdə gözlər öz Allahlarına baxar.” (“Qiyamət”, 23) Sağlam əql Allahın cisim olmadığını qavrayır. Quranın digər ayələrində buyurulur: “Gözlər onu dərk etməz.” (“Ənam”, 103) Anlaşılır ki, Allaha baxış qiyamətdə Onun lütf və mükafatına baxışdır. Başqa bir ayədə “Allahın əli” ifadəsi işlədilmişdir. Şübhəsiz ki, bu təbirdə məqsəd Allahın qüdrət əlidir. Öz dilimizdə də “filankəsin filan işdə əli var” deyirik. Məlum məsələdir ki, Allah cisim olmadığından Onun əl-ayağı haqqında danışmağa dəyməz. Quranda buyurulur: “Onun oxşarı yoxdur.” (“Şura”, 11) Bu sayaq ayələr həqiqi təfsirçi olan peyğəmbər Əhli-beytindən ayrı düşən və digər ayələrə nəzər salmayan sadəlövh insanların çaşqınlığına səbəb olmuşdur. Bəlkə də Quran bu təhlükələri nəzərə alaraq bizə tapşırır ki, Quran oxuyarkən şeytanın şərindən Allaha pənah aparaq.2
Sual: Quranın təvili nə deməkdir?
Cavab: “Təvil” dedikdə sonradan aydınlaşası, pərdə arxasındakı hədəflər, maarif və sirlər nəzərdə tutulur. Məsələn, həzrət Yusifin gördüyü yuxu sonradan aydınlaşdı. Xızır və Musanın əhvalatında gəminin sındırılması səbəbinin sonradan aydınlaşması da deyilənlərin bir nümunəsidir.
◘Rəvayətdə oxuyuruq: Nəsx edən ayələr Quranın möhkəm, nəsx olmuş ayələr isə onun mütəşabeh ayələrindəndir. Elmdə möhkəm olanların nümunəsi məsum imamlardır.1 İslam hakimlərinə qarşı çıxanlar isə mütəşabeh ayələr arxasınca gəzən dolaşıq fikirli insanlardır.2
◘Həzrət Əli (ə) “Nəhcül-bəlağə”də elmdə möhkəm olanlar haqqında xoş sözlər söyləyir. Belələri öz elmi acizliklərini etiraf edir, zəruri olmayan məsələlərdə dərinə getmirlər.
Dostları ilə paylaş: |