AYƏ 187:
﴿ وَإِذْ أَخَذَ اللّهُ مِيثَاقَ الَّذِينَ أُوتُواْ الْكِتَابَ لَتُبَيِّنُنَّهُ لِلنَّاسِ وَلاَ تَكْتُمُونَهُ فَنَبَذُوهُ وَرَاء ظُهُورِهِمْ وَاشْتَرَوْاْ بِهِ ثَمَناً قَلِيلاً فَبِئْسَ مَا يَشْتَرُونَ ﴾
TƏRCÜMƏ:
«Və (yada sal) o zaman(ı) ki, Allah (səmavi) kitab verilmiş kəslərdən «mütləq, gərək onu(n həqiqətlərini) insanlara açıqlayasınız və gizlətməyəsiniz!» deyə əhd-peyman aldı. Belə olan halda onlar onu (həmin kitabı və əhd-peymanı) arxalarına atdılar (ona göz yumdular) və onun müqabilində az bir qazanc əldə etdilər. Buna görə də, onların həmişə əldə etdikləri şey nə qədər də pis bir şeydir»
TƏFSİR:
Müasir dövrdə mövcud olan milyonlarla məsihi, yəhudi və məcusinin hamısı öz din alimlərinin yersiz sükutlarına görə həmin dinlərində qalmışdır. «Ətyəbül-bəyan» təfsirində bəyan edildiyi kimi, İslam Peyğəmbərinin (s) nişanələri «Əhdeyn»də («Tövrat» və «İncil» kitablarında) 60 dəfədən artıq gəlmişdir. Lakin kitab əhlinin alimləri onların hamısını kitabdan çıxarmışlar. Haqqın gizlədilməsi o qədər böyük günahdır ki, Allah-təala onun cəzalandırılmasında sair günahlardan şiddətlə təbir gətirmişdir: «Haqqı gizlədənlərə Allah və bütün lənət edənlər lənət edir.»1
İNCƏ MƏTLƏBLƏR
1. Camaatın şirk, küfr, cəhalət və fəsadda qalmasına səbəb olan hər bir iş və haqqın gizlədilməsi böyük bir günah, onu gizlədən isə onların bütün günahlarında şərikdir.
2. Ölümsaçan sükutlarda əsas məqsəd dünya malına və məqamına çatmaq, yaxud onu qoruyub-saxlamaqdır.
3. Alimlər insanların qarşısında məsuliyyət daşıyırlar.
4. Həqiqətlər elə şəkildə bəyan olunmalıdır ki, insanlar üçün heç bir şey məxfi qalmasın.
5. Elm təklikdə insanların səadətə çatmaları, qurtuluşa nail olmaları üçün kifayət deyildir. Dünya malına məftun olmamaq, təqva, həmçinin mal-dövlətə və dünyəvi məqamlara etinasız yanaşmaq da vacibdir.
AYƏ 188:
﴿ لاَ تَحْسَبَنَّ الَّذِينَ يَفْرَحُونَ بِمَا أَتَواْ وَّيُحِبُّونَ أَن يُحْمَدُواْ بِمَا لَمْ يَفْعَلُواْ فَلاَ تَحْسَبَنَّهُمْ بِمَفَازَةٍ مِّنَ الْعَذَابِ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ ﴾
TƏRCÜMƏ:
«Güman etmə ki, (səmavi kitabın ayələrini gizlətmək və camaatı İslamdan uzaqlaşdırmaq kimi) əməllərinə sevinən və etmədikləri şeylərə görə mədh olunmağı sevən kəslər, bəli güman etmə ki, onlar əzabdan qurtulacaqlar. Onlar üçün ağrılı bir əzab vardır»
TƏFSİR:
Bütün cəmiyyətlərdə münafiqlər, ikiüzlülər həmişə vardır, onlar münafiqlikdən əlavə, möminlərlə mömin kimi rəftar edirlər. Bunlar özlərini həmişə şücaətli göstərmək istəyən qorxaqlara, alim ləqəbi almaq istəyən savadsız, cahil və kəmsavadlara oxşayır ki, təriflənməkdən ləzzət alırlar. Bəzən ciddi görkəm alır, bununla da ən yaxşı mənsəb və ləqəblərə malik olduqlarını çatdırmaq istəyirlər. Lakin həqiqətdə səadət üzünü görməyən hiyləgərlərdir.
Ümumiyyətlə, insanlar üç dəstəyə bölünür:
1. Bəziləri fəaliyyət göstərir və Allahdan başqa heç kəsin onların işindən xəbərdar olmasını istəmirlər.
2. Bəziləri fəaliyyət göstərir, məqsədləri də camaatın bu işləri bilib onları tərifləməsidir.
3. Bəziləri fəaliyyət göstərmir, amma camaatın onları tərifləməsini istəyirlər ki, yuxarıdakı ayədə bu kimi şəxslərə işarə olunur.
AYƏ 189:
﴿ وَلِلّهِ مُلْكُ السَّمَاوَاتِ وَالأَرْضِ وَاللّهُ عَلَىَ كُلِّ شَيْءٍ قَدِيرٌ ﴾
TƏRCÜMƏ:
«Göylərin və yerin həqiqi mülkiyyəti və tam hakimiyyəti Allaha məxsusdur (çünki yaratmaq, qorumaq, idarə etmək və yox etmək, bunların hamısı Onun istək və iradəsinə tabedir). Allah hər şeyə qadirdir.»
TƏFSİR:
Bu ayə möminlərə müjdə verir, kafirləri isə təhdid edir. Ayədə buyurulur: «Asimanların və yerin hakimiyyəti Allaha məxsusdur, Allah hər bir şeyə qadirdir.» Yəni, möminlərin irəli hərəkət etməkdə qeyri-qanuni yollardan istifadə etmələrinə heç bir əsas yoxdur. Onlar yalnız Allahın qüdrətinə arxalanaraq, qanuni və düzgün yollardan istifadə etməklə öz hədəflərinə çata bilərlər.
Dostları ilə paylaş: |