Klinika. Xəstəliyin əlamətləri erkən yaş dövründə aşkar olunur və klinik gedişatı da müxtəlifliyi ilə fərqlənir. Xəstələrin əksəriyyətində vaxtaşırı olaraq cox da ağır olmayan krizlər yaranır. Bəzilərində isə gedişat daha ağır olur. Xəstəliyin xarakter əlaməti sarılıq və anemiyadır. Sarılıq infeksiya və qadınlarda aybaşı zamanı artır. Xəstələrdə dalaq böyüyür. Bəzən qaraciyər də böyüyə bilər. Nadir halda öd daşı xəstəliyinə rast gəlinir. Xəstələrin çoxunda skeletin genetik dəyişikliyi olur (sərt damağın hündürdə yerləşməsi, qülləvari kəllə, kiçik barmağın qısa olması və s.).
Yenidoğulmuşlarda xəstəliyin əlamətləri ilk günlərdə aşkar olunur. Anemiya, sarılıq müşahidə edilir. Uşaqların çəkisi normadan az olur, bəzən psixi inkişafdan da geri qalırlar. Sonradan isə hepatosplenomeqaliya, hemoxromatoz yaranır. Anemiya əlamətləri doğulan kimi, ya da bir müddətdən sonra aşkar olunur.
Qanın tərkibi. Dizeritropoetik anemiyada normoxrom tiplianemiya olur. Xəstəliyin I tipində Hb 80-120 q/l, II tipində isə Hb 80-100 q/l arasında tərəddüd edir. Lakin II tipdə hemoqlobin 30-40 q/l-ə qədər azala bilər. III tipdə hemoqlobinin səviyyəsi 90 q/l-dən çox olur. Dizeritropoetik anemiyanın I və III tipində makrositoz, anizositoz aşkar olunur. MCV və MCH artır. II tipdə normositar, normoxrom anemiya, anizositoz, eritrositlərin bazofil punktasiyası yaranır. Retikulositlərin səviyyəsi norma həddində olur və ya zəif artır. Leykosit və trombositlərin səviyyəsi dəyişmir.
Sümük iliyi. Xəstəliyin bütün tiplərində sümük iliyində eritroid hiperplaziya aşkar olunur. Lakin eritroblastlarda morfoloji cəhətdən dəyişiklik olmur. Bazofil normositlərdə çoxnüvəlilik, nüvənin fraqmentlənməsi, parçalanması olur və onlar arasında xromatin körpüləri yaranır. Bu dəyişikliyin xarakterindən asılı olaraq dizeritropoetik anemiyanı tiplərə ayırırlar.
Xəstəliyin I tipində 10%-ə qədər polixromatofil və oksifil normositlər ikili nüvəyə malik olur. Eritrokariositlər morfoloji olaraq meqaloblastlara uyğundur.
Dizeritropoetik anemiyanın II tipində meqalo- blastların olması xarakter əlamət deyil. 10-35%halda polixromatofil və oksifil normositlərdə 2 nüvə, bəzilərində isə 3-7 nüvə aşkar olunur. Bəzən ikinüvəli normositlər 2-3% təşkil edir, lakin sümük iliyi kəskin qıcıqlanmış olur, retikulositlər azalır və ya olmur. Xəstəliyin III tipində 10-12 nüvəyə malik eritrokariositlər aşkar olunur.
II tipdə xəstələrin eritrositlərində qeyri-adi antigen aşkarlanır və buna qarşı sağlam insanların üçdə birinin zərdabında antitellər var. Bu təbii antitellər turş hemolizinlərdir. Həmin hemolizin və komplementə malik insanların qan zərdabın in vitro II tipə aid xəstələrin qanına əlavə etdikdə eritrositlərdə parçalanma yaranır. Ona görə də dizeritropoetik anemiyanın II tipində Hem testi (turşu-zərdab) çox zaman müsbət olur. Bəzən anemiyanın II tipi ədəbiyyatda HEMPAS (Multinuclearity with a Positive Acidified Serum test-irsi çoxnüvəli eritroblastlar müsbət turşu-zərdab testi ilə) adı ilə yazılır.
Dizeritropoetik anemiyanın IV tipinidə ayırd edirlər və bu tipdə də normositlərin çoxunda ikinüvəlilik aşkar olunur. Lakin eritrositlərin antigen strukturu dəyişmir və Hem testi mənfidir.
Qeyri-effektiv eritropoez nəticəsində orqanizmdə dəmir artıqlığı yaranır. Sümük iliyində normositlərin parçalanması nəticəsində qeyri-düz bilirubinin səviyyəsi artır. Bəzi xəstələrdə qara ciyərin yüngül siderozu olur. Xəstəliyin bütün tiplərində zərdabda laktat-dehidrogenazanın aktivliyi artır. II tipdə qaptoqlobinin səviyyəsi çox zaman azalır.
Dostları ilə paylaş: |