Patogenez. Xəstəliyin yaranma səbəblərindən biri HFE zülalını kodlaşdıran genin mutasiyasıdır. Dəmirin mədə-bağırsaq sistemindən sorulmasını tənzimləyən HFE geninin mutasiyası zamanı dəmirin absorbsiyası və toplanması arasındakı balans pozulur. Bu gen 6-cı xromosomun qısa çiynində yerləşir. Normada HFE zülalının 3 (α1, α2, α3) domeni var. HFE zülalı ilə yanaşı β2 mikroqlobulin molekulası yerləşir. α1 domenində transferrin reseptorları ilə birləşmək üçün sahə var. α2 və α3 domenlərində isə disulfid rabitəsi var. HFE zülalını kodlaşdıran gendə daha çox 845 G→A mutasiyasına rast gəlinir. Belə ki, 845-ci pozisiyada olan quanin adeninlə əvəz olunur. Nəticədə HFE zülalının 282-ci amin turşusunda dəyişiklik baş verir və sistein tirosinlə əvəz olunur. Bu yerdəyişmə 3-cü domendə baş verir. Sisteinin olmaması isə disulfid rabitədə dəyişiklik yaradır və HFE zülalının β2 makroqlobulin və transferrin reseptorları ilə birləşməsi pozulur. Bu mutasiya 83% halda rast gəlinir.
Rastgəlmə tezliyinə görə 2-ci yerdə α1 domenində olan mutasiya durur (187 C→G). 187-ci nukleotiddə sitidin quaninlə əvəz olunur. Bu isə HFE zülalının 63-ci amin turşusunda histidinin asparaqin turşusu ilə yerdəyişməsinə səbəb olur. Nəticədə transferrin reseptorlarındakı əlaqədə dəyişiklik yaranır.
Nadir halda 1-ci xromosomun uzun çiynində rast gəlinən mutasiya da hemoxromatozun klinik əlamətlərinin yaranmasına səbəb olur. Bu mutasiyada xəstəliyin əlamətləri daha tez aşkar olunur və yuvenil hemoxromatoz kimi tanınır.
7-ci xromosomun uzun çiynində yerləşən və transferrin reseptorlarını kodlaşdıran genin DNT mutasiyası nadir halda aşkar olunur.
Neonatal hemoxromotoz - hal-hazırda etiologiyası tam dəqiqləşməyib. Yenidoğulmuşlarda klinik olaraq xarakter əlamət qaraciyər çatışmazlığıdır. Bundan başqa bətndaxili inkişafın ləngiməsi də müşahidə edilir. Xəstəlik tez proqressivləşir və uşaq doğulduqdan sonra qısa zaman ərzində ölüm baş verir.
Normada sutka ərzində mədə-bağırsaq traktından 1-2 mq dəmir sorulur və bir o qədər də orqanizmdən xaric olur. İrsi hemoxromatoz və ya qeyri-effektiv eritropoez zamanı sorulan dəmirin miqdarı 3-6 mq/sutkaya qədər artır. Dəmir nazik bağırsağın yuxarı hissəsindənsorulur. Sorulmuş dəmirin bir hissəsi ferritin şəklində saxlanılır. Hüceyrə metabolizmi üçün nəzərdə tutulan hissəsi isə hüceyrə membranı vasitəsi ilə ötürülərək transferrin ilə birləşir. Dəmir transferrin kompleksi hüceyrəyə daxil olur və burada dəmir azad olur. Transferrin dəmirlə tam doyduqdan sonra qalan dəmir aşağımolekullu xelatorla birləşmə şəklində qalır. Bu forma dəmir hüceyrələrə onların dəmirlə təchiz olunma dərəcəsindən asılı olmayaraq daha asan daxil olur.
Hüceyrələrdə dəmir ferritin-apoferritin dəmir kompleksi şəklində toplanır. 1 molekul ferritində 4500 dəmir atomu yerləşir. Orqanizmdə dəmirlə yüklənmiş lipofusin piqmenti də toplanır və bu piqmentin tərkibində dəmir olmur, sarı-qəhvəyi rəngə çalır.
Bağırsaqlardan sorulan dəmirin ilk toplandığı orqan qara ciyərdir. Qara ciyərdə piqment sirrozu, mikro-makroregenerator düyünlər əmələ gəlir. Mikromodulyar sirroz çox zaman qara ciyərin bədxassəli şişinə transformasiya olunur. İlk növbədə qara ciyərdə fibroz yaranır, sonradan mədəaltı vəzdə bu prosesə qoşulur. Nahamar hipertrofiya, miositlərin ocaqlı atrofiyası, diffuz miofibroz aşkar olunur.
Qara ciyərin, mədəaltı vəzin parenximasında, əzələ liflərində, böyrəküstü vəzin yumaqcıqlarında, müxtəlif toxumalarda mikroskopik olaraq çox miqdarda dəmir aşkar olunur. Diffuz skleroz-parenximanın siderozu geri dönən proses deyil. Dəmirlə yüklənmə zamanı hüceyrələrin deqradasiyasının səbəbi hemosiderinin çoxalması nəticəsində lizosom membranının sərtliyinin artmasıdır.
Dostları ilə paylaş: |