Müctəhid - dəlillərdən hökm çıxarmaqda xüsusi bacarıq sahibi olan şəxsdir. Lakin bu adamların onu təqlid etməsi üçün kifayət deyil. Bundan başqa digər şərtlər də lazımdır ki, onlardan ən əhəmiyyətlisi ədalətdir. Ədalət- günahlardan çəkinməyə, vacibləri yerinə yetirməyə yarayan bir amildir. Məsələn, igidliyi özünə peşə eləmiş bir şəxs qorxaq şəxsin əksinə olaraq çox asanlıqla döyüşə qoşula bilir. Ədalət - Allah qorxusuyla insanın bütün şəraitdə özünü nəzarət altına ala bilməsi qabiliyyətidir ki, bunun ən yüksək dərəcəsi imamda şərt olan ismət, yəni məsumluqdur. Bir də dini zəruriyyətə, məsələn orucun, namazın vacibliyinə və bunlara bənzər şeylərə təqlid və ictihad ola bilməz. Ona bütün dini mükəlləflər qeydsiz-şərtsiz inanmalıdırlar. Tövhid, Nübuvvət, Məad və s. kimi inanclarda təqlid yoxdur. Hər bir şəxsin bu saydıqlarımızda müxtəsər bir anlaşılmazlığı olsa, onları dəlillərlə bilməsi lazımdır. Çünki bunlar elmi təkliflər və inanca aid vacib olan şeylərdir. Bunlarda zənnə istinad eləmək doğru olmadığı kimi, başqalarını təqlid də caiz deyildir.
فَاعْلَمْ أَنَّهُ لَا إِلَٰهَ إِلَّا اللَّهُ