4. “Ortaq türkcə” anlayışı: iddialar və imkanlar
Türk dillərinin diferensiasiyasının dərinləşdiyi (və buna uyğun olaraq “türk dilləri” anlayışının populyarlaşdığı) XIX əsrdə, xüsusilə onun sonlarından etibarən bütün türkləri birləşdirmək, onların anlayacağı “ümumi bir dil tapmaq” ideyası da meydana çıxmışdır. Bu isə o deməkdir ki, “türk dilləri” anlayışı ilə “ümumi (ortaq) türk dili” anlayışı biri digərilə diferensiasiya-inteqrasiya münasibəti əsasında sıx bağlıdır.
Müasir dövrdə “ortaq türk dili” (“ortaq türkcə”, “türklər üçün ortaq ünsiyyət dili” və s.) anlayışı həm nəzəri, həm də praktik türkologiyanın maraq dairəsində əhəmiyyətli yer tutmaqdadır.
Ortaq türkcəni müasir dövrdə zəruri edən əsas səbəb və ya şərtləri elmi ədəbiyyatda aşağıdakı şəkildə qruplaşdırılır:
“Birincisi, əsrlər boyu ümumi bir türk ədəbi dili mövcud olmuş, mənsub olduğu xalqa (xalqlara) müəyyən səviyyədə xidmət etmişdir.
İkincisi, XIX əsrin sonları XX əsrin əvvəllərində, belə (yaxud buna bənzər) bir dil uğrunda kifayət qədər ağıllı adamlar mübarizə aparmış, hətta bir sıra uğurlar qazanmışlar (H.Zərdabinin “Əkinçi”si, İ.Qaspralının “Tərcüman”ı, Ə.Hüseynzadənin “ Füyuzat”ı...).
Üçüncüsü, on illər boyu süni şəkildə bir-birindən təcrid olunmuş türk xalqları sovet imperiyasının süqutundan sonra bir-birinə yaxınlaşdıqca sıx qarşılıqlı ünsiyyətə güclü ehtiyac hiss edirlər” (23, s.212).
Əlbəttə, ümumiyyətlə doğru olan bu mülahizələrin dəqiqləşdirilməyə ehtiyacı vardır. “Əsrlər boyu ümumi bir türk ədəbi dili mövcud olmuş” dur fikri yalnız o mənada həqiqətdir ki, həmin əsrlərdə türk xalqlarının diferensiasiya səviyyəsi çox aşağı idi; bu gün isə söhbət tamamilə diferensiallaşmış , bir-birindən ayrılmış müstəqil türk xalqları üçün ortaq ünsiyyət vasitəsindən gedir. İ.Qaspralının “Tərcüman”da, Ə.Hüseynzadənin isə “Füyuzat”da ortaq türkcə axtarışları barədə deyilənlər məlumdur, ancaq “Əkinçi”, bir qayda olaraq, Azərbaycan türkcəsini müdafiə etmişdir.
N.Cəfərov ortaq türkcənin, onun ifadəsilə desək, ümumtürk ədəbi dilinin yaradılması üçün üç yolun mümkünlüyünü göstərir:
“1) müasir texnikanın - elektron hesablama maşınlarının köməyi ilə müxtəlif türk dillərində ən çox yayılmış sözlər, qrammatik formalar seçilir, komplektləşdirilir... və ümumtürk ədəbi dili kimi istifadəyə təqdim edilir;
2) müasir türk ədəbi dillərindən biri (ən çox inkişaf etmişi!) ümumtürk ədəbi dili olaraq qəbul edilir;
3) müasir türk ədəbi dillərindən biri (ən çox inkişaf etmişi, ortaq anlaşma üçün ən yararlısı) seçilir, üzərində daha bir yüngül ümumiləşdirmə əməliyyatı aparılır və ümumtürk ədəbi dili olaraq işlədilir” (23, s. 212-213).
Türk dillərindən hansına “ortaq statusu” verilməsi məsələsində fikir ayrılıqları mövcuddur.
“Təəssüflər olsun ki, indiyədək keçirilən bir sıra toplantılarda ortaq türkcənin yaradılması haqqında edilən çıxışlardan savayı, ciddi bir fəaliyyət hələ də mövcud deyil.
Türk xalqlarının hamısı yekdilliklə birliyin vacibliyini qeyd etsələr də, söz ortaq türkcəyə gəldikdə, hər biri ya öz dilini, ya da türk dilləri əsasında yeni bir dilin yaradılmasını təklif edir” (16, s.8).
Türk dünyasının görkəmli ziyalılarından olan Cavad Heyətin bu məsələyə münasibəti böyük maraq doğurur. O, müsahibələrindən birində deyir:
“Azərbaycan türkcəsi türk dillərinin içərisində ən zənginlərindən biridir və Türkiyə türkcəsilə qoşa gedir... Yalnız inkişaf baxımından Türkiyə türkcəsindən sonra gəlir. Çünki Türkiyə türkcəsi 600 ildir rəsmidir. 1299-cu ildən bəri, yəni Osman Qazi zamanından. Bizim dilimiz daha gəncdir, digər tərəfdən, İranda da həmişə qadağa olunub, yazı dilimiz olmayıb. Burada da rus istilasında, rus dilinin istilasında qalıbdır. Onun üçün bolluca rus sözləri var. Əlbəttə, Türkiyə türkcəsi də çoxlu ərəb və fars sözləri ilə dolmuşdur. XX əsrdə bunu təmizləməyə başladılar. Bəzən də ifrata vardılar. Biz ortaq türkcə yarada bilmərik, bəlkə, ortaq türkcəyə doğru getməliyik ki, bir-birimizi başa düşək. Bizim Azərbaycan ədəbi türkcəsi ilə Türkiyə türkcəsi bir-birini başa düşür. Mən konqreslərdə görürəm ki, Azərbaycan alimləri öz ana dillərində çıxışlarını edirlər və türklər də onları başa düşürlər. Bir iki yüz-üç yüz kəlmə var, onu öyrəndikdən sonra Türkiyə ilə Azərbaycan türkcəsi tamamilə anlaşılır. Biz çalışmalıyıq ki, ortaq türkcəyə doğru gedək . Yəni o bizə ideal olmalıdır. Mən də “Varlıq”da 30 ildir bu işlə məşğulam. Amma dünyada hamıdan çox Türkiyə türkcəsi məşhur olmuş, yayılmış və əhəmiyyət qazanmışdır” (46, s.32).
Əlbəttə, bu mövqe nə qədər maraqlı olsa da, xüsusilə bir baxımdan mübahisəlidir ki, dillərin ümumi inkişaf qanunları inteqrasiya yox, diferensiasiyaya, yəni bölünməyə əsaslanır. Ona görə də nə qədər güclü olursa-olsun fərdi təşəbbüs və ya cəhdlərlə ortaq türkcənin formalaşacağını təsəvvür etmək çətindir. “Tərcüman”ın, “Füyuzat”ın təcrübəsi də bunu göstərdi. Odur ki, “ortaq türkcə” anlayışına türk dillərinin inteqrasiya prosesinin yekunu kimi baxmaq özünü doğrultmur.
Fikrimizcə, burada anlayışın özü də qüsurludur. İlk növbədə ona görə ki, dərhal “inteqrasiya”nı yada salmaq müstəqil türk dillərinin təbii hüquqlarını məhdudlaşdırmaq təsəvvürü oyadır. Halbuki söhbət türklər üçün onların artıq formalaşmış ədəbi (ümumilli) dillərinə toxunmadan öz aralarında ortaq ünsiyyət vasitəsinə nail olmalarından gedir.
Ortaq türkcə probleminin nəzəri həllində, görünür, T.Hacıyevin “Türklər üçün ortaq ünsiyyət dili” monoqrafiyasını (44) son söz hesab etmək olar.
Müəllif bu qərara gəlir ki, türk xalqları arasında ortaq ünsiyyət (ilətişim) dili olaraq Türkiyə türkcəsi qəbul edilməlidir.
Türkiyə türkcəsinin bu statusunu həm linqvistik, həm də bir sıra ekstralinqvistik (əhalinin sayı, ölkənin siyasi nüfuzu, beynəlxalq münasibətlərə təsir imkanları və s.) amillər müəyyən edir.
Uzun illər Türk dil Qurumuna başçılıq etmiş Prof.Dr. Şükrü Haluk Akalın yazır:
“İyirmi ildən artıq bir dövrdə Türk dünyasında ortaq ünsiyyət dili mövzusunun gündəmdə olduğu, müzakirə edildiyi, ancaq yekunlaşdırıcı addımların atılmadığı göz önünə gətiriləcək olursa, T.Hacıyevin bu kitabının mövzunun tarixə çevrilmiş arxa planını ortaya qoyan, çərçivəsini cızan və edilməsi lazım olanları müəyyənləşdirən mənbə bir əsər olduğu görüləcəkdir” (89, s.133).
Bu isə o deməkdir ki, “ortaq türk dili” və ya “ortaq türkcə” mücərrəd bir anlayış olmayıb konkret bir türk dilini nəzərdə tutur.
II FƏSİL
“AZƏRBAYCAN TÜRKCƏSİ” ANLAYIŞININ TƏŞƏKKÜLÜ
1. “Qədim Azərbaycan dili” anlayışı haqqında
“Azərbaycan dili” anlayışının “tarixə qədərki dövr”ü bir sıra ciddi problemlər doğurur ki, buraya, əsasən, aşağıdakılar daxildir:
a) “Azərbaycan” sözünün etimologiyası;
b) “qədim Azərbaycan dili” anlayışının məzmunu və ya hansı mənşədən olan dili əks etdirməsi məsələsi.
Göründüyü kimi, burada, birinci halda “Azərbaycan” sözünün (toponiminin) etimologiyasından çıxış edərək Azərbaycan coğrafiyasının qədim (tarixəqədərki) etnosunu (və onun dilini) müəyyənləşdirməyə, ikinci halda isə, mövcud fakt-gümanlar əsasında həmin coğrafiyanın qədim etnik (və dil) mənzərəsini rekonstruksiya etməklə “qədim Azərbaycan dili” anlayışı barədə təsəvvür yaratmağa cəhd olunur.
Mətləb isə bundan ibarətdir ki, XI-XII əsrlərə qədər Azərbaycanda türk etnosu (və dili) mövcud olmuşdur ya yox?
Bu, “qədim Azərbaycan dili” anlayışı barədə təsəvvür üçün həlledicidir.
Cavad Heyət “Azərbaycan adı və hüdudları” məqaləsində yazır:
“Azərbaycanın adının mənşəyi haqqında müəlliflərin fikirləri müxtəlifdir.
Bəzi tarixçilər həmin adın bu ölkədə olan atəşkədələr və odla əlaqədar yarandığını yazırlar və deyirlər ki, azər (atur,atər) pəhləvi dilində “od” deməkdir və pat (pad-bad) “keşik çəkən-keşikçi və qoruyan” deməkdir; kan, ya qan da (ərəbcə tələffüzü-can) “yer” və ya nisbət şəkilçisidir. Yəni atəşkədələri qoruyan yer. Ərəblər gəldikdən sonra “q” səsi “c” kimi tələffüz olunduğuna görə, “Azərbaycan” demişlər. Böyük islam tarixçisi Təbəri (226-310 hicri) və Yaqut Həməvi bu fikri müdafiə etmişlər” (46, s.277).
Sonra əlavə edir:
“Əski tarixçilərin çoxu Azərbaycan sözünü Atropat və ya Aturpataya bağlayırlar. Məşhur yunan coğrafiyaçısı Strabonun (eramızdan əvvəl 63-cü il-eramızdan sonra 19-cu il) yazdığına görə, Atrupatis Üçüncü Dariyuş zamanında Kiçik Midiya və ya Azərbaycanın (Satrap) valisi imiş. İsgəndər İrana hücum edib Həxamənilər sülaləsini yıxdığı zaman o, İsgəndərlə anlaşaraq öz əyalətini qorumuş və orada padşah kimi səltənət qurmuşdur. Zaman keçdikcə bu əyalətin adı onun adı ilə məşhur olmuşdur.
Bəzi müəlliflər Azərbaycan adının türk mənşəli olduğunu yazırlar”(46, s.277).
Türklərin məskunlaşdıqları, eləcə də türk dilinin yayıldığı Avrasiya coğrafiyasına qədim dövrlərdən Azərbaycanın da daxil olması şübhə doğurmur.
M.Zəkiyev “Ön və Orta Asiya, Qafqaz, Qara dənizin şimalı, İdil-Ural və Qərbi Sibirdəki qədim türklər” məqaləsində göstərir ki, Qafqazda ən qədim zamanlardan etibarən ar/ir, as/az, bi/pi/bey, sün/san/şan/can və b. adlarla tanınan , bugünkü azərbaycanlıların əcdadları olan tayfalar yaşamışlar. Sonralar onların qarışması nəticəsində asar/azar/azər tayfa birləşmələri əmələ gəlmişdir (121, s.429).
Əlbəttə, bu cür mülahizələr öz mübahisəliliyi ilə Qafqazın həm şimalında, həm də cənubunda türk etnosunun qədim dövrlərdəki mövcudluğunu təsdiq etmək əvəzinə, onu sual altında qoyur. Hər şeydən əvvəl ona görə ki, burada konkret tarixi faktlara deyil, etimoloji ehtimallara istinad edilmişdir.
Məlumdur ki, “Azərbaycan dili” linqvonimi “Azərbaycan” toponimi, “Azərbaycan xalqı” etnonimi ilə ideya-məzmunca sıx bağlıdır ki, burada “Azərbaycan” anlayışı, təbii ki, əsas istinad nöqtəsidir... Maraqlı olmaya bilməz ki, Azərbaycanın tarixi ərazisində qədim dövrlərdən bəri mövcud olmuş dövlətlərdən (Aratta, Manna, Midiya, Albaniya, Aran...) heç birinin deyil, məhz Atropatena // Adurbadaqan // Azərbaycanın adı ölkənin (coğrafiyanın), xalqın və dilin adına çevrilmişdir. Bu, heç şübhəsiz, “Azərbaycan” adının tarixən həm ölkə daxilində, həm də ölkənin xaricində daha populyar olmasından irəli gəlir ki, həmin populyarlıq, görünür, ilk növbədə siyasi-ideoloji səbəblərlə əlaqədardır.
“Azərbaycan” anlayışının tarixi, ənənəvi elmi-publisistik təsəvvürlərə görə, “Atropatena”dan başlayır (19, s.48).
Məlum olduğu kimi, “Atropatena” dövlətinin banisi Atropat... Madanın satrapı idi. Belə güman etməyə əsas var ki, Atropat Madanın irsi hakimi olmuşdur... Makedoniyalı İsgəndərin dövləti onun diadoxları (sərkərdələri) arasında parçalandıqdan sonra Atropat müstəqil hökmdar oldu.
Yeni dövlətin yaradıcısı Atropat olduğundan o, Mada-Atropatena (Mada dilində Mada-Atropatakan (a), yəni “Atropata məxsus olan (ölkə)” adlanırdı. Beləliklə, Azərbaycan adı Atropatena dövlətinin adından əmələ gəlmişdir” (13, s.172-173).
“Azərbaycan” sözünün türk mənşəli olması barədə də bir sıra interpretasiyalar meydana çıxmışdır. Məsələn, T.Hacıyev yazır: “Azərbacyan toponimi az (türk tayfası) + ər (igidlər məzmununda məlum söz) + bay (I I bəy - “ər”in mənasını gücləndirir) + can (qan – məkan anlayışı bildirən morfem) tərkibindən ibarətdir (42, s. 37).
Lakin bu tipli interpretasiya- etimologiyaların doğruluğu şübhəlidir. Hər şeydən əvvəl ona görə ki, “Azərbaycan “ sözünün keçdiyi tarixi yolla, mənbələrlə təsdiq olunmur. İkincisi , türk dilinin söz yaradıcılığı texnologiyaları üçün səciyyəvi olmayan, olduqca mürəkkəb bir model üzərində qurulmuşdur. Nəhayət, üçüncüsü, həmin izahda sözün (oykonimin) semantik strukturu da kifayət qədər “dağınıq” və ya qeyri-mükəmməl görünür.
Bununla belə “Azərbaycan” sözünə türk mənşəli interpretasiyalar verilməsinə göstərilən cəhdlər təsadüfi olmayıb milli elmi-ictimai şüurun daxili təbiətindən , özünün hesab etdiyi tarixi hadisə-faktı bütün etimoloji miqyası ilə mənimsəmək maraqlarından irəli gəlir ki, buna hər bir inkişaf etmiş xalqın mədəni-intellektual təcrübəsində rast gəlinir.
“Azərbaycan” adının doğru olmayan etimoloji interpretasiyasının ilk müəllifliyinin kimə məxsus olması barədə müəyyən mübahisə də açılmışdır. Əsas iddiaçı Elməddin Əlibəyzadə yazır:
“Hələ 1985-ci ildə “ Azərbaycan müəllimi” qəzetində (14 iyun) mən bu adın yaranması, tərkib hissələri barədə ağlabatan söz demiş, yeni fikir söyləmişdim. Zəngin elmi qaynaqlar əsasında gəldiyim son nəticələr belə olmuşdu:
“Azərbaycan sözünün qədim “az/as” tayfasının adı ilə bağlı ola biləcəyi daha artıq ağıla batır” ; “Azər sözünün ikinci hissəsi “ər”-dir. Buradan da “Az+ər” - “Azər”, “Azərlər ölkəsi”, “Azərlər yurdu” və s. adlar yaranmışdır. “Azər” sözünə sonra “bay” (varlı, zəngin, bəylər bəyi) , daha sonra isə “kan/qan” (“xan” sözünün qədim şəkli) hissələri birləşmiş və Az+ər+bay+kan - Azərbaykan, buradan da müasir Azərbaycan sözü alınmışdır. Beləliklə, Azərbaykan (Azərbaycan tərkibi dörd sözün Az, ər, bay, kan/qan) birləşməsindən ibarətdir ki, bu sözlərin dördü də qədim türk sözüdür”.
Aradan bir il keçir. Bu fikirləri digər bir müəllifin məqaləsində oxuyuruq, müəllif bu deyilənləri eynilə təkrar edir və öz adına çıxır (bax: “Azərbaycan yer adının sözaçımı” – “Azərb. SSR EA xəbərləri. Ədəbiyyat, dil, incəsənət seriyası , N 3, 1986, s. 18-20).
Və həmin müəllif bu fikirləri, qeydsiz-şərtsiz olaraq eynilə növbəti kitabına da salır” (37, s.631).
Burada söhbət görkəmli azərbaycanşünas Mirəli Seyidovdan gedir.
Mirəli Seyidov isə E.Əlibəyzadəyə cavabında “Azərbaycan” sözünün yeni etimologiyasının özünə məxsus olduğunu göstərir” (37, s.636).
Qeyd edək ki, “yeni” etimologiya-interpretasiyasının əsas müəllifi iddiasında olanların sayı az deyil.
Lakin məsələ burasındadır ki, nə orta əsrlərdə, nə də yeni dövrdə “Azərbaycan” toponimini türk dili məxrəcində izah edən olmamış, hətta onun qədim yunan (Atropatın yurdu) mənşəyi də unudulmuşdur. Mövcud etimologiyaların (onlara “xalq etimologiyasi” demək daha doğrudur) məzmunu isə, əsasən, aşağıdakılardan ibarətdir: “odlar yurdu”, “atəşgahlar məskəni və ya ölkəsi”, “atəş qoruyucusu”, “müqəddəs odun vətəni” və s.
Ada verilən şərhlərin nə qədər ixtiyari olduğunu isə Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm”dəki heç bir tənqidə dözməyən etimologiyası bir daha təsdiq edir: “Azərbaycan” “Azərbabəkan” (yəni: Babəkin odu) (122, s.59).
“Azərbaycan dili” anlayışına tarixdə ilk dəfə “Azərbaycan əhalisinin dili” şəklində XI əsrdə təsadüf olunur. Belə ki, müəllimi Əbu-l-əla Məərridən məsciddə dərs öyrənən zaman gənc Xətib Təbrizinin görüşünə təbrizli bir yerlisi gəlir. Xətib, müəllimindən xahiş edir ki, dərsdən ayrılıb onunla hal-əhval tutmasına icazə versin... “Ayağa qalxdım və onunla xeyli söhbət edib məni maraqlandıran hər şeyi ondan soruşdum. Elə ki, qayıdıb Əbu-l-əlanın yanında oturdum, məndən soruşdu: Bu hansı dil idi? Dedim: Bu, Azrəbican əhalisinin dilidir” (56, s. 38-40).
M.Mahmudov göstərir ki, VII əsrdən başlayaraq ərəblər Azərbaycanı “Azrəbican” adlandırmış, sifət-təyin məqamında isə “azrəbi” işlətmişlər (88 , s.40).
T.Hacıyevin fikrincə, burada söhbət türk mənşəli Azərbaycan dilindən gedir... “Dilimiz, ümumiyyətlə, türk dili kimi tanınsa da, görünür, hələ ilk orta əsrlərdən hansı dairələrdəsə ona Azərbaycan dili də demişlər və bu ənənə sonralar da yaşamışdır... Bəzi tarixçilər XI əsrdəki Azərbaycan dilini, yaxud Azərbaycanda yaşayanların dilini türk məxrəcindən çıxararkən irandilli mənşəyə söykənirlər. Həmin dövrdə Əbu-l-əla Məərri fars dilindən xəbərdar olmalı idi. Əgər o söyləyirsə ki, danışdığınız hansı dildir, deməli, bu, fars dili deyilmiş” (42 ,s.38).
Xətib Təbrizinin azərbaycanlı-Azərbaycan türkü olmasının tədqiqatçılar arasında heç bir şübhə doğurmaması da bəhs edilən dilin - “Azərbaycan əhalisinin dili”nin məhz türk mənşəli dil olmasını göstərir. Eyni sözləri XI-XII əsrlər ərəb, eləcə də farsdilli Azərbaycan müəlliflərinin, yəqin ki, hamısı haqqında demək mümkündür”. Xüsusilə o müəlliflərin ki, özlərini “Təbrizi”, “Gəncəvi”, “Şirvani”, “Bərdəi”... ünvanları ilə məşhurlaşdırmışlar.
“Azərbaycan dili” ifadəsinin hələ ümumiyyətlə mövcud olmadığı, yaxud “Azərbaycan əhalisinin dili” mənasında epizodik olaraq işləndiyi qədim dövrlərdə Azərbaycan ərazisində bu və ya digər dərəcədə ümumi bir dil mövcud idimi?...
T.Hacıyev həmin suala belə cavab verir: “Azərbaycan xalqının etnik formalaşması Midiya və Albaniya türklərinin qaynayıb-qarışması ilə olur və bu qaynayıb-qarışma tarixin dərinliyindən gəlir... Azərbaycan xalqının təşəkkülündə başqa türk qövmləri ilə müqayisədə oğuz və qıpçaq tayfaları üstünlük təşkil etmişlər... Etnik təkamüllə eyni vaxtda dil təşəkkülü də başlayır. Türk tayfaları birləşdikcə ölkədə başqa etnosların da varlığı ümumi ünsiyyət vasitəsi kimi xidmət edən dilə ehtiyac doğurur” (42, s.56-58).
Göründüyü kimi, T.Hacıyev bu fikirdədir ki, qədim dövrlərdən etibarən “Azərbaycan dili”, yaxud “Azərbaycan əhalisinin dili” anlayışı Azərbaycanda ümumünsiyyət vasitəsi olan türk mənşəli dili ehtiva edir.
Lakin Azərbaycan tarixşünaslığında bundan tamamilə fərqli fikir də uzun zaman mövcud olmuşdur:
“Mənbələr Azərbaycanın şimalında və cənubunda yaşayan əhalinin müxtəlif dillərdə danışmalarını və bütün ölkə üçün ümumi danışıq dilinin olmamasını təsdiq edirlər. Türk dilində danışan tayfaların kütləvi hücumlarından, xüsusən XI-XII əsrlərdən sonra başqa bir vəziyyət yarandı. Bu vaxt türk dili yerli dilləri əsaslı surətdə sıxışdırırdı... Səlcuqilərin və eldəgizlərin hakimiyyəti dövründə türk dilinin geniş yayılmasına baxmayaraq, azəri dili hələ də istifadədə qalmaqda idi. XIII əsrdə türk dilində danışan köçəri tayfaların buraya gələn güclü dalğası azəri, aran və başqa dillərin sıxışdırılması və Azərbaycan dilinin tamamilə qələbə çalması üçün şərait yaratdı” (15, s.188).
Burada, hər şeydən əvvəl, mübahisə doğuran “azəri dili”, “aran dili” və “başqa dillər” anlayışlarıdır ki, həmin “dillər”in nə fonetik, nə leksik, nə də qrammatik quruluşu barədə heç bir məlumat verilmir. İkincisi isə “türk dilində danışan köçəri tayfalar”ın dilinin ümumi şəkildə qeydsiz-şərhsiz “Azərbaycan dili” adlandırılmasıdır.
Azərbaycan, ümumən sovet tarixşünaslığında möhkəmlənmiş, heç bir alternativ mülahizə qəbul etməyən etnogenez (xalqın mənşəyi) ilə qlottogenezin (dilin mənşəyinin) üst-üstə düşməməsi ideyası nə qədər ümumiləşdirilməyə çalışılsa da əsas fakt, material kimi türk-iran münasibətlərinə müraciət olunmuşdur:
“... Bir çox başqa xalqların tarixində olmuş hadisə- yerli əhalinin dilinin gəlmələrin dili ilə əvəz olunması Azərbaycanda da baş vermişdir. Bir çox müasir Şərq xalqları öz əcdadlarının danışdıqları dildə danışmırlar. Orta Asiyada xarəzmlilər, soqdiyalılar, baktriyalılar və parfiyalıların İran dilləri türk dilləri ilə əvəz olunduğu kimi, Azərbaycanda da yerli dilləri Azərbaycan dili əvəz etmişdi” (15, s.189).
A.Axundov “Ümumi dilçilik” kitabında “müasir Azərbaycan dilindəki substrat izləri də bu mülahizəni təsdiq etməkdədir” qənaətinə gəlir, ancaq heç bir nümunə göstərmir (10, s.122).
“Azərbaycan dilindəki superstrat izləri də, ilk növbədə Azərbaycan xalqının tarixi ilə bağlıdır. Belə ki, “Azərbaycan tarixi” (I cild, Bakı, 1961) kitabında göstərildiyi kimi, “Azərbaycan dili” birdən-birə ədəbi dil ola bilməmişdi. Kargüzarlıqda, elm və ədəbiyyatda ərəb və fars dilləri hakim idi. Fars dilinin təsiri daha qüvvətli idi. Ədəbi əsərlər bu dildə yaradılırdı. O, əsasən hakim dairələrin dili idi. Azərbaycan əhalisinin çox az qismi bu dili bilirdi” (10, s. 122).
Məsələnin bilərəkdən mürəkkəbləşdirilməsi, tamamilə təbii olaraq, ziddiyyətə gətirib çıxarır. Xüsusilə o baxımdan ki, Azərbaycan əhalisinin çox az qismi fars dilini bilirdisə, çox qismin məhz İran mənşəli olduğunu nə ilə sübut etmək mümkündür? Hakim dairələr türk ola-ola farsca yazırlarsa, İran mənşəli əksəriyyət nə üçün türkcə danışmalıdır? Və ümumiyyətlə, İran mənşəli əhalinin öz dilini unudub “türkləşməsi”nin məntiqi nədən ibarətdir?
N.Cəfərov “Akademik İqrar Əliyevə açıq məktub”unda yazır:
“Q.Təbrizi, Ə.Xaqani, N.Gəncəvi, C.Rumi kimi onlarla dahi sənətkarın yaradıcılıq fəaliyyəti göstərir ki, həmin dövrdə aborigen əhali türkləşməkdən daha çox, türklər həmin aborigenlərin dilləri ilə qohum olan dildə yazırdılar. Və bu ənənə keçici olmamış, bizim dövrümüzə qədər davam etmişdir (M.H.Şəhriyarı xatırlayın)... Belə olan halda aborigenlərin nəyinə lazım idi ki, türkləşsinlər, “başıpozuq köçərilər”in “bəsit” dilini qəbul etsinlər və nəticə etibarilə, özləri də yüksək mədəni səviyyələrini itirsinlər? (19, s.65).
Rəcəb Albayraq zəngin faktik materiallara əsaslanan “Türklərin İranı” kitabında göstərir ki, sasanilərdən əvvəl atropatenalıların-azərbaycanlıların dilinin türk dili olduğunu qəti olaraq söyləmək mümkündür. “Sasanilər zamanında Atropatenada danışılan iltisaqi dil Azərbaycan türkcəsinin təməlini meydana gətirmişdir” (11, s.38).
“Türklərin İranı” müəllifi yazır:
“Türklər Azərbaycana müsəllət olduqdan sonra yerli fars-tat dilli xalq türklərin arasında assimilə oldu, dilləri də türk dili içində əriyib yox oldu” deyirlər.
Çağdaş Azərbaycan türkcəsi içində əriyib yox olmuş bir dilin qalıqları qətiyyən yoxdur. Fars və türk dillərinin qarşılıqlı olaraq bir-birinə söz verib söz alması tamamən fərqli bir dilçilik hadisəsidir” (11, s.39).
E.Əlibəyzadə ərəb müəlliflərinin aşağıdakı məlumatlarını müqayisə edir:
“1. Əl-İstəxri yazır: “Azərbaycan , Ermənistan və Arranın dili fars və ərəb dilidir; Dəbil şəhəri müstəsnadır; şəhər və onun əyalətlərində ermənicə, Bərdə ölkəsində arran dilində danışırlar”...
1. Əl-Müqəddəsi yazır: “Ermənistanda ermənicə, Arranda isə arranca danışırlar; farsca danışanda onları başa düşmək olur, lakin onların fars dili müəyyən dərəcədə Xorasan ləhcəsini xatırladır”...
2. İbn-Hövqəl yazır: “Azərbaycan və Ermənistan əhalisinin dilinə gəlincə, onların dili ərəb və fars dilidir, lakin ərəbcə danışanlar azdır; bundan əlavə, farsca danışanlar ərəbcəni başa düşmürlər. Təmiz ərəbcə danışanlar tacirlər və yerli torpaq sahibləridir. Lakin Ermənistanın kənarlarında və ətraf ölkələrdə başqa dillər-Dəbil əhalisi üçün və onun əyalətlərində erməni dili mövcuddur, Bərdə əhalisi arranca danışır” (37, s.107-108).
Belə bir qərara gəlir ki:
“Hər üç müəllif Azərbaycanda, onun Bərdə vilayətində arran dilində danışıldığını yazır. Tarixdə belə bir dil məlum deyil. Bu ərəb səyyahlarının Azərbaycanın aran-düzənlik rayonlarında sakin olan xalqın türk dilinə verdiyi addır. Bu fikri İbn-Hövqəldən gətirilən növbəti məlumat da təsdiq edir: “Azərbaycanın dağları Xarisdən və Xuvayrisdən başlamış Aqara və Varzaqan silsiləsinə qədər, sonra şimala tərəf Tiflisə doğru uzanır, orada bu silsilələrlə Kabk sıra dağları birləşir. Bu dağlar çox böyükdür; əvvəllər çox şəhərlər görənə qədər mən bunu inkar edirdim, buradakı hər bir şəhərin Azərbaycan və fars dillərindən əlavə öz dili vardır”...
Buradakı “Azərbaycan” və ya “Ad/h/ərbeyn dili” anlayışının müasir “ Azərbaycan dili” məzmununda işləndiyinə şübhə etmirik. Bu dili türk-oğuz dili olmadığına dair başqa bir də lil də yoxdur, əksinə, bu fikri təsdiq edən dəlillər vardır. Məs., mənbələrdə bundan üç əsr əvvəlki, yəni VII əsr Azərbaycanın sakinləri barədə belə bir məlumat verilir: Xəlifə I Müaviyyənin (661-680) gecə müsahibi və məsləhətçisi olan Übeyd ibn Şəriyyə əl Cürhumi ilə xəlifə arasında bu müsahibə gedir: Xəlifə Müaviyyənin “Sən Allah, Azərbaycan haqqında əlaqəniz, təlaşınız və xatirəniz nədir?” -sualına Übeyd ibn Şəriyyə belə cavab vermişdi: “Ora əzəldən türk torpağıdır. Onlar orada cəmləşərək bir-birinə qarışmış və təkmilləşmişlər” (37, s.109).
“Azərbaycan” anlayışı XX əsrin əvvəllərindən başlayaraq xüsusilə milli özünüdərk dövründə bir çox Azərbaycan ziyalılarının diqqətini cəlb etmişdir.
Y.V.Çəmənzəminli yazır:
“Azərbaycan şərq ilə qərb arasında körpü təşkil edən bir ölkədir. Ən qədim zamanlardan bəri bu körpüdən müxtəlif irqlərə məxsus millətlər keçib getmişlər. Bunlardan məmləkətimizə yerləşib, kök salanlar da olub. Təbiidir ki, gəlmələr ilə yerlilər arasında uzun mücadilə və mübarizə sayəsində qanlar qarışıb, din və dillər dəyişilib və nəticədə başqaca bir mədəniyyətə malik, ayrıca bir millət vücuda gəlib. Bu millət azəri türkləridir.
Azəriləri ovsafi xüsusiyyətlər ilə müəyyən bir şəklə soxan bir tarix var. Bu tarix islamdan çox əvvəl başlayaraq dövrlər keçirmiş; ərəblər, səlcuqlar, monğollar, iranilər, osmanlılar Azərbaycan tarixində mühüm rollar oynamışlar. Son əsr rus istilası ilə bərabər, Avropa mədəniyyəti də məmləkətə girmiş və bu sayədə Azəri mədəniyyəti inkişafı əlverişli bir sahəyə çıxmış.
Azərbaycanın tədqiqi türkoloqlar üçün yeni bir meydan açır. Bu sahə, bizcə, o qədər maraqlı və şayani-diqqətdir ki, ayrıca öyrənilməsi icab edər. Məqsədə müvəffəqiyyətlə varmaq üçün türkolojiyaya bir də azərolojiya şöbəsi artırılmalıdır. Zənn edirəm ki, azərolojiya şərq tarixi-mədəniyyətinə yeni-yeni səhifələr əlavə edəcək” (27, s.154).
“Azərolojiya”nın (müasir terminlə “azərbaycanşünaslığ”ın) türkologiyanın bir şöbəsi, yəni tərkib hissəsi kimi qəbul olunması, şübhəsiz ki, müəllifin doğru metodoloji mövqedə dayanmasının nəticəsi idi. İlk növbədə ona görə ki, həm azərbaycanlıları türklərdən, həm də Azərbaycan dilini türk dillərindən nə diaxron, nə də sinxron planda ayırmaq mümkün deyil.
Y.V.Çəmənzəminli yazır:
“Məmləkətimizin adı “Azərbaykan”, “Azərabadqan”, “Azərbiycan”, “Azərbaycan” -deyə şərq müəllifləriidə mərufdur. Qədim yunan və Roma müvərrixləri isə “Atropaten” təsmiyyə edirlər. İbn Əlmüqəffe qövlünə görə “Azərbaycan” Azərbaz bin Əsud bin Sam bin Nuh və yaxud Azərbaz bin Bivərasəfin adı ilə təsmiyyə olunmuşdur. Digər rəvayətə görə, “Azər” pəhləvicə “Od”, “Baykan” “Saxlayan” mənalarında olduqda, “Azərbaycan” - “Atəşxana” və “Atəşgədə” mənalarına gəlir” (27, s.156).
Və əlavə edir:
“Azərbaycan qədim zamanlarda geniş bir ölkə imiş. Lakin sərhədi haqqındakı rəvayətlət müxtəlifdirlər. Tarixi-Tabəriyə görə “Həmədan həddinin ibtidasından ta Zəncana və Ohərə və axır Dərbəndi-Xəzərə çıxınca bunlara Azərbaycan deyirlər. Səhayefül əxbarül-münəccimbaşi Azərbaycanın Aran və Ərməniyyə ilə müxtələt olduğunu qeyd edir və sərhədini böylə təsvir eləyir: “Şərqdə Deyləm və bəzi cəbəl şəhərləri; cənubda İraq və bəzi cəzirə şəhərləri; qərbdə Ərməniyyə və bəzi Rume məmləkəti; şimalda Aran və bəhri-Xəzərə müntəhi olur. Paytaxtları Ərdəbil, Şirvan və Təbriz imiş. Azərbaycana məxsus şəhərlər bunlar imiş: Xosrov, Səlmas, Cəzə, Naxçıvan, Berdənc, Xoy, Xoyənh, Urmiyyə, Marağa, Ucan, Məyanic, Mərənd, Muğan, Bərzənd, Bərdə, Sultaniyyə” (27, s.156).
Ə.Abid “Azəri” adının, mənşəyinə münasibətini bildirərkən Y.V.Çəmənzəminlini tənqid etmişdir:
“Bir dəfə bunu bilməlidir ki, bu gün “azəri” kəlməsi Azərbaycanda yaşayan bir fərdə elm olmuşsa da, bu kəlmə ancaq son on sənə içində bu mənada kullanmağa başlamışdır; daha əvvəllər bir azərbaycanlıya azəri denildiyi görülməmişdir” (54, s.21).
“Azərbaycan” sözünün türk mənşəli olması barədəki iddialar, vaxtaşırı tənqidə məruz qalmasına baxmayaraq, bu gün də mövcuddur (bu barədə bax: 5,6,7 və s.)
Dostları ilə paylaş: |