Tabesiz mürəkkəb cümlələr
Mürəkkəb cümlələrin bir qismində tərəflər bərabərhüquqlu olur. Tərkib hissələr bir-birindən eyni dərəcədə asılı olur, fikrin ifadəsində eyni dərəcədə, bərabər şəkildə edir. Məsələn: Arabir göy guruldayır, yağış güclənir. Birdən Əlabbas kişi pəncərəni açdı, külək yağışı kişinin üzünə çırpdı.
Bərabərhüquqlu sadə cümlələrin birləşməsində əmələ gələn mürəkkəb cümlələrə tabesiz mürəkkəb cümlələr deyilir. Tabesiz mürəkkəb cümlələrin hissələri ya yalnız intonasiya ilə ya da intonasiya və tabesizlik bağlayıcıları ilə əlaqələnir. Məsələn: Elə özü deyir, özü də eşidilirdi. Doğrudur, babam sağlamdı, lakin mən yenə də Allahdan əlimi üzmədim. Bu tabesiz mürəkkəb cümlələrdən əvvəlki ikisinin tərkib hissələri intonasiya ilə, sonrakıların tərkib hissələri və, lakin bağlayıcıları ilə əlaqələnmişdir.
Tərkib hissələri intonasiya ilə əlaqələnən tabesiz mürəkkəb cümlələr bağlayıcısız, bağlayıcıların köməyi ilə tabesiz mürəkkəb cümlələr bağlayıcılı tabesiz mürəkkəb cümlələr adlanır.
Bağlayıcılı tabesiz mürəkkəb cümlələr
Tabesiz mürəkkəb cümlənin tərkib hissələrini əlaqələndirmək üçün aşağıdakı bağlayıcılardan istifadə edilir.
1. Birləşdirmə bağlayıcısı: və
2. Qarşılaşdırma bağlayıcıları: amma, ancaq, lakin və s. Məsələn: Dərsi öyrənmədim amma oxudum.
3. İştirak bağlayıcıları: həm, həm də (ki), hətta, da, də. Məsələn: Yemək həm isti, həm də dadlı idi.
4. İnkar bağlayıcıları: nə, nə də, nə də ki. Məsələn: Nə o bilirdi, nə də mən.
5. Bölüşdürmə bağlayıcıları: ya, ya da, gah, gah da, istər, istərsə də və s. Məs: O, gah danışır, gah da susurdu.
6. Aydınlaşdırma bağlayıcıları: yəni, məsələn. Qiymət aldım, yəni beş aldım.
Birləşdirmə, iştirak və inkar bağlayıcıları əsasən zaman əlaqəli tabesiz mürəkkəb cümlələrdə işlənir.
Qarşılaşdırma, iştirak, inkar və bölüşdürmə bağlayıcıları tabesiz mürəkkəb cümlələrin arasında ki, yazıda vergül (,) qoyulur.
Tabesiz mürəkkəb cümlələrdə məna əlaqələri
Tabesiz mürəkkəb cümlələrinin tərkib hissələri arasında 6 məna əlaqəsi olur:
-
Zaman əlaqəsi
-
Ardıcıllıq əlaqəsi
-
Səbəb-nəticə əlaqəsi
-
Aydınlaşdırma əlaqəsi
-
Qarşılaşdırma əlaqəsi
-
Bölüşdürmə əlaqəsi
1. Zaman əlaqəli tabesiz mürəkkəb cümlələr
Zaman əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələrində eyni zamanda baş verən hadisələr sadalanır. Məsələn: Mən kəndə çatanda külək davam edir və küçələrə sel axırdı.
Zaman əlaqəli tabesiz mürəkkəb cümlələr sadalama üsulu ilə qurulduğundan tərkib hissələrin sayı bəzən ikidən çox olur. Məsələn: Şahmarın ürəyi döyündü, qəlbi çırpındı, əlləri əsdi. – cümləsində üç tərkib hissədən ibarətdir.
Zaman əlaqəli tabesiz mürəkkəb cümlələrin bir qismində tərkib hissələrin hamısına aid ortaqlı zaman zərfliyi olur. Məsələn: Şair olmayanda xəyala dalır.
Bu cür zərfliklər də tərkib hissələrdəki hadisələrin eyni zamanda baş verdiyini göstərir.
2. Ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlələr
Ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələrində müəyyən ardıcıllıqla baş verən hadisələr sadalanır. Məsələn: İşıqlar söndü, kino verilişi başladı. Dəhlizin qapısı açıldı və otağa bir qız daxil oldu.
Misallardan göründüyü kimi ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlələrin də tərkib hissələrinin sayı ikidən artıq ola bilir.
3. Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələr
Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələrdə birinci tərkib hissədəki iş səbəbi, ikinci tərkib hissədəki iş onun nəticəsini bildirir. Məsələn: Qəflətən güclü külək başladı, yetişmiş meyvələr yerə səpələndi.
Bu cümlədə birinci tərkib hissə səbəbi, ikinci tərkib hissə birincidən doğan nəticəni bildirir.
Zaman və ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlələr kimi səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri də ya intonasiya ilə, ya da və bağlayıcıları ilə əlaqələnir. Həmin cümlə növlərindən fərqli olaraq, səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələr ancaq iki tərkib hissədən ibarət olur.
4. Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələr
Aydınlaşma əlaqəli tabesiz mürəkkəb cümlələrdə tərkib hissələrdən biri ümumilik bildirir, o biri onu aydınlaşdırır. Məsələn: Ağız deyəni qulaq eşitmirdi. İyirmi-otuz adam üz-üzə, çiyin-çiyinə oynayırdı.
Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri əksərən intonasiya ilə bir-birinə bağlıdır. Bəzi hallarda aydınlaşdıran tərkib hissədən əvvəl aydınlaşdırma bildirən yəni bağlayıcısı işlənir. Məsələn: Səlim başını tərpətdi, yəni o razı idi.
Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrdə adətən ümumilik bildirən hissə əvvəl, aydınlaşdıran hissə sonra işlənir. Ümumilik bildirən hissədən sonra, əsasən, iki nöqtə qoyulur. Məsələn: Xəyal dərin fikrə getdi: bu işi kim etmiş olar?
Tərkib hissələrdən birində vergül olduqda, tərkib hissələrin arasında nöqtəli vergül qoyulur. Məsələn: Uzun qış axşamı idi; külək dəhşətli bir zırıltı ilə qanadlarını divara çırpır, üzü qılınc kimi kəsirdi.
5. Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələr
Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələrindəki iş və hadisələr bir-biri ilə qarşılaşdırılır. Məsələn: Mən çox dedim, o az eşitdi. Qapını itələdim, ancaq o açmadı.
Bəzən qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında ziddiyyət olur, bəzən tərkib hissələrdəki fikirlər, iş və hadisələr sadəcə olaraq qarşılaşdırılır. Məsələn: Cilovu dartıb atı saxlamaq istəyirdim, at dayanmadı. İndi anam kənddə olur, biz şəhərdə yaşayırıq – cümlələrində birincisində ziddiyyət, ikincisində fərqləndirmə, qarşılaşdırma mənası verir.
Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələr intonasiya ilə və (amma, ancaq, lakin) bağlayıcılar və antonim sözlərin köməyi ilə əlaqələnir.
Dostları ilə paylaş: |