Xəbər
Xəbər cümlənin baş üzvü olub, haqqında danışılanın hərəkət və ya əlamətini bildirir. Məsələn: Traktor yeri şumlayır. Torpaq lay-lay çevrilir. – cümlələrində xəbər (şumlayır, çevrilir) mübtəda ilə ifadə olunan, əşyanın hərəkətini bildirir.
Biz cümlədə söylənilən yeni məlumatıadətən xəbər və xəbərə aid olan üzvlər (tamamlıq, təyin, zərflik) vasitəsilə alırıq.
Xəbər nə edir? (felin bütün şəkil və zamanlarında), kimdir?, neçədir?, haradadır?, necədir? və s. suallara cavab verir.
Mübtəda kimi xəbər də həm nitq hissələri, həm də söz birləşmələri ilə ifadə olunur.
Başlamaq, bilmək, istəmək, olmaq, etmək felləri əksərən başqa sözlərlə birləşərək xəbər vəzifəsində işlənir.
Xəbər, təyini söz birləşmələri, məsdər və feli sifət tərkibləri və s. ilə də ifadə olunur. Məsələn: Dağların səsiyəm! Mən çalxalanan dənizin nəğməsiyəm.
Nitq hissələri ilə ifadə olunan xəbərlər sadə, söz birləşmələri ilə ifadə olunanlar mürəkkəb xəbər adlanır.
Feli və ismi xəbər
Xəbər ifadə vasitələrinə görə iki cür olur: 1) feli xəbər; 2) ismi xəbər.
Feli xəbər təsriflənən fellərlə – felin əmr, xəbər, vacib, arzu, lazım və şətr şəkilləri ilə olunur. Məsələn: Ay camaat yol verin. Burada məktəb tikilməlidir. Mən birinci olmaq istəyirəm.
Feli xəbər feli frazeoloji birləşmələrlə də ifadə olunur. Məsələn: İgidlər dərdə düşdü. Səməd köksünü ötürmədi.
İsmi xəbər adlarla – isim, sifət, say, əvəzlik və zərfliklə ifadə olunur. Məsələn: Qayıqlar dənizdədir. Dəniz fırtınalıdır. O, on üçüncü idi. Danışan mən idim.
İsmi birləşmələrlə, məsdər, feli sifət və feli sifət tərkibləri ilə ifadə olunan xəbərlər də ismi xəbərlərdir. Məsələn: məqsədim oxumaqdır. Qonaqların bir qismi şəhərdən təzə gələnlərdir.
Dilimizdə var, yox, lazım, gərək, mümkün, bəs sözləri də müstəqil ismi xəbər kimi işlənə bilir. Məsələn: Evdə heçkim yoxdur.
Feli xəbər cümlədə haqqında danışılanın hərəkətini bildirir və haqında danışılan (mübtəda, ümumi şəxs, qeyri-müəyyən şəxs və s.) hərəkətin törədicisi hesab olunur.
İsmi xəbər isə əlamətini bildirir və əlamətin daşıyıcısı kimi çıxış edir.
15 Tamamlıq. Təyin. Zərflik.
Tamamlıq cümlənin ikinci dərəcəli üzvü olub, hərəkət və əlamətin obyektini bildirir.
İsmin adlıq və yiyəlik halından başqa, qalan hallarda əşya, obyekt bildirən sözlər və birləşmələr tamamlıq vəzifəsində işlənir. Tamamlıq kimə? nəyə? kimi? nəyi? nə? kimdə? nədə? kimdən? nədən? suallarına cavab verir. Məsələn: Xəyal əlcəyi (nəyi?) mənə (kimə?) verdi.
İşin, hərəkətin, əlamətin obyektini bildirən bəzi qoşmalı sözlər və birləşmələr də cümlədə tamamlıq olur. Məsələn: O, fırça ilə (nə ilə?) şəkil çəkdi.
Tamamlıq da mübtəda kimi isim, əvəzlik və məsdərlərlə daha çox ifadə olunur. Məsələn: Məhəmməd Eldarı səslədi. Onu telefona çağırdılar.
Sifət, say, işarə əvəzlikləri, zərf və feli sifətlər cümlədə isimləşərək tamamlıq vəzifəsində işlənə bilir. Məsələn: Mənim rəfiqəm qırmızını çox sevir. Bunları Adilin atası yollayıb.
Nitq hissələri ilə ifadə olunan tamamlıqlar quruluşca sadə olur.
Tamamlıq ikinci və üçüncü növ təyini söz birləşmələri, feli sifət və məstər tərkibləri ilə ifadə olunur. Məsələn: Bir dağ havasını sevirəm, bir də kövşərin ətrini, çölün ətrini! Bu cür tamamlıqlar quruluşca mürəkkəb olur.
Vasitəsiz və vasitəli tamamlıqlar
Tamamlıq vasitəli və vasitəsiz olur. Vasitəsiz tamamlıqlar ismin təsirlik halında olur, təsirli fellərlə əlaqələnir və kimi? nəyi? nə? suallarına cavab verir. Məsələn: Mustafa məktubu (nəyi?) anasına verdi.
Təsirlik hal müəyyən və qeyri-müəyyənlik bildirməklə iki cür olduğundan, vasitəsiz tamamlıqlar da iki cür olur:
-
Müəyyənlik bildirən vasitəsiz tamamlıqlar
-
Qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıqlar.
Müəyyənlik bildirən vasitəsiz tamamlıqlar müəyyən təsirlik halda olan (təsirlik hal şəkilçisi) sözlər və birləşmələrlə ifadə olunur. Məsələn: Bəxtiyar, məni də özünlə apar. Baba tüfəngi, termosu, çantanı götürdü və Ayazı səslədi.
Qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıqlar qeyri müəyyən təsirlik halda olan söz və birləşmələrlə ifadə olunur. Tamamlığın bu növü nə? sualına cavab verir. Məsələn: Bağçamıza təzə ağac (nə?) əkdim. Sonra üzərinə su (nə?) tökdüm.
Vasitəli tamamlıqlar ismin yönlük, yerlik, çıxışlıq hallarında olan, eyni zamanda ilə, üçün, ötrü, qarşı, haqqında, barəsində qoşmalarının qoşulduğu sözlər və birləşmələrlə ifadə olunur, əşya, obyekt bildirir.Tamamlığın bu növü kimə? nəyə? kimdə? nədə? kimdən? nədən? kim ilə? nə ilə? Kim üçün? nə üçün? nə barədə? və s. suallara cavab verir.
Vasitəsiz tamamlıqlar yalnız təsirli feli xəbərlə bağlı olur. Vasitəli tamamlıqlar isə hər cür feli xəbərlərlə, hətta ismi xəbərlərlə də əlaqələnə bilir. Məsələn: Qız qardaşından (kimdən?) böyükdür. Samir qardaşı ilə (kim ilə?) sizə gələcək.
Təyin cümlənin ikinci dərəcəli üzvü olub, isimlə və isimləşmiş sözlərlə ifadə olunan üzvləri müxtəlif cəhətdən izah edir.
Təyin necə? nə cür? hansı? neçə? nə qədər? neçənci? Suallarına cavab verir. Məsələn: Çalışqan (necə?) şagirdlə beş (neçə?) maraqlı kitab aldılar.
Təyin əksərən sifət, say, feli sifət və işarə əvəzlikləri ilə ifadə olunur. Məsələn: Bu meşə çox böyük idi.
İsim və zərflərdə sifətləşdikdə təyin vəzifəsində işlənə bilir. Məsələn: Mühəndis Sultanov dəri paltosunu geydi. Yuxarı otaqlar xeyli sərin idi.
Təyin ismi birləşmələr və feli sifət tərkibləri ilə də ifadə olunur. Məsələn: Polis rəisi Kərimov prokurora zəng vurdu.
Cümlədə isimlə və isimləşmiş sözlərlə ifadə olunan bütün üzvlərin təyini ola bilir.
Nitq hissələri ilə ifadə olunan təyinlər sadə, söz birləşmələr ilə ifadə olunanlar isə mürəkkəb təyin sayılır.
Zərflik cümlənin ikinci dərəcəli üzvü olub, hərəkətin icrasını və ya əlamətin meydana çıxmasını müxtəlif cəhətdən izah edir.
Zərflik əksərən zərflərlə – tərzi-hərəkət, zaman, yer, miqdar zərfləri ilə ifadə olunur. Məsələn: Səkinə xala sakitcə çəkilib getdi.
Zərflik yer və zaman mənalı isimlər, feli bağlamalar, qoşmaların artırıldığı isim və məsdərlər, sual əvəzlikləri və s. ifadə olunur. Məsələn: O, Azəri bazara göndərmişdi.
Mürəkkəb zərfliklər ismi və feli birləşmələrlə ifadə olunur. Məsələn: Boz dağın qoynunda bir dəniz vardır.
Zərfliyin məna növləri
Zərflik əksərən feli xəbərə, az hallarda ismi xəbərə aid olur. Feli xəbərə aid olduqda isim, ismi xəbərə aid olduqda əlamətin meydana çıxmasının tərzini, zamanını, yerini, miqdarını, səbəbini və məqsədini bildirir. Buna görə də zərfliyin aşağıdakı məna növləri vardır.
1. Tərzi-hərəkət zərfliyi – işin, hərəkətin icra tərzini bildirir. Necə? nə cür? nə tərzdə? Nə vəziyyətdə? suallarına cavab verir.
2. Zaman zərfliyi – işin, hərəkətin, hadisənin zamanını bildirir. Nə vaxt? nə zaman? haçan? nə zamanadək? nə vaxta kimi? nə vaxta qədər? suallarına cavab verir.
3. Yer zərfliyi – işin, hərəkətin və s. yerini bildirir. Hara? haraya? harada? suallarına cavab verir.
4. Kəmiyyət və ya dərəcə zərfliyi – hərəkətin hansı kəmiyyətdə icra olunduğunu bildirir. Nə qədər? sualına cavab verir.
5. Səbəb zərfliyi – hərəkətin və ya əlamətin səbəbini bildirir. Niyə? nə üçün? nə səbəbə? nədən ötrü? nəyə görə? suallarına cavab verir.
6. Məqsəd zərfliyi – hərəkətin məqsədini bildirir. Niyə? nədən ötrü? nə məqsədlə? suallarına cavab verir.
16 Həmcins üzvlər. Xitab
Bildiyimiz kimi, cümlənin müxtəlif üzvləri arasında (xəbərlə mübtəda, zərfliklə xəbər, təyinlə təyinlənən arasında) tabelilik əlaqələri (uzlaşma, idarə və ya yanaşma) olur. Lakin cümlədə elə üzvlər də işlənir ki, onlardan biri digərinə tabe olmur. Bu cür üzvlər arasındakı əlaqə tabesizlik əlaqəsi, bərabərhüquqlu əlaqədir. Məsələn: Yayda alma, armud, gilas və s. meyvələr yetişir.
Eyni üzvlə bağlı olub, eyni suala cavab verən bərabərhüquqlu üzvlərə həmcins üzvlər deyilir.
Tərifdən göründüyü kimi, həmcins üzvlər eyni bir üzvə aid olur, eyni suala cavab verir. Məsələn: Dünən biz doyunca gəzdik, əyləndik, yedik, içdik, dincəldik.
Həmcins üzvlər ya təkcə sadalama intonasiyası ilə, ya da intonasiya və tabesizlik bağlayıcıları ilə əlaqələnir.
Həmcins üzvlər arasında bağlayıcılar
Həmcins üzvləri əlaqələndirən tabesizlik bağlayıcıları mənaca beş qrupa bölünür:
1. Birləşdirmə bağlayıcıları: və, ilə (-la, -lə); Məsələn: Bir azdan Əhməd ilə Məhəmməd gələcək.
2. Bölüşdürmə bağlayıcıları: ya, ya da, yaxud da, gah, gah da; məsələn: Havalar gah isti, gah da sərin keçirdi.
3. İştirak bağlayıcılar: həm, həm də, həm də ki, hətta, da, də; məsələn: Silah da, məşəl də, güc də bilikdir.
4. İnkar bağlayıcıları: nə, nə də, nə də ki; məsələn: Cabbar nə narahat, nə də acıqlı idi.
5. Qarşılaşdırma bağlayıcıları: amma, ancaq, lakin; məsələn: Səlim gəldi amma kitabları gətirmədi.
Həmcins üzvlərdə ümumiləşdirici sözlər
Həmcins üzvlərin hamısına aid olan və onları ümumiləşdirən cümlə üzvü ümumiləşdirici söz adlanır.Məsələn: Hər tərəfdə: suda, quruda, uzaqda, yaxında zenit topları səs-səsə verirdi.
Ümumiləşdirici söz həmcins üzvlərdən əvvəl gələrsə, ondan sonra iki nöqtə (:) qoyulur. Məsələn: Burada hər cür adam: fəhlə, kəndli, tacir, ruhani tapmaq olardı.
Ümumiləşdirici söz həmcins üzvlərdən sonra gələrsə, ondan əvvəl tire (–) işarəsi qoyulur. Məsələn: Qadın, kişi, qoca, cavan – hamı tarlada idi.
Həmcins üzvlərdə şəkilçilərin və hissəciklərin ixtisarı
Sonuncusu saxlanılmaqla, həmcins üzvlərdə təkrar olunan bəzi sözdəyişdirici şəkilçilər və hissəciklər ixtisar oluna bilir. Əsasən hal və cəm şəkilçiləri, xəbərdə şəxs şəkilçiləri, idi, imiş hissəcikləri, ilə qoşması ixtisar olunur.
1. Sonuncusu saxlanmaqla, həmcins mübtədaların cəm şəkilçisi ixtisar oluna bilir.
2. Sonuncusu saxlanmaqla, həmcins tamamlıqların hal şəkilçisi ixtisar oluna bilər.
3. Sonuncusu saxlanmaqla, həmcins xəbərlərdə şəxs şəkilçiləri ixtisar oluna bilir.
4. Həmcins xəbərlər tək olarsa, idi, imiş hissəcikləri, cəm olarsa, hissəcik və cəm şəkilçisi ixtisar edilir.
5. Sonuncusu saxlanmaqla, həmcins üzvlərdən sonra gələn ilə (-la, -lə) qoşması ixtisar edilir.
Xəbərin həmcins mübtədalarla uzlaşması
Həmcins mübtədalar həm müxtəlif şəxs əvəzlikləri həmdə isimlərlə ifadə oluna bilir. Xəbərin onlarla uzlaşması belə olur:
1. Müxtəlif şəxslərdə olan həmcins mübtədalardan biri I şəxsdə olduqda xəbər I şəxsin cəmində olur. Məsələn:
2. Müxtəlif şəxslərdə olan həmcins mübtədalar arasında I şəxs olmazsa, həmcins mübtədalar II və III şəxslərdə olarsa, xəbər II şəxsin cəmində olur. Məsələn:
3. Həmcins mübtədalar III şəxsdə olan sözlərlə (əvəzlik və isimlərlə) ifadə edildikdən xəbər də III şəxsdə olur. Belə mübtədaların insanı, başqa canlıları və cansız varlıqları bildirməsindən asılı olaraq, xəbər cəmdə də ola bilir, təkdə də. Məsələn: Sonra Nərgiz və Aybəniz tarlaya getdilər.
17 Mürəkkəb cümlə. Tabesiz mürəkkəb cümlələr
Mürəkkəb cümlə əmələ gətirən sadə cümlələr bir-biri ilə sintaktik cəhətdən iki cür bağlanır: tabesizlik yolu ilə, tabelilik yolu ilə.
Mürəkkəb cümləni təşkil edən sadə cümlələrin ya hamısı bərabər hüquqlu olur, ya da tərkib hissələrindən biri qrammatik cəhətdən müstəqil, digəri ondan asılı olur. Məsələn: Al rəngli şəfəqlər ətrafı bürüyürdü – cümləsində tərkib hissələri bərabərhüquqludur (hətta bəzi belə cümlələrdə tərkib hissələrinin yerini dəyişsək də məna dəyişmir). Mürəkkəb cümləni təşkil edən sadə cümlələr arasındakı bu cür bağlılıq tabesizlik bağlılıqdır. Belə mürəkkəb cümlələr tabesizlik mürəkkəb cümlələr adlanır.
Zeynəb hiss etdi, Tükəzban xala ona inanmır – cümləsində sadə cümlələrdən birincisi qrammatik cəhətdən müstəqil olduğu halda, ikinci birinciyə tabedir, çünki ikinci cümlənin tərkib hissəsi (Tükəzban xala ona inanmır) birinci hissəsini (Zeynəb hiss etdi) aydınlaşdırır və tamamlayır.
Mürəkkəb cümlənin tərkibindəki sadə cümlələr arasında bağlılıq tabeli bağlılıq adlanır. Belə mürəkkəb cümlələrətabeli mürəkkəb cümlələr deyilir.
Beləliklə mürəkkəb cümlələr iki növə ayrılır: 1) tabesizlik mürəkkəb cümlələri 2) tabeli mürəkkəb cümlələr.
Dostları ilə paylaş: |