Mövzu 15. Məişət üslub xüsusiyyətləri
Məişət üslubu insanların məişətdəki danışıq tərzidir, şəxslərin ailədəki, istehsalatdakı ünsiyyət dilidir.
Məişət üslubu sadə, təbii danışıq dilidir. Məişət dili yazılı ədəbi dilə qarşı durur. Yalnız şifahi formada mövcuddur. Onu səciyyələndirən əsas cəhət nitqin sərbəstliiyi və təbiiliyidir. Lakin ədəbi dildə olduğu kimi burada da cümləni səliqəsiz qurmaq, istənilən söz və ifadəni işlətmək olmaz. Bu üslubun dili loru nitq, yəni yonulmamış pinti danışıq dili deyil, məhəlli səciyyə daşımır. Məişət üslubu dialekt üstü nitq formasıdır.
Məişət üslubu ədəbi dilin şablonlardan, qəliblərdən azad və canlı danışığını məhəlləçilikdən, bəsitlikdən təmizlənmiş şəklidir.
Yəni məişət üslubu təmtəraqlı nitqlə loru dilin keçidində müəyyənləşir. Bu üslubu loru danışıqla, dialekt danışığı ilə qarışdırmaq olmaz. Müxtəlif üslub nümayəndələri yazısında ayrı – ayrı üslublardan istifadə etsələr də , şifahi nitqdə məişət üslubundan istifadə edirlər. Bu mənada, məişət üslubunda müxtəlif üslubların nümayəndələri birləşirlər. Bu üslubun daha çox təmasda olduğu üslub bədii üslubdur. Məs: bədii üslubda, xüsusən, dramatik əsərlərdə personajlar daha çox məişət dilində danışırlar. Belə danışıq tərzi obrazların dilinə bir təbiilik, canlılıq, səmimiyyət gətirir.
Məişət üslubu ədəbi dilin ən geniş yayılmış kütləvi üslubudur.
Məişət dili gündəlik danışıq dilidir. Danışıq dilinin qarşılığı yazılı dildir. Yazılı dil isə insan mədəniyyətinin inkişafından xeyli sonra yaranmışdır. Şifahi nitq – danışıq dili ilkindir. Yazılı dil onun əsasında formalaşır. Yazılı dil çox zaman ədəbi dilin sinonimi kimi qavranılır. ədəbi dilin üslubları yazılı dilin bazasında meydana çıxır. Indi məişət dili kim qavradığımız nitq əvvəllər canlı dilin, xalqın ünsiyyət saxladığı dilin özü idi. ədəbi dilin üslubları danışıq dilinin əsasında, amma danışıq normasından uzaqlaşma yolu ilə yaranır. Sonralar ədəbi dil öz yazılı üslubları ilə elə səviyyəyə çatır ki, xalqın dilinin təbiiliyindən uzaqlaşır. Ziyalıların bir – birini anlaması çətinləşir.
ədəbi dilin get – gedə şablon dilə çevrilmə qorxusu yaranır. Bu halda insanlar təbii ünsiyyətə ehtiyac hiss edirlər. Həm də mədəni səviyyə yüksəldikcə insanların gündəlik üsniyyətində məhəlli nitqdən, yerli şivəçilikdən də çəkilmə meyli güclənir. yəni bu zaman ədəbi normativli dil insanların məişətinə yol açır. Beləliklə ədəbi dilin şifahi təzahürü olan məişət üslubu - ədəbi normativli gündəlik danışıq dili yaranır. Məişət üslubunun yaranması bir zərurətdir. O, xalq danışıq dili ilə ədəbi dil arasında bir balans yaradır. Sanki ədəbi dilə deyir ki, çox uzağa qaçma, yadlaşarsan, xalq danışıq dilinə deyi ki, çox dala qalma dialektə çevrilərsən. Beləliklə, məişət üslubunun balansyaradıcı rolu çox əhəmiyyətlidir.
Dostları ilə paylaş: |