Ümumi və xüsusi isimlər
İsimlər cəmiyyətdəki tutduğu yerə və həmcinsliyinə görə iki növə bölünür:
Ümumi isimlər
Xüsusi isimlər
Eynicinsli əşyaların adlarına ümumi isimlər deyilir.
Məsələn: insan, ağac, ot, gül, çiçək, das, quş, balıq, dəftər, kitab, qələm və s.
Varlığı tək olması ilə fərqlənən əşyaların adlarına isə xüsusi isimlər deyilir. Xüsusı isimlərə, əsasən, aşağıdakılar daxildir:
1. İnsan adları və soyadlar, təxəllüs və ləqəblər: Nizami Gəncəvi, Hüseyn Cavid, Mirzə Ələkbər Sabir və s.
2. Coğrafi və astronomik adlar. Azərbaycan, Gəncə, Şuşa, Ay, Ülkər və s.
3. Qəzet, jurnal və əsər adları:«Azadlıq»,«Ulduz», «Xəmsə» və s.
4. Heyvanlara verilən xüsusi adlar: Alabaş, Qırat, Mərcan və s.
Xüsusi isimlər böyük hərflə yazılır. Qəzet, jurnal, əsər, zavod, cəmiyyət və s. adları dırnaq içərisində və böyük hərflə yazılır. Məsələn. «Dəli Kür» (əsər), «Azərbaycan» (jurnal), «Bakı fəhləsi» (zavod), «Vətən» (cəmiyyət) və s. .
Bəzi ümumi isimlər xüsusi isimlərə keçə bilir. Məsələn: arzu,fərəh, ilham, səadət, vəfa, sədaqət, sevinc, çiçək, bülbül və s. ümumi isimlər şəxs adı (bəzən də yeməkxana, mağaza, kinoteatr və s adlarını) bildirdikdə xüsusi isim olur. Nadir hallarda əks hal da baş verir, yəni xüsusi isimlər ümumi isimlərə çevrilir. Məsələn: Rentgen alman aliminin adıdır, rentgen isə xüsusi şüa ilə işıqlandırılma alətinin adıdır.
Dostları ilə paylaş: |