4. Nitqin düzgünlüyü.
Nitqin bu keyfiyyətindən bəhs olunarkən çox zaman göstərilir ki, düzgünlük həm yazılı, həm də şifahi nitqdə qrammatik qaydalara əməl etməkdir. Lakin nitqin düzgünlüyü üçün təkcə qrammatik qaydaları gözləmək kifayət deyildir. Qrammatikanı yaxşı bilən adamlardan elələrinə təsadüf edilir ki, onların nə yazdıqlarını oxumaq, nə də danışığını dinləmək, anlamaq mümkündür. Belələrinin nitqi cansız, təsirsiz və qüsurlu olur. Düzgün nitqə yiyələnmək üçün qrammatikanın qaydalarını bilməkdən əlavə, ədəbi dilin digər normalarına da riayət etmək lazımdır. Bunun üçün cümlələr məntiqi cəhətdən düzgün qurulmalı, oradakı fikirlər aydın olmalı, münasib sözlər seçilməli, həmin sözlər düzgün tələffüz edilməli, canlı sözün təsir gücünü artıran vasitələrdən yerində və məqsədəuyğun istifadə olunmalıdır. Nitqin düzgünlüyü üçün başlıca şərtlərdən biri ifadə edilən fikrin reallıqla bağlılığı, gerçəkliyin hadisə və predmetlərini olduğu şəkildə əks etdirməsidir. Reallıqdan uzaq, ona söykənməyən nitq hansı mövzuda olursa-olsun maraqsızdır, təsirsizdir, sönükdür.
Nitqə verilən tələblərdən biri də onun səmimiliyidir. Natiq öz çıxışı ilə onu dinləyənləri inandıra, onların ürəyinə yol tapa bilməlidir. Bu o zaman mümkün olur ki, nitq həyat həqiqətləri, real hadisələr əsasında, qarşı tərəfin mənafeyinə uyğun qurulsun, onu razı salsın. Bu baxımdan ulu öndərimiz H.Əliyevin çıxışlarını, söhbətlərini nümunə kimi göstərmək olar. Dərin məntiqə, mənaya əsaslanan bu çıxışlar cazibəli, sadə, səmimi idi. O, xalqla onun öz dilində danışardı. Çıxışlarında “xalq hər şeyi bilməlidir, xalqdan heç nəyi gizlətmək olmaz” kimi prinsipləri rəhbər tutaraq dinləyiciləri inandıra, qəlblərə yol tapa bilir, izahedici nitqi ilə insanları müstəqilliyimiz uğrunda mübarizə aparmağa, nailiyyətlər əldə etməyə səsləyir və buna nail olurdu.
Nitqdə reallıqdan uzaqlaşma, əsasən, iki səbəbdən irəli gəlir: birincisi, mühazirəçinin bilərəkdən faktları, hadisələri, onların səbəb və nəticələrini təhrif olunmuş şəkildə şərh etməsi. Məsələn, məktəb direktorunun çıxışında mənim səmənin yüksək faizlə göstərilməsi, layiq olmadan edilən təriflər, nöqsanların örtbasdır edilməsi və ya onların səbəbinin bu işlə daha az əlaqəsi olan amillərlə bağlanması və s. nitqin düzgünlüyünə xələl gətirən hallardır.
Nitqdə reallıqdan uzaqlaşmanın digər səbəbi danışanın nitq predmeti haqqında səthi məlumata sahib olmasıdır. Məsələn, müasir təlim texnologiyaları, onların məktəbdə tədrisinin mövcud problemlər (interaktiv, innovativ təlim və s.) barədə aydın təsəvvürü, ətraflı məlumatı olmayan rəhbər maarif işçisinin müəllimlər qarşısında çıxışı istənilən effekti verə bilmir. Yaxud ölkəmizin xarici siyasəti haqqında səthi məlumatı olan mühazirəçinin, icmalçının, şərhçinin və başqalarının çıxışı maraqsız olur, yaxşı dinlənilmir.
Şifahi nitqin (eləcə də yazılı nitqin) qüsurlarından biri də cümlələrin məntiqi, qrammatik baxımdan düzgün qurulmamasıdır. Məsələn, “Bu məqalə oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Onun sözünə baxıb, onun abidəsini qoydular. Xalq, əhali belə düşünürlər. Orada beş yüzdən artıq qocalarımız yaşayır; Tamaşalarımız çox yaxşı kiçikyaşlılar tərəfindən qarşılandı. Hər məntəqədə artıq səs verəcək seçiciləri gözləyirdilər; Çox təəssüf ki, bu xeyirxah işdə mən tək deyiləm və s. Radio və televiziya verilişlərinin dilindən alınmış bu cür qüsurlu cümlələrə bəzən natiqlərin, mühazirəçilərin, müəllimlərin nitqində də təsadüf etmək mümkündür. Natiq cümlə qurmaq bacarığının təkmilləşdirilməsi ilə bağlı müəyyən sistemlə, müntəzəm şəkildə iş aparmalı, həmin keyfiyyətə tam şəkildə yiyələnməlidir.
Cümlə qurmaqla bağlı qüsurun bir səbəbi də nitqdə, xüsusən məruzə və mülahizələrdə həcmcə böyük cümlələrin işlədilməsidir, Belə cümlələr çox zaman nitqi ağırlaşdırır, məzmunun dinləyiciyə çatmasını çətinləşdirir.
Dostları ilə paylaş: |