Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Giriş



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə63/78
tarix11.11.2023
ölçüsü3,06 Mb.
#131759
1   ...   59   60   61   62   63   64   65   66   ...   78
Sofiya m

9. İxtisar və qısaltmalar 
9.1. İxtisar və qısaltmalar aşağıdakı kimi yazılır:
9.1.1.tam ixtisarlar və qısaltmalar aid olduqları sözlərə uyğun olaraq böyük hərflə 
yazılır: Azərbaycan Respublikası - AR, Birləşmiş Millətlər Təşkilatı - BMT, Milli 
Məclis - MM və s.;
9.1.2. tam ixtisarlar ümumi isimlərə aid olduqda kiçik hərflə yazılır: metr - m, cild - 
c, və sairə - və s., və başqaları - və b.;
9.1.3. yarımçıq ixtisarlar aid olduqları sözlərə uyğun olaraq, böyük və kiçik 
hərflərlə, mürəkkəb adların tərkib hissələri isə bitişik yazılır: akademik – akad., 


doktor – dok., dosent - dos., professor – prof., Azərbaycan Nəşriyyatı - Azərnəşr və 
s.
9.2. İxtisarlara əlavə edilən şəkilçilər son səsin tələffüzünə uyğun olaraq yazılır: 
AMEA-dan, MDB-nin, UNESKO-nun, İSESKOda, BDU-ya və s.
 10. Sözün sətirdən sətrə keçirilməsi
10.1. Sözlər sətirdən sətrə hecalarla keçirilir: və-tən, mək-təbli-lər və s. Sözün bir 
saitdən ibarət olan hecasını sətrin sonunda saxlamaq və ya yeni sətrə keçirmək 
olmaz: a-ilə, a-zadlıq, iddi-a və s. Bu qəbildən olan sözlər sətirdən sətrə bu şəkildə 
keçirilir: ai-lə, azad-lıq, id-dia və s.
10.2. Saylar rəqəmlə yazıldıqda, onlara artırılan şəkilçilər sətirdən sətrə keçirilmir: 
5-cilər, 7-ci, 9-da və s.
10.3. Mürəkkəb ixtisarlar və onlara artırılan şəkilçilər sətirdən sətrə keçirilmir.
10.4. Ad və ata adlarının bir hərfdən ibarət qısaltmalarını (M.F.Axundzadə, 
M.S.Ordubadi, Y.V.Çəmənzəminli və s.) sətrin sonunda saxlamaq olmaz.
10.5. Durğu işarələri yeni sətrə keçirilmir. 
 
Mövzu 16. 
Kommunikativ proseslərdə ədəbi dil normalarından 
düzgün istifadə.
 Leksik norma.
 
“Söz” anlayışının nitq mədəniyyətşünaslığında necə mühüm yer tutduğunu 
sübut etməyə, yəqin ki, xüsusi ehtiyac yoxdur; yalnız onu demək lazımdır ki, sözün 
düzgün tələffüzü nitq mədəniyyətinin “xarici”, leksik-semantik mənasından düzgün 
istifadə isə “daxili” təbiətinə aiddir. 
Dilin səsləri (fonemləri), qrammatik göstəriciləri (morfemləri, sintaksemləri) 
kəmiyyətcə nə qədər yiğcam və ya məhduddursa, sözləri (leksemləri) sayca o qədər 
çoxdur. Müasir Azərbaycan dilində bir neçə yüz min söz vardır ki, nitq 
praktikasında bunların yalnız bir neçə on minindən fəal istifadə olunur. 


Hər bir dildə olduğu kimi, Azərbaycan dilində də nitqin leksik-semantik 
əsasında ümumişlək sözlər dayanır. Bunlar o sözlərdir ki, cəmiyyətdə kifayət qədər 
populyar olmaqla dilin əsas lüğət fondunu təşkil etməkdədir. 
Əlbəttə, elə bir azərbaycanlı təsəvvür etmək mümkün deyil ki, ata, ana, ev, ailə, 
məktəb, vətən , xalq, dövlət, dünya, həyat, yaşamaq, oxumaq, yazmaq, ağlamaq, 
gülmək kimi minlərlə sözü əsas məna çalarları, leksik-semantik miqyas genişliyilə 
bilməsin. 
Və 
bu 
dil-ünsiyyət 
hazırlığı, bir tərəfdən, nitq mədəniyyətinin 
fundamentlərindən birini təşkil edirsə, digər tərəfdən, onun dərəcədə mükəmməl 
olması sonrakı mərhələlərin keyfiyyətinə əhəmiyyətli təsir göstərir. Hər şeydən 
əvvəl o baxımdan ki, ədəbi dilin ümumişlək leksikasının tələb olunan səviyyədə 
mənimsənilməsi (qeyd edək bu, orta təhsilin son illərində başa çatır) həm mədəni 
nitq üçün təhlükə yaradan amillərin (dialektizmlərdən, yabançı sözlərdən, loru və ya 
biədəb sözlərdən istifadə və s.) qarşısını alır, həm də arxaizmlər, neologizmlər, 
intellektual və ya professional leksika ilə fərdi nitq təcrübəsini zənginləşdirmək üçün 
şərait yaradır. 
Müşahidələr göstərir ki, insanın söz ehtiyatının ( burada kəmiyyətlə yanaşı, 
keyfiyyət də nəzərdə tutulur) aktiv müəyyənləşməsi prosesi, əsasən, üç mərhələdən 
keçir: 
1) 11-12 yaşından 17-18 yaşlarına qədər; 
2) 17-18 yaşından 27-28 yaşlarına qədər; 
3) 27-28 yaşından 37-38 yaşlarına qədər. 
Birinci mərhələdə ədəbi dilin ümumişlək leksikası, ikinci mərhələdə subyektin 
marağından, peşə yönümündən irəli gələrək professional leksika, üçüncü mərhələdə 
isə daha çox universal-fəlsəfi məzmun daşıyan sözlər mənimsənilir. 
Əgər bu mərhələlər lazımi keyfiyyətlərdə keçirilirsə, fərdin həm dil təfəkkürü 
mükəmməl olur, həm də nitq mədəniyyəti tələb edilən səviyyəyə yüksəlir. 
Çoxmənalılıq (polisemiya) sözün daxili təbiətini (mahiyyətini) əks etdirən 
əlamətlərdən biridir. 


Sözün çoxmənalılığı həm linqvistik, həm də stilistik ( üslubi) səciyyə daşıyır. 
Lakin bu gün linqvistik çoxmənalılıq kimi tanıdığımız hadisənin də kökündə və ya 
mənşəyində üslubilik, başqa sözlə, məcazlaşma dayanır. 
Müşahidələr göstərir ki, çoxmənalı sözlərin müxtəlif məna nüanslarını, adətən, 
bir-birindən kəskin şəkildə fərqlənən anlayışlar kimi təsbit etmək mümkün olmur. 
Və bunun özü də çoxmənalılığın (polisemiyanın) əlamətlərindən biridir.
Məsələn: 
Yol 
1) hərəkət etmək üçün bu və ya digər dərəcədə münasib olan yer, məkan; 
2) hərəkət edilən istiqamət və ya məsafə; 
3) zaman məsafəsi ( məsələn: ömür yolu, yaradıcılıq yolu və s.); 
4) üsul və ya üslub ( məsələn: demokratiya yolu, doğru yol, səhv yol və s.); 
5) dəfə, kərə ( məsələn: yüz yol, əlli yol və s.) və i. 
Omonimlik 
müəyyən 
mənada 
çoxmənalılığın 
davamıdır, belə ki, 
çoxmənalılıqda sözün müxtəlif məna çalarları arasındakı assosiativ əlaqələr 
mühafizə olunduğu, bir-birini “yada saldığı” halda, omonimlikdə həmin əlaqələr 
“itmiş”, yaxud “unudulmuş” olur. 
Azərbaycan dilində omonimləşmə hesabına lüğət tərkibinin zənginləşməsi 
prosesi onun qədim dövrlərindən mövcud olmuşdur. Bu hadisə, xüsusilə bu gün, 
isim və feillərə mənsub olan omonim sözlərdə özünü daha çox göstərir. 
Azərbaycan dilinin omonimlərində əsas yer tutan bu xüsusiyyət rus dilinə aid 
ola bilmir. Həmin dildə müxtəlif nitq hissəsinə mənsub məfhumları ifadə edən 
omonim sözlər yoxdur. 
İsim-feil ( əslində, feil-isim) omonimliyi Azərbaycan dili leksikonu üçün 
genotipoloji hadisədir; ümumiyyətlə isə, təsadüfi omonimlik fərqli olaraq, bu cür 
genotipoloji və ya etnolinqvistik mənşəli omonimlər nitq mədəniyyəti baxımından 
xüsusi əhəmiyyət kəsb edir. Məsələn, düzmək feili əsasında düz sifəti, onun əsasında 
isə düz ( “çöl” mənasında) ismi yaranır. Və hər biri müəyyən miqyasda çoxmənalılıq 
qazanan həmin omonimlər kökü bir mənbədən gələn kifayət qədər çoxşaxəli, qol-


budaqlı bir leksik-semantik şəbəkə təşkil edir ki, onun bütöv bir idrak ardıcıllığı üzrə 
qurulduğuna şübhə yoxdur. 
Sinonimlik iki və ya daha çox sözün eyni bir anlayışı bildirməsindən ibarətdir. 
Lakin buradakı “eyni bir anlayış-müxtəlif sözlər” münasibətində həmişə aydın 
duyulan şərtilik vardır. Və həmin şərtiliyin mahiyyəti ondan ibarətdir ki, “eyni bir 
anlayış”ın bir dildə “ müxtəlif sözlər”lə verilməsinə ehtiyac yoxdur. Odur ki, 
“müxtəlif sözlər”, əslində, “eyni bir anlayış” ətrafında fərqli məna çalarlarını 
saxlamaqla birləşə və ya qruplaşa bilər. Məsələn, “vətən” anlayışı vətən sözündən 
başqa, yurd, ana torpaq, el-oba... kimi çoxlu sayda söz və ya söz birləşmələrilə ifadə 
olunur. Yaxud “getmək” anlayışı birbaşa getmək sözü ilə yanaşı, çıxmaq, tərk 
etmək, hərəkət etmək... kimi leksemlərlə verilir. 
Bəzən sinonim sözlərin eyni mənaya da malik olduğunu göstərirlər. Lakin belə 
sözlər sinonim deyil, dubletlər adlanır. Dubletlər dili lazımsız sözlərin təkrarı 
hesabına ağırlaşdırır və ifadənin səlisliyini pozur. 
Dubletlər forma və mənşəyi müxtəlif olan sözlərdir, onlar mətnə görə neytral 
olur, çünki mənaca bir-birinin tam eyni olan sözlərdir. Buna görə də müxtəlif 
şəraitdə ( mətn, nitq, situasiya) məna fərqi yaratmır və bir-birini əvəz edə bilər. 
Məsələn, XX əsrin əvvəllərində Azərbaycan ədəbi dilində aşağıdakı paralellər 
mövcud oımuşdur: 
universitet-darülfünun, eynək-çeşmək-gözlük, ağ-bəyaz, bahar-yaz, ad-san, 
dava-dərman, sağ-salamat, bica-yersiz, künc-bucaq, şərəf-şan. 
Sinonim dubletlərin bir hissəsi arxaikləşmiş də ola bilər: 
Ayaq-qədəm, aydır-deyir, nəsnə-şey, dün-gecə, sayru-xəstə, tuş-yuxu, tanıq-
şahid, sağ-əsən və s.” 
Hazırda müasir Azərbaycan ədəbi dilində nə universitet-darülfünun, nə də, 
məsələn, tuş-yuxu, tanıq-şahid, sağ-əsən şəklində dubletlik yoxdur. Yəni 
komponentlərin ikinci tərəfi tamamilə arxaikləşmişdir, yalnız ötən dövrlərin 
təəssüratı olaraq müəyyən məqamlarda ( və ara-sıra) işlənir. Ağ-bəyaz, ad-san, sağ-
salamat... tipli leksik-semantik, münasibətlərə gəldikdə isə burada dubletlikdən və 


ya mütləq sinonimlikdən danışmaq ümumiyyətlə mümkün deyil. Çünki sinonim 
tərəflərin hər biri eyni zamanda kifayət qədər geniş əlavə məna çalarlarına malikdir. 
Bununla belə son zamanlar Azərbaycan dilində xüsusilə beynəlxalq alınmalar 
hesabına terminoloji paralellik miqyas almışdır; məsələn: bəsit-primitiv, üzvi-
orqanik, təcrübə-praktika, sürət-temp, təcavüzkar-aqressor, müasir-modern, əlamət-
simptom, dövr-epoxa, mərhələ-etap, müvari-paralel, yoluxma-infeksiya, fəal-aktiv, 
oftolmoloq-göz həkimi, kardioloq-ürək həkimi və s. 
Sinonimlərdən istifadənin nitq mədəniyyəti baxımından əsas funksiyası “eyni 
mənalı” sözlər içərisindən vəziyyətə, şəraitə, məqsədə və s. ən uyğun olanı seçib 
işlətməkdən ibarətdir ki, bu, danışandan və ya yazandan ( adresantdan) dilin 
sinonimiya imkanlarına bələdlik tələb edir. 
Antonimlik əks mənalı sözlərin münasibətini ifadə etməklə dildə leksik-
semantik vahidlərin müəyyən sistemini yaradır. 
Bütün dillərdə olduğu kimi, Azərbaycan dilində də antonimliklə sinonimlik tez-
tez qarşılaşdırılır. Və bu zaman müəyyən məna çalarlıqlarının aktuallaşması 
meydana çıxır. Məsələn, yaxşıdır yerinə pis deyil, yaxud maraqlıdır yerinə maraqsız 
deyil və ya əksinə, pisdir yerinə yaxşı deyil, maraqsızdır yerinə maraqlı deyil 
işlətmək artıq normativləşmiş üslub hadisəsidir. 

Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin