çoxvariantlılığından (pərakəndəliyindən) təkvariantlılığa ( normativliyə) keçidlə
müşayiət olunur. Və ədəbi dil öz materialını ən azı üç mənbədən alır:
1) əcdad ədəbi dilin
və ya dillərin norma ənənələri;
2) dialektlərdən, yaxud “tayfa dilləri”ndən gələn “seçilmələr”;
3) inkişaf etmiş qonşu ədəbi dillər.
Azərbaycan ədəbi dili həm “türki”nin (orta əsrlər ümumtürk ədəbi dilinin), həm
Azərbaycan ərazisindəki türk “tayfa dilləri”nin, həm də qonşu fars və ərəb
ədəbi
dillərinin (dialektlərinin yox!) əsasında formalaşmışdır.
Bu da doğrudur ki, Azərbaycan ədəbi dilinə müxtəlif dövrlərdə bəzən az, bəzən
də çox sayda dialekt sözləri daxil olmuş və həmin proses, prinsip etibarilə, ədəbi
normanın demokratikləşməsi istiqamətində getdiyindən dialektizmlər ədəbi dili onu
“ağırlaşdıran” ərəb-fars alınmalarından təmizləməyə xidmət etmişdir. Xüsusilə
XVIII əsrdə, XIX əsrin sonu XX əsrin əvvəllərində canlı xalq dilinin ədəbi dilə
“saflaşdırıcı”, yaxud “milliləşdirici” təsiri, həqiqətən,
tarixi və ya həlledici
olmuşdur.
Ancaq dialektizmlərin ədəbi dilə (və nəticə etibarilə, nitq mədəniyyətinə)
pərakəndə, yaxud xaotik müdaxiləsi, təbii ki, yolverilməzdir. Və bunun aşağıdakı
səbəbləri xüsusi olaraq qeyd edilməlidir:
a) məhəlli səciyyə daşıyan dialektizm ümumxalq və ya ümummilli ünsiyət
səviyyəsində anlaşılmazdır;
b) dialektizm ədəbi dildə “variantlılıq” yaratmaqla onun
normativlik prinsipini
təhlükə altına alır.
Əlbəttə, bu, məsələnin ictimai tərəfidir, konkret bir fərd konkret ədəbi nitq
situasiyasında dialektizmlərə müraciət etdikdə isə üç səciyyəvi münasibətlə
qarşılaşır:
1) ətrafdakılar danışan şəxsdən həmin dialektizm
və ya dialektizmlərin
mənasını soruşurlar;
2) onun nə dediyini, ümumiyyətlə fikrini anlamayıb sözünə laqeyd yanaşırlar
3) və ən təhlükəlisi, ətrafdakılarda belə bir təsəvvür yaranır ki, bu şəxs nitq
mədəniyyətindən məhrumdur.
Lakin
unutmaq olmaz ki, Azərbaycanda ədəbi nitq mühiti ilə yanaşı, dialekt
nitqi mühiti də mövcuddur. Və etiraf etmək lazımdır ki, kifayət qədər canlı,
funksional olub öz müxtəlifliyi, rəngarəngliyilə ölkənin bütün coğrafiyasını əhatə
edir. Ona görə də burada ədəbi dil-dialekt münasibətlərinin
mürəkkəb bir
mənzərəsilə qarşılaşmamaq mümkün deyil.
Məsələn, müşahidələr göstərir ki, dialekt mühitinin ədəbi dil daşıyıcısına onun
nitqdən irəli gələn münasibəti aşağıdakı şəkillərdə təzahür edir:
a) əgər danışan şəxsin mənşəcə bu dialekt mühitinə aidliyi məlumdursa, onun
ədəbi nitqi bu və ya digər dərəcədə istehza doğuracaqdır;
b) əgər danışan şəxsin mənşəcə bu dialekt mühitinə aid olmadığı məlumdursa,
onun ədəbi nitqi normal qarşılanacaqdır;
c) əgər danışan şəxsin mənşəcə hansı dialekt mühitinə aid olub-olmadığı
ümumiyyətlə məlum deyilsə (Azərbaycan şəraiti üçün bu, demək olar ki, nadir
hadisədir), tərəddüdlər baş qaldıracaqdır.
Odur ki, ümumiyyətlə, dialekt mühitləri ilə ünsiyyətə girərkən həmin mühitin
yerli nitq xüsusiyətlərinə və ya vərdişlərinə müəyyən hörmətlə yanaşmaq lazım
gəlir.
Bütövlkdə isə, Azərbaycan nitq mədəniyyətinin müasir səviyyəsi elədir ki,
ədəbi dil-dialekt fərqlilikləri özünü leksikadan daha çox fonetikada göstərir. Və
ümumxalq, yaxud ümumdilli maraqlar baxımından ədəbi dil normaları, heç
şübhəsiz, dialekt-şivə variantlılığından müqayisə edilməyəcək qədər nüfuzludur.
Dostları ilə paylaş: