Nitq texnikası
Nitq texnikası natiqliyin davamlı məşqlər tələb edən bir sahəsidir və tələffüz
bacarıqları üzərində uzunmüddətli praktiki çalışma tələb edir. Nitq texnikasının əsas
elementləri bunlardır: səs, tembr, intonasiya, fasilə, vurğu.
Nitq məzmun baxımından nə qədər gözəl hazırlansa da natiqin səsinin düzgün
ayarlanmaması dinləyicilərin diqqətini yayındıracaq, qısa müddətdən sonra darıxma
və yorulmaya səsəb olacaq. Odur ki, nitqdə səs çıxışın məzmunu, danışanın zahiri
görkəmi və davranış tərzi qədər önəmlidir. Səs natiqin mesajını dinləyicilərə
çatdırmada ən önəmli vasitələrdən biridir. Natiq gözəl gur səsi sayəsində ilk
dəqiqələrdən dinləyicilərin diqqətini cəlb edə, onların rəğbət və etibarını qazana
bilər. Səsdən düzgün istifadə etməyin 4 əsas qaydası var:
1.Düzgün bədən duruşu. Düzgün bədən duruşu səsə təsəvvür edildiyindən də daha
çox təsir edir. Duruş səsin skeleti kimidir.
2.Adekvat nəfəs dəstəyi. Səsi yaradan enerjidir. Nəfəs alarkən səsin əsas enerjisi
ağciyərləri dolduran havanın sıxılması nəticəsində yaranır. Döş və qarın boşluqlarını
çevik bir silind kimi düşünün. Qirtlaq burada sadəcə səsin dəyişərək ötürüldüyü
transformator rolunu oynayır. Əgər içinizdəki səsin enerjisini şüurlu şəkildə hiss edə
bilsəniz onu nəzarətdə saxlayaraq düzgün yönləndirə biləcəksiniz.
3.Sağlam səslənmə texnikası. Bədən duruşu və nəfəsalma prosesini düzgün
tənzimlədikdən sonra sağlam səslənmə prosesi demək olar ki, təmin edilmiş olur.
Qırtlağımız agciyərlərdən gələn sıxılmış havanın enerjisini səs tellərinin köməyi ilə
səsə çevirən aparat kimidir. Bu mərhələdə əsas hadisə səsin formalaşmasında iştirak
edən əzələlərin düzgün işləməsidir.
4.Səs boşluqlarından düzgün istifadə. Səs boşluqlarından düzgün istifadə rezonansı
tənzimləmə prosesi olub səsin rəng və formasını yaratmaqdan ibarətdir. Boğazdan
çıxan səsi bir ovuc torpaq olaraq düşünsək, ağızdan çıxana qədər bu müəyyən məna
kəsb edən heykələ çevrilir. Səs tellərindən sonrakı boğaz, ağız və burun boşluqları
səsin fərdiləşdirilməsinə imkan verir. Çünki səs tellərindən çıxan çiy səs cızıltıya
bənzəyir. Səsinizdən düzgün istifadə edirsinizsə, almacıq sümüklərinizin
arxasındakı vibrasiyanı hiss etməlisiniz. Bu, üz sümüklərinə ötürülən səs enerjisinin
ifadəsidir. Bu boşluqlarda səslənmə zamanı edilən dəyişikliklər (dil-damaq
hərəkətləri, boğazın daralması və genişlənməsi və s.) səsin nitqə çevrilməsinə şərait
yaradır. Səs boşluqları düzgün istifadə edilmədikdə, səs telləri bu vəziyyəti
kompensasiya etmək üçün yanlış yollar tutur.
Ritorikada səsin tembri də nitqin texniki cəhətdən qurulmasında mühüm rol
oynayır. Tembr səsin əlavə artikulyar-akustik rənglənməsidir. Səsin tembrinə uyğun
olaraq onun növü müəyyən edilir: bas, bariton, tenor, soprano, və s. Səsin növü
ümumi ola bilər, lakin hər bir insanın öz tembri, öz tembr koloriti var. Tembrə səsin
“rəngi” də deyilir. Tembrin təbiəti çox müxtəlifdir, qavrayış isə subyektivdir.
Tembrin xüsusiyyətlərini təsvir edərkən vizual qavrayışı, eşitmə, assosiativ,
emosionallığı vurğulayan müxtəlif təriflərdən istifadə olunur.
Tembri iki əsas amil müəyyənləşdirir: insanın anatomik xüsusiyyətləri və onun
psixi vəziyyəti. Hər kəs akkordları məşq edə, tembrini dəyişdirə və bu alətdən qeyri-
verbal ünsiyyət forması kimi uğurla istifadə edə bilər. Səs tembri dəyişkən bir
anlayışdır. Tembrin dəyişməsinə təsir edən əsas cəhətlər bunlardır:
-
əhval;
-
psixoloji vəziyyət;
-
sağlamlıq;
-
yorğunluq dərəcəsi.
İnsanın yaşından və cinsindən asılı olaraq tembr növləri bölünür:
-
kişilər - bariton, bas, tenor;
-
qadın - mezzo-soprano, soprano, kontralto;
-
uşaq - viola və trebl.
Qeyd etdiyimiz kimi, səsinizin emosional rəngi olan tembr söz və ifadələrin
arxasında gizlənən bir münasibətdir. Dinləyicilər natiqin hansı mövqe tutduğunu
hiss edir və bu hissdən çıxış edərək onun haqqında nəticə çıxarırlar. Mövqeyinizi
dəstəkləyən söz və ifadələr seçərək fikrinizi vurğulamaq, emosiya və müəyyən
münasibət bildirmək üçün tembrdən istifadə etmək olar.
İntonasiya (lat. İntonare – yüksək səslə danışmaq) danışanın mövzuya münasibətini
ifadə edən nitqin semantik melodiyasıdır. İntonasiya ifadənin məntiqi və emosional
əhəmiyyətini vurğulamağa imkan verir. İnsanın emosional reaksiyası nə qədər
yüksək olarsa, onun nitqinin melodik ifadəliliyi də bir o qədər zəngin olar. Müvafiq
melodik vurğulamadan məhrum nitq təsiredicilikdən uzaqdır.
İntonasiya tələffüzün vurğu, fasilə, temp, melodiya kimi elementlərini özündə
birləşdirən kompleks dil hadisəsidir.
Vurğu, fasilə, temp, melodiya nitqin xarici
komponentləridir. Bu xarici komponentlər səslənməni yaradır. Bu ünsürlər – nitqin
texniki cəhətləri nitq mədəniyyətinin əsas bölmələrindən biri olub, danışıq və oxuda
ifadəliliyin yaranmasına xidmət edir.(sitat. N.Abdullayev s. 65)
Dilçilikdə vurğunun 3 növündən bəhs edirlir: söz vurğusu, məntiqi vurğu,
həyəcanlı vurğu.
Söz vurğusu həm fonetik, həm də fonosemantik funksiya yerinə yetirir. Vurğunun
sözün gözəl səslənməsindəki rolu fonetik, yeni mənalar yaratması isə fonosemantik
xüsusiyyət daşıyır. Sözlərdə vurğunu doğru səsləndirmək nitqin axıcılığına, doğru
qavranılmasına zəmin yaradır. Səhv tələffüz natiqin professionallığına şübhə
düşürəcək qüsurdur.
Məlum olduğu kimi, Azərbaycan dilində vurğu əsasən son hecaya düşür. Təcrübə
göstərir ki, milli sözlərin tələffüzündə ümumiyyətlə, anomaliya müşahidə edilmir.
Problem daha çox alınma sözlərin tələffüzü ilə bağlıdır. Alınma sözlərdə mənbə
dildəki vurğu saxlandığından müxtəlif vurğu variantları meydana gəlir.
Bitişik yazılan mürəkkəb sözlərdə əsasən birinci söz vurğusunu itirir, vurğu ikinci
sözün üzərinə düşür: şəhərlərarası, ayaqqabı, qayınata və s. Təbii ki, istisna sözlər
də var: Ağdaş, Ağsu, Göyçay və s.
Birinci tərəfi saitlə bitib, ikinci tərəfi saitlə başlanan mürəkkəb xüsusi isimlərdə
vurğu ikinci tərəfin üzərinə düşür. Belə tərkibdə birinci tərəfin son saiti ixtisarla
olunur, tərkib qovuşmuş bir söz kimi deyilir. Məsələn; Molla Abbas – Mollabba`s,
Mirzə Ələkbər – Mirzələkbə`r, Əli Əsgər – Ələsgə`r, Əli ağa – Əlağa` və b.
Mürəkkəb birləşmələrin bir qismində tərəflər öz vurğusunu saxlayır, iki vurğulu söz
kimi tələffüz olunur. Bu hal özünü göstərir:
1. Samitlə bitən sözə saitlə başlanan söz qoşulduqda. Məsələn; stolarxası, sututumu,
ağızdolusu və s.
2. Biri ləqəb, digəri insan adları bildirən sözlər. Məsələn; Mirzə Fətəli, Şah İsmayıl,
Molla Nəsrəddin, Nizami Gəncəvi və b.
3. Mənaca yaxın sözlərin təkrarı ilə yaranan mürəkkəb sözlərdə. Məsələn; dava-
dərman, oğul-uşaq və s.
4. Müxtəlif mənalı sözlərdən əmələ gələn mürəkkəb sözlərdə. Məsələn; alış-veriş,
gecə-gündüz, dərə-təpə, ağız-burun və s.
5. Eyni sözün təkrarı ilə əmələ gələn mürəkkəb sözlərdə. Məsələn; aşıqaşıq, daş-
daş, top-top və s.
Tərkibində qeyri sözü olan sifətlərdə söz vurğusu qeyrı sözünün üzərinə düşür.
Məsələn; qe`yri-adi, qe`yri-qanuni, qe`yri-kafi, qe`yri-rəsmi və s.
Mürəkkəb sual və qeyri-müəyyən əvəzliklər qovuşuq halında bir vurğu ilə deyilir.
Məsələn; nə vaxt? , nə zaman?, nə cür?, heç kim, heç kəs, heç biri, hər kəs və s.
Məntiqi vurğu cümlədə sözlərdən birinin digərlərinə nisbətən daha qüvvətli
tələffüzünə deyilir. Cümlədə məntiqi vurğu əsas fikri ifadə edən sözün üzərinə
düşür. Nİtqdə məntiqi vurğu dinləyicilərin diqqətini cəlb etməyə, əsas mətləbi
çatdırmağa xidmət edir. Unutmaq lazım deyil ki, məntiqi vurğu mətnin ümumi
konteksti ilə bağlı olsa da cümlənin daxilində müəyyənləşir. Aşağıdakı cümlələrdə
məntiqi vurğunu işarələnmiş sözlərin üzərinə qoymaqla əsas nəzərə çatdırılan fikri
dəyişmək mümkündür:
Rauf sabah qardaşı ilə İstanbula gedir.
Rauf sabah qardaşı ilə İstanbula gedir.
Rauf sabah qardaşı ilə İstanbula gedir.
Lakin elə hallar vardır ki, məntiqi vurğu cümlədə konkret olaraqa həmin sözün
üzərinə düşür. Bu nümunələrdən bəzilərinə nəzər salaq:
1.Cümlədə bənzətmə olduqda məntiqi vurğu müqayisə edilən sözün üzərinə düşür.
Sənin saçların qar kimi ağarsa da mənim gözümdə həmin tələbə qızsan.
2.Həmcins üzvlü cümlələrdə sadalanan həmcins sözlərin hər biri məntiqi vurğu
qəbul edir, sonuncü söz isə digərlərinə nisbətən daha qüvvətli tələffüz edilir:
Bir dollara dəyməyənlər,
Alır, satır
Fikir dolu,
Əməl dolu,
İşıq dolu beyinləri. (B.Vahabzadə)
Üzüldük, düşündük, bilmədik ancaq
Nədir dərmanımız, çaramız bizim. (B.Vahabzadə)
3.Qarşılaşdırılan zidd mənalı sözlər də cümlədə vurğu altında tələffüz edilir:
Bayquş əməllidir əməlləriniz,
Buna biganədir qanun da, din də.
Neçin xoşbəxtliyi tapmalıyıq biz
Başqa ölkələrin bədbəxtliyində? (B.V.)
Hökmüylə, qəsdiylə nə deyir zaman?
Uçurur bir yandan, qurur bir yandan.
Günəşin başına dolanır cahan,
Fırlanır, fırlanır, fırladan nədir?
Ay nə, Gün nədir?
İlk nə, son nədir?
Enişi göstərir bizə dağ kimi,
Qaranı göstərir bəzən ağ kimi
Dünyanı oynadır oyuncaq kimi,
Qəsdi bilinməyən bu oyun nədir?
4.Tərzi hərəkət zərfləri vurğu ilə deyilir:
Sənin bu hərəkətin çox mənasız görünür.
Sevincin ürəyi bu xəbərdən sonra şiddətlə döyünməyə başladı.
4.Xitablar məntiqi vurğulu olur:
- Qızım, inad olma, inadı sındır,
Anla ki, xan sənin hökmdarındır!
Xacə, dediyini yaxşı düşün bir
, Qəlbin hökmdarı məhəbbətidir.
Həyəcanlı vurğu adından da göründüyü kimi, hiss və duyğularla bağlıdır. Nitqə
əlavə emosional çalarlar qatan həyacanlı vurğu bir cümləyə aid olduğu kimi, bir neçə
cümləni əhatə edən sintaktik bütövü də əhatə edə bilər. Həyəcanlı vurğudan daha
çox inandırma, fəaliyyətə çağırış, təbliğat məzmunlu nitqlərdə istifadə edilir.
Pauza sadəcə susmaq və ya nitqin dayandırılması deyil, nitq prosesinin bir
elementidir. Nitq zamanı pauza bir neçə məqsədin həyata keçirilməsinə xidmət edir:
1.Nitqin əvvəlində auditoriya ilə təmas qurmaq və diqqət cəlb etmək üçün, daha
sonra isə çıxışın gedişində iştirakçıların sizi dinlədiyinə əmin olmaq məqsədilə;
2.Mühüm əhəmiyyət kəsb edən fikir və ifadədən sonra dinləyicilərin reaksiyasını
öyrənmək məqsədilə;
3.Çıxışın hissələri arasında;
4.Həyəcanı azaltmaq üçün;
Mövzu 21.
Dostları ilə paylaş: |