Xadimi və onun təsəvvüfi varlıq anlayışı
Əbu Səid Məhəmməd Xadimi XVIII əsrin yüksək səviyyəli Osmanlı mütəfəkkirlərindən biridir. Bu dövrün ən səciyyəvi xüsusiyyətlərində biri budur ki, kəlamdan hüquqa, təsəvvüfdən məntiqə qədər İslam düşüncə tarixi İbn Sina sonrası sintezci mahiyyətə sahip olmuşdur. Məhz Qur`anın anlaşılması və şərh olunması da bu sintezci arayış vasitəsi ilə aparılırdı. Fəlsəfiləşmiş kəlam ilə təsəvvüfi-irfani anlayışın yoğrulduğu İslam düçüncə tarixi İbn Sina öncəsi klassik kəlam, yaxud fəlsəfi düşüncəsindən fərqli bir metod izləmişdir. Bu sintezçi anlayışın strukturu bütünləşdirici və fənlərarası (interdisiplinər) mahiyyətə sahib olmuşdur. Təsəvvüfi hermenevtik metod da bu struktur içərisində özünə məxsus varlıq və idrak nəzəriyyəsinə dayanaraq inkişaf etmişdir. Bütün düşüncə sistemi məntiq-fəlsəfə, kəlam və təsəvvüfdən ibarət “sac ayaqlarını» təşkil edir. Nəticədə Xadimi də bu intelekktual münbit zəmində yetişərək bir mütəfəkkir kimi öz sözünü demişdir.
Xadimi “Tövhid” traktatında (risalə) söz-məna əlaqəsi və istifadəsi qaydasına uyğun olaraq mövzunu açıqladıqdan sonra Mütləq Varlığın ontoloji və epistemoloji mahiyyətini izah edir. Ona görə mümkün varlıqların metafizik (elmi ilahi) baxımdan heç bir həqiqətləri yoxdur. Maddiyyat və mücərrəd olan hər şey, “mümkünlər” kateqoriyasına daxil olur. Bunlar Mütləq Varlığın işləridir (şuun). Məhz Allahı daha dərindən dərk etdiyimizdə və kəşflə ona vardığımızda bütün bu varlıq mərtəblərinin (məratibu`l vücud) xəyal olduqları ortaya çıxır. Xadimi fenomenlər aləminin (mövcudatın) Mütləq Varlıqdan ölçülü və müəyyən mərhələlərlə varlıq mərtəbələrinə uyğun olaraq ortaya çıxdığını və yayıldığını (inbisat) ifadə edir. Nəticədə arif (mistik), qərq olma (istiğraq) mənasında təcəlli (teophany) və kəşf sayəsində sonsuzluğa doğru yolu qət edərsə sonda orada yox (fəna) olur. Yəni, onun nəzərində varlıqda Mütləq Varlıqdan başqası yoxdur. Bu səbəblə nəfs, mücərrəd vasitələrlə nəfsə aid olan istək və arzu əngəllərindən özünü xilas etmiş olur(5,s. 5).
Xadimiyə görə, mövcudatdakı çoxalma varlıqdakı çoxalma deyil, nisbi mövcudat mərtəbələrindəki çoxalmadır. Nəticədə xarici aləmdə ortaya çıxan varlıq həqiqi varlıq olmamaqla bərabər Mütləq varlığın feyzindən ibarətdir (6, s.106). Digər bir ifadə ilə “hər şey öz həllini ancaq Vahiddə, Mütləqdə tapır. Ayrılıqda siması bəlli olmayan və ancaq əlamət kimi, hadısə kimi mövcud olanlar özünü büruzə vermək, ifadə etmək üçün mənsub olduqları cövhərə, substansiyaya möhtacdırlar. Və tərsinə. Cövhər də əlamətlərə möhtacdır, yəni onların vasitəsilə ifadə olunur” (7, s. 38).
Nəticədə İslam düşüncəsində bütün varlıqlar aləmi və dil sahəsi metafizik aləmə doğru yol göstərən işarələr sistemi olaraq təhlil olunmuşdur. Məhz Xadimi də metafizik baxış tərzi ilə bütün elmlərin ən böyük hədəflərinin tamamilə Allahın zatını, sifətlərini və feillərini (varlığa yönəli İlahi davranışlar) öyrənməkdən ibarət olduğunu ifadə edir (8, s. 57).
Dostları ilə paylaş: |