HÜMMƏT ƏLİZADƏNİ ANARKƏN
“Azərbaycan folklorunun ilkin nəşrləri” seriyasından sayılan bu birinci toplu Hümmət Əlizadənin adı ilə bağlı olub müəllifin təkrar dərc edilən ikinci kitabıdır. İkinci dəfə nəşr olunmuş ilk kitabı isə oniki cildlik “Azərbaycan ədəbiyyatı inciləri” seriyasının üçüncü “Dastanlar” cildində özünə yer almış “Koroğlu” eposudur1.
Folklorşünas həmkarım, onlarla şifahi söz sənəti toplularının müştərək müəllifi olduğumuz prof. Bəhlul Abdullanın tərtibi və bizim “Ön söz”ümüzlə işıq üzü görmüş “İncilər” seriyasındakı “Koroğlu” dastanı keçmiş irsi yenidən dövriyyəyə gətirmək işində mühüm addım sayıla bilər. Təqdim olunan bu toplunu da həmin gələnəyin davamı və H.Əlizadənin ilk toplama-tərtib-nəşr kitabı kimi dəyərləndirmək mümkündür.
Bəllidir ki, Azərbaycan folklorunun toplanması, tərtibi və nəşr işində Salman Mümtazla yanaşı Hümmət Əlizadə də məhsuldar bir folklorçu kimi fərqlənmişdir. O, 1929-cu ildən 1941-ci ilə kimi nəşr etdirdiyi kitablarının əksəriyyətinə kiçik də olsa ön söz, izah və qeydlər yazmış, ilk baxışdan diqqəti çəkən bir sıra maraqlı fikirlər söyləmişdir.
H.Əlizadənin həyatı, folklor irsi barədə məqalələr, monoqrafik tədqiqatlar yazılsa da, onun həyat yolu barədə ən etibarlı bilgini təqdim etdiyi kitabın “Nağılçılardan bəzilərinin tərcümeyi-halı” bölməsində tapırıq. Hər şeydən öncə, özünü nağılçı (güman ki, söyləyici demək istəmişdir) kimi təqdim edən H.Əlizadə özü barədə qeyd edir ki, 1907-ci il oktyabrın 10-da Qazax qəzası Həsənsu mahalının Köçəsgər kəndində anadan olmuşdur. İbtidai təhsilini Tovuz məhəlli məktəbində almış, sonralar Azərbaycan Mərkəzi Türk İşçi fakültəsini bitirmişdir. Təhsilini Ali Pedaqoji İnstitutda davam etdirən H.Əlizadə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin (1923-1929-cu illərdə fəaliyyət göstərib) və onun davamı sayılan özgə elmi təşkilatların – Azərbaycan Elmi Tədqiqat İnstitutu, Az.OZFAN-ın üzvü kimi o zamandan Azərbaycan rayon və kəndlərini qarış-qarış dolaşıb el ədəbiyyatı örnəklərini toplamaq işində böyük fədakarlıq göstərmişdir.
İlk növbədə öz toplamış olduğu folklor nümunələrinə dəyər verən H.Əlizadə göstərirdi ki, onlarda “bəzi qüsurların göründüyü təbiidir, çünki folklor toplama üsullarını bir gənc tələbə incədən-incəyə tətbiq edə bilməzdi”.
Hümmət Əlizadənin tərcümeyi-halını tamamlayan özgə bir bilgi həmin topluda onun atası Aşıq Əli Rəhim oğlu (Aşıq Əli Köçəsgərli kimi də tanınır) barədə yazılanlardır. H.Əlizadə qeyd edir ki, Əli Rəhim oğlu 1867-ci ildə İranın Sulduz qəsəbəsində anadan olub. 8 yaşından 20 yaşına kimi maldarlıqla, dəmirçiliklə, 22 yaşında isə Rusiyaya qaçaraq (Şimali Azərbaycan nəzərdə tutulur) 29 yaşına kimi əkinçilik, fəhləlik və s. işlərlə məşğul olmuşdur. 29 yaşından yenidən Sulduza qayıdan Əli Rəhim oğlu 4 il bağbanlıq etmiş, 33 yaşında yenidən Azərbaycana dönmüş, aşıqlıq sənətini davam etdirmişdir. Aşıq Əli savadsız olmuş, lakin çox ölkələrdə (Hindistan, Ərəbistan, Türkiyə, Misir, Çin və s.) dolaşdığı üçün fars, türk, yəhudi, kürd dillərini öyrənmişdir.
Daha sonra H.Əlizadə atasının uca məlahətli səsə və yüksək söyləyicilik qabiliyyətinə malik bir sənətkar olduğunu vurğulamış və sonda xatırlatmışdır ki, o hazırda Qazağın Həsənsu mahalının Köçəsgər kəndində yaşayır.
H.Əlizadənin özü və atası Əli Rəhim oğlu barədə verdiyi bu avtobioqrafik məlumatların haqqında sözü gedən nəşrdə özünə yer alması təsadüfi deyildir. Çünki H.Əlizadə topludakı dastanların əksəriyyətini atasının adı ilə bağlı təqdim etmişdir. Bunlar: “Şahzada İbrahim”, “Tahir Mirzənin nağılı”, “Şahzada Qasımın nağılı”, “Şahzada Bəhramın nağılı”, “Nəcəfin nağılı”, (Qazax, 1926-1928-ci illər) kimi məhəbbət dastanlarıdır. Maraq doğuran özgə bir cəhət ondan ibarətdir ki, H.Əlizadə tərcümeyi-halında özünü həm də ifaçı-söyləyici kimi təqdim etmişdir. Topluda onun söyləyiciliyi-müqalifiliyi ilə özünə yer almış “Şah oğlu Şah Abbasın nağılı” (Qazax, 1927) bunu bir daha təsdiq etməkdədir.
H.Əlizadənin “Azərbaycan el ədəbiyyatı (Nağıllar) toplama-tərtib kitabında təqdim olunan örnəklər məhəlli (lokal) səciyyə (hamısı eyni ərazidən toplanmışdır) daşısa da onların üslubu təsdiq edir ki, söyləyicinin-ifaçının dili, özgə sözlə deyilsə, xalq dili, onun yerli zəminlə bağlı ləhcə-şivə xüsusiyyətləri, xüsusilə dastançılıq gələnəyi əsasən qorunub saxlanmışdır. Lakin “Şahzada İbrahim”, “Tahir Mirzə” və “Şahzada Qasım” dastanlarının təkrar nəşrində2 həmin meyar pozulmuş, toplayıcı sərbəst şəkildə bu mətnlərə müdaxilə etmiş, onu öz yaradıcılıq süzgəcindən keçirib istədiyi şəkildə dəyişdirmişdir. Faktlara üz tutaq: İkinci nəşrdə (1937) “İbrahim” adı ilə təqdim edilən “Şahzada İbrahim” ilk nəşrdə olduğu kimi yenə də 1926-cı ildə ildə Qazaxda Aşıq Əlinin ifasından toplanmış nümunə kimi verilmişdir. Ustadnamələrin ikisi saxlanmış, biri isə Aşıq Ələsgərin “Bələtdi” rədifli qoşması ilə əvəz edilmişdir. İlk nəşrdəki 56 bənd şeir ikincidə 44 bəndə endirilmişdir. (İkinci nəşrdəki duvaqqapma da başqadır).
Əsas dəyişiklik dastanın nəsr hissəsində aparılmışdır. Hər iki nəşri müqayisəli tərzdə nəzərdən keçirdikdə aydın olur ki, ikinci nəşrdəki örnəklər H.Əlizadə tərəfindən yenidən yazılmışdır. İlk nəşrdən fərqli olaraq ikinci nəşrdə bəzi epizodlar ixtisara salınmış, süjet xətti, ayrı-ayrı motivlər əsaslı şəkildə yığcamlaşdırılmışdır. Dastan mətninin dili üzərində də xeyli əməliyyat aparılmışdır. Məsələn, birinci çap: “Kilat mahalında Zülal adda ağıllı, kamallı və ədalətli bir şah var idi. Bunun da iki oğlu var idi ki, heç birisinin gözəllikdə misli manəndi yox idi. Uşaqların birisinin adı İbrahim, o birisinin adı Asdan idi”. İkinci çap: “Kilat mahalında Zülal adlı bir şah var idi. Zülal şahın iki oğlu vardı. Birinin adı Asdan, o birinin adı İbrahim idi. Bir gün bunların anaları öldü. Zülal şah getdi yeni arvad aldı”3.
Eyni mənzərəni bütün dastan boyu müşahidə etmək mümkündür. “Tahir Mirzə” və “Şahzada Qasım” dastanlarının ikinci çapında da həmin vəziyyətlə qarşılaşırıq. Bütün bunlar təsdiq edir ki, H.Əlizadə eyni kitabda “Aşıq Valeh” (1927, Tovuz, Şair Vəli), “Aşıq Əmrah” (1934, Tovuz, Aşıq Qoca), “Novruz” (1928, Tovuz, Aşıq Əli), “Şah İsmayıl” (1928, Tovuz, Aşıq Mirzə), Alıxan-Pəri” (1927, Qazax, Aşıq Həsən), “Dilsuz və Xəzangül” (1935, Kürdüstan, Nəbi Nəcəfov), “Səyyad və Sadət” (1934, Kəlbəcər, Aşıq Hüseyn) kimi dastanları xalq dilində, aşıqdan-ifaçıdan yazıya alınmış şəkildə çatdırmağa çalışsa da toplama və nəşr işində əsaslı bir prinsipə sadiq qalmamışdır. Bunun da təbii səbəbləri vardır. Çünki Ülkər təxəllüsü ilə yazıb-yaradan H.Əlizadə “...çöllərdə, otlu-çiçəkli yamaclarda dolaşa-dolaşa, ney-tütək çala-çala qoşmalar, gəraylılar oxumuş”, sonralar isə tam mənası ilə dəyişmiş, bugünki div addımlarla irəliləyən və irmaq kimi coşan, daşan həyata açıq gözlə baxmağa başlamış, yeni ruhda bir çox mənzum parçalar yazmışdır4. Təsadüfi deyildir ki, folklorçunun ayrı-ayrı nəşr işlərində bəzi çatışmamazlıqlar onlara yazılmış ilk söz səciyyəli qeydlərdə də göstərilmişdir. Məsələn, “Azərbaycan aşıqları” kitabının idarə tərəfindən verilmiş “Bir neçə söz”ündə oxuyuruq: Tərtibdə “...H.Əlizadə yoldaş... şübhəsiz ki, bir çox qüsurlar buraxmışdır... Tanıdığımız aşıqlardan bəzilərinin bir çox dəyərli qoşmaları kənarda buraxılaraq hər aşığın deyə biləcəyi adi və ümumi əsərləri qeydə alınmışdır. Digər tərəfdən, kitabın tərtib və ümumiyyətlə toplanış texnikasında da bir çox nöqsan buraxılmışdır”5.
H.Əlizadə 30-cu illərdə Azərbaycan folklorunun müxtəlif janrlarına dair onlarla kitab nəşr etdirmişdir. 10-dan çox məhəbbət dastanı və 20-yə yaxın nağıl daxil olmuş “Dastanlar və nağıllar” 6 tərtib işi müəllifin nəşr etdirdiyi toplular içərisində önəmli yer tutur. H.Əlizadənin toplama-nəşr fəaliyyətini yüksək dəyərləndirən prof. M.H.Təhmasib “Dastanlar və nağıllar” kitabı ilə bağlı fikirlərini belə ümumiləşdirmişdir: “Bizcə, bu kitablarda ən böyük nöqsan ondan ibarətdir ki, bir sıra dastan şeirləri həmin dastanların qəhrəmanlarının müstəqil qoşmaları kimi verilmiş, belə ustadların yaşamış olduqları dövr isə əksərən dastanda surət kimi iştirak edən şahın yaşamış olduğu illərlə müəyyənləşdirilmişdir”7.
Əlbəttə, bütün bu deyilənlər H.Əlizadənin adı ilə bağlı nəşr işlərində təsadüf edilən kiçik çatışmamazlıqlardır. Əslində isə H.Əlizadə istər epik, istərsə də lirik Azərbaycan folklorunun toplanması və nəşrində misilsiz xidmətləri olan bir folklor fədaisi olmuşdur.
Azərbaycan aşıq poeziyasının toplanması və nəşri işində H.Əlizadənin fəaliyyəti çoxyönlü və çoxistiqamətli olmuşdur. Bu baxımdan 1935-1936-cı illərdə, sonralar isə 1937-1938-ci illərdə təkrar dərc olunmuş ikicildlik “Aşıqlar”, 1938-ci ildə isə ictimaiyyətə çatdırılmış “Aşıq qoşmaları”, “Din və mövhumat əleyhinə aşıq şeirləri”, “Lenin haqqında aşıq şeirləri” kimi toplama-tərtib işlərini yada salmaq kifayətdir.
H.Əlizadə Aşıq Ələsgər, Aşıq Hüseyn, Aşıq Əsəd kimi sənətkarların şeirlərindən ibarət bir sıra kitablar da dərc etdirmişdir8. O, Azərbaycan nağıllarının toplanması, tərtibi və onların nəşri ilə də məşğul olmuşdur. “Onun topladığı nağıllar, o cümlədən digər epik folklor nümunələri yazıya alınmış və çap olunmuş ilk folklor örnəkləri olmaqla bugün folklorşünaslıq elmimiz üçün əvəzsiz elmi-mənəvi xəzinədir”9.
Qeyd etmək lazımdır ki, kitabda dastanlar “nağıl” adı ilə təqdim olunmuşdur ki, bu, toplunun adında da özünü göstərir. Burada “nağıl” adı ilə təqdim olunan dastanlar elə dastan kimi də başa düşülməlidir. Bu cür təqdimat təsadüfi deyil, çünki bu gün də uzun illərdən gələn bu ənənə aşıq mühiti çevrəsində davam etməkdədir.
Dostları ilə paylaş: |