Azərbaycan folklorunun ilkin nəşrləri” seriyası HÜMMƏT ƏLİzadə azərbaycan el əDƏBİyyati



Yüklə 1,73 Mb.
səhifə5/116
tarix01.01.2022
ölçüsü1,73 Mb.
#110319
1   2   3   4   5   6   7   8   9   ...   116
1.H.Elizade-Nağıllar,Kitab,Super!

Sönməz ABBASLI

filologiya üzrə fəlsəfə doktoru

Bakı, 2013

ŞAHZADA İBRAHİM

Əli Rəhim oğlu

Qazax – 1926
Ustatnama
Qafil gönül bir məclisə varanda,

Ağır əyləş, sağ, sola danışma!

Hərcai söyləmə, zənanələr tək,

Laf eyliyib, gülə-gülə danışma!


İgit gərək hər məclisdə sayılsın,

Həqiqət söz danış, əhsən deyilsin.

Kəlmə çıxart şirin cana yayılsın

Aşırıb sözün zilə danışma!


Sözünü man tutma hər azğının, axmağın.

Xoşdanılmaz aralıqdan çıxmağın.

Layıq dəyil başa qaxıc qaxmağın.

Öz eybini bilə-bilə danışma!


Yazıq “Söyün” əhdin yetər yerinə.

Çək sözünu şəriətə, dərinə,

Ləl mətağın aç xırıdarına.

Hər qədir bilməzə, mala danışma.

Ustatdar ustatnamanı bir deməyib iki deyər. Biz də deyək iki olsun, duşmannarın ömrü gül təki solsun.

Dedim: gönül düşmə şeytan felinə?

Fitnə şamatası şərri olajaxdı.

Bu dünya bir bağdı, bağmanı iblis,

Alması, hayvası, narı olajaxdı.
Alma həkkünasdı, taamı şirindi.

Hayva rəvadı, qanı irindi.

Nar sağır malıdı, hədis dərindi.

Danəsi cəsədində nar olajaxdı.


Gözəllər şəbihdi bağın gülünə,

Müştaq olma şirin ləhcə dilinə,

Həvəsdənib seygal vermə telinə.

Məhşərdə hər biri mar olajaxdı.

Ustatdar ustatnamanı iki deməyib üç deyər, biz də deyək üç olsun, duşmanın ömrü xırxa puç olsun.

Arif məclisində hər bir söz söylərəm,

Nə xəlaf, nə çaşqın, nə gələt olmaz.

Loxmadan dağ olan, lütfədən halal.

İnşallah heç yerdə xəcalət olmaz.
Mənim bu sözümü sərraflar qanar,

Müxənnitlər etdigindən utanar.

Varlıqda dost olar, yoxluxda kənar

İgidəm deyəndə bu adət olmaz.


Bir şəxsin sənəti istəmək ola,

Səxavət eləməz, hazım tey ola,

Bir insan ki, gədəlikdən bəy ola

Başı ərşə dəysə ədalət olmaz.


“Əli Əsgər” mətləbini həqqdən istə,

İnsaf olmaz müxənnitdə, xəsisdə

Gögluk, bəglik, səylik olan məclisdə,

Qaç ordan xeyir bərəkət olmaz.

“Kilat” mahalında “Zülal” addı, ağıllı, kamallı və ədalətli bir şah var idi. Bunun da iki oğlu var idi ki, heç birinin gözəlliydə mis­­li manəndi yox idi. Uşaqların birisinin adı “İbrahim”, o bi­ri­si­nin adı “Asdan” idi.

Gün keçdi, ay keçdi, uşaqlar böyüyüb yeddi, səkkiz yaşına ye­tişdi. Padişah bunları bir mollanın yanına oxumağa qoydu. Bu pa­dişah balaları uşaqlıqda ox atmağı, at çapmağı da ögrənirdi. Elə ki, Asdan iyirmi iki yaşına və İbrahim də on səkkiz yaşına çat­dı hər ikisi elmli, həm də dava işlərində mahir oldular. Bu za­man bunların anası vəfat etdi. O vaxtın adətinə görə analarını dəfn etdilər. Oğlanlar analarından ayrılmağına görə çox qəm-qüssə çəkirdilər. Zülal şah üç il arvad almadı ki, oğlanlarım ana­lıqdan korlux çəkməsin. Ancaq üç ildən sonra vəzir ərz etdi ki:



– Şah sağ olsun! Bu yaxınlarda Hindistan şahı ölüb, onun bir ağıllı və gözəl arvadı vardır ki, hərgah sən onu alsan Asdan və İbrahim ilə çox xoş rəftar edər və şahzadalar analarının ölü­mü­nü yadından çıxarar. Çünki o bir xoş sima və xoş rəftar bir ar­vaddı.

Zülal şah vəzirdən bu kəlamı eşidif bir az fikirdən sonra la­bid ra­­­zı oldu. Onu gətirmək üçün calal və dəsgah ilə vəzir, vəkil, əyan, əşraf Hind elinə rəvan oldular. Mənzil-bə-mənzil gedib Hin­­­­də yetişdilər. Arvadı əhvalatdan bərxurd etdilər. Arvad razı ol­­­­du. Zülal şah, əyan və əşraf bir neçə gün mehman qal­dıq­dan son­­­­ra “Ayişə” xanımı zərri kecavədə əgləşdirib, qul, qara­baş­nan Ki­­­­­­lat ma­­halına yola düşdülər. Xuraman-xuraman gedib Ki­lata ya­­­­­­­­­­­­­xın­laşdılar. Şah bir fərraş şəhərə göndərdi, get əhl Ki­lata xə­bər ver ki, Zülal şah şən, şökət, cah-cəlal ilə Ayişə xanımı gə­ti­rir. Dükan­la­rı, bazarları bağlayıb küçələri əlvan çiçəklər ilə bə­zə­­­sinlər. Kilat şə­həri bəzənməkdə olsun, gəlin sizə Asdan ilə İb­ra­­him­dən xəbər ve­­rim: bu cavanlar məktəbi və dava məşgini qu­ta­rıb hər gün ba­ba­­­larının imarətində və şahana məclislərdə iş, iş­rət ilə do­la­nır­dı­lar. Atalarının Hind şahının arvadını götür­məgin bil­mə­yir­dilər. Çün­­ki Zülal şah arvad almağını, oğlan­la­rın­dan giz­lin tuturdu. Bir də o zamanın qaydasına görə bir şəxsin arvadı öləndən sonra beş il arvad ala bilməzdi. Şah bir yannan tez ev­lən­­diyindən, o biri yan­dan oğlanlarına gənişmədiyindən, bu işi oğ­­lanlarına bildirmək is­təməyirdi. Qəzadan Zülal şah, və­zir, və­kil, əyan və əşraf şan-şö­kət­nən zərri kecavələrdə Ayişə xanımı şə­­hərə daxil etdikləri za­man Asdan ilə İbrahim şəhərə çıx­mış­dı­lar. Kilat əhlini şad və şəhəri laləzar görüb soruşdular. Bu şa­di­yanəlik nə üçündü?


Kilat əhli dedilər:

– Şahzadalar, bəs xəbəriniz yoxdurmu. Atanız Hind şahının arvadını alıb gətirir və bu gün şəhərə daxil olacaqdır. Asdan ilə İbrahim işin üstü açılanda ataları utanmasın deyə, bargaha gəlib, hər biri bir guh peykər ata suvar olurlar və pişvaza çıxdılar. Ayi­şə xanım bu cavan nurəsidələri görüb qəd-qamətlərinə hey­ran oldu. Oğlanlar yetişcək mübarək bad edib toy əhli ilə gö­rüş­dü­­lər. Şan-sökət ilə daxil bargah oldular. Bargahda bir toy məc­lis qu­rub, yeyib, içib, şad və xürrəm xoş söhbət etdilər. Ta inki ax­şam oldu. Toy əhli dağıldı, şah ilə hərəmxanaya gedib, Ayişə ilə söhbətə məşğul oldu. Söhbət vəxti Ayişə şahdan xəbər aldı ki, sizin əvvəlki arvadınızdan heç evladınız yoxdurmu.

– İki övladım var, birinin adı İbrahim, o birinin adı Asdandı. Onların tərbiyə, əql və kamalına heç söz yoxdur. Qəd-qamətləri çinar tək elə nurəsidə cavandılar ki, dünyada misilləri yoxdur. Ayişə şahdan bu sözü eşidib, zahirdən, şad batindən isə gəmnak oldu. Çünki Zülal şah bir piran şəxs idi. Arvad dünyanın zevq səfasın ondan sürüb, feyziyab olmazdı. O çəpəl həm özü Asdan və İbrahimi pişvaza çıxdıqda görüb, həm də şahdan bu kalamı eşidib, bildi ki, gördüyü cavanlar şahın oğlanlarıdır. Bir kö­nül­dən, min könülə onlara aşiq olub, öz-özünə dedi: “Bu cavanlar ilə yaxşı ömür sürərəm”. Böylə boş fikirlər ilə və boş sözlər ilə Zülal şahnan o gecəni fəmən yəməl keçirdi. Sabah olcaq oğ­lan­ları yanına çağırıb, şahın yanında hər ikisini yaxasından keçirib üzlərindən, gözlərindən öpüb, dedi:

– “Bilin və agah olun! Dünyada və axirətdə siz mənim oğ­lum­­sunuz”. Zülal şah hala çox şad olub, bargaha gəldi. Bu yan­dan Ayişə oğlanların xətt xalına və gül camalına diqqət ilə ta­­ma­şa edirdi. Nagah bu çəpəlin gözü İbrahimin mina qəddinə və şux camalına düşüb, bir könüldən min könülə aşiq giriftar, mah ca­malı olub, könül əldən verdi. Və öz-özünə dedi: “Ya gərək öləm və ya bu oğlanın vüsalına yetişib arzuma çatam”. Bunu deyib, oğlanları yüz nəvaziş ilə atalarının bargahına yola salıb, özü də hə­­rəmxana işi ilə məşğul oldu. Bu minval ilə həmən vəxt İb­ra­him Hərəmxanaya gələndə Ayişə eşq atəşinə yanub, oğlanın vü­salına yetişmək istərdi, ancaq elə münasib yer tapa bilməyib, yana-yana qalırdı.

– Mən nə vəxtə qədər bu piranın əlində dəstigir olub cavan hə­yatımı bu zəhərli tikan ilə keçirdəcəyəm. Ya ölüm və ya şah­zada nocavan İbrahimin vüsalına yetişəm. Ona görə də bir für­sət tapıb, macəranı ona bildirmək lazımdı. Hərgah o razı olsa mən o cavana canımı onun qədəmlərinə qoyub, canımı ona qur­ban edə­rəm, razı olmasa bir hiylə qurub onu tezcə həlak et­di­rə­rəm. Çünki onu hər görəndə ərvahım uçur.

Ayişə bir gün fikir xəyal ilə hərəmxanada məyus oturmuşdu. Nagah İbrahim açıq sifət ilə hərəmxanaya daxil oldu. Ayişə İb­ra­himi görcək, həmən eşqə giriftar olmuş dedi:

– Oğlum, gəl mənim ilə bərabər bütün ambarları gəzək. Atanı çox varlı söyləyirlər. Görüm doğrudan da varlıdırmı.

İbrahim “bəçəşm” dəyib, Ayişə ilə bərabər ambarlar gəz­mə­yə getdi. Ayişə eşqə dutulduğundan bitab və biqarar olub içəri da­xil olduqca qapıları bir-bir bağlayırdı. Ən axırıncı otağa gə­ləndə Ayişə dedi:

– İbrahim! Bil və agah ol, mən buraya gəlib səni görəndən bə­­ri gül camalına heyran olub, məhəbbət əlindən həlak olmaq də­­­rəcəsinə gəlmişəm. Ona görə gərək mənimlə başı birlik edə­sən, yoxsa səni fəlakətə düçar edərəm.

İbrahim arvaddan bu sözü eşidib o nankorun ağzının üstün­dən bir sillə vurdu ki, ağzı qan ilə doldu. Arvad ağlayıb ah-zar et­­­məsindən İbrahim rəhmə gəlib, o saat su hazır edib ağzının qanı­nı yuyub, dedi:

– Anacan belə iş olmaz, çünki sən məni və Asdanı yaxandan keçirib, oğulluğa qabul etmisən.

Ayişə bir az fikirləşib, hilə yolu tapdı.

– Çox yaxşı, indi sən mənə məhəbbət yetiribsən. Gör sənin başına nə iş gətirəcəyəm.



İbrahim Ayişədən bu sözü eşidib, bildi ki, heç bir söz ilə bu çə­pəl həqq yola gəlmiyəcək. Ona görə İbrahim bunu oyana bağlı qa­pıları aça-aça çıxmaq istəyəndə Ayişə fürsəti qənimət bilib fi­rən­­gi qayçı ilə İbrahimin dal ətəyini kəsib götürdü. Sonra ağlaya-ağlaya bir qaraçı şivəni ilə Zülal şahın yanına gedib həm İb­ra­­himin çuxa kəsigin verdi, həm də o hiləgər əhvalatı Zülal şaha nağıl etdi.

Zülal şah arvadın hiləsindən xəbərdar olmayıb, çox qəzəb­lən­di. Dərhal cəllad çağırdı. Əmr etdi ki, İbrahimin boynunu vur­­­sun. Dana vəzir irəli durub, ərz etdi:

– Şah sağ olsun, İbrahim heyifdi, nahəqdən bunu həlak et­dir­­mə. Çünki günah bunda olsa idi, onda qabaq ətəgi kəsilmiş olar­­dı. İndi ki, dal ətəgi kəsilib, onda günah Ayişədədi.

Ona görə ki oğlan qaçdığı zaman dal ətəgini kəsibdir.

– Vəzir bəs nə etməli?

– Mən nə ərz etdim, o ki, lazım idi, dedim və gənə də de­yi­rəm. Əvvəla İbrahimdə günah yoxdur. Ona görə onu həlak et­dir­mə. İkinci ona razı olmasan da İbrahimi öz məmləkətindən sür­gün etdir.

– Vəzir, sən çox əqillisin, ikinci sözünü qəbul edib, İbrahimi sürgün etdirərəm.

Asdan İbrahimin sürgün edilməsini eşidib:

– Atacan, İbrahim heyifdi, gəl sən Ayişənin hiləsinə uyub, onu sürgün etdirmə.

Şah qəzəblənib dedi:

─ Asdan heç elə şey olmaz. Gərək bu gün İbrahim sürgün edilsin.

Asdan bildi ki, atası İbrahimdən əl çəkməyib, sürgün etdi­rə­cək. Canı qardaşına yandığından qeyzə gəlib dedi:

– Babacan! Onu yəqin bil ki, İbrahimi sürgün etdirməgindən axır­da peşiman olajaxsan. Ancaq peşimançılıq bir fayda ver­mə­yə­cəkdir. İbrahim uşaqdı, ona görə mən də gedəsiyəm.

Şah Ayişənin felinə o qədər uymuşdu ki, lap yoldan çıx­mış­dı. Ona görə dedi: Öz günahın öz boynuna gedirsən, get!



– Çox yaxşı, mən və qardaşım bu saat gedəjəyik. Əmma sən nihayət bu işin nahaq olmasını biləcəksən. İndi bizə bir qədər yol xərci ver ki, sənin məmləkətindən kənara çıxana kimi do­la­naq.

Şah buyurdu:

– O xəzinə, o da siz, gedin hər nə qədər lazımdırsa götürün.

Hər iki qardaş atalarından bu sözü eşidib, xəzinəyə varid oldular. Hərəsi bir purqiymət daş götürüb, yüz çöl biyabana qoy­dular. Günə bir mənzil teyyi mənazil edib, gedirdilər. Bu minval ilə gedərkən bir gün baxdılar ki, azuqələri təmamən qu­tarmış. Özləri də aclarından az qalır ki, həlak olsunlar. Uzaqda bir saray görüb Asdan dedi:

– Qardaş! Hər halda bura abadanlıq olar. Gəl gedək bəlkə bir az çörək tapıb tənavil edək.

Hər iki qardaş oradan həman saraya tərəf gəlib gördülər ki, bu qəbiristanlıqdır. Əmma uzaxdan o saray kimi görünən, kər­pic­­dən bina edilmiş bir günbəzdi. Nə günbəz. Başı ərş əlaya çə­kil­­­miş. Dibindən baxanda göz qaralır. Kərpicləri elə bina edil­miş ki, deyəsən bunun üstündə əl gəzməyib, ancaq kərpicdən bina edilmiş bir balaca qapısı vardır ki, adam onun ilə günbəzə da­xil olub nərdibanlar ilə yuxarısına çıxır. Günbəzin ətrafı isə bö­yük bir qəbiristanlıqdır, neçə min illəri göstərən daşlar vardır.

Hər iki qardaş bir qədər məzaristanı gəzdikdən sonra aclıq qələbə edib hər ikisi bitab düşdülər. Asdan yaşı çox olduğundan bir az aclığa davam gətirib dedi:

– Qardaş İbrahim! Sən dur bu günbəzə daxil ol, mən də yüz çö­lə qoyub, gedim. Hər halda bu yaxınlarda abadanlıq tapıb, çö­rək alıb götürrəm, tənavil edərik. O zaman istədiyimiz yerə gedə billik. İbrahim razı olub, günbəzdə qaldı. Asdan da qabağına çı­xan bir yol ilə gedib, bir müddətdən sonra bir şəhərə yetişdi. Şə­hə­rə çatanda gördü ki, bu şəhərin əhli hay-huy ilə şəhərdən qaçı­şır­lar. Asdan birindən xəbər aldı ki, “bu nə işdi, nə üçün əhl şə­hər belə hərasa qaçışırlar”.



– Bil və agah ol, Bibahat vilayətinin şahı bu yaxından vəfat edib. Ona görə camaat şəhərin kənarında olan meydançaya yı­ğı­şıb, “Dölət quşunu” uçuracaqlar. O quş hər kimin başına düşsə onu Bi­ba­hat vilayətinə şah edib, təxt səltənətdə purqarar edə­cək­lər.

– Özgə vilayətdən gələn qərib adam da olarmı?

– Çox gözəl olar.

Asdan bir qədər fikir edib öz-özünə dedi: “Ey dil qəfil! Bəl­kə xuda rast götürüb, o quş sənin başına düşəcək. Gəl bu səfərə sən də get”. Bunu deyib, bu da camaat olan meydançaya gəlib, bir kanarda durdu. Bu halda dölət quşunu uçurdular. Qəzadən quş havada dör edib, süzə-süzə gəlib, Asdanın başına düşdü. Bi­ba­hat əhli dedilər:

Quş yanılmış. Bu bir qərib adamdır. Nə cəmaat dolan­dı­ra­caq. Bu zaman Bibahat vilayətinin vəziri Seyr Sübhan irəli du­rub, dedi:

– Camaat! İndi ki, razı olmursuz, dölət quşunu dübarə uçur­dun. Bu şərt ilə ki, bu dəfə hər kimin başına düşsə, mütləq o şahdı.

Seyr Sübhan vəzirin bu sözünə Bibahat əhli tamamilə razı olub, dölət quşunu dübarə uçurdular. Quş gənə də şəhpərini ça­lıb havada dör edə-edə Asdanın başına düşdü. Bibahat əhli can dil­dən razı olub, Asdanı şahlığa qabul etdilər. O quşun ikinci də­fə As­da­nın başına düşməsi səbəbi “ustadların fərmayişinə görə bu dölət qu­şunda öylə bir xasiyyət vardır ki, hər kim şah öladı ol­sa onun ba­şına düşər. Asdan da şah oğlu olmasına görə onun ba­şına düşmüş”.

Elə ki, Bibahat əhli şahzada Asdanın şahlığına can dildən qa­­bul etdilər. Bu zaman Asdanı da özləri ilə bərabər Bibahat şə­hə­­rinə götürdülər. Şəhəri çirağban bəzədib, Asdanı şahana libas ilə bəzəyib və şahlıq tacını başına qoyduqdan sonra calal və şö­kət ilə taxt səltənətdə bərqərar etdilər.



Asdan şah Bibahat məmləkətinə şah olub təxt səltənətə sa­hib olandan sonra şad-xürrəm məmləkəti idarə edirdi. Günü xoş keç­diyindən biçara qardaşı İbrahimi yadına salmırdı. Bir gün təxt səltənətdə əgləşib, xalq işinə baxdığı zaman sərbazlar bir ca­va­nı əli ayağı bəstə şahın hüzuruna gətirdilər. Şah bu cavandan xə­bər aldı ki, nə üçün düz dolanmırsan, belə balaya düçar olur­san.

Cavan ərz etdi:

– Şah sağ olsun, mən elə bir pis iş görməmişəm.

– Söylə görüm nə iş görmüsən.

– Ey Bibahatın şahı, bil və agah ol! Mən bir uzaq səfərdən gə­lir­dim. Yolda xurd-xörəgim qurtardı. Acımdan bitab olmuş­dum. Yol ilə gələndə Bibahat şəhərinin yaxınlığında bir sürü qo­yu­na rast gəldim. Qoyun sahibi çobana dedim:

– Qardaş mən üç gündür ki, qüdrətim yoxdu ki, bir yana ge­dəm: hərgah mümkün olsa mənə bir az çörək ver yeyib, qüvvətə gə­­­lim. Çünki yolum uzaqdı. O dinməz-söyləməz mana bir ço­maq vurdu. Mən də ac olduğuma görə belimdən xəncərimi çəkib ço­­banı qoyun sürüsünün yanından qovdum. Çobanın bar­xa­na­sın­da çörək tapa bilmədim. Ona görə bir qoyun öldürdüm. Atəş yan­dırıb, ətdən bir qədər kabab bişirib, tənavil etdiydən sonra qoyun sürüsünü, gənə də çobana tapşırıb, yavaş-yavaş bu şə­­hərə gə­lirdim. Birdən beş sərbaz ilə həman çoban daldan mana ye­ti­şib, məni dögə-dögə sizin hüzurunuza gətirdilər. İndi görün hər­gah mənim təqsirim varsa həlak etdirin. Yoxsa bu sərbazları cə­za­sına yetirin.

Şah bu cavandan aclıq üstündə belə balaya düşdügün eşitcək qar­­daşı İbrahim yadına düşüb, bir az suznaq çəkib dedi: ey dil qa­­fil nə taxt səltənətdə əgləşib, hökümranlıq sürürsən. Sənin qar­­­daşın bu cavan kibi, ac, susuz günbəzdə qalıb. Bunu deyib, o ca­­­vana bir qədər xərclik verib yola saldı və sərbazlara da cəza ver­di. Bundan sonra təxtin üstündə fikrə piçidə olub, gözünün ya­­şını əbru bahar buludu kibi döküb, əvvəla bütün Bibahata car çək­­dirməli ki, harada Zülal şah oğlu İbrahim görsəniz mənim hü­­zuruma götürün. Hərgah carçılar bir xəbər gətürməsələr onda özüm diyar-bə-diyar düşüb, harada olsa qardaşımı tapmalıyam. Bunu deyib, nə ki onun hökmündə olan məmləkət var, carçılara fərman verdi ki, İbrahim Zülal şah oğlu adında bir cavanı harada tapsanız Bibahat şəhərində Asdan şahın yanına götürün. Onu da bilin ki, hər kim şahzada İbrahimi tapıb, bana götürsə doqquz İb­rahim ağırlığında ağ qızıl verrəm. Bu əmri bütün carçılara tap­şırıb hər birisini bir diyara göndərdi.

Özü də millət işi ilə məşğul oldu. Asdan Bibahatda şahlıq et­­məkdə olsun, gəl sənə biçarə İbrahimdən xəbər verim.

İbrahim günbəzdə bir gün, iki gün gözlədi, gördü ki, qar­da­şın­­­dan bir xəbər yoxdur. Bir yandan aclıq, o biri yandan qarda­şın­­dan ayrı düşməgi İbrahimə yer etdiyindən bu dillər ilə sözə baş­dadı:


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin