Məlik Məhəmməd:
Heç görməmişəm mən o Hindistanı
Xaliq xəlq edif sən kimi canı
Gözü yolda qalıf anam Şəhribanu
Yolunda durub ol qubana Məhəmməd.
Sözləri tamama yetiştirif, hər iki aşıq-məşuq bir-birinə dil verif dodax-dodağa qoydular. Ta inki, savah oldu, bu zaman bir məclis arəstə edif bir neçə nəfər molladan, qazıdan çağırıf kəbinnərini kəsdirdilər. Bu minvalnan bir il həyat sürdülər. Birdən Güləndam dedi:
– Məlik Məhəmməd! İndi gərək biz Hinddə yaxşı mülklər bərpa etdirək. Məlik Məhəmməd razı oluf bir az müddətdə özdəri üçün bir saray bina etdirdilər ki, başı bulutdan, ayağı dəryadan nəm çəkirdi. Bu saraydan əlavə şəhərdə nə qədər dükannar əmələ gətirdif, hətta özlərinə məxsus bir taciryana dükan da açdılar və Məlik Məhəmməd haman dükanda ticarətə məşğul oldu. Bir gün qız dedi:
– Məlik Məhəmməd, bilirsənmi nə var?
Məlik Məhəmməd dedi:
–Yox!
Qız dedi:
– Gərək indi birimiz Həmədana gedək. Həm orda ata-anayın mülkini şənləndirək, həm da oraynan buranın arasında al-ver binası qoyax. Sən burda olan malı göndər, mən də orda satıf burada olmıyan mallar göndərim. Bəlkə, xudavənd aləm yar ola, əvvəlki dölətdən artıx, mal və mülkə malik olax.
Məlik Məhəmməd Güləndamın bu tədbirinə “afərin” deyif dedi:
– Ey nazənin, ancaq mən Həmədana anamın yanına gedə bilmərəm. Çünki xəcalət çəkirəm.
Güləndam dedi:
– Ziyan yoxdur, sən burda dükanımızı işlət, mən gedərəm.
Bəs, Güləndam Məhəmmədin bir rəsmini də alıf özünə bir dəst taciryana libas alıf geydi və bu surətlə Məlik Məhəmmədnən halallaşıf Həmədana tərəf rəvan oldu. Bir az müddətdən sonra Məlik Məhəmmədin anası Şəhribanunun evinə yetişdi və həm Məlik Məhəmmədin rəsmini verif, həm də özünün və Məlik Məhəmmədin başına gələn əhvalatı Şəhribanuya nağıl elədi. Şəhribanu oğlu Məlik Məhəmmədin nişanlısı olduğunu bilif çox şad oldu.
Odur ki, Güləndam bir az müddətin içində Həmədanda bir saray bərpa etdirdi ki, dünyada misli-manəndi olmuya. Öz adını Məlik Məhəmməd qoyduğunnan sarayın qabağında Məlik Məhəmməd Allahverdi södagərin oğlu yazdırır. Bu dəstgahı hər kim görürdü, heyran qalırdı. Bir gün Güləndam öz qəsrində oturuf şəhərə tamaşa edəndə o vilayətin şahı olan “Xətayi” keçəndə bir ali saray görürlər ki, başı ərşə çəkilif və qəsirdə bir nocavan oğlan duruf, heç misli-manəndi yoxdur. Şah vəzirdən xəbər aldı ki, bu saray kimindi. Vəzir dedi:
– Şah sağ olsun, Allahverdi södagərin oğlu Məlik Məhəmmədin sarayıdır.
Şah dedi:
– O qəsirdə oturan sarayın sahibimidir?
Vəzir ərz etdi ki:
– Bəli, tasatdığın olum, bəli!
Şah həm saraya, həm də oğlana diqqətnən baxıf dedi:
– Vəzir! Mən oğlanı çox görmüşəm, hər halda bu Məlik Məhəmməd dəyil, yəqin bu cavan bir hilə sahibidi.
Munu deyif daril imarəsinə getdi, təxt səltənətdə qərar tutdu. Şəhərdə hiləgərliklə məşhur olan kuf yeridən Sənəm qarını hizura istiyif qarı hazır olan kimi əhvalatı qarıya tamamiynan nağıl eyliyif dedi:
– Nənə, hərgah bu sirri açıf o cavanın kim olduğunu mana xəbər gətirsən, səni dünya malınnan qəni edərəm.
Bu imansız küpəgirən qarı “bə çəşm” dəyif tərəf Güləndamgilə gəlir. Məlik Məhəmmədin anası ilə bir qədər söhbət eyliyif hilə yoluynan dedi:
– Şəhribanu! Bu qonağınız haralıdır. Nə məhriban cavandır. Şəhribanu Sənəm qarını bir ağılsız hesaf etdiyindən dedi:
– Bilirsənmi, mənim gəlinim Güləndam Pəridir, ticarətə və şəhərə çox getdiyinnən mərdana libasını geyinif.
Sənəm qarı munu eşidif gözü maşaldar pişiyinin gözünə döndü. Dedi:
– Şəhribanu, bəs oğlun Məhəmməd haradadır?
Bu zaman ağılsız Şəhribanu əhvalatı tamamıynan qarıya nağıl elədi.
Bu zaman qarı özünü şahın hizuruna yetirif həm Məlik Məhəmmədin və həm də Güləndam Pərinin əhvalatını tamaman şaha nağıl elədi. Şah xoşhal oluf qarıya ənam verif, yola saldı və vəziri hizura istiyif rəvayəti ona da bildirdi və dedi:
– Vəzir, amanın bir günüdür. Gərək bu qızın visalına məni çatdırasan. Ona görə bir tədbir çəkməli.
Vəzir bir qədər fikirdən sonra dedi:
– Şah sağ olsun. Munun tədbiri odur ki, Şəhribanunun dilindən Hindistana bir namə yazax ki, oğul, bu qəhvəni buraya nəyə göndərmisən. Daha səni də və bizi də avırdan salıf. Munun bu garsarığının əlinnən gejə-gündüz yata bilmirəm. Ümidvaram ki, belə bir hölnak namə oğlana çatan kimi Güləndamı boşuyar, bu zaman sən də visalına yetişərsən.
Şah vəzirin bu tədbirinə “mərhəba” deyif həmin minvalnan bir namə yazıf Məlik Məhəmmədə göndərdi. Məlik Məhəmməd naməni oxuyub məzmunundan halı olan kimi qəzəb alud bir halda taciryana dükanını və mal-mülkünü qoyuf Həmədana tərəf rəvan oldu. Bir az müddətdən sonra Həmədan şəhrinə yetişif öz-özünə dedi: Gözləyim axşam olsun, bəlkə Güləndam saraydan aşağı düşə, anam bilmədən həlak edəm. Çünki anam bilsə qoymaz. Munu deyif sarayın aşağısında müntəzir duruf o qədər gözlədi ki, axşam oldu və qəzadan o axşam vaxtında dört dərviş gəlif Güləndamın sarayının ayağında durur və pay istiyir. Bu yannan Güləndam Pəri şad və xürrəm qəsirdə oturuf Şəhribanu ilə söhbət edirdi. Birdən dedi:
– Qaynanacan! Gönlümə Məlik Məhəmməd elə düşüf ki, az qalır bağrım zəhrəçak olsun. Şəhribanu dedi:
– Bala, məktub yazarsan gələr, o nə çətin işdir.
Bular guftgu etməkdə, dərvişlərin qəsidə səsi gəlir, qız səsi eşidif eyvannan baxdı ki, dört dərviş oxuyur. Gəlif bulara öydən pay götürüf saraydan aşağı enib verdiyi zaman Məlik Məhəmməd biinsaf dedi:
– Ey dil qafil, nə durmusan, yaxşı vaxtıdır.
Bəs belindən xancarını çəkif özünü Güləndama yetirif fərqindən bir xəncər vurdu. Beş barmaq fərqinə işlədi. Bu zaman hər tərəfdən dərvişlər töküləndə darıxdığınnan xəncəri qızın fərqində qoyuf saraya anasının yanına çıxdı. Dərvişlər hali belə görüf dedilər:
– Yəqin bu oğlan çıxıf bu qızı burada görən kimi öldürməmiş əl çəkmiyəcək. Hələ ölmüyüf, bəlkə Allah rast salıf ölmiyəcək, gəlin munu da aparıf gedək. Bu zaman dərvişlərin hamısı razı oluf qızı bihuş bir halda götürüf şəhərdən kənara getdilər.
Bular getməydə olsun, gəl sana Məlik Məhəmməddən xəbər verim.
Anasının yanına çıxıf, anası oğlu Məlik Məhəmmədi qucaxlayıf üzünnən-gözünnən öpdü və dedi:
– Bala, indicə nişannın Güləndam səni arzulayırdı, şükür yaxşı gəldin. Dərvişlərə pay aparıf eşiyə çıxmışdı, sən görmədinmi?
Məlik Məhəmməd dedi:
– Anacan! Sən mənə bu əhvalat üçün namə göndərmişdin. Odur ki, mən də eşikdə macal tapıf Güləndamı xancarladım. Əmma heyif olsun ki, canını alana qədər dərvişlər üstə düşdülər, bilmirəm, lap öldümü, yoxsa sağdı? Yəqin ki, indi də ölmüyüfsə, bir az sonra sağ qalmaz. Bu zaman biçarə Şəhribanu hölnak hal ilə oğluynan bərabər başını yola-yola eşigə çıxdı, gördülər nə tas var, nə də hamam. Qızın qanı həddən ziyada tökülüf, ancaq özü yoxdur. Şəhribanu dedi:
– Ay oğul, bu nə işdir?
Məlik Məhəmməd haman naməni çıxarıf dedi:
– Anacan, bu sən göndərən namədir, gör nələr yazılıf.
Qarı məzmun namədən hali oluf dedi:
– Oğul. Mən – mənəm. Bu naməni heç vədə yazmamışam.
Məlik Məhəmməd dedi:
– Mən bilmirəm, sənin adın ilə gəldiyinə görə mən də inandım.
Qarı dedi:
– Bala, bizim öyümüzü yıxanın Allah öyünü yıxsın, kim bilir hansı naxələfin işidir. Munu deyif ana-oğul bu dillərnən biçarə Güləndamın əhvalını ağlayıf, oxşuyurlar.
Dostları ilə paylaş: |