Lermontov küçəsi, 37 ünvanında yaşamış, 1873-cü il təvəllüdlü Məlik Məmməd Ağahüseyn oğlu Bakıxanovun xatirələri
İlk müsəlman qız məktəbinin təsis olunması öz dövrü üçün çox ciddi məsələ idi. Savadsız, ruhanilərin cəhalətdə saxladığı Azərbaycan qadınının təhsil alması onun azadlığa çıxması ilə bilavasitə bağlı idi. Xalq çoxəsrli ənənələrə fanatik sadiqlik nümayiş etdirirdi. Sayca az olan ziyalılar isə qadın təhsili haqqında məsələni qaldırmağa cürət etmirdilər.
Hacı Zeynalabdin Tağıyev öz dövrünün qəhrəmanı idi, çünki ruhanilərdən qorxmayaraq, maarif uğrunda mübarizə aparırdı. Cəsarətli, xalq arasında nüfuza malik olan Hacı böyük maliyyə xərcləri tələb edən bu problemin öhdəsindən gələ bildi. Hacı Zeynalabdin Tağıyev xalqı Təzəpirdə toplayaraq, qadın təhsilinin xeyri haгqında çıxışlar edirdi. Ruhanilər xalqı Hacı Zeynalabdin Tağıyevə qarşı təhrik edir və qadın təhsilinə qarşı təbliğat aparırdılar. Yalnız qazı Mir Məhəmməd Kərim, Axund Mirzə Əbu Turab, Molla Yusif Talıbzadə, Molla Ruhulla kimi ruhanilərin az qismi Hacı Zeynalabdin Tağıyevin ideyasını dəstəkləyirdilər. Hacı öz məktəbini və şagirdlərini hücumlardan qorumalı olurdu.
Varlı adamlar öz övladlarını cahillikdə, təhsilsiz saxlayıb, Məkkə, Kərbəla və Xorasan ziyarətlərinə isə böyük pullar sərf edirdilər. Güclü istibdad şəraitində Tağıyev dəfələrlə bu cür insanlara qarşı çıxış edir və onlara deyirdi: “Sizin övladlarınızın ziyarətlərini onların təhsil alması əvəz etməlidir”.
Mən özüm şəxsən dəfələrlə Tağıyevin xalq qarşısında çıxış etməsinin şahidi olmuşam. O, Kubinkada (1) yeşiklərin üstündə dayanıb deyirdi: “Ay camaat! Alma satmağınız yetər, bu sizə heç nə verməyəcək, elm dalınca gedin”. Onu faytonda, insanların əhatəsində dayanan və xalqı maarifə çağıran görmüşəm. Mən həm də onun bu sözlərini eşitmişəm: “Peyğəmbər demişdir ki, həm kişi, həm qadın beşikdən qəbir evinə qədər oxumalıdır”.
Hacı heç vaxt siyasi təbliğatla çıxış etməmişdir. Onun bütün çağırışları xalqın maariflənməsinə yönəlmişdir.
Təhsili olmasa da, o, jurnal və qəzetlərlə çox maraqlanırdı, Peterburq, Hindistan, Misir və başqa ölkələrdən ədəbiyyat alırdı. Mən onun mirzələrindən birini – Zeynal bəy Vəzirovu tanıyırdım.
Hacı Zeynalabdin Tağıyevin vəsaiti hesabına Moskva, Peterburq, Odessa, Xarkov, Tiflis şəhərlərində, habelə xaricdə çoxlu sayda ehtiyacı olan şəxslər təhsil alırdılar. Yadımdadır ki, sonralar Tağıyevin baş mühasibi olmuş Miriyev, körpü müdiri Nikolay Nikitin Hacının puluna oxuyublar.
Mən, köhnə bakılı kimi təsdiqləyirəm ki, Tağıyev həqiqətən öz dövrünün maarifpərvəri idi, xalqın təhsil alması üçün nə pulunu, nə də gücünü əsirgəmirdi, insanlar arasında böyük populyarlığa malik idi. Yerli hakimiyyət və çarın özü onun nüfuzu ilə çox hesablaşırdılar. Mən onu çar III Aleksandrla bir yerdə görmüşəm. Hacı Zeynalabdin çarın qarşısında papağını çıxartmırdı (2).
Qız məktəbinin açılması müstəsna olaraq onun nüfuzuna borcludur. Hacı Zeynalabdin Tağıyev olmasaydı, fanatiklər məktəbin açılmasına imkan verməzdilər.
Hacı Zeynalabdin Tağıyev dövrünün mədəniyyətini irəli aparırdı. O, teatr, məktəb açdırmış, mətbuat və kitab çapını inkişaf etdirmiş, ictimai xadim olmuş və şəhərin abadlaşdırılmasında iştirak etmişdir.
17 avqust 1957-ci il.
MATM NF, №№ 19984, 20058-20059
Dostları ilə paylaş: |