22. MUSA PEYĞƏMBƏR
I mətn
Musa peyqumbər çəliyin itirmişmiş. Bir gün gedirmiş Allah-taalanın yanına ki, çəlik versin. Tur dağına çıxanda düzəngahdı, düzəngahda gedif çıxmalıdı Tura. Bir kişi çıxıf qabağına. Deyir:
– Ya Musa, sən gedirsən Allah dərgahına. Mənim bir dərdimi de.
Deyir:
– Sənin nə dərdin var?
Deyir:
– Vallah, Allah-taala bu yaşdı vaxdımızda bizə bir oğul verdi. Oğul aynan-ilnən böyümədi, günnən böyüdü. Boy atdı, elm sahibi oldu, xalq arasında hörmət qazanan oldu. Ədəbli, ərkanlı, qüvvəli oğlan idi. Toy elədih, bir yaxşı nəsilnən qohum oldux. Gəlini gətdik, oğlum gərdəyə yaxınnaşanda əcəlin tapşırdı öldü. İndiyə qədər bir dənə də günah işdətmiyifdi. Mən nə günah sahibi olmuşam ki, Allah-taala mənə bu zülmü elədi?
Musa qəzəbli insan oluf, həm də Allahın ərkəsöyünü oluf. Gedif çıxır dağa, Allahnan söhbət eliyir. Özünün dərdi yadınnan çıxır. Deyir:
– Sən yer üzündə insannara zülüm eliyirsən. Bu övladı sən vermiyərdin, vermisən niyə belə eliyirsən?
Deyir:
– Ya Musa, bunu bildik. Bəs sən nəyə gəlmisən?
Deyir:
– Mən çəliyimi itirmişəm, mənə bir çəlik.
Deyir:
– Yaxşı. Sən get meşədən bir ağac qır gət, sənin çəliyinin möcüzəsin verim, həm də o kişinin dərdini sənə deyərəm.
Musa gedir. Axtarır, axtarır meşəni, görür meşənin ortasında bir tala var. Dairəvi düzəngah yerdi. Düz ortasınnan bir dənə nazik şiv çıxıfdı. O qədər gözəl ağacdı ki. Deməli, talada bunnan başqa bir dənə ağac yoxdu. Qəşəh şiv ağacdı. Dibinnən vurur sürüyə-sürüyə gətirir. Allah-taala buyurur ki, ya Musa, niyə gej gəldin? Deyir ki, vallah, bütün meşəni gəzdim, bunnan gözəl ağac tapmadım.
Deyir:
– Ya Musa, mənim əlimdə nə idi? Orda min illik palıtdar vardı, qupquru qurumuşdu, bir beləsin götürüf gətirsən sənə çəlik verəjeydim. Niyə bu ağacı qırdın?
Deyir:
Bunnan gözəl ağaj yox idi.
Deyir:
– Bəri bax, neynirəm günahı cibində bol olannarı? Mən də dərgahıma təmiz adamlar gətirməliyəm da. Özünü mundarramamış götürüf gəlirəm da.
Şəhidlərimiz olan vaxdı valideynlərinə təskinlik vermək üçün bu misalı tez-tez çəkirdim.
II mətn
Musa bir gün gedir deyir ki, ya təbərri-allah, qoy bir gün mən allahlıx eliyim da. Deyif:
– Ya Musa, bəndədən Allah olmaz. Sənə peyğəmbərlik vermişəm, əl çək, ağ eləmə.
Deyir:
– Yox ey, nolar bir gün ver, oturum da taxtında.
Deyir:
– Yaxşı, gəl otur.
Bu oturan kimi gözü sataşır bir dəyirmana. Görür bir kişi qatırda iki çual buğda gətirifdi, bir kişi də dəridən düzəldilmiş dağarcıxda. Ağnağız deyillər. Beş kilo, altı kilo buğdanı gətirir dəyirmançıya verir. Dəyirmançı o buğdanı tökür istənilən adamın taxılının üstünə. Altdan unnan yığır ona verir, ona ağnağız deyillər. Əgər dəyirman boşdusa arada çaldırıf verir. Dağarda da çox ola altı-yeddi kilo buğda. Çual sahibi deyir ki, kömək elə taxılı düşürdək. Düşürdüllər, qoyullar yerə. Adətən çualın ağzı açılmalıdı, dəyirmançı gəlif dəni yoxlamalıdı ki, yaşdı, qurudu. Yaş olsa, üyütmür da. Dən quru olmalıdı. Açıllar çualın ağzını. Deyir:
– Bala, get dəyirmançını çağır gəlsin.
Deyir:
– Yaxşı.
Bu oğlan gedif dəyirmançını çağıranda bu götürür dağardan bir ovuş tökür çualın üstünə. Elə Musa qolun irəli uzadanda Allah tutur qolunnan:
– Ya Musa, neynirsən?
Deyir:
– Görürsən onu?
Deyir:
– Görürəm.
Deyir:
– Nətər görürsən?
Deyir:
– Görürəm da.
Deyir:
Qurban olum, qoy bunun gözün çıxardım kor eliyim, camahata görk olsun ku, dağardan oğurruyuf çualın üstünə tökmüyələr.
(Bugünkü gün imiş da). Deyir ki, ya Musa, görürsən sənnən Allah olmaz. Mən heylə eləmirəm. Deyir:
– Sən nətər eliyirsən?
Deyir:
– Mən çualın bərəkətin verirəm dağara, dağarın da bərəkətin verirəm çuala.
Bax, günümüzün bu günündə adamlar var ki, milyonu var, heç onun bərəkəti yoxdu. Mənim kimisi də oturur, əlhəmdullah, xırda-xırda qazanır, şükür Allaha, heş nəyə də ehtiyacı yoxdu.
Dostları ilə paylaş: |