XVIII mətn
Sarı Aşıx gedirmiş bir kəndə. Görür burda yas yeri var, camahat ağlıyır. Bu da qoşulur onnara ağlıyır. Keçir o biri kəndə, görür camahat oynuyur, şənnənir. Özü də qoşulur onnara. Orda deyir:
Mən aşıx, Keçibelə,
Kəmərin keçi belə.
Gah ağla, gah gül, aşıq,
Gününü keçi belə.
XIX mətn
Sarı Aşıx hakq aşığıymış. Güləbirt kəndində yaşıyırdı. Onun da istədiyi qız Maqsutdu kəndinnən oluf. O kəntdər də qabax-qabağa idilər. Aşığın əsli Qaradağlıdı. Yaxşının hesabına gedif düşüf ora.
Çox adamlar bına şübhə ilə baxırmışdar ki, yox, bu hakq aşığı ola bilməz. Bir dəfə bını sınamağ üçün aparıllar meşiyə odun yığmağa. Gedillər meşiyə odun yığıllar. Odun yığanda birinin baltası sınır. Yaxşı da bilir ki, bu gedif odun yığmağa. Yaxşı aş pişirib eliyif ki, birdən gələllər. Nəysə, bırda balta sınanda aşıx baxır. Bına deyillər ki, əgər hakq aşığısansa, bu hadisəyə bir şey qoş. Deyir ki:
Mən aşığ, balta sına,
Odun sına, balta sına.
Yaxşının ağ əlləri,
Batıfdı bal tasına.
Həqiqətən də, gəlif görüllər ki, Yaxşı tasın içinə əliynən şan balı yığır. Onda deyillər ki, həə, doğurdan da, bu hakq aşığıdı.
XX mətn
Sarı Aşığın balaca bir bosdanı vardı. Onu bizə ağsakqallar göstərirdi. Ömrünün axırınadək də Yaxşının yaşadığı kəndə boylana-boylana dünyasın dəyişif.
Sarı Aşıx bir yol hazırraşırmış ki, gedə Yaxşını görə. Onun da Yaman addı bir əri varmış. Acıxları tuturmuş ki, bunun əri ola-ola bu niyə gəlif-gedir? Yaxşı da kahada bal kəsirmiş. Yamanın anası deyif ki, sən çölə çıxma, aşıx soruşsa, deyəjəm yaylaxdadı. Aşıx Yaxşını xəbər alanda deyif:
– Aşıx, çıx ged ey, Yaxşı burda yoxdu, çıxıf gedif yaylağa.
Yaman bəy də bir baltanı axfarradıf qoymuşmuş döşəyin altına ki, aşığı vurajam. Məni camahatın içində biyabır eliyir. Orda onda bir bayatı çağırıf. Deyif ki:
Mən aşıx, bal tasına,
Götür vur, balta sına.
Yaxşının ağ əlləri
Batıfdı bal tasına.
Yamanın anası oğlunu anda verir ki, bala, ant verirəm səni böyük yaradana, o haqq aşığıdı, ona dəymə. Hakq aşığı olmasaydı, nə bilirdi ki, Yaxşı evin içində bal kəsir, ağ əlləri də batıfdı bal tasına.
Bizim kəndin yuxarısında qaya var, onun ayağından bir cığır gedirdi, ona Sarı Aşığın yolu deyirdilər. Ağsakqallardan soruşanda deyirdilər ki, Sarı Aşıx sazı əlində həmin yolnan gedirmiş Qubatdı rayonuna, ordan keçirmiş Uruma, İrana. Gedirmiş həfdəynən qalırmış, sora qayıdıf gəlirmiş. Sora aşığın dəyəsi deyilən yer vardı, deyillər ora Sarı Aşığın yaşadığı yerdi.
Dostları ilə paylaş: |