47. MİRSƏDİ AĞA
I mətn
Bir nəfər istiyir ki, Mirsədi ağanın ojağına ziyarətə getsin, nəziri varıymış da, aparıf versin. Yolnan bir qədər gəldihdən sora nə fikirləşirsə, deyir ki, yox e, bu apardığım nəzir çoxdu. Qoy bir əzini kolda gizdiyim, qayıdanda apararam evə. Gəlir ocağa, görüşür, eliyir. Arzusunu, diləyini deyir. Ağam da buna lazımi yardımlar eliyir. Sora yola düşüf gedəndə kişiyə deyir ki, gedəndə o kolda qoyduğunu da götür apar. Kişi bu işə çox məhəttəl qalır. Deməli, bala, Mirsədi ağa görən, hiss eliyən bir ağaydı. Onun ojağının kəramətinə inanmayan yoxdu.
II mətn
Bir gün Çərəli kəndinnən bir nəfər bərkə düşür. Ən qiymətdi qoyunun balasını o ojağa nəzir eliyir. Qoyun da gəlir bir dişi quzu doğur, dörd əl-ayağı ağ, başı da ağ. Bu qızırqalanır da. Deyir ki, mən qoyunun qarnın nəzir demişəm, qoyun da belə doğuf. Buna hayıf olajax, aparsam ağa kəsəjəh onu. Qonşunun bir quzusunu oğurruyur alır atın qujağına. Mirsədi ağanın qəlbinə damır da. Çağırır mənim kimi birisini, deyir, atı min, boz atın qujağında bir oğlan bir quzu gətirir. Denən o quzunu bura gətirmə. Əl-ayağın da bağlama, atginən qaratikan kolunun dibinə, gəl. Desə ki, canavar yeyəjək. Denən canavar, çakqal ona ağız atammaz. Atsa, dodağı quruyar.
Gəlir deyir, hara gedirsən? Deyir, Mirsədi ağaya nəzir aparıram. Deyir, Mirsədi ağa maa dedi ki, belə bir adam gəlir, denən o quzunu gətirmə bura. Axı o haramdı. Quzunu atır ora. Gələndə Mirsədi ağa deyir ki, ə ləvənd oğlu ləvənd, maa nəzir demişdin. Qoyunun da gəldi belə bir quzu doğdu. Tamah eliyirdin öz quzunnan gətirərdin, filankəsin quzusunu niyə oğurruyuf gətmisən. Səni bağışdadım, bir də belə səhvə yol vermə.
III mətn
Mirsədi babagilin həyətdərində sakqız ağacı vardı. Ortasında bu boyda kösəb vardı. Yanmışdı da sakqızın ortası. Deyillər, bunnarın həyətinə maral gəlir, maralı sağırmışdar. Bir gün maralın biri getmir. Nənə də südü bişirir. Ocağın altınnan közü götürür belə vurur ki, getsin. Kişi evdən çıxır deyir ki, onu vurma, o qalıf ki, kəsilsin. Ocağın altınnan çıxardığı həmən o sakqızın budağını yerə sancır, o orda bitir. Başı yandığınnan ortası heylə kösəv kimi qalmışdı.
Bir dəfə deyiflər ki, o ağacı doğramax lazımdı. Deyiflər ki, kim doğruya bilər? Evdəkilərdən biri deyir ki, bu ağacı doğramağa heç kimə icazə verilmiyif. Mirsədi ağanın qardaşı oğlu varmış Mirfazil, o doğruya bilər. Çünki ona o vaxdı icazə verilif. Deyiflər, əşi, yox ey, nə fərqi var, çıxax doğruyax. Bir adam deyif ki, mən çıxıf doğruyaram. Əlinə alıb baltanı ki, çıxsın ağacı doğrasın. Deyir, ağacdan okqədər ilan qalxıb, qorxudan yaxın dura bilmiyif. Təzdənnən gedif Mirsədi ağanın qardaşı oğlunu çağrıflar, icazə isdiyiflər. O gəlif özü qol-budağını doğruyuf.
Dostları ilə paylaş: |