Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,32 Mb.
səhifə108/197
tarix01.01.2022
ölçüsü2,32 Mb.
#103325
1   ...   104   105   106   107   108   109   110   111   ...   197
19. SAVABIN XEYRİ
Şah Abbas cənnətməkan həftədə bir dəfə vəzir Allahverdi xanı alıf yanına eli xəlvət dolaşırmış dərviş libasında ki, görüm elim, camaatım nə qayda dolanır, mənnən razı, narazı olan varmı? Bir gün də belə gedəndə eli hərrənir, bir kəntdə gejəliyəsi olullar. Neçə varrının qapısına gedillər, olara darvaza açan olmur. Bu da səfərə çıxmamışdan qavax əmr eliyir ki, bütün kəntdərdə işıx yan­mı­yajaxdı, tüsdü çıxmıyajaxdı. Nə ojax yanajax, nə çırax yanajax. Deyif, görüm mənim əmrimə kim tabe olmur? Görür şəhərdən kənarda bir işıltı gəlir, ordan tüsdü çıxır. Deyir:

– Ey Allahverdi, gedəh ora, görəh kimdi. Mənim əmrim niyə ona çatmıyıf, çatıfsa, niyə mənim əmrimə tabe deyil.

Gəlif görüllər ki, bir cındır kümədi. Kümənin qapısını dö­yəndə burdan mənim təki bir qoja ağaca dirənə-dirənə çıxır.

– Ay sizə qurvan olum, mənim də qapımı gejə vaxdı qonax döyərmiş. Kimsiz, ay dərviş baba?

Xoş-beş, buları evə keçirir. Azdan-çoxdan bulara verir, deyir:

– Bəs bir oğlum var, ay bala. Oğlum bir mülkədara çoban işdiyir, altı ayı bir toğluya. İndi buyünnəri mənim oğlum üş dənə toğlu alıf gətirəjəhdi, bir ilin hakkiyətidi. Oğlum gedif ki, ala gətirə. Savah oları kəsəh, bazara çıxardax. Gəlnim hamilədi. Gəlnim bari-həmlini yerə qoyanda ona xaşdıx üçün. İndi oturun, oğlum gələjəh.

Bir də görüllər oğlu qavağında üş dənə toğlu gəldi. Oğlan deyir ki, ey qonax, mənim hələ indiyətən qapımı qonax aşmıyıfdı. Siz ki, Allah yolunda qonax gəlmisiz, nə yiyəssiz? Şah Abbas deyir ki, mən böyrəhdən başqa heş-zad yemərəm. Deyəndə bular çıxır ana-bala. Deyir:

– Ay bala, nağayrax, nətər eliyəh?

Deyir:

– Nənə, neyniyəjeyih. Bunu savah bazara aparajeyih. Ya diri apardıx, ya ətini apardıx. Bunnarı kəsəh, böyrəhlərini bişirəh qonax yesin. Allahın hüzurunda qapımızı qonağ açıfdı. Qonağın urzası özünnən gələr, nənə. Ətdərini də savah çıxardax İsfahan bazarında satax, gənə elə həmən pulumuz puldu.



Nənəsiynən razılaşıllar, toğluları kəsillər. Böyrəyi gətirillər. Şah Abbas deyir ki, olara deynən mən kimsəninsə yanında yemə­rəm. Təh bişirif, təh yeyərəm. Bunu gətirillər verillər. Ojağı qalıyıl­lar, manqalı qoyullar Şah Abasın yanında, özdəri çıxıllar. Şah Ab­bas böyrəyin yağınnan bir az ojağa salır iyini çıxardır, bir az cızıl­dadır. Bu böyrəh­lərin altısını da qoyur öz kaşlyokuna, ağzını bağlı­yır. Bular gəlir.

Axşam olur, yatanda qarı bulara yalvarır ki, sizə qurvan olum, bir dənə komadı. Gəlnimin vaxdıdı, bari-həmlini yerə qoyur. Elə bu qapıda sizə yer qayırım. Gəlnim bari-həmlini yerə qoysun, ayrı bir yerim yoxdu. Deyir:

– Eybi yoxdu.

Bunnara qapının ağzında yer qayırır. Bunnar yatanda Şah Abbas durur. Şah Abbas da elm adamımış da. Bilirdi ki, uşağ olanda onun taleyi yazılır. Durur düz gətirir qapının ağzına yorğan-döşəyini salır ki, burdan mələk gəlif keçəndə onu görüm, onu tutum, deyim bu uşağın baxdını yaxşı yerə yazsın. Bunu yuxu tutur.

Nəysə, həmlini yerə qoyur, gəlir bunun bir oğul evladı olur. Oğlan evladı olanda Şah Abbası yuxu tutur, yatır. Bir mələh bunun taleyini yazıf çıxanda Şah Abbas oyanır, bunun yapışır biləyinnən. Deyir:

– Ey mələk, hardan gəlirsən?

Deyir ki, bəs beyjə bu evin sahibinin bir oğlan evladı dünyaya gəldi, onun taleyini yazıram. Dedi:

– Nə yazdın?

Dedi:

– Beyjə Şah Abbasın bir qız evladı dünyaya gəldi. Bu oğlanın taleyini yazdım Şah Abbasın qızının taleyinə. Amma Allah-talanın izniynən oların on səkkiz il ömrü var. Olar bir-biriynən əhdi-peyman eliyif gərdəyə girən gejəsi bir-birinə murad alıf murad verə bilmiyəjəhdi. Oları bir ilan çalıf ikisini də öldürəjəhdi.



Deyir:

– Yazıya pozu olarmı? Bunu poz.

Deyir:

– Yox, Allahın yazısına pozu yoxdu. Yazdım getdi.

Mələk gedir. Bu durur, səhər açılır, gəlir çıxır taxdı-tacına. Deyir:

– Vəzir Allahverdi xan, bazara adam göndər, desin ki, xəsdəlih yayılıf, bazara kim ölü ət gətirsə, onu tutun gətirin.

Bu özü bilir ki, ət savah bazara gedəsidi. Vəzir Allahverdi xan bazara çıxan təki görür qarıynan oğlu gətirir əti satır. Buları tutullar gətirillər. Bu nə qədər and-aman eliyir, vallah, sağlamdı, indi kəs­mi­şəm. Deyir:

– Yox ey, şahın əmri var. Bazarda xəsdə ət satılır, camaata xəsdəlih düşür.

Bunu gətirəndə deyir:

– De görüm, bunu niyə satırsız?

Bu nağıl elədiyim təki deyir. Deyir:

– Vəzir Allahverdi xan, vəkil, gəlin görün inanarsuz bir adam bir ildə işdiyə, üş toğlu ala, üş toğlunu da bir qonağa kəsə. Buna kim inanar?

Hamı deyir heylə şey ola bilməz. Bu adamın buna ehtiyacı var. Deyir:

– Ola bilməz? Vəzir Allahverdi xan, mənim kaşlyokumu gətir.

Gətirir.

– Badnos gətir.

Böyrəhləri götürür, deyir:

– Bu neçə qoyunun böyrəyidi.

Deyillər üş qoyunun böyrəyidi. Deyir:

– Axşam bu qoyunnar məə kəsilif, bu da böyrəhləridi. Gedin bu adamların xurcununu doldurun qızılnan, gümüşnən, yola salın. O uşağı da gətirin, mən özüm böyüdəjəm.

Bu uşağı gətirir elə bir bina tikdirir ki, bu binaya adicə hava da dolmağa yer olmur ha. Bütöy beton-sement tökür ki, bu uşağı mən böyüdəjəm, görəh yazıya pozu varmı. Mən qoymuyajam, bu ilan hardan girəjəh.

Bu uşaxlar böyüyür. On beş-on altı yaşına keçənnən sora buları salır bir otağa. Bu uşaxların yeməyin də Şah Abbas özü aparır, işməyini də, yerrərini də axşam olanda özü əlinnən salır. Səhər ertə özü gedir bunnarın yeməyini öz əlinnən verir, bulların yatağını da özü yığır ki, görüm bu ilan hardan gələjəhdi.

On səkkiz yaşdarı tamam olur. Həmin gejə buların kəbinnəri kəsilir. İndi bir-birinnən murad hasil eliyən gejədi. Gəlin gərdəyə gedir. Şah Abbas deyir:

– Heş kəs getmiyəjəh.

Həmən gejə özü çırağı aparır. Çırağı yandıranda ilan Allah-talanın hökmüynən olur baş tükü, gəlir dolaşır Şah Abbasın bilə­yinə. Çırağın şüşəsinnən keçir, lalasınnan dolanır çırağın boynuna. Şah Abbas öz əliynən gətirir qoyur qızının otağına. Buların yerin döşüyüf salır, qapını bağlıyıf gedir. Buların da axşam azuqələrin gətirif qoyur stolun üsdünə ki, nə vaxt ajsaz yeyərsiz.

Bu iki cavan bir-birinə o qədər aşiqi-məşuq olur, oynuyur, gülür ki, tamam buların yemək yadınnan çıxır. Bu ilan da Allah-talanın hökmüynən keçir buların yatağının altına ki, bular yatan təki ikisini də öldürməlidi. Allahın əmridi, yazı belə yazılıf. Bir də görüllər çöldən nəysə zarıncı bir səs gəlir:



– Ay ev sahibi, ay burda kim var, ay ajınnan ölürəm, mənə imdad.

Bular pəncərədən baxıllar ki, bir aj sayıldı, yıxıla-yıxıla sürü­nür. Deyir:

– De görəh nə isdiyirsən?

Deyir:


– Üş gündü dilimə taarı tamı dəymir. Məə bir tam verin, gedə bilmirəm, – deyəndə bular biri-birinə deyir ki, biz neynirih yeməyi, onsuz da bizim oynamağımız-gülməyimiz bizim üçün yeməhdi. Babam nə biləjəh ki, bunu kimə vermişih. Bular bir torbaya töküllər yeməyi, pəncərədən sallıyıllar ki, götür, qaş get. Elə bir yerdə ye ki, səni padşah görməsin, görsə, doğruyajaxdı. Bu yeməyini götürür, aparır yeyir. Arvadı da təzə hamiləlihdən qutarmışmış. Yediyini yeyir, yemədiyini aparır verir. Arvadı yeyir, döşünə süd gəlir, körpəsini mayalandırır. Allaha okqədər xoş gedir ki, əmr eliyir:

– Cəbrayıl, o ilana elə başağrısı verərsən ki, yatar, savaha qədər yuxudan ayılmaz. O gəşdərin hərəsinə yüz il ömür verdim. Yüz il olar ömür sürəjəhdi. Bu dünyanın da padşahlığını olara qismət elədim.

Nəysə, savah açılır. Şah Abbasın gejə yerinə od doluf axı, beyjə bular ölməlidi. Tezdənnən durur gəlir. Qapını açır, görür nə? Elə bil evə nur saçılır. Gəşdərin üzünnən gül açılır, evə elə bil nur yayılıf. – “Ey İlahi, yazıya pozu olarmı?”

Cuma günü imiş. Çölə çıxanda görür Cənabi Cəbrayıl Allah-talaynan söypətə gedir. Deyir:

– Ya Cəbrayıl, hara gedirsən?

Deyir:


– Allah-talaynan istahazaya gedirəm.

Deyir:


– Cəbrayıl, min kəlmə danış, min birinci kəlmə mənim ərzimi Allah-talaya ərz eylə ki, yazıya pozu olarmı?

Gedir Cəbrayıl Allah-talaynan söypət edir min kəlmə, min birincidə deyir:

– Ya Allahım, bir şəxs dedi ki, de görüm yazıya pozu olarmı?

Allah-tala deyir:

– Yazıya pozu olmaz, amma savabın xətrinə ola bilər. Get öz əlinnən o uşaxların yatdığı döşəyin altını qalxız. Onda görəssən yazıya pozu var, yoxdu.

Cəbrayıl qayıdıf gələndə Şah Abbas bunun yolunu kəsir:

– Ya peyğəmbər, canım saa fəda, Allah-taladan mənim kala-mımı aldınmı?

Deyir:


– Aldım.

Deyir:


– Allah-tala nə dedi?

Deyir:


– Allah-tala bir söz demədi. Gəl, görəjeyih.

Gedir uşaxların döşəyini qalxızanda görür nə? Burda bir ilan yatıfdı, inan ki, bu adamların beşini də birdən udar. Deyir:

– Görürsən? Get uşaxlardan soruş, görəh beyjə olar nə savaf eliyif ki, Allah-talaya xoş gəlif, Allah-tala olara bir belə də ömür verif. Allah-tala bu ilana baş ağrısı verif, bu hələ də yuxudan ayılmıyıf.

Cəbrayıl bu ilanı götürür atır pencərədən, deyir:

– Allahın heyvanı, çıx get. De görüm, bura nə löyünnən gəldin?

İlan dil açır, deyir ki, bəs bir tük şəklində Şah Abbasın qoluna dolandım, çırağın şüşəsinnən keşdim gəldim bura. Beyjə o uşax-ların ikisini də mən zəhərriyif öldürməli idim, Allah-tala mənə bir dərd verdi, yatmışam, yuxudan ayılmamışam.

Uşaxlara deyəndə uşaxlar deyir:

–Vallah, ay ata, Allahdan gizdin olmuyan sözü sənnən niyə giz­dədəh. Beyjəki tamımızı biz yemədik. Bir sayıl gəlmişdi. Onu tökdük torbaya, salladıx o sayıl yedi, Allaha yalvara-yalvara getdi.

Deyir:


– Hə.

Həmən o sayılın arvadının döşündə maya yoxudu körpəsini mayalandıra. Uşağ ölüm ayağında idi. Üş cana bu uşaxlar can verdi, üş nəfəsi yaşatdı. Allaha xoş getdi, ona görə bulara yüz il ömür verdi. Yazıya da pozu yoxdu. Allah o savabı ofsanata saldı. Yazıya pozu yoxdu, amma ofsanat var. Oların gördüyü ofsanatdı. İndi Allah-tala o ofsanatdan bizim əlimizi əysih eləməsin. Heylə ofsanatdar daim bizim qarşımıza çıxannardan olsun.



Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin