Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,32 Mb.
səhifə93/197
tarix01.01.2022
ölçüsü2,32 Mb.
#103325
1   ...   89   90   91   92   93   94   95   96   ...   197
3. ADAMYEYƏN QIZ
Bir padşah olur. Padşahın da üç oğlu vardı, qızı yoxudu. Pad­şahın qardaşı var idi, qardaşının da üş qızı vardı. Bir gün azeyləndi* ki, Allah-tala, bu üç oğlun birinin yerinə maa bir qız verəydin dana. Nolardı, qızım da olardı. Allahın da buna ajığı tutur ku, sana üç oğul vermişəm, hələ bir qız arzuluyursan. Cənabi Cəbrayılı gön­dər­di ki, apar bu almanı ver ona, denən yarı bölsün, ayləsiynən yesin, Allah-tala ona qız kəramət eliyəjəh. Gətdi verdi.

Nəysə, arvadın uşağı oldu, qızı oldu. Eşitdilər ki, padşahın qızı oluf, ənamdan o qədər gətdilər ki, bir ev tutmurdu. Padşahın da döyləti, varı vardı dana. Üç oğlu idi, üç də nökəri idi, mala baxırdı­lar. Bir gün padşah girdi malın içinə, gördü malın hamısı incəlibdi. Çağırdı nökərrəri:

– Ə, bu mal niyə bu avırdadı? Buna mən kişmiş verirəm, xurma verirəm. Heyvannar niyə qırılsın?

Deyir:


– Padşah sağ olsun, nə verirsən hamısın da veririh da, yemirih ha.

Dedi:


– Yox, bunu gejə oğurruyullar. Kişmiş, xurma yeməli şeydi da, bunu oğurruyullar, güdməh lazımdı. Güdün altınız da. Tapdınız canız qutardı, tapmadınız sizi öldürəjəm.

Bu nökərrər bir-bir qaroul çəkdi. Yornuğ adamdı dana, yatdı­lar, bir şey tapa bilmədilər. Padşahın üç oğlu var idi. İkisi yatdı, tapa bilmədi. Balaca oğlu dedi: “Əə, mən də tapmasam, atam öldü­rəjəh dana”. Gətdi barmağını bir balaca çərtdi, yerinə duz basdı. Girdi qapının dalına, gözdədi. Gözdə, gözdə, gözdə, gejənin bir alə­mində gördü həmən qız beşihdən çıxıfdı, oluf adamyeyən. Yekə bir şeydi. Külfədən girdi, malın qabağında olan kişmişi, xurmanı yedi, külfədən də çıxdı getdi. Bu dedi: “Sən öl, elə bizim ölən vax­dı­mızdı. Atama deyəjəm ki, vallah, ata, sənin qızındı, məni öldü­rəjəh on­suz da. Demiyəjəm, gənə bizi öldürəjəh. Yaxşısı budu de­yim, qoy elə məni öldürsün da, qardaşdarımı öldürməsin”.

Padşah çağırdı:

– A bala, gəl görüm nə gördün?

Dedi:

– Ata, onsuz da bilirəm məni öldürəssən, amma deyəjəm da, deməsəm olmaz.



Deyir:

– Niyə öldürürəm a bala? De görüm.

Dedi ki, sənin bax, o qızındı. Yekəlir olur adamyeyən, gəlir malın qavağında nə var silir yeyir, gedir.

– Ə, sən nə danışırsan. Mən nəzirnən-niyaznan bir qız tapmı-şam, mənim qızım adamyeyən oluf? Cəllad!

Oğlanı çəkillər dar ağacına. Anası özünü yeyir-tökür dana, anadı. Vəzir deyir:

– Padşah sağ olsun, öldürmə onu. Anasının gözünün qava-ğında öldürmə. Çəkif o dey döşdərini yeyir orda. Sürgün elə, qoy sənin şəhərinnən çıxsın getsin, hara gedir getsin. Ya da ver cəllada, aparsın öldürsün, köynəyini qanına bulasın gətirsin versin saa.

Çağırdı cəlladı, dedi:

– Bunu apararsan, mənim torpağımdan çıxardarsan, başını kəsərsən, köynəyini soyunduruf qanına buluyuf gətirərsən.



Bunu götdülər getdilər, apardılar bunun torpağınnan çıxartdı­lar. Cəllatdar biri-birinə dedilər ki, ə, bunu öldürməhnən bizə padşah nə verəjəh. Elə gəl köynəyini soyundurax, burdan bir heyvan alax kəsəh, nə bilillər, qanı qandı dana. Köynəyini buluyax qanına, apa­rax. Yazıxdı, öldürmüyəh, buraxax çıxsın getsin. Helə də elə­dilər. Bir heyvan aldılar, kəsdilər, bişirdilər, yedilər. Onun da köy­nəyini qanına buladılar. Dedilər ki, qardaş, da özün görürsən. Qayıt­ma, gəlmə ha. Gəlsən bizi də öldürtdürəssən, səni də öldürt­dürəjəhdi.

Dedi:


– Gəlmərəm.

Düşdü yolun ağına. Ha burda, ha orda, getdi. Tanınmaz yerdi da. Bir meşənin içiynən gedirdi. Gördü bir inilti gəlir. Elə inildiyir, elə inildiyir, nətəri. Baxdı ki, bir aslandı, ayağına qələm girifdi. Şişif ayağı olufdu nə boyda, inildiyir. Gedənin belində xançalı var­dı. Sifdə qorxdu, sora dedi:

– Ə, elə bilərəm atam öldürüf məni. Sən öl, bunun ayağını deşəjəm.

Yıxılıf da, inildiyir, ayağ şişif. Yavaş-yavaş gedə xançalın ujunu tikanın üsdünə vuruf qaçıf gizdənir. Bu isdi-isdi durur, ağzını ora-bura atır. Kimi tapajax? İrini təmiz boşalannan sora deyir:

– Ay bəni-insan, bilirəm bəni-insansan. Çıx, dünyada nə isdəsən sənə verəjəm.

Sifdə qorxdu. Sora özündə təpər tapıf çıxdı.

– Sən idin mənim ayağımı deşən?

Dedi:


– Bəli, mən idim.

Aslanın iki balası vardı. Göndərmişdi ki, adam tapa gətirə. Bun­nar ayannan çıxdı, isdədi bunu yeyələr. Adı Məhəmməd idi. Ajıx­landı balalarına. Məhəmməd gördü ki, ə, bunnar elə qəşəh aslan balalarıdı ki. Dedi ki, versən bu balalarını ver maa, verməsən də sağ ol, çıx get.

Dedi:

– Dünyada bala şirin olur, ayrı şey isdə da, dünya malı nə isdəsən verim.



Dedi:

– Yox, neynirəm dünya malını.

And işmişdi ki, verəjəm da. Balalarının zinciri vardı, belə boynuna doladı, dedi:

– Sizin ixdiyarınızı verdim, gedin.

Məhəmməd buları götdü, düşdü yola. Ha burda, ha orda, gəldi şəhərin qırağında bir dam vardı. Gördü burdan tüsdü çıxır. Qərib adam idi da, tanımırdı. Getdi onun qapısına:

– Ay ev yiyəsi, ay ev yiyəsi.

Bir qarı çıxdı:

– Ay oğul, kimsən, yaxın gəl görüm.

Bu da getdi. Dedi:

– Ay nənə, qərib adamam, qalmağa yer gəzirəm.

Dedi:

– Gəl bəri.



Apardı evə, dedi:

– Bala, mənim də heş kəsim yoxdu, təkcə özüməm. Amma qazancımız-zadımız yoxdu da.

Gətdi bunu evə. Bir az arpa çörəyi vardı, verdi buna, yedi, qaldı burda. Dedi:

– Oğul, elə mən sənin ananam, sən də mənim oğlum. Sən azdan-çoxdan qazan gətir, mən bişirim, yeyəh, burda dolanax. Deyir­sən heş kəsim yoxdu.

Heylə də elədilər. Bir müddət burda qaldı, bunun yanında. Gedirdi aslan balalarınnan ov ovluyurdu, turac-murac tutuf gəti­rirdi, arvad bişirif yeyirdi. Bir gün də gedəndə elə bunun atasının vilayəti yadına düşdü. Bədbaxt oğlu, bədbaxt. Bu gedənnən sora da qız yekəldi, dişdəri ağzında oldu belə. Da bir inni-cinni qoy­ma­mışdı şəhərdə, hamısını yemişdi. Təkcə yaşıyırdı.

Nəysə, yadına düşdü atasının vilayəti, bekaf-bekaf qayıtdı evə. Qarı yazıx bunun səbəbinə dolanırdı dana.

– Ay oğul, noluf, yoxsa azarramısan, soyux dəyif?

Dedi:


– Yox ana, atamın vilayəti yadıma düşüf, ora getməh isdiyirəm.

– A bala, hardansan?

Deyir:

– Filan yerdən.

– Ay bala, orda, deyir, bir əjdaha əmələ gəlif. Orda bir insan, heyvan, heş bir şey yoxdu.

Dedi:


– Ana, olmasa da, getməliyəm, elə yadıma düşüf.

Gətdi bu aslan balalarını damda belə bağladı. Bir dosdu vardı. Getdi o dosdunnan da bir at aldı. İki qoyun aldı kəsdi. Birini verdi qarıya, dedi:

– Qarı nənə, qoy başının altına, ye.

Birini də yığdı həmən qoyun dərisinə, bir qoyun dərisinə də kül yığdı, aşırdı ata, özü də mindi. Dedi:

– Qarı nənə, gördün ki, bu aslan balaları bir-biriynən dala­şıl­lar, ağızdarını gəmirir, aş burax, qorxma.

Atını mindi, düşdü yola. Gedəndə yolda bir çinar ağacı vardı, onnan bir çubux kəsdi atı vurmax üçün. Gethaget, gethaget, bir çe­yillik* yer vardı, atın da qılçası batırdı. Çubuğun ujunu artdadı, dik atın üsdünnən nətər saşdısa ora, çubux girdi palçığa. Allah-tala, de­yir, adamın diləyini tez eşidir. Dedi ki, xudavənd-aləm, mən gəlin­cən bu çinar elə bir çinar olsun ki, yoğunnuğuna örkən dolanmasın, başı da ərşdə olsun. Deyir, gedir.

Görür şəhərdi, yerində durur. Görür ki, ə, sən öl, heş bir şey yoxdu. Nə mal var, nə quş var, nə it var, nə pişik var. Dedi: “Sən öl, anam deyən düzdü. Sözünə baxmadım anamın”.

Adamyeyən qız da damda yaşıyırmış. Bir əlli metr qalmış qız tapbıltısını eşitdi atın. Çıxdı damın üsdünə. Gördü ki, gəlir atın be­lində. Tez çatdırdı:

– Bajın ölsün, qardaş. Demirsən bir bajı qoyuf getmişəm burda, bir yiyəsiz yerdə. Nə yaxşı məni yadına salmısan?

Dedi:


– Bildim ki, təksən, gəldim da, bajı.

Əlajı nədi, nə desin. Gedillər, damın qapısına çatanda deyir ki, düş atdan, aparım hörüklüyüm gəlim. Aj idi, aparır atın qılçının birini yeyir, gəlir.

– A bajın ölsün, qardaş. Atın üş qılçalı idi?

Dedi:


– A bajı, at üç qılçalı olar dana, neçə qılçası olajax.

Əlajı yoxdu, qorxusunnan, nağarsın. Nəysə, bekara dayanır. Bir də:

– Gedim atın hörüyünü dəyişim gəlim.

Gedir bu qılçın, o qılçın, cəmdəyin yeyif qutarır, gəlir.

– Bajın ölsün, qardaş, elə piyadamı gəlmisən?

Dedi:


– A bajı, mənim atım vardı minim gəlim?

İndi deyir ki, bajın ölsün, a qardaş, çoxdandı səni görmürəm. Bir bəri uzan, baxım görüm sənin canında bitdən-sirkədən nə var.

Dedi:

– Ay bajı, düzü-dünyanı yemisən, atamı-anamı yemisən, da heş-zad qalmıyıf. Bir atı indicə bu saat yedin. Mən də sənin lox­ma­nam dana. Getginən bir az su gətir. Bir əl-üzümüzü yuyax, danışax bir xor, onnan sora gənə ye da.



Tez durur bu, bir güyümü vardı, güyümü götürüf gedəndə – gedə də bij idi ey, – dedi:

– Ay bajı, bunu neynirsən?

Deyir:

– Su gətirim da.



– A bajı, onun suyunu işməh olmaz.

– Bə nədə gətirim?

– Ələhdə-xəlbirdə.

Dəli şeydi dana. Ələyi-xəlbiri götürür, xeylağ da su aralıdı, gedir. Bu ayna gedən kimi bu durur əti aşağıdan asır, külü də yuxarıdan asır, çıxır qaçır. Qız da ələyi basır, xəlbiri çıxardır, ələyi basır, xəlbiri çıxardır. Xeylağ yubanır orda. Ələhdə-xəlbirdə su gələr? Ajığı tutur ki, ayıb olsa da, ağzına s…m, bu saat səni parça­lıyajam. Özünü çatdırır ki, bunu yesin. Gəlir ki, evdə yoxdu. Ora-bura, yuxarı baxır ki, cəmdəh ordan asılıdı. Bir dəfə ağzını atır, qoyunun cəmdəyi gəlir bunu ağzına. Deyir:

– Oh, qardaşımın yağlı döşü ürəyimə dəydi.

Baxır ki, biri də var. Bir də ağzını atanda kül təmiz tökülür bu­nun gözünü-başını doldurur. Başdıyır gözünü ovmağa. Gedə qaçır, dala baxa-baxa qaçır. Bu da gözünü birtəəri avır, çıxır damın belinə. Boynu da dönmürdü, gərəh gedə mətəyə çateydi, sora qa­yı­dıf baxeydi. Yolda belə dönüf baxa bilməzdi. Görür kü, qardaşı qa­çır. İri paçalı şeydi. Addımının birini burdan, birini ordan qoyur. Ge­də görür ki, ə səni, budey çatır, məni parçalıyajax. Allah-tala ada­mın diləyini, deyir, tez eşidirmiş o vaxdı. Deyir:

– Allah-tala, qannım gəldi, yer ayrılsın girim yerə.

Deyilənə görə, yer belə ayrılır, gedə özünü atır ora, başının tükünnən bir az qalır çöldə. Qız gəlir qırtmıxlıyır başının tükün, deyir:

– Bu saat gedif atamın külüngünü gətirif səni qazıf çıxardıf yeyəjəm.

Tərpənir külüngü gətirməyə. Boynu dönmürdü, geri baxa bil­mirdi. Gərəh gedəydi mətəyə. Bu gedən kimi, hökmü-ilahi idi, gədə çıxdı qaşdı. Bu da getdi damın belinə çıxdı ki, qardaşı qaçır.

– Ə, mənim əlimnən hara qaçessən?

Bir də qayıdır. Bir də çatdıranda gedə bir qayalığa çıxır. Genə görür kü, bu dey gəldi çatdı. Deyir:

– Ay qaya, Allahın hökmüynən ayrıl, girim içinə. Qannım gəldi, məni yeyəjəh.

Qaya ayrılır, girir içinə. Qız gənə gəlir qırtmıxlıyır. Deyir ki, a səni belə-belə eliyim, bayaxdan torpax idi, çətin idi. İndi qayadı, külüngnən vuruf dağıdıf səni yeyəjəm. Gənə gedir. Oğlan çıxıf gənə qaçır. Gədə həmin çinara çatanda görür ki, çinarın ucu-bucağı yoxdu ey. Başı qəlbi, divi də yoxdu. Gedə özünü çatdırır bu çinara, qız da özünü çatdırır. Deyir:

– Ay çinar, Allahın hökmüynən başını əy aşağa, qannım gəl­di, məni yeyəjəh.

Çinar başını əyir aşağı, gedə minir, qaldırır. Qız gəlir deyir ki, qardaş, düş aşağı. Gədə bu çinarın uzunnuğunu, yoğunnuğunu görür, deyir: “Ə, bu nağarajax”. Deyir:

– Hara düşüm, aaz, düşüm məni yeyəsən. Ölsən də düşmərəm.

Deyir:


– Ə, bu çinar hayıfdı, bunu maa kəsdirmə, düş aşağı, səni yeyim gedim. Qorxuram, zənən xeylağıyam.

Deyir:


– Düzü dünyanı sən yemisən, hamı sənnən qorxur, sən kim­nən qorxursan?

Nə qədər elədi, düşmədi. Bunun ağzı sən demə almazmış. Çi­nara bir bayannan ağzın atır, bir ayannan ağzın atır. Gedə görür ə, çinar altında sirkələnir. Deyir ki, ayə, sən öl, bunu kəsəjəh. Am­ma gedə yaxşı balaban çalan idi. Dedi ki, a bajı, a bajı, bir dayan. Dedi:

– Nədi, qutar ey, tələsiyirəm.

Dedi ki, bajı, mən yaman balaban çalanam. Səni də yaman oynağan deyillər, – heç oynamağını-zadını görmüyüf ey, – mən balaban çalım, sən də oyna, mən də yavaş-yavaş düşüm aşağı.

– Hə, tez ol düş.

Dəlidi da. Dingildiyir gədə. Aslan balasının da birinin adı Dartan idi, birinin adı Yırtan idi. Balabanda onu çağırır gedə. Qız da elə bilir hava çalır. Qarı görür ki, sən öl, aslan balaları bir-birinin ağzını qanatdı. Açır buraxır. Balabanın səsinə aslan balaları gəlir. Qız deyir ki, düş ey, tez ol düş, toz gəlir, qorxuram.

– Aaz, – deyir, – mən də bir loxmanam da, qoy gəlsin onu da ye.

Aslan balaları gəlif buna çata-çatda balabanı ağzınnan çıxardır.

– Dartan, elə dartıf dağıdarsan, bir damcı qan yerə düşməsin. Yırtan, elə yırtıf dağıdarsan, bir damcı qan yerə düşməsin.



Küçühlər bunu parçalıyır, dartıf dağıdıf yeyillər. Bunun biri­nin dodağınnan bir gilə qan düşür çinarın yarpağının üsdünə. Oğlan gör­dü ki, küçühlər yedi. Düşdü bu küçühlərin ağzını-burnunu sildi. İndi bu küçühləri çağıranda yolnan bir kişi yeddi dəvə ləli cəvahir apa­rırdı. Bu görür ki, kimsə balabanda Dartan hay, Yırtan hay çağırır.

Küçühləri alır yanına, gedəndə görür ki, deyir:

– Bajın ölsün qardaş, məni qoyuf getmə. Dar yerdə gərəyin olaram.

– Əyə, bunu küçühlər gözümün qabağında yedi. Bu nətər oldu?

Qayıdır oranı gəzir ki, yarpağın üsdünə bir damcı qan düşüf. Bü­kür dəsmalına, qoyur yan civinə, gedir, da səs-küy olmur. Gedir bu dəvəçiyə çatanda dəvəçi görür ki, gəlir. Qəşəh də küçühlərdi. Deyir:

– Qardaş, sənnən bir şərt kəsəjəm. Mən sənin küçühlərinin adını tapsam, sən oları mənə verəssən, – balabanda bilif da Dartan­nan Yırtan çağırır, – sən mənim dəvəmin yükünü tapsan, dəvəni yük qarışıx saa vermiyən kişi döylü. Verif saa çıxıf gedəjəm.

Dedi:

– Yaxşı. De görüm mənim bu küçühlərimin adı nədi?



Balabanda örgənmişdi da. Dedi:

– Birinin adı Dartandı, birinin adı Yırtan.

Dedi:

– Hə, düz tapdın.



Dedi:

– Bə mənim yüküm?

Bu dedi yükün taxıldı, parçadı, nə bilim nədi, nədi. Dedi:

– And olsun Allaha, yox, tapa bilmədin.

Küçühləri də bağladı arxadakı dəvənin dalına. Bir az ara­laş­mışdı, civinnən dilləndi.

– Bajın ölsün qardaş, niyə bekaflıyırsan. Çağır denən dəvənin yükünü tapmışam. Ləli-cəvahirdi yükü.

Çağırdı:

– A qardaş, dayan, dayan. Tapmışam yükünü.

– Nədi?

– Ləli-cəvahir.

Dedi:

– Hə, tapdın.



Dəvəni sarvanıynan verdi buna. Götdü getdi anasının evinə. Dedi ki, ana, sən düz deyirmişsən. Öldürdüm getdi, dur gedəh. Qarı­nın da nəyi vardı? Qarını da qoydu dəvənin birinin belinə, götürdü gəldi dədəsinin vilayətinə. Dedilər səni, filankəsin yeddi ildi gedən oğlu gəlif çıxıf atasının yurdunda padşahdı. Hamısı qayıdır gəlir. Şəhər olur gənə həmən şəhər, başdıyır burda yaşamağa.


Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin