Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,7 Mb.
səhifə57/266
tarix01.01.2022
ölçüsü2,7 Mb.
#103326
1   ...   53   54   55   56   57   58   59   60   ...   266
VIII mətn

Neçə yüz il bınnan qabağın söhbətdi. Eşitdiyimizə görə Hajı Qaramangil bizim Cəbrayıl rayonunda Əhmədli deyilən kəndə gəlib çıxıb. Bir nəfərə deyif ki, Allah qonağı isdiyirsiz?

Deyif:

– Allaha da qurban olım, qonağa da. Buyurun.

Qonax saxlıyıf. Gejə çörəh yeyiflər, rahat olannan sora deyif ki, ayıb olmasın, o evin küncündəki yatan nədi? Xəstədi nədi?

Deyif:


– Allahdan gizdin olmıyan, bəndədən nə gizdin ola bilər. Mənim qızımdı, anadangəlmə ətdi, dura bilmir.

Elə beləcə, nə isə, bı qız durmır, yeriyəmmir, heş bir söz demir. Nə isə, yatıllar. Duruf, o başdannan namazı deyirih dəə, namazı qılanda Allaha dua eliyif qız hakqında, sora çıxıf gedif. Kəntdən çıxanda səhər açılıf. Qızın atası-anası görüf ki, qız duruf qapını, evi süpürür. Bılar qalıf belə ki, bı qıza nəəlib ki? Axı bı qız neçə ildi xəsdədi, bı qalxan dəyildi, bı nə isə qonaxdandı. Qonağı axtarıf tapıllar. Deyillər kin, kimsən, nəçisən, sən neylədin ki bı qız belə oldı? Orda o özün təqdim eder ki, mən Hajı Qaramanam.

Deyiflər:

– Bəs sənə nə lazımdı dünya malınnan, verək.

Deyif:


– Maa dünya malınnan heş-zad lazım dəyil. Elə o qızın özü rahat olsın.

O qızı orda veriflər Hajı Qaramana. Həmin qızın adı Yetər imiş. Onu götürüf gəlib indiki kəndində məskən salıf. İndi ora Çələbilər kəndi deyilir. Orda məskən salıf, özüyçün ev tikif. Keçmişdə dam deyirdilər, dörd dənə dirəydən olırdı. Dirəyin biri olmır. Yatıllar. Tezdən duruf görillər ki, Allah-taladan topılqadan bir dənə dirək bitib, çatıb həmən pərdilərə. Topılqa da nazik çubux kimi bir şeydi. İntahası bı Allah tərəfinnəndi də. Bı qalxıf dirəy olıfdı. Orda yaşıyıf. Vəşi marallar həmişə bunun qapısına gələrmiş sağına. Gündüzdər balası yanında yamacda gəzərmiş, axşamlar gələrmiş özdəri, Hacı Qaramanın qapısında Yetər nənə südün sağarmış. Sağannan sora verərmiş balası əmişərmiş, gedərmiş yamaca.

Bir müddətdən sora İranda hay düşüf ki, Qarabağda belə bir ki­şi var. Onu mürtədləməh lazımdı. Qırx atdı gəlir. Deyillər ki, bizim at­­dara arpa verin. Keçmişdə dağar qoyun dərisinnən olurmuş, bir dağar iki vedrə arpa tutur. Gətirib deyir ki, bala, tökün atızın torbasına.

– Əşi, nə danışırsan, biz qırx atdı, bına arpa lazımdı.

Deyif:

– Tök, gətirəcəm. Qırx atın torbasın o dağarnan doldırıblar.



Bir nəfər Allah adamı imiş dənə bı. Görüf ki, küləynən bir nəfər arxadan dağara arpanı kürüyür. Deyif:

– Ə, bı toxınmalı adam dəyil, yüz atıız ola, yenə dağar qutaran dəyil.

Bırda qonağ qalıllar. Qalanda görüflər ki, marallar sağına gəldi. Sağılannan sora hamısı gedir, erkəyinin biri qalır. Deyillər bı nə üçün qaldı bırda? Deyif:

– Bə qonax üçündü.

– Hə, onda olar.

Dinməz qayıdıflar geri, tay o kişiyə toxunmuyuflar.


IX mətn

Bir də Hajı Qaraman haqqında belə bi şey deyillər ki, Qara­bağ­dan Məkkiyə, Mədinəyə gediflər. O vədə altı aylıx yol imiş piyada, atnan, dəvəynən. Gedənnərdən bir nəfərin pulu qutarıfmış, itibmi, batıbmı, bilmirəm. Gələ bilmeyif, qalıf orda. Ordakı ziyarət­çilərə yalvarıf ki, mana köməh eliyin. Bax, mən qaldım bırda, arvad-uşağ qırılajağ. Deyiflər:

– Qarabağdan bi dənə kişi hər gün gəlif namazı bırda qılıb gedir. Bəlkə o saa köməh olar.

Deyif:

– Onda o gələndə maa deyin.



Hajı Qaraman cümə namazı qılanda bına gösdəriflər ki, bax, Hajı Qaraman bıdı. Gəlif kişi ona yalvarıf ki, məni də özüynən apar. Deyif ki, namaza durax, namazdan sora gedərih. Namazı qılıf qutarıflar. Hajı Qaramanın bir dənə qara atı varmış. Deyif:

– Min tərkimə, gözuu yum. Nə vaxt desəm gözuu aç, onda açarsan.

İndi bı tay keşmiş söhbətdi dana. Deyif ki, gözü aç. Kişi gözün açıb, görüb ki, öz qapısıdı. Səvindiyinnən qaçıb içəri ki, ayləsinə desin ki, qonağ gəlif. Geri qayıdıf görif ki, atdı yoxdı. Bir başına döyüf ki, mən nağardım, bəs niyə bını bıraxdım, maa bı qadana hörmət eliyif. Bilmədim bı kim olıb axı. Gəlir kişi arvada söz deer ki, mana çörəy hazırra, mən getdim o kişini axtarmağa. Badyasın doldırır çörəynən. Düşür bı Qarabağ mahalın gəzməyə. Gedir Hacı Qaramanın kəndinə. Misirxan yatağı deyillər, görüf ki, bırda at atdarın içində otdıyır. Oturur atın yanında. Axşam at əvə gedəndə atnan gedir əvə. Gedir görür kişi evdədi. Deer:

– Saa qurban olım, axı sən maa köməh elədin. Sən kimsən, nəçisən? Bəs mən saa bir hörmət eliyə bilmədim, heş danışa bilmədih. Bəs qaşdın, mən də qaldım belə.

Hə, o özün təqdim eler ki, bəs mən Hacı Qaramanam.

Deməh, Hacı Qaraman inanılmış ojağdı. Dəli adamlar, məsələn, zincirnən bağlanan adamlar gedib gejə orda yatanda sabah öz ağlıynan qayıdıf gələrdi əvə. Qasım Çələbi, Məhəmmədəli Çələbi onun övlatdarıdı. Nəvələri də var: Əliynən Nağıdı, Tağıdı, Arifdi. Obşim, Allaha şükür, davamçıları var. Camaat hal-hazırda inanır, inanılmış adamlardı olar. Nə dersə, o da olır. Həmən nəsil hələ də durur.

X mətn

Hajı Qaraman baba cavan, oxumuş, savatdı bir alim oluf. Özü də Türkiyədə oluflar. Çələbilər qışdağı deyillər Türkiyədə, orda bir məhlə imişdər. Mən də nətər eşitmişəm onu danışıram. Hajı Qara­man babanın atası buları oxuduf, savatdı oluf. Bular üç qardaş oluf. Bir nəfər gedif bu yerin yekəsinə deyifdi ki, xəbəriz yoxdu. Çələbi­lər­dən üş nəfər yaxşı savatdı, oxuyan tələbə gəlif çıxıf, sənin yerini alajaxdı. Vaxtlı buları birtəri elə, hara yola salırsan yola sal.

Bu yerin yekəsi gəlir Hajı Qaraman babanın atasına deyir ki, olarmı bir həftəyə burdan çıxasınız siz?

Deyir:


– Nəyə görə?

Deyif:


– Deyirəm, – deyif gedir. Aradan bir həftə keçir. Gənə gəlif görür ki, köşmüyüflər. Deyif:

– Ay ağsakqal, mən sənə demişəm köç, niyə köşməmisən?

Deyif ki, mənim günahım nədi, sübut elə, ona görə köçüm.

Deyifdi:


– Deyirəm.

Bir də buna gedif deyillər ki, buları köçürmədin, axırı gəlif yerini alajax. Bular çox savatdı alimdilər. Bu da gəlif deyif:

– Səə üşcə gün vaxt verirəm. Üş günə kimi çıxdın, çıxdın. Çıxmadınsa, səni burda odduyajeyih, bütün məhlənizi odduyajeyih.

Üzümüzdən uzax olsun, Hajı Qaraman babanın atası deyifdi ki, ay it, niyə hürürsən, burdan aralaş, çəkil get. Bu kişi minir ata, uzağ olsun üzümüzdən, hürə-hürə gedir çıxır əvinə. Ayləsi, uşağı gəlif gö­rür ki, Allah uzağ eləsin, bu, it kimi hürür. Bunu gətirif salıllar əvə.

– Kişi, saa noluf?

Kişi hessad demiyif. Arvad deyif:

– Ay kişi, sənin nəysə bir günahın var. De görüm, nəyşə belə olmusan?

Bir həftə keçif. Keçənnən sora deyif ki, filan yerdə Çələbilər qışdağı var. Şeytan allatdı, Allah nəhlət eləsin şeytana, mən getdim bulara dedim köç. Bir həfətəyə köçmədi. Bir də getdim, gənə qəzəb­ləndim, dedim niyə köçməmisiz. Qəzəbləndi, maa dedi ki, ay it, niyə hürürsən, burdan rədd ol.

Gözdüyüllər, axşam düşür, kişini mindirillər ata, götürüf gəti­ril­lər Hajı Qaraman babanın atasının yanına. Deyif ki, bəs qanmıyıf, başa düşmüyüf, sən Allah, bunu bağışda. Bu, bir elin ağsakqalıdı. Deyir ki, gülləni vurursan bir adama, o nətər olur? O, payını alıf. Onun payı elə odu, onuynan da məhv olajax. Çarə yoxdu ona. Onnan sorasına, bu ki sizə ağır gəlir, onu aparın qoyun padvala, qırxı tamam olunca elə heylə olajax. Qırxı tamam olanda bircə belə küldən götür, at başına, onuynan məhv olajax.

Aparıf qırx gün saxlıyıflar, qırxıncı gün bu kişi pisəlir. Gətirif bir belə külü atıflar üsdünə, onnan məhv oluf gedif.

Onda Hajı Qaraman babanın atası üç oğlunu da çağırıf deyif ki, siz burda qala bilməzsiniz, siz korranajaxsınız. O deyəjəh mənim yerim olajax, bu deyəjəh mənim yerim olajax, elə yaxşısı budu ki, başı götü, aralaş burdan. Oğlannarının hərəsinə bir çəlik verir. Türki­yə­dən çıxanda deyif ki, bunu atırsınız, çəlik harda gedif dursa, orda məskən qurursunuz. Hajı Qaraman babanın çəliyi gəlif bizim qışdağımızda* duruf. O biri oğlunun çəliyi gedif Lənbərənə, üçüncü oğlunun çəliyi Füzuli rayonunun Abduraxmanlı kəndinə düşüf.

Hajı Qaraman baba gəlif görüf çəlik sancılıf ora. Orda oturuf axşam namazın qılıf. Qıraxdan uşax-böyüh baxıf, gedif yerin ağsak­qalına deyir ki, ay baba, bir kişidi, əyilir qalxır, əyilir qalxır. Get gör o niyə heylə eliyir? Gəlir Hajı Qaraman babanın yanına. Namazı qılıf qutarır. Deyif ki, sən hardan gəlmisən, nəsən, nəçisən? Deyif ki, uzax yerdən gəlmişəm. Deyif ki, uzax yerdən gəlmisən, gedəh evə. Deyif ki, yox, mən elə burda qalasıyam.

Deyif:


– Əşi, uşax deyilsən, çöldə qalmıyajaxsan?

Bunun da, ayıb olmasın, bir qızı varmış. Üç ildi o həkim, o təbib qalmıyıf, hamısının yanına aparıflar. Bu qız elə quruyuf yerdə yatan imiş. Bu kişi də deyif ki, Allah, mən saa üzümü tuturam, həkim olsun, molla olsun, oxucu olsun, adicə adam olsun, onun əlin­nən bu qıza səbəb düşsün, almasa da, güjnən də olsa, verəjəm qızı. Namaz qılannan sora durur kişini də götürür gəlir. Gəlir görür dam yeridi, damın içində bir qız uşağıdı yerdə yatıf. Deyif:

– Əmi, niyə bu yerdədi?

Deyif:

– Bala, bəs üç ildi heylədi.



Deyif:

– Bir istəkana bir azca su tök, ver maa.



Üç ildi əlnən götürülən qız suyu içən kimi sıçrıyır qalxır ayağa. Durur ayağa, yemək-zad rahlıyıllar, yeyillər, içillər, yatıllar. Səhər tezdən duruf gedir. Yola düşəndə kişi deyif ki, hara gedirsən?

Deyif:


– Nədi?

Deyif:


– Getmiyəssən.

Deyif:


– Yox, mən yolumnan qalmıyajam. Mən gedəjəm, mənim özü­mün işim var.

Deyir:


– Mən əhd eləmişəm, gedirsənsə, bu qızı da aparassan.

Yetər nənə yekə qız imiş. [Kişi] əl çəkmiyif. Hajı Qaraman deyif:

– A kişi, başa dönüm. Mənim əvim yox, eşiyim yox, mən gəlmə gəlmişəm. Mənim nəyim var ki, nə toy eliyim?

Deyir:


– İşin deyil.

Eşitmiş olarsız, olmazsız, Hajı Qaraman babanın yanına çay yatağı deyillər, Şəhvəllinin yanı. Ora qədər bu kişi deyir ki, bu yeri bu qıza mehr verirəm, qızı da verirəm saa. Get ək, bejər, dolan. Yox dedikcə kişi deyif təəri yoxdu, qız sənindi. Qızı verir ona.

Gəlillər Hajı Qaraman babanın özünün qışdağında həmən o çəlik sancılan yerdə bir dam tikdirir. Axşam ojağı qalıyıflar, yeyiflər, içiflər. Səhər duranda Yetər nənə deyir:

– Hajı Qaraman, görürsən, burda bir möcüzə var. – Ojağın yerinə baxıf görüf ki, bu boyda ağaş bitif. – Axı, axşam biz burda ojax qalamışıx. Ağaş görürsən hara qalxıf. Bitif qalxıf yuxarı.

Deyifdi ki, onda orda ojağı qalama.

Onu mən gözümnən gördüm. Ağaj o qədər böyüyüf ki, içəri­sin­nən çıxıf. O ağaj köhnəlif, qurt yeyif yıxılıf böyrü üsdə. Topulqa ağajı deyirmişdər bunnan irəli.


XI mətn

Bir oğlan xəstədi. O qədər yer gəzdiriflər, buna imkan olmu­yuf. Buna deyillər ki, bala, filan yerdə Hajı Qaraman baba var. Ge­dər­sən onun yanına, onnan sana çara olar. Bu da soraxlıya-sorax­lıya gəlir Hajı Qaraman babagilə. Amma həkim deyifdi ki, sənin dər­dinə bir şey xeyir eliyəjəh. Ömründə dilinə nə dəymiyifsə, o dəyəndə sənə xeyir eliyəjəh.

Bu da gəlir. Hajı Qaraman baba qızına deyif ki, bu uzax yerdən gəlif, buna çay-çörək gətir. Çay gətirif, çörək gətirif. Bişmiş hazırra­nınca qatığı qoyuf:

– Bala, uzax yerdən gəlmisən, ye.



Bu, qatıxdan bircə dəfə ağzına qoyanda görüf elə bil yunqul­la­­şıf. Bunu ta aşmır. Deyir: “Beyjə qalajam, görüm bu nə olan şeydi?”

Gejə burda yatır. Səhər açılanda görür ki, Yetər nənə nəysə ojağı qaladı, orda qabda məlhəm kimi bir şey hazırradı, getdi. Durdu bunun dalınca çıxdı ki, görə bu noolan şeydi. Gördü bir bölük maral gəldi Hajı Qaraman babanın ojağına. Avçı vırıf, yaralanıf. Deyir, arvad nə birini çağırdı, nə bir şey elədi. O yaralı gəldi durdu arvadın yanında, məlhəmi qoydu, sarıdı. Bu yaralıların hamısını sarıdı, qalan maralların da hamısını sağdı, südün götdü, dedi:

– Ay Allahın heyvanı, ta gedə bilərsən.

Üzdən qırax, it qavıf, çıxıf gediflər. Ətraf da maralın buynuz­darıdı, tökülüf yerə-yurda, buların qapısına. Gəlif evə deyif ki, hə, bu qatıx onun qatığıdı.

Deyif:

– Hajı Qaraman baba, bu qatığ nə qatığı idi?

Deyif:

– Bala, həmən maralın qatığıdı.



Deyir:

– Hə, onu yeyənnən görürəm ki, yaxşılaşmışam.



İndi Hajı Qaraman bizim and yerimizdi. Maral buynuz tökdü­yü Hajı Qaraman babanın canı üçün. Bizim and yerimiz heylə olufdu.

Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin