Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 3,1 Mb.
səhifə14/28
tarix07.04.2018
ölçüsü3,1 Mb.
#47710
1   ...   10   11   12   13   14   15   16   17   ...   28

IX mətn

Mənim dayım arvadının elədiyini danışacam. Nənəmin iki oğlu vardı, bir oğlu evlənmiyip, ama biri evlənip, bunun uşağı-zadı da var. Mənim dayım arvadıynan nənəm, elə bil dayımın qızıynan, nənəmin qızı ha, gərəh qız uşağı ola. Bunnarın ikisinə dedilər dinməyin ha, dimməz gedin. Özü də axşam, niyət gecəsi axırıncı çərşənbə, səhər yox, gün batannan soora. Əlinə bir dənə təmiz qab verdilər, dedilər, dimməz gedin, dimməz də qayıdın haa. Kim də qabağınıza çıxsa, nəsə soruşsa, cavap-zad verməyin. Danışmağ olmaz. Bunu, getdilər ikisi də, daş götdülər bulağın gözünnən, su götdülər həmin qabda, içinə də daş yığdılar. Xalam ayrı yığdı, dayım qızı da ayrı yığdı. Bu dayıma ayrı, evli dayıma ayrı. Gətdilər, bunu düzdülər, Allaha and olsun, mən gözümün şahidiyəm, yalan-zad döyül. Gətdi nənəm də düzdü belə bacanın üsdünə, mənim dayımı niyət elədi. Evləmməmiş dayımı. Mənim dayım arvadı da düzdü daşı bacanın üsdünə. Öz bacasının üsdünə. Qabağına daşdarı düzdülər, suyu da səpdilər üsdünə. Dedilər, əyər bunnar qayıdıp gələcəh müharibədən, bu daşın altında nəsə olsun. Ya göy ot olsun, yox əyər gəlmiyəcəhsə, heş nə çıxımasın. Onnar o vax müharibədəymiş.

Mənim dayım arvadı düzdüyü daşdarın altınnan, Allaha and olsun, belə göy ot çıxdı. Ama nənəm qoyduğu daşın altınnan – o subay dayıma niyət elədiyi daşın altınnan heş nə çıxmadı. Yazıx nənəm ölənə qədər ağladı ki, Əli gələn dəyil. Əliydi adı. Evli dayım gəldi, o gəlmədi. Bax bunnarın hamısı düzüydü, qızım.

İndikilər dəsdə tutup gedillər niyət gecəsinə. Niyət gecəsinə dəsdəynən gedillər?! Niyət gecəsinə təh gedərsən. Beləcə evdən çıxarsan, lal-dimməz gedib o qapıda qulağını açasan, görüm, mən bu qapıya niyət eliyip gəlmişəm, görüm nə eşidirəm.

Bayram olurdu, Xıdır Nəbi olurdu, orda bizdə (Qərbi Azərbaycanı nəzərdə tutur – top.) külfan deyirdih, asırdılar, səhərəcən külfan gedirdih (yellənirdih), bayramnan azı on gün qabax. Hər gecə ora qız-gəlin yığılırdı. Hər gecə pişirirdilər, yeyirdilər, yallı gedirdilər, külfan gedirdilər.

Bu qızdarın birini də bir oğlan isdiyirdi. Qapıda dayammışdı. Deyirdi:

Qapıda bəy durupdu,

Çiynində bel durupdu.

Qara şapqa altınnan

Telləri yan durupdu.

İndi ki, bu qız bu oğlana bunu qoşupdu, bilirdi ki, ona qoşulup qaçacax. Elə ordan da o oğlana qoşulup qaçır.
X mətn

Ağcanın atası İsgəndər kişi yaman bilihli adamıdı. Bir gün axır çərşəmbeydi da, ilin axırıydı. Atdı gedirdim, getdim, görüşdüm, Həə, Allah irəhmət eləsin, yaman bilən kişiydi. Hə, birəz söypət elədim yolun qırağında. Dedi ki, ay Melih, bilirsən, bı axır çərşəmbənin mənası nədi? Bax Allah hakqı, Allah ona irəhmət eləsin. Dedim İsgəndər dayı, Vallah, bilmirəm. Dedi ki, irəli ki o vaxdı ki, yezitdərnən ki imamnar muharbə eliyip, onda nə telfun varıymış, nə işıx varıymış. Ta olar elə birinci küləşi odduyullar, hucum eliyələr, eliyə bilmillər. İkincini odduyullar, genə eliyə bilmillər. Üçüncünü odduyullar, genə eliyə bilmillər. Axırıncısını hucum eliyillər, qalip gəlillər. Bax onnan qalır axır çərçəmbə.


XI mətn

Nooruz bayramı da qabağ indiki kimi dəyildi. Bayramnarda evlər tökülürdü, silinirdi, qurulanırdı. Bayram axşamı gələndə üsdündə od qələnirdi. Alov eliyirdilər, görürdün kü, uşaxlar yığılıp bacadan dəsmal sallıyıllar. Onda dəsmal, papax atmırdılar. Onda corab sallıyırdılar. Görürdün, birdən otuz, qırx corabı bacadan salladılar. Ev yiyəsi də yığıp hərənin qabına bir şey atardı. Bunnar çəkib gedirdi.

Üş gün bayram eliyirdilər. Od qəliyirdilər, ev-ev gəzirdilər. Durardılar, təzə ölən ölünün yerinə gedərdilər. O ölü ki, təzə ölüpdü, onnarı yasdan çıxartmağa. Hərə bir qazan xörəh pişirərdi. Heş kəs evdə yeməzdi. Xörəh qalardı. O pişirdiyinnən götürərdi hərə bir qazan. Kənt yığılardı, ölü yiyəsini yasdan çıxardardılar. Deməh, ordan yeyərdilər, sora gəlip evdə özdəri axır çərşəmbəni keçirərdilər. Onda axır çərşəmbiyə “Ölü günü” deyirdilər.
XII mətn

Bayram vaxdı qulançax qururdux. Alma yığırdıx. On qız, beş qız bir yerdə. Qarmon çalanımız da vardı. Çalırdığ, oynuyurdux. Yeməh bişirirdih, cərgəynən sırfa salırdıx. Əlinə çuvux alırdı, deyirdi, nişannıyın adını de. Vırırdı əyağna. Kimin xoşuna gəlirdi, deyirdi, filankəsə gedəjəm. Əyağnan altına tökürdülər ki, nişannıyın adını de. Biz bilmirih, adını deməlisən. Vurduxca deyirdi, filankəsə gedəjəm.


XIII mətn

Yelləncəhdə yellənirsən. İndi yelləncəh tanıyan yoxdu. Arvatdar qış uzunu yaxşı sijim toxuyardılar. Sijimləri verərdilər ki, hündür ağaca bağlıyın, yelləncəh asın, sijim də çəkip bərkisin. Pambıxdan əyirirdilər, keçi qəzilinnən əyirirdilər. Onnardan sijimnər toxuyurdular. Keçi qəzilinnən ən möhkəm sijimlər olurdu. Yelləncəhdə yellənəndə qızdar deyirdi:

Baxdım açıl, yelləncəh …

Om beş qız burda komalaşanda om beş qızın içində bir oğlan nə baş çıxartsın (söyləyici bir oğlan deyəndə özünü nəzərdə tutur – top.).


XIV mətn

Ağaşdar başını ilin hansı vaxı yerə vurur? İlin axır çərşənbəsində qızıl söyüt başını yerə qoyur. Deyir, gedib otururmuşdar onun divində. Deyir, gedif oturuv orda, deyif ki, Allah, ərimi qızıl elə. Əri qızıl olub. Qalıb orda. Bir barmağını da kəsib aparıb satıb. Gələn il həmən vaxdı gözdüyüb. Gözdüyüb, həmən söyüd bir də başını yerə qoyanda deyib, ay Allah, ərim ər olsun, cəhrəm qızıl olsun. Gedib görüb ki, cəhrəsi qızıldı, əri də ayılıb, əlinin də barmağında biri yoxdu.


XV mətn

Bular cavan gəliniydi, mən də uşağıydım da. Yadımdadı. Bizim bağlarda çoxlu şeytan29 olurdu. Şeytannarı deşif sapa düzürdülər, geyirdilər əyinnərinə. Oğlannar gecə geyirdilər bunu. Qızdar da yığılıf bir evə, oyun çıxardırdılar da. Olar (qızdar) yığılıflar bir evə, deyif-gülüllər, fala baxıllar, yeyif-içillər, çalğı-zad. Oğlannar da şeytannarı sapa düzüf, əyinnərinə geyif gəlirdilər. Paltar şık-şık şıkqıldıyırdı, gəlirdilər qapını döyürdülər. Bular də nə bilim, yadımdadı. Keçi tükünnən sakqal qoyurdular. Eləsi vardı ki, bax elə o qızdarın (mən uşağıydım), çığırırdılar, ağlaşırdlar, qorxurdular. Elələri də vardı ki, (gəlinnəriydi) alırdılar o oğlannarı, qoyurdular altdarına, döyürdülər.

Şeytannarı sapa yığırdılar. Özü ölmüş olurdu, cannı dəyildi. Çıxardıf atırdılar onu. İçində buynuzdu şeyləri var, cannıları çıxardıv atırdılar. Öldürürdülər, neynirdilərsə, o, içində olmurdu. O quru şeytan qabağınnan bir vedrə yığırdılar, sapa düzürdülər, bədənnərinə doluyurdular. Ayy, nə qədər şak-şak şakqıldıyırdı. Elə uşax təsəvvürümdə qalıf. Bunu Nooruzda eliyirdillər. Axır çərçənbə gecəsi, bir də Nooruz bayramı gecəsi səhərə qədər yatmırdılar. Çilə deyirdilər. Çilə çıxardırdılar. Aşıxlar gəlirdi. Otururdu bir evdə məclis qururdu böyühlər. Gedirdi orda aşıxlar nə bilim səhərəcən dastan deyirdi, çalırdı, oynuyurdular. Cavan gəlin, qızdar heylə yığılırdı bir evə. Orda iynə-iynə oynuyurdular, nə bilim suya baxırdılar, fala baxırdılar. Lap görmüşəm saçın tükünnən də alıllar, üzüyə keçirillər, suya salıllar. Beş dəfə silkələndi, beş uşağın olacax. Nə bilim, iki dəfə silkələndi. Ya bu düşüy olacax, olmayacax, uşax olmaycax. Nə bilim, yalan deyirdilər, gercəy deyirdilər. Bilən qızdar, gəlinnər varıydı. Mən kənardan baxmışam. Eləməmişəm.
QURD AĞZI BAĞLAMA
I mətn

Qurdun ağzın bağlıyırıx. Belə deyillər ki, ay mala düşmən olan canavar, fılan əraziynən fılan ərazinin arasında, fılan malların üsdündə ağzını bağlıyıram. Allah xətrinə, imam xətrinə, ağzın açılmasın. Özü də o düzgündü. Mən də bağlamışam, heyvan çöldə qalanda. Ama cırmaxlıyıf. Mal tapılanda açılır. Quranın üsdündə də, Quranı varağına mollalar oxuyur. Mən eləməmişəm. Oxuyur, üfürür, bax belə qatdıyır (söyləyici əlindəki vərəqi qatlayaraq göstərir – top.), o helə heyvan qapıya gələnə qədər qalır. Onda onun sahavı, o, molluya gətirir bir şey verir. Deyir ki, o qurdun ağzın aç.



II mətn

Çələbini çağır, qurdun ağzını bağla, yeməsin. Deynən, Çələbi, bunu sana əmanət verirəm. Bismillah, Allah, Məhəmməd, ya Əli. Qara ipinən, sapınan bağla. Beş dəfə düy, ver, yaxşı yerə çatsın. Qorxma. Puçağı oxuyup bağlıyıllar da dayna:

Həsən, Hüsən, müxdəsər,

Yamanın yolun kəsər.

Əli çəpərin çəkər,

Məhəmmət möhrün basar.

Allahüs Səməd,

Dört yanı kəmənd.

Höhmü Süleyman,

Kilidi Məhəmmət.

Ya Hafız, Ya Salam,

Ya Mömin, Ya Allah,

Ya Əli, Ya Allah,

Ya Allah, ya Allah.

Mən də bunu qoja nənəmnən – Məhbuba nənəmnən eşitmişəm.

Yanımızda oturan digər söyləyici – Cəbrayıl rayonu, Şahvəlli kənd sakini Maqsudov Məhəmməd Əhməd oğlu təəccübləndi ki, bu, qurdağzı bağlama duasıdı ki? Nənəm bunu bizə hər gecə yatmamışdan qabaq oxudub, üzümüzə üfürərdi – top.
III mətn

Mal-heyvan çöldə qalanda qurdun ağzını bağlıyırdıx:

Ayı gördüm ağladım,

Dəsdinə gül bağladım.

Həzrət Əlinin pıçağıynan,

Fatma ananın da qurşağıynan

Qurdun ağzını bağladım.

Bu da qurdun ağzı. Onu özün saçının ujunda bağlıyırsan ki, qurt yeməsin. Düyün düyürsən. Elə öz saçındaja oxuyuf bağlıyırsan.



RUH TUTMA
I mətn

Elə bil ki, benahax birinə söyürsən. O ruf gəlif tutur. Özü də deyir, günartadan soora gözün qaralır, başın ağrıyır möhkəm. Onu helə deyillər, ruf tutuf. Onu götüzdürüllər. Burda vardı, Məlhəmdə biri. Belə ölçürdü belə parçıya, bax belə götürürdü (yaylığını əli ilə qarışlaya-qarışlaya izah edir – top.).


II mətn

Uruf tutmax belə olur. Axşamtərəfləri, gün dönənnən soora əziz ölüləri anmırsammı, yoxsa danışıf xatırramırsammı? İnciyir də sənnən. Deyillər ki, uruf tutuf. Gün dönəndə görürsən ki, baş gijəllənir, özün halsız hiss eliyir. Tempratura olur, üşüyür. Üşütmə gəlir, titriyir. Üşütmə az tempratura verir də. Onda baxanda deyillər, hə, filan ölünün urufu tutufdu. Quran isdiyirmi, halva isdiyirmi, hansı yeməyi isdiyirmi. Ona mən özüm də baxıram. Anam irəhmətdih də baxırdı.

...30 çörəhdi, kömürdü. Oları qoyursan, üş dəfə salavat çöyürürsən. ....... Onnan sora deyirsən ki, əl mənim əlim döyül, Fatma nənənin əlidi. Filankəsin urufuna baxıram. Həə, o ruf tutufsa, nəsibə-qismətə getsin. Hər yeri tərpədirsən. Çörəyə gedəndə qismətə gedir. Deməli, qismət isdəyən var. Onnan soora ölüləri bir-bir sadalıyırsan, kimə düşsə, odu. Onnan soora ölüyə Quran (birinci Quran), onnan soora halva, onnan soora əziz yeməhlərdən sayırsan, hansı düşsə, birini bişirirsən. Deməli, o ölü ya Quran isdiyir, ya halva, ya da əziz yeməhlərdən birini, bişirirsən. Onnan da ötüf keşməlidi.
ÇİLƏYƏ DÜŞMƏ
I mətn

Uşax çiliyə düşəndə həmişə bax-bax belə, qıçın belə bir-birin üsdün aşırır. Tərpənə bilmir. Ata görmiyən bir nəfər kadımmı, kişimi, gedə gərəh dəyirmanın donuzduğu deyirdih biz irəli. Dəyirmanın donuzduğunnan su götürə, ama dalına baxmıya, çərşəmbə günü. Gətirə, o uşağı onun suyuna sala.

Çərşəmbə günü o uşağı xəlbirdəmi, ələhdəmi çıxart, yeddi yolun ayrıjında belə ələyə qoy. Bax belə tutursan, baxıf gülüşələr. Onda o uşağın çiləsi kəsilir.
II mətn

Qırx töhməh, çilə çıxartmax deyəndə elə bil, deyirdilər, qırxlı uşağın üsdünə çiləli adam gəlir, onun çiləsi o uşağı basır, gəzə bilmir, eliyə bilmir. Onu aparırdılar elə bil, mal gələn vaxdı nəsə eliyip kəsirdilər ki, uşax yerisin da malın qabağında. Axşamçağı mala gələn vaxdı çörəh kəsirdilər uşağın qabağında. Nəsə eliyirdilər ki, uşax yerisin, gəzsin, çiləsi çıxsın. Bax belə. Çilə buna deyirdilər. Soora da çörəyi evə gətirmirdilər. Naxırdan gələn adam var haa, bax ona verirdilər, o naxırçıya. Onda uşax yeriyərdi. O vax da çörəyə gedirdi naxırçı. Bir malı bir gün bir çörəyə otarırdı.


III mətn

Çillə kəsən burda Məlhəmdə31 var. Allah hakqı, bax bir kəllədi, oxuyur, tökür suyu qava. Qayıdır onnan soora onu başınnan tökür, əyağınnan tökür, üş yol gedir. O uşağ elə bil ki, ciləsi varsa, orda kəsir, gələn həfdiyəcən yeriyir. Bunnarda hər şey var ey, bax cilə kəsən, tikə keçirən, onnan dünyada sınıxçısı, qırıxçısı hamısı var, hamısı. Yaxşı kətti.


HƏMZAD
I mətn

Bir insanın bədənində olan ağırrıx həmzatdı. Elə adam var, məsəlçün, o həmzatdı. O həmzatdı adamnarın uşağı olmur. Gedir molluya, molla deer, məsələn, sən həmzatsan, apar bını ya kiminsə üsdünə töh. Bu da gətirir kiminsə üsdünə tökür ağırrığını. Birinci, o, günahdı e, insan insanın üsdünə ağırrıx tökə. Onu başa düşən adam onu aparıf it-pişiyin də üsdə töhmür. Onu aparır suyun üsdünə tökür. Axar suyun üsdünə tökür kü, su mını götüsün getsin. İt-pişiyin üsdünə töhsən, o pişih ölməlidi. Hə, ölür. Görsən elə irağ olsun, it-pişih varsa, üsdünə tökusən, da onnan da gedir. Deyir, ağırrığım sənin olsun, bı bəla mənnən uzağ olsun. Ama məncə, o, heç bir cannının üsdünə tökülməməlidi. O tökülməlidi axar suya. Su da onu götürüf getməlidi. Əyər laf itin də üsdə töhsən, pişiyin də üsdə töhsən, o ölməlidi, o da cannıdı, yaşıyır. Onun üsdə töhməməlisən. O özü günah daşıyır. Cannı birinin şahidi oldux biz. Bivim qızının iki uşağı oldu, öldü. Məsdanın uşağı. Qalmadı. Rəhmətdih mamam onun üçünçü uşağında dedi ki, (olmamış) uşağ olan kimi mamam da orda oluf. Bı uşağı götürdü təzə köynəh geydi, köynəyinən keçirdi. Özüçün ki, yəni o uşax mənimkidi. Uje o Məsdanın uşağı sayılmadı. Məsdanın onnan soora iki-üç qızı, iki qızı oldu, bir oğlu. Onun evladı qalmırdı. Mamam orda evladını özünə evlatdıx götüdü, köynəyinnən keçirdi, onnan soora onun evladı qaldı. Ba belə şeylər də var.


II mətn

Biri vardı, bi dənə də uşağı vardı bının. Deyirdi, mən onnan soora ikisin doğdum, qalmadı. Getdih, baxdırdıx, yoxladılar, dedilər ki, üsdünə həmzat töküflər. Bını ancax belə eliyə bilərsən, tökə bilərsən. Biz də gözdədih, gördüh nə irağ olsun, it doğmuyuf, pişih doğmuyuf, aparıf töhsəh, günahdı. Dedilər, balnissada uşağı əvvəlcə ana südüynən mayalammamışdan qabax eşşəyin qanıynan, ya da südüynən, sifdə onnan mayalıyın, o qlikoza-zad verillər, onu verməmişdən onnan mayalıyın, onnan soora qalsın. Elə də qaldı. Onnan soora da ayıv olmasın, iksin, üçün doğdu. Da onnan soora qaldı.


III mətn

Bir arvadın uşağı olur, ölür. Gedir bir molluya. Molla deyir ki, həmzaddı. Üsdünə həmzat töküflər. Get bir kilit gəti, bir işdənməmiş ətir gəti. Qara toyux gəti, bi metir ağ gəti. Yeddi çərşəmbə sənin duanı yazajam. Yeddi çərşəmbədən sonra, səkgizinci çərşəmbə gə, apar. Hə, bu, bunu yeddi çərşəmbə yazır, dediyi şeylərin də hamısın alıv aparır. Yeddi çərşəmbə yazır, arvad soora bunu gedif gətirir. Deyir, get birin yasdığına tih, birin döşəyinin başına tih. Biriynən çimizdir, birinin suyun işsin, birin də boynunun dalına tih.

Nəysə, bunu belə eliyir, deyir, daa qorxusu yoxdu. Bunun uşağı olajax. Elə gəliv olur da uşağı. Elə onnan soora da qalır uşağı. Həmzat kəsilir də, uşağı da ölmür, qalır. Həmzat da budu.
IV mətn

Həmzatdığı, heylə şeyləri qaynənəm bilirdi. Soora bu həmzat deyillər e. Eşitmisən yəqin. O düzdü. Bax gənə yazma. Sən Allah, yazsan da ayrısının adınnan yaz. Sən mənim canım. Bax mənim bu bööh gədəm boynumda. Bu rəhmətdih qaynanam dedi ki, aaz, get gör, qoyun doğasıdı. Burda pəyəmiz varıdı. Biz də ona bitişiy evdə olurdux. Onda nəəzirdi bu evlər. Dedi, qoyun doğasıdı, get gör, doğuf? Mən də bu gədə olasıdı. Üzüm ayaanın altına, gəldim, durdum xeylax qoyuna baxdım, gördüm kü, yanında biri var. Bir az durdum, isdədim ki, gedəm, balasını belə eliyəm, baxdım ki, biri də düşdü də. Bu ikisini belə eliyən, birini aynə elədim, birini bəynə. Altına da ot qoydum. Yönümü belə çöördüm ki, gələm deyəm, xala, ikisini doğufdu. Yönümü belə eliyən bu, birini də saldı. Qoyun üş dənə oldumu, bala? Gəldim kü, xala, belə-belə. Qoyun doğuf. Belə deməy isdiyən birdən yadıma düşdü ki, mən təzə doğduğunun altına ot qoymadım. Qoy gedim oon da altına ot qoyum, yazıxdı. Gedim deyim. Gəldim qoyunun üçünün də altına ot qoydum, irahladım. Gəldim dedim, belə-belə. Qoyun doğuf. O qoyuun bi dənə də balası qalmadı. Qaraqoyunnuda32 bi arvat vardı, hə, seyit vardı, molla varıdı. Bu gəlmişdi bizə, qaynənəmgilə. Gələndə deyif ki, ay ağa, sana qurvan olum, bəs mənim qoyunum üş bala doğdu, oon biri qalmadı. Deyəndə deyifdi ki, oon üsdünə kim gedif? Deyif, gəlin getmişdi. Deyif, yaxşı oluf gəlin gedif də. Həmzadını töküf o qoyunnan balalarının üsdünə. Yoxsa gəlnin bir uşağı da qalmıyajeydi. Gəlinin üsdünə gəlin olanda həmzat tökülür. Qaynənəm də həmzatdıydı. Neçə uşağı olurdusa, qalmırdı. Soora dört-beş uşaxdan dördü qalıfdı. Qaynənəm də bu şey olanda gəlifdi məəm üsdümə. Helə üsdüörtülü deyirəm də. Demə, arvadın həmzadı tökülüf məəm üsdümə. Deyif, gəlinin bi dənə də uşağı qalmıjeydi. Gedif helə boylu-boylu qoyunnarın üsdünə. Həmzadı tökülüf. Ona görə qalmıyıf qoynun balaları. Üçünnən biri qalmadı. Bax gözümün şahidiyəm, qızım.



Bu mətni Tərtər rayonunun Evoba kənd sakinindən qeydə almışıq. Söyləyici, mətndən də göründüyü kimi, adının qeyd olunmasını istəmədi. Aşağıda “Qarın çəkmə” başlığı altında verdiyimiz mətn də bu qadının dilindən yazıya alınıb. Xatırladaq ki, bu söyləyicinin danışdığı digər mətnlər kitabın sonunda onun adına pasportlaşdırılıb – top.
VURĞUN VURMA
O vırqın vırmağ odu ku, qəfil, elə bilginən ki, məsələn, sənin əlınnan məni elə bil belə itəliyillər, vırıllar hebelə. Vırıllar, göörsən, barmağının beşi də düşür. O, həmin ölənin deyir, belində olur e, əl şəkilində. Barmağın beşi də düşür adamın kürəyinə. Hardan vırıf, bax. Barmağın beşi də düşür ora. Ancax boynun dalınnan vırıf. Ayrı yerdən vırmaz. Hə, yuata-zada götürəndə göörsən ki, bax-bax barmağın elə bil beşi də düşüf kürəyın dalına belə.
QARIN ÇƏKMƏ
Hindi mən bi söz deyim, ikimizin arasında qalsın. Məni om beş yaşımda qaçırmışdı rəhmətdih yoldaşım. Səkgizi qurtardım, məytəvə gedəndə. Böyüh bacım mənnən dört yaş böyüh ola-ola, o evdə qala-qala məni qaçıdı. Oxumağa gedeceydim Ağdama, sesdralığa. Uşağ oldum də. Kəvin-zad da düşmədi. O zaman on altı yaşında kəsirdilər. Mən də onda on beş yaşındayam. Kəbin kəsmədilər. Uşax da olmadı. Bu qaynənəm irəhmətdih elə hey oğlunu dannadı (biz tərəfdə bi dayım qızı vardı, uşağı olmadı, bi dayım qızı da vardı yeddi ildən sora oldu), dedi ki, getdin yönnü nəsildən qız gətidin, bunnarın uşağı olan döyül də. Sən niyə onnan aldın? O da dedi ki, könnüm tutuf, qaçırmışam. Aldım də, xoşuma gəlifdi. İndi sözü nəyə gətirirəm e. Ara həkimnərinə. Üş nəfər ara həkimi gəldi, arvatdar. Gətirirdi evə yoldaşım, olmadı. Amma birin gətidi, qızım, o nə dedisə, düz oldu. Üş gün gəldi, getdi, qarnı çəhdi, sən də mənim balam (son cümlələri pıçıltıyla deyir – top.), bağışda. Soora dedi ki, hə, bir yumurta götüdü mana. Dedi, bu qəzeti sər, peşoya gedəndə, sən də balam, bağışda, sən dedin deyə deyirəm e, qadan alım. Bu yumurta qəzetin üsdünə düşsün. Amma yumurtanın üsdünə bir cam çöyür, bir kasa çöyür. Bir mənnən başqa heş kim ona baxmıyajax. Yoldaşım da apardı o arvadı qolunnan tuta-tuta, daa o zamannar maşın-zad nəəzirdi? Qoca arvadıdı onda. Mənim yaşım yetmişə az qalıf, on beş yaşımda gəlmişəm, üç il də uşağ olmuyufdu. Gör neçə ilin sözüdü? Dedi, səhər gətirəndə özüm baxajam. Qızım, Allaha and olsun, indi danışıram, indi iynəni sancıram, üsgüh barmağımda, üsgüyü gəzirəm. Amma o vaxkı sözdər yadımda helə qalıfdı, bilmirəm niyə. Axır ki, holar beynimdə qalıf, amma hindikilər yox. Səhər gəldi arvat, camı götürəndə yumurtanın yanında başdadı oynamağa. Dedim, ay Bənööşə xala, niyə heylə eliyirsən, ey? Yoldaşım da cavandı, heş iyirmi dört yaşı yoxdu evlənəndə. Bu da sevindi. Dedi, niyə heylə eliyirsən? İki ildi gəlmişəm bulara, heş nə yoxdu. Qaynənəm də kirimir ki, boşa gessin. Hə, dedi ki, qızım, sənin oğlun cox olajax, qızın az. Yumurtanın üsdə xallar coxdu. Demə, xal da oğlanımış də. İndi üç oğlum var, bir qızım. Helə bilən arvatdar vardı. Gəldi dalvadal. Üç oğlum var, bir qızım. Bax helə arvatdı. Bi belimi çəhdi, bi də o yumurtanı götürdü, vəssalam. Onnan oldu. Üçü onnan qavax çəhmişdi, olmamışdı.

QIRXKƏSƏN
Uşax qırxa düşür. Yerimir, aparırsan qırxkəsənin yanına. O kəllədi. Qırxkəsən deyir, canavar kəlləsidi. Deyir, səhsən beş ildi, doxsan ildi bu (kəllə) işdiyir. Məlhəmdədi qırxkəsən arvat, adı da Minədi. İndi burda yoxdu, Bakidədi. Kəlləni götürüf gedif oturursan yönü qıvlıya. Qırxkəsən o kəlləyə yavaşca oxuyur, su tökür. Gətirif sağ çiyninə tökür qırxkəsənnən. O suyuja sağ çiyninnan tökür, həmən uşağın sol çiyninnən, başınnan. Yönü qıvlıya. Üş dəfə eliyir. Allah hakqı, nə qədər şili-şikəsd uşax olsa, düzəlir. Deyir da, ürəyində də nəsə deyir, mən nə bilim, nə deyir. Simanın qızını da aparmışam axı orya. Bizim uşaxlardan aparmamışam, yox. Bizimkilər tez yeriyiflər.
BABAQULU VƏ QARNIYARIQ
Bax bı erkəh babaquludu, bı dişisidi. Həşiyəli var ha... qırağı dəmir həşiyəli dişidi. Bu birisi qarnıyarıxdı. Bı da onun üsdünün duasıdı (Şəklini kitabın arxasında vermişik – top.). Uşağ körpə olanda üsdünə adamnar gəlir da. Aralarında uşağı olmuyan, qorxulu, həmzatdısı da olur. O vaxdı tapançalı-zaddı adam da gəlirmiş, aftamatdı olurmuş dana, silahlı gəlirmiş. Onda bını bağlıyırmışdar o uşağın üsdə. İsdiyir nə qədir ağırrıx tökülür tökülsün, ta bı qoymaz keçə, bı özü götürür. Bı götürür. O qarnıyarıx da qoymur uşax yara tökə. Uşax sızağan tökür, yara tökür. Görüsən, deyillər, ay qoltuğunun altı belə oldu, üzü sızax. Bı qoymaz. Bax bı nəvəm səkgiz aylıxdı. Bi nəvəmin üsdündə iki ay saxlamışam. Sudabənin uşağı olanda elədim, bı uşağın üsdə iki ay saxlamışam. İndi şükür. Ama bax bı da, bı dua. Bax bıncağız bir öküzün qiymətidi. Hə, elə bil müşgnən zəfərannan yazılıf. Mən neçənci nənəyəm? Altıncı. Mənnən görün nə qədir qabaxdan e... Bax Bəyim nənə, Tutu nənə, Balaxanım nənə, Savahır nənə, mən. Bu babaqulu altısı da götürüf. Altısı da götürüfdü, bının yeəsinin oğlu gəlir, sifdəsin, ikincisi. Cağazur qızı olur Laçınnı. Bını Məkgədən gətimişimişdər, vermirmişdər heş kəsə. Elə bil öz nəvələrinə taxmışımış, vermirmiş başqasına. Cağazur qızı deyir ki, gəlin gələn vaxdı verejem ona. Gəlir təzə gəlinə uşax olur. Sətdarın babası. Babaqulunu verir ona. Sora da ordan keçir Cabbar babıya. Cabbar babadan da keçir mənim qaynatam Sətdara. O vaxdın diliynən danışıram. Axı o vaxdı sandığa yaxdan deyrih. Sandıx da deyirıx, yaxdan da deyirıx.Uşax bööyənnən sora atırmışdar yaxdanın divinə. Bir də təzə gəlin gəlif uşax olanda çıxardıllarmış ordan. Böyüh oğlumun uşağı durmurdu, bax bıdı gəlnim bilir, bax bı (babaqulu – top.) bağlandı, dörd ay onun üsdündə qaldı. Böyüh oğlumun uşağı çox qırıldı. Dörd uşağı öldü. Onu bağlıyannan soora uşağ ölmədi, qaldı. İndi həmən qızı insituta girdi bı il. İndi bir oğlu var, bir qızı. Yanı dedığım odu kü, hamsının üsdə bağlamışam.
MAMAÇALAR
Elə mən özüm bırda neçə uşax yatırmışam. O zahı yatıv, uşağa da yatıf. Yazığım gəlif, elə bil ki, and olsun elə bax bı bərəkət hakqı, bir manat da almamışam. Elə-belə suvabıma neçə uşax tutmuşam. Göbəyin kəsirəm mən, bağlıyıram, üçcə günə düşür. Bıdey bı Gülnarın xalası Samirə var ey, onun oğlannarının ikisin də mən tutmuşam. O biri xalası Sevil var, onun da oğlunu mən tutmuşam. Onnan soora, hamısının da üçcə günə də gövəhləri düşüfdü.

Qırhlıyıllar, qırxı çıxıncan. Qırhlamağ elə bil ki, belə ayakqavı bir dəfə yerə vırıf, bir dəfə bıra, qırxı sanıyırsan. Belə eliyirdih biz. Qırh dəfə.



YAĞIŞ YAĞDIRMA
I mətn

Yağış yağmıyanda ojaxdan gələn tütüyəni salıllar suya. Amma gərəh elə yerə atasınız ki, yerini biləsınız. Yoxsa həmməşə yağar. Elə yerə atın ki, çıxarda bilin.


II mətn

Yağış yağmıyanda bunnarda (Şamaxı rayonunu nəzərdə tutur – top.) bir yer var, adı yadımnan çıxdı. Deyir, orya əriştə bişiriv aparıllar. Yağış yağmıyanda bizdərdə – Kəlbəcərdə eşşəyin başını yüyürdülər, onda yağırdı (gülür – top.).


III mətn

Yağışı yağdırmağ üçün üzümüzü göyə tutup dua eliyirdih. Soora deyillər, yaş ağacı, göy otu yandıranda yağış yağar. Bir də, yağış, qar yağanda əlinin içini göyə tutanda yağış, qar uzun, yəni çox yağır. Xeyli vaxd kəsmir.


IV mətn

Bürkü olanda bilirih ki, yağajax. Gün ki adamı pişirir e, o sahat mən deerəm yağajax, çöldən paltarı yığıram, əyakqavları yığıram ki, hə, gün adamı ki yandırır e, onda billəm ki, yağış yağajax. Qara bulut gələndə, bilirsən ki, hə, bu, yağış bulududu gəlif, yağajax.

O yaznan qışın arasında dört gün olur. Onun dört günündə bilirsən ki, yağınnığ olajax, yazı nətəər olajax, qışı nətəər olajax, bax onnan bilirsən. Küləyi belə bilirsən ki, əgər dan yeri, səhər süp tezdən duranda, altıda, yeddidə, baxırsan ki, dan yeri əyər qırmızı rəhdədisə, həmən günü küləy olur. Möykəm qırmızı olursa, möykəm küləh olur. Yox, elə-belə qızartısa, elə-belə milayim keşir küləh. Bax küləyi mən sınamışam. Dolu yağanda evin birinci uşağı kimdisə, o, dolunun birini götürür əlinə:

Deer, mən anamın ilkiyəm,

Ağzı qara tülküyəm.

O dolunu dişdiyir atır, deyir ki, mən kəsirəm, sən də kəs.

Həə, onnan sora qəlbi Allah-taalıya yaxın olan adamnara sahə gəzdirirdilər. Deer ki, get məəm sahəmi hərrənginən ki, dolu vurmasın. O, atınan belə hərrənir, hər tərəfə yağış yağır, dolu vurur, onun hərrəndiyi sahəni dolu vurmur. Bı da eşidilmiş, onnan sora sınanılmış hadisələrdi. Elə Tamara, qardaşı Seyid Abbas, onun babası, onnar hamsı helə olup.

Eşitdiyimə görə, bi dəfə Alqayıt da yağış yağdırıpmış. Onun da elə hax vergisi var ki, onu şeyirnən deyir, Allah yağdırır. Deyillər ki, gərəh sən yağış yağdırasan. Bı toydeymiş, bına lağ eliyillər. Onda da axı Allah vergisidi. Durur helə sazı basır sinəsinə, nətəər deyirsə, toyda camahatın hamsın sel aparırmış.


Yüklə 3,1 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin