2.3. “Ölüb-dirilmə yolu ilə qəhrəmana çevrilmə” motifi
Dastanda Altay Buçıy və onun oğlu ölərək yenidən dirilirlər. Bu, qəhrəmana çevrilmə sxeminin zəruri formuludur:
“Ərgənlik (keçid/inisiasiya – S.R.), yaxud şamanolma ritualının ümumi sxeminə görə, statusartırma ritualından keçən subyekt, yaxud gələcək şaman:
– Köhnə statusundan ayrılır: bu ayrılma ritual ölüm şəklində gerçəkləşir.
– Ölmüş subyekt ölüm dünyasına Xaosa gedir;
– Xaosda Yer Ananın yanında/məkanında subyektin bədəni hissələrə ayrılır: ya ətini sümükdən ayırırlar, ya Yer Ana onun ətini yeyir və s.
– Sonra subyektin bədəni yenidən yaradılır: ya bədənin hissələrini yenidən birləşdirirlər, ya da Yer Ana yediyi subyekti yenidən doğur.
– Yenidən doğulmaqla yeni insana çevrilmiş subyekt öz yeni statusunda Kosmosa qayıdır.
Statusartırma ritualının iki mühüm konsept/obrazı var: ölüb-dirilmə ritualından keçən subyekt və bu ölüb-dirilməni həyata keçirən Yer Ana obrazı.
Yer Ana – bir obraz kimi kosmosyaradıcı konseptdir. Xaosa gəlmiş subyektin bədəninin hansı şəkildə öldürülməsindən, hansı şəkildə yenidən yaradılmasından və bunu icra edənlərin obraz/şəkillərindən asılı olmayaraq, bütün bunların hamısı Yer Ana obraz/kompleksini təşkil edir. Yəni subyektin öldükdən sonra dirilməsi üçün o, yenidən doğulmalıdır. Bu doğuluş hansı şəkillərdə (parçalanmış ətlərin sümüklərlə birləşdirilməsi, yaxud subyektin ətinin yeyilərək yenidən doğulması) baş verməyindən asılı olmayaraq ritual subyektini yenidən doğmaq Yer Ananın funksiyasıdır. Bu baxımdan, dirilmə/doğulma bütün hal/şəkilləri ilə Yer Ana arxetipinə bağlıdır” (4, 403).
“Altay Buuçay” dastanının K.Sonukov variantında Yer Ana obrazı birbaşa öz adı ilə (Yer-ene) iştirak edir. Bizim nəzərdən keçirdiyimiz Çoltoş variantında isə Yer Ananı Ağ tayqanın sahibi, dağ ruhu, Altay Buuçayın totem anası Ak Emegen və Ak Burxanın qızı Ak Taci təmsil edirlər. Qəhrəmanı dirildərək ona ərə getmiş Ak Taci Yer Ana rolunu oğulluğu Erke-Möndürə münasibətdə oynayır. Hər iki ana – Ak Emegen və Ak Taci, bir növ, totem analardır. Altay Buuçay öz insan anasından doğulduğu halda, Ak Emegen onun totem anasıdır. Erke-Möndür də öz insan anasından doğulub. Bu halda onun atasını dirildən və özünün də yenidən dirilməsinə səbəb olan Ak Taci də Totem Ana – Yer Ana funksiyasını yerinə yetirir.
Dostları ilə paylaş: |